Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-19/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın, plan və ölçü sənədlərinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə müraciət edərək Badamdar qəsəbəsi İ yaşayış massivində daş hasara alınmış, uzun müddət istifadə etdiyi 800,0 kvm torpaq sahəsinin alqı-satqı yolu ilə adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Badamdar Bələdiyyəsinin 21 dekabr 2006-cı il tarixli 216 nömrəli "Bələdiyyə ərazisində olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə" Qərarına əsasən vətəndaş İddiaçı ərizəsinin nəzərə alınması, Badamdar qəsəbəsi İ yaşayış massivində olan 800,0 kvm torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. 21 dekabr 2006-cı il tarixli 236073 nömrəli və 235963 nömrəli kassa mədaxil orderinin qəbzlərinə əsasən onun tərəfindən sözügedən torpaq alqı-satqısına görə müvafiq olaraq 3328 və 1248 manat pul ödənilmişdir. Bundan sonra onunla Səbail rayonu Badamdar Bələdiyyə orqanının nümayəndəsinin iştirakı ilə torpaqların alqısatqısına dair akt imzalanmışdır. Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən ona 06 iyul 2006cı il tarixdə 07 saylı iclasın qərarına əsasən 1-ci yaşayış massivində olan 800 kv.m torpaq sahəsinin 21 dekabr 2006-cı il 216 saylı qərarına əsasən sənədləşdirilməsinə dair 2019-cu ilin yanvar tarixli arayış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.1114 ha torpaq sahəsi onun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Lakin onun xüsusi mülkiyyətində olan 0.1114 ha torpab sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən zəbt olunmuş və Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa esasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən 0.0475 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin Cavabdeh1 xx.xx.2021-ci il tarixli qeyd olunan torpaq sahəsinə dair plan və ölçü sənədi də təqdim olunmuşdur. Ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus olan torpaq sahəsini zəbt etməklə qanunsuz və əsassız olaraq ona verilmiş texniki sənədlərdən istifadə edərək qanuni şəkildə ona məxsus olmayan torpaq sahəsinin alqı-satqısını həyata keçirmək niyyətindədir. Göründüyü kimi Cavabdeh1 adına olan **********41 reyestr nömrəli çıxarış verilərkən qanunsuzluğa yol verilmiş, onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasına əhəmiyyət verilməmişdir. Ona görə də həmin çıxarış və plan və ölçü sənədi ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən 0.0475 ha torpaq sahəsinin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və plan və ölçü sənədinin ləğv edilməsi, Cavabdeh1 üzərinə sözügedən torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-751/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın, plan və ölçü sənədlərinin ləğv edilməsi hissəsində mülki işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini tam müdafiə edərək izahatında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi nümayəndəsi olduğu şəxsin mübahisələndirdiyi torpağa dair mülkiyyətini təsdiq edən sübutların mövcud olmaması səbəbi ilə onun subyektiv hüququnun olmaması qənaətinə gəlmiş və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Apellyasiya və Ali Məhkəmə həmin qərardadı qüvvədə saxlamışdır. Lakin o, hesab edir ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqları mövcud olsa da, cizgi planında göstərilən qeyd düzgün deyil, cavabdehin torpaq sahəsi onlar tərəfindən mübahisələndirilən torpaq sahəsi ərazisində deyil, başqa ərazidə yerləşir. Hətta iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmasa belə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olan 11 sot torpaq sahəsinin qarşısında yerləşdiyi üçün onun hüquqlarına toxunur və tələb irəli sürməyə subyektiv hüququ yaranır. Hesab edir ki, qaldırılan iddia əsaslıdır, cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə icrasında izahatı alınmış Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şəxs mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmiş və çıxarış almışdır. İddiaçı cavabdehin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin ləğv edilməsi barədə İnzibati Məhkəməsində iddia qaldırsa da, məhkəmə araşdırılması zamanı iddiaçının həmin torpaq sahəsinə dair hər hansı hüquqlarının olmaması müəyyən edildiyindən, bununla da tələbin irəli sürülməsinə subyektiv hüququnun olması müəyyən edilmədiyindən iddiaçının tələbi mümkünsüz sayılmışdır. Yuxarı instansiya məhkəmələri həmin qərardadı qüvvədə saxlamışdır. Hesab edir ki, iddiaçının hazırkı tələblə də məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2 ünvanda yerləşən 0,1114 ha torpaq sahəsinin xüsusi mülkiyyət üzrə mülkiyyətçisidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən 0,0475 ha torpaq sahəsinin xüsusi mülkiyyət üzrə mülkiyyətçisidir. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3922/2024 saylı qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 3665/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 3922/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-670/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-3665/2024 saylı qərardadından iddiaçı tərəfindən verilən kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2 ünvanda yerləşən 0,1114 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən 0,0475 ha torpaq sahəsini əldə etmiş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh DƏDKR publik hüquqi şəxsinin 1 saylı ünvan 2 ünvanda yerləşən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınan 0,0475 ha ölçülü torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş texniki sənəddəki məkan göstəricilərinin ilkin hüquq sahiblərinin malik olmuş olduqları “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər əsasında yenidən dəqiqləşdirilməsi, çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılması, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1470 No-li sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüquqi yerinin dəqiqləşdirilməsi, Cavabdeh1 hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3922/2024 saylı qərardadı ilə İddiaçı qeyd edilən iddiası mümkün sayılmamışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadda iddianın mümkün sayılmaması əsası kimi İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, həmin torpaq sahəsinə dair onun hər hansı bir hüquqmüəyyənedici sənədinin mövcud olmaması, bununla da inzibati məhkəmə icraatında mübahisəli torpaq sahəsi üzərində hüquqlarının mübahisələndirilməsi üçün subyektiv hüququnun mövcudluğunun müəyyən edilməməsi qeyd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehin mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qəbul etmir və həmin torpaq sahəsindən onun çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hala qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş və iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, həmin torpaq sahəsinə dair onun hər hansı bir hüquqmüəyyənedici sənədinin mövcud olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenum Qərarlarında formalaşan hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır... Qeyd edilsin ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1, 3 və 4-cü hissələrinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir». Qeyd edilən Məcəlləsinin 68-ci maddəsinə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə məhkəmə qanuna qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən halları, həmçinin qanunvericiliyinin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüquqlarının mövcudluğu müəyyən edilmir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri - dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən 0.0475 ha torpaq sahəsinin boşaldılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-19/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-19/2025
04.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver