Məhkəmə qərarları › İş №e-2(009)-1919/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1919/2023

23.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1919/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə X2 Şəxsinin nümayəndəsi Nümayəndə2 Müşviq oğlunun iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə X2 Şəxsi cəlb edilməklə) Cavabdehnə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsinin və hesablanılaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsinin və hesablanılaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsinin və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Cavabdehndə texnik vəzifəsində işləmişdir (bununla bağlı Müəssisə tərəfindən iddiaçının əmək kitabçasında müvafiq qeydlər aparılmış və möhürlə təsdiq edilmişdir). Hazırda pensiya yaşının çatması ilə əlaqədar pensiya təyin olunması üçün müraciət edən zaman İddiaçı məlum olmuşdur ki, yuxarıda qeyd edilən dövrə görə müəssisə tərəfindən İddiaçı məcburi dövlət sosial sığorta haqları hesablanmamış və DSMF-yə ödənilməmişdir. Bu səbəbdən də həmin dövrün əmək stajı kimi hesablanılmasından imtina olunmuşdur ki, bunun da nəticəsində iddiaçının tələb olunan əmək stajı toplanılmadığı üçün pensiya təyin edilməsindən də imtina olunmuşdur (DSMF-nin məktubu iddia ərizəsinə əlavə edilir). xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək olan dövrə görə müəssisə tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının qısa müddət ərzində ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət olunsa da bugünədək qeyd olunan dövrə görə məcburi dövlət sosial sığorta haqları ödənilməmiş və ümumiyyətlə müraciətlərə də heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin təmin olunmasını, iddiaçının iddia tələbində qeyd olunan dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 Müşviq oğlu izahatında məhkəmənin mülahizəsinə buraxdığını, qanunvericiliyin tələblərinə uyğun olaraq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatının ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli MŞB/10-00484 nömrəli arayışdan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 İMS-də iştirak etmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixli bildirişi xx.xx.2023-cü il tarixdə almağına baxmayaraq İMS-də iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı 17 mart 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı, təqdim etdiyi əmək kitabçıasının surətinə əsasən sığorta stajınız 12 il 2 ay 18 gün təşkil etdiyini bildirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sığortaedən Cavabdeh MMC tərəfindən xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixə kimi “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (forma B3) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təqdim edilməmiş, nəticədə iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüququn təminatı hər bir şəxsin əmək fəaliyyəti dövründə işəgötürənlər tərəfindən məcburi qaydada sığortalanması və müvafiq məcburi sığorta haqlarının ödənilməsi ilə bağlıdır (məcburi dövlət sosial sığorta forması). Sosial sığorta sahəsində yaranan münasibətlər, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna müvafiq olaraq məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Sosial sığorta münasibətləri üzrə sığorta iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçıları sığortaçı təşkilatda uçota durmalıdırlar və məcburi sosial sığorta haqqı ödəməlidirlər. Məcburi dövlət sosial sığorta haqqı sığortalanmaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. (“Sosial sığorta haqqında” Qanunun 2, 8, 13 və 14 maddələri) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 2-ci bəndinə əsasən isə işəgötürən hər bir işçinin onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Göründüyü kimi, qanunverici işçinin məcburi sıgortalanmasının təmin edilməsini işəgötürənin vəzifəsi kimi müəyyən etməklə, ilk növbədə işçinin gələcəkdə Konstitusiyada təsbit olunmuş sosial təminat hüququndan, xüsusən də həmin hüququn tərkib hissəsi olan pensiya hüququndan istifadə etməsinə zəmanət vermiş olur. “Dövlət Sosial Sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, işəgötürən məcburi dövlət sosial sığorta haqqını ödədiyi üçün bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan məlumatların surətləri sığortaedəndə saxlanılır. Bu sənədlərin sığortaedəndə saxlanılması mühasibat uçotu və hesabatı sənədlərinin saxlanılması üçün müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, işəgötürənin vəzifələrinə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək; sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq aiddir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən sığortaolunan haqqında məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təqdim edilmədiyindən, iddiaçıya məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən iddiaçının konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Nazirliyinə ödənilməsi Cavabdeh MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşdə olan qəbzdən (Ödəniş qəbzinin nömrəsi **********) görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi Cavabdehnə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar