Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1908/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 03 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin MMC-də həkim labarant işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya prosesi və iddia ərizəsinin verilməai üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin və vəkilə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı 17 may 2024-cü ildə Cavabdeh MMC-də həkim laborant peşəsinə qəbul edilmiş, 01 noyabr 2024-cü ildə öz istəyi ilə işdən azad edilməsi barədə ərizə yazıb “Ülviyyə” adlı inzibatçıya təqdim etmişdir. 01 dekabr 2024-cü ildə işdən çıxmalı olduğu halda, ondan 1 ay əlavə qalıb işləməsi xahiş olunmuş, iddiaçı narazılığını bildirdikdə isə işdən çıxma barədə ərizəni imzalamayacaqları və problemlə işdən azad edəcəklərini bildirmişlər. İddiaçı məcburiyyətdən xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək olan müddətdə əmək fəaliyyətini davam etdirmiş, sonuncu gün işdən çıxması barədə yenidən rəhbərliyə məlumat vermiş, iş saatının sonunda iş yerini tərk etmişdir. 06 yanvar 2025-ci ildə MMC-nin “Esmira” adlı əməkdaşı ona zəng edərək, təhvil-təslim üçün yaxınlaşdıqda yenidən ərizə yazmasını istəmiş və bildirmişdir ki, rəhbərlik müəssisəyə daxil olmasını istəmir. 06 yanvar 2025-ci ildə təhvil-təslim etdikdən sonra işdən ayrılmış, MMC-yə yaxınlaşıb əmək kitabçasını götürmək istədikdə, ona kitabçası verilməmişdir. İddiaçı “Esmira” adlı əməkdaşa dəfələrlə zəng etsə də, onun telefonuna cavab verilməmiş, xx.xx.2025-ci ildə əmək haqqı kartına 683 manat ödəniş edilmiş, bu məbləğin nəyin ödənişi olmasını soruşduqda isə, sonuncu bu məbləğin son əmək haqqı olmasını bildirmişdir. xx.xx.2025-ci ildə əmək kitabçasını təhvil alanda, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilməsi ona məlum olmuş, o bu məqsədlə MMC-nin rəhbəri ilə görüşmək istədiyini bildirdikdə isə, onu qəbul etməmiş, eləcə də işdən azad edilməsi barədə əmrin surəti verilməmişdir. İddiaçı hüquqlarının müdafiəsi üçün 2025-ci ilin fevral ayının əvvəllərində şikayət ərizəsi ilə X1 Xidmətinin Bakı şəhər Şöbəsinə müraciət etmiş, uzun müddət həmin idarədə xidməti araşdırma aparılmış, yekunda isə ona bildirmişlər ki, Müfəttişlik tərəfindən cavabdeh təşkilata sorğu verilmiş, lakin aidiyyəti sənədlər təqdim edilməmişdir. Sənədlər təqqdim edildikdən sonra müraciətə baxılaraq sizə cavab veriləcək. İddiaçı bir müddət şikayətinin X1 tərəfindən araşdırılacağına ümid etsə də, əsassız bəhanələrlə onu get-gələ saldıqlarını müəyyən etmiş, yekunda isə ona bildirmişlər ki, narazıdırsa məhkəməyə müraciət edə bilər. Bununla əlaqədar tərəflərindən mediasiya proseduruna başlanılmış, hər iki tərəf mediasiyada iştirak etmiş, barışıq əldə olunmasına cəhd edilsə də, heç bir nəticəsi olmamışdır. Yekunda isə, Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alaraq, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmək kitabçasında istinad olunan əmri qanunsuz və əsassız olmaqla ləğv edilməli, iddiaçı öz əvvəlki işinə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Belə ki, iddiaçı barəsində əvvəllər hər hanı formada tənbeh tədbiri tətbiq edilməmiş və ya xəbərdarlıq edilməmişdir. Eləcə də, iddiaçının hansı əmək pozuntusunu törətməsi məlum deyil, bununla bağlı ondan hər hansı formada izahatı alınmamışdır. Göründüyü kimi, iddiaçı barəsində işdən azad edilmə barədə əmr qəbul edilərkən, cavabdeh tərəfindən yuxarıda sadalanan qanunların tələbləri kobudcasına pozulmuş, şəxsi münasibətlərin pisləşməsi əsası ilə iddiaçının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmr qəbul edilmişdir. Təəsüflər olsun ki, bu sahədə nəzarəti həyata keçirən X1 iddiaçının müraciətini araşdırmaq və ədalətli qərar qəbul etmək əvəzinə, yekunda iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 03 saylı əmrində dəyişiklik edilərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci ildə xitam verilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmri və əmək kitabçasını xx.xx.2025-ci ildə almışdır. İddiaçı həmin tarixdən 5 aydan sonra – 10 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış əldə etmiş, xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi baxımından hesab edilməlidir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə, xx.xx.2025-ci il tarixdən sonra müraciət etmişdir. Hazırki mülki iş üzrə qətnamə qəbul edilərkən qanunvericiliklə nəzərdə tutulan 1 aylıq iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun məzmunda izahat verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həkim-laborant peşəsinə qəbul edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, Cavabdeh MMC bölməsində həkim-laborant vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR ƏMin 70.ç maddəsinə əsasən əsasən 15 yanvar 2025-ci il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 296-cı maddə, 2-ci hissə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddə, 3-cü hissə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddə, 6-cı hissə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMCdə həkim-laborant peşəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 yanvar 2025-ci il tarixdən etibarən ƏM-in 70.ç maddəsinə əsasən xitam verilmişdir. İddiaçı hazırda işdən çıxarılmağı ilə bağlı cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03 saylı əmrində dəyişiklik edilərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasını və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. İddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Məhkəmə, cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət etməsi üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Göründüyü kimi, qanunverici fərdi əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət müddətini konkret müəyyən etmişdir ki, bu da qanunvericiliyin mühüm əhəmiyyət kəsb edən institutlarından biridir. Belə ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia ərizəsinin məzmunundan, iş materialları və tərəflərin izahatı təsdiq olunur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmri və əmək kitabçasını xx.xx.2025-ci ildə almış və hansı maddə ilə işdən azad olunması ona məlum olmuşdur. Lakin, iddiaçı yalnız 01 iyul 2025-ci il tarixində cavabdehə mediasiya təklifi göndərmiş, 10 iyul 2025-ci il tarixində ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, daha sonra isə o, məhkəməyə müraciət etmişdir ki, bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə ki, o hüququnun pozulduğunu iddia etdiyi 15 yanvar 2025-ci il tarixli əmrin qəbul edilməsindən məlumatlı olduğu (xx.xx.2025-ci il) tarixdən bir aydan çox vaxt keçdikdən sonra mediasiya təşkilatına, daha sonra isə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə hesab edir ki, iddiaçının izahatında göstərdiyi dəlilləri iddia müddətinin üzrlü səbəbdən buraxılması qənaətinə gəlməyə əsas vermir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1908/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1908/2025
16.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver