Məhkəmə qərarları › İş №e-2(009)-1983/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1983/2023

25.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1983/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, övladları X3 və X1 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin gündən etibarən ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin evə özünün cehiz əşyalarınıda gətirmişdir. Həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışdır. Birgə yaşadıqları dövrdə valideynlərinin maddi dəstəyi ilə cavabdehlə həmin evdə təmir-tikinti işləri aparmışdır. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlər yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X2 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə aralarında mübahisə olduğundan o məcbur qalıb uşaqları ilə birlikdə atasının yaşadığı Kürdəmir rayonuna getmiş və həmin evdə yaşamışdır. Onun və uşaqlarının atasının yanında qalmağı mümkün deyil. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, cavabdeh onların həmin yaşayış evinə köçməyinə imkan vermir. Hal-hazırda cehiz əşyaları həmin evdə yerləşir. Hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur. Cavabdeh iddia ərizəsinə etiraz ilə müraciət edərək iddiaçının Səbail rayonu, E.Əzizov (Arif İsmayılov) küçəsi, ev 42 A saylı mənzilə gəlin gəlməsi fikrinə etiraz olaraq bildirmişdir ki, iddiaçı həmin evə gəlin gəlməmişdir. Həmin ev onun nənəsinə məxsusdur və onlara həmin mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Lakin İddiaçı acıq edərək uşaqları ilə birlikdə atasının yaşadığı Kürdəmir rayonuna getdikdən sonra cavabdehin nənəsi həmin mənzili maddi ehtiyaclarını ödəmək üçün satmışdır. Cavabdehin bildirdiyinə görə, hal-hazırda nənəsi ilə birlikdə müvəqqəti olaraq başqa bir ünvanda yaşayır. İddiaçının gəlin köçərkən cehizlərini bu ünvana gətirməsi ilə bağlı iddiasına isə etiraz olaraq bildirmişdir ki, nənəsi evi satarkən iddiaçının əşyalarını qorumaq üçün onun cehizlərini müvəqqəti yaşadıqları mənzilə gətirmişlər və iddiaçı nə zaman istəsə onları gəlib götürə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, 2017-ci ilin 09 sentyabrında tərəflər arasında nikah bağlanıb, nikah bağlandıqdan sonra tərəflər Səbail rayonu, Arif İsmayılov küçəsi ev 42A-da yaşamışlar. Həmin evdə yaşayarkən iki övladları anadan olmuşdur. 2023-cü ildə tərəflər arasında mübahisə olduğundan iddiaçı Kürdəmirdə atasının evində yaşayır. iyul ayında nikahın pozulması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Noyabrın 27-də tərəflər arasındakı nikah pozulmuşdur. İyulun axırı avqust ayının əvvəllərində kommunal xərclərin müqavilələri cavabdehin adına olmuşdur. Burdan da sübut olunur ki, məhkəməni yanıltmaq üçün qərəzli olaraq evi satmışlar. Kommunal ödənişlərlə bağlı sənədlər iş materiallarına əlavə olunub, cavabdehin adına rəsmiləşdirilib. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən elektron sistemə yerləşdirilmiş etiraz ərizəsində hər şey açıq şəkildə göstərilib. İddiaçı uşaqların həyat səviyyəsini yaxşı eləmək üçün, onların təhsili üçün qeyd olunan ünvana köçürülməsini istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı toy olandan sonra bibisinin evinə gəlib. Sonra nənəsi birgə yaşamaqları üçün nəvələrinə bu evi alıb. Cavabdeh 2-ci qrup əliliyi olan şəxsdir, diaqnozu şizofreniyadır. İddiaçı sonra acıq edib atasının evinə gedəndən sonra nənəsinin ehtiyacı olduğu üçün evi satmışdır. Qızın əşyalarını müvəqqəti olaraq bir yerdə saxlayıb ki, itməsin. Hal-hazırda həmin ev Fətullayev Faiqə satılıb, o orda ailəsi ilə birgə yaşayır, iddiaçının ora köçürülməsi mümkün deyil. Nənəsi təklif edir ki, nəvələri çöldə qalmasınlar deyə onlara bir ev alsın. Mübahisə məhkəmədən kənar həll edilsəydi yaxşı olardı. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE № 18826338 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı” qeyd edilmişdir, Bakı şəhəri Nəsimi rayonu A.D.Qurbarov ev 75 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsindən görünürki, 114875 saylı müqavilə “Azəriqaz”İB ilə “İstehlakçı” adlandırılan Cavabdeh arasında bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, №13-16/2-01/1/01-7/5/10009/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin su və kanalizasiya təchizatında istifadəyə görə müqavilə müvafiq sənədlər əsasında Cavabdeh ilə xx.xx.2017-ci ildə bağlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin ev özbaşına tikilidir, dövlət reyestrində hüquqi qeydiyyatdan keçməmişdir, özbaşına tikili hazırda sökülməyib və mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə hesab edir ki, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində digər şəxslərin hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. İş üzrə dindirilmiş şahidlərin ifadəsi isə zəruri sənədlərlə təsdiq edilmədiyindən qəbul edilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Beləliklə məhkəmə yaranmış hazırkı vəziyyətdə, belə nəticəyə gəlir ki, özbaşına tikiliyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasada, MM-in 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin köçürülməsinə qadağalar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülsünlər və iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar