Məhkəmə qərarları › İş №e-2(009)-1996/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1996/2025

06.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1996/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “əmrin ləğv edilərək işə bərpa edilməsinə, son haqqhesab məbləğinin və məcburi iş buraxma müddəti üzrə ödənilməmiş əmək haqlarının eləcə də ödənilmənin gecikdirildiyi hər günə görə əsas məbləğə münasibətdə 1% gecikmə məbləğinin müəyyən edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “əmrin ləğv edilərək işə bərpa edilməsinə, son haqqhesab məbləğinin və məcburi iş buraxma müddəti üzrə ödənilməmiş əmək haqlarının eləcə də ödənilmənin gecikdirildiyi hər günə görə əsas məbləğə münasibətdə 1% gecikmə məbləğinin müəyyən edilərək ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatda tutduğu peşəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı və Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 29 nömrəli Əmrə əsasən, İddiaçı Cavabdeh MTK-nin satış şöbəsinə satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə əsasən, iddiaçının əmək haqqı aylıq olaraq 500 (beş yüz) AZN müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının işə başlamasının üzərindən bir müddət keçəndən sonra artıq cavabdeh tərəfindən əmək haqqının ödənilməsi gecikdirilməyə başlanmışdır. Bununla bağlıcavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Bir müddət keçdikdən sonra isə iddiaçıya məlum olmuşdur ki, “Cavabdeh MTK ilə bağlamış olduğu xx.xx.2023-cü il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, 116 saylı əmr əsasında xitam verilmişdir. Əmrdə əmək müqaviləsinin xitam əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Halbuki qanunvericiliyə və mövcud praktikaya nəzər yetirsək görərik ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən zaman mütləq şəkildə öncədən işçiyə xəbərdarlıq məktubu göndərilməlidir. Halbuki cavabdeh tərəfindən İddiaçı heç bir məlumat verilməmişdir. Digər tərəfdən, qanunvericiliyin tələblərinə əsasən işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə AR ƏM-nin 70cimaddəsi ilə xitam verilən zaman əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi işəgötürən tərəfindən əsaslandırılmalı və bu əsaslandırılmış əmr ilə rəsmiləşdirilməli, həmin əmr isə işçiyə təqdim edilməlidir. Həmçinin son haqq-hesab sonuncu iş günü şəxsə təqdim edilməli idi. Lakin cavabdeh tərəfindən əsaslandırılmış əmr və son haqq-hesab bir tərəfə qalsın, hətta əmək kitabçası belə iddiaçıya təqdim edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsinin üzərindən kifayət qədər vaxt keçdikdən sonra, nəhayət xx.xx.2025-ci il tarixində əmək kitabçasının əldə edilməsi mümkün olmuşdur. Qeyd edək ki, mövcud praktikanı da nəzərə alsaq, görərik ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları arasında ən ağırı və gələcəkdə şəxsin başqa yerlərdə işləməsinə çətinlik yaradacaq olanı ƏM-nin 70-ci madəsinin “ç” bəndidir. Bu səbəbdəndə bu bənd əsasında işçinin işdən çıxarılması üçün kifayət qədər sübut və əsas olmalıdır. Lakın hal-hazırki vəziyyətdə cavabdeh heç bir əsası və sübutu olmadan sözügedən bənd əsasında əmək müqaviləsinə xitam verərək, iddiaçının hüquqlarını pozmuş və gələcəkdə də problemlerlə üzləşməsinə şərait yaratmışdır. Bildirir ki, işlədiyi müddət ərzində İddiaçı tərəfindən heç bir pozuntu törədilməmişdir. Əgər iddiaçı tərəfindən hər hansı bir kobud pozuntu törədilmişdirsə, hansı səbəbdən bu barədə əvvəlcədən iddiaçıya xəbərdarlıq edilməmiş və ya bu barədə hər hansı rəsmi sənəd tərtib olunmamışdır. Heç bir əsas olmadan iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılmasına əsas ola bilməz. Bütün bu qeyd edilənlərdən aydın şəkildə görünür ki, cavabdeh tərəfindən iddiaçıya qərəzli münasibət göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı 2023-cü ilin yay aylarından başlayaraq işə getmir və əmək haqqı almır, lakin tərəflər arasında xidmət göstərilməsi ilə bağlı münasibətlər davam etdiyi üçün iddiaçı onun işdən çıxarılması barədə məlumatsız olmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixində əmək kitabçasının əldə etmişdir. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəməyə təqdim etdikləri, xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmiş bildirişdən görünür ki, İddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdən Cavabdeh MTK-ya işə gəlməmiş və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilmişdir. Digər tərəfdən, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətini də ötürmüşdür. Belə ki, işdə olan 20 iyun 2023-cü il tarixli "cinayət işinin rədd edilməsi barədə" qərardan görünür ki, iddiaçı 2023-cü ildə onun barəsində qəbul edilmiş əmrdən (əmək müqaviləsinə xitam verilməsinə dair) məlumatlı olmuşdur. Eyni zamanda, iddiaçı, özü məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” platformasından çıxarışı təqdim etmişdir ki, həmin platforma ilə şəxs özü barəsində müvafiq məlumatlarla (işə qəbul, işdən azad və s.) istənilən zaman tanış ola bilər. İddiaçı da Cavabdeh MTK-dan işdən azad edildiyini, hansı əsasla əmək müqaviləsinə xitam verildiyini ən azından həmin platforma vasitəsilə artıq 2 ildir ki, bilmişdir. Göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirik ki, məhkəmə baxışını iştirakımız olmadan keçirəsiniz və İddiaçı Cavabdeh MTK-ya qarşı iddiasını əsassız olmasına, habelə iddia müddətinin keçməsinə görə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinin Satış şöbəsinə satış meneceri vəzifəsinə qəbul edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, "xxxx" MTK satış bölməsində «Satış meneceri» vəzifəsində işləyən İddiaçı Naməddin qızı ilə bağlanılmış SHENE(E000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nir 70 «ç»-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 75-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə tərəflərin qarşılıqlı razılığı nəzərdə tutula bilər. - 296-cı maddə, 2-ci hissə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddə, 3-cü hissə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddə, 6-cı hissə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. İddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. İddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət müddətini konkret müəyyən etmişdir ki, bu da qanunvericiliyin mühüm əhəmiyyət kəsb edən institutlarından biridir. Belə ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinin Satış şöbəsinə satış meneceri vəzifəsinə qəbul edilmişdir. Xəmzə Palace- 2021” MTK satış bölməsində «Satış meneceri» vəzifəsində işləyən İddiaçı Naməddin qızı ilə bağlanılmış SHENE(E000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nir 70 «ç»-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı hazırda işdən çıxarılmağıyla bağlı cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 116 saylı əmrin ləğv edilməsi və işə bərpa, son haqq-hesab məbləğinin və məcburi iş buraxma müddəti üzrə ödənilməmiş əmək haqlarının eləcə də ödənilmənin gecikdirildiyi hər günə görə əsas məbləğə münasibətdə 1% gecikmə məbləğinin müəyyən edilərək ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasını və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət etməsi üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunverici fərdi əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət müddətini konkret müəyyən etmişdir ki, bu da qanunvericiliyin mühüm əhəmiyyət kəsb edən institutlarından biridir. Belə ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı ilə də təsdiq olunur ki, iddiaçı 2023-cü ilin yay aylarından sonra işə getməmiş və əmək haqqı almamışdır. Bu hal isə ona dəlalət edir ki, onun əmək münasibətlərinə xitam verilməsi barədə əmrdən ən azı 2023-cü ilin yay aylarında məlumatı olmuşdur. Lakin, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddəti (təxminən 2 (iki) ilə yaxın vaxt keçdikdən sonra – 11 avqust 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçı tərəfin “əmək müqaviləsinə xitam verilməsinin üzərindən kifayət qədər vaxt keçdikdən sonra, xx.xx.2025-ci il tarixində əmək kitabçasının əldə edilməsinin mümkün olması, o vaxta qədər iddiaçının işdən azad olunma barədə əmrdən məlumatının olmaması” barədə dəlillərini əsaslı və inandırıcı saymır. Qanunvericiliyin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə hesab edir ki, iddiaçının izahatında göstərdiyi dəlilləri iddia müddətinin üzrlü səbəbdən buraxılması qənaətinə gəlməyə əsas vermir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar