Məhkəmə qərarları › İş №e-2(009)-2028/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2028/2022

28.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2028/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçı X7, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X7 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 17 saylı evin, 22 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi 17 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun oğludur və o həmin mənzildə qeydiyyatda olmaqla əvvəllər onunla birgə yaşamışdır. O, qoca və xəstə olduğu halda cavabdeh ona məhkəmə qərarı olmadan heç bir maddi və mənəvi yardım etmir. O, cavabdehdən aldığı alimenti də məhkəmə qərarı əsasında alır. Cavabdeh hətta onu 2010-cu ildə qanunsuz olaraq psixiatrik xəstəxanaya yerləşdirmək istədiyindən onunla arasında olan münasibətlər pisləşmişdir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdeh 2007-ci ildə X12 ilə ailə qurduqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Buna dair müvafiq sübutlar məhkəməyə təqdim olunacaq. Cavabdehin özünün Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, S.S.Axundov küçəsi, 31/23-cii məhəllədə “Everest Konstruktion“ MMC-nin inşa etdiyi “Union Park” yaşayış kompleksində 4-cü blok, 7-ci mərtəbə, 1 otaqlı, 64 kv.m sahəsi olan 718 saylı mənzili vardır. Sonradan, yəni xx.xx.2010-cu il tarixdə X4 ərizəsi əsasında onunla “Everest Konstruktion“ MMC arasındakı 24 iyul 2008-ci il tarixli müqaviləyə xitam verilmiş və mənzil cavabdehin qayınanası X1 adına sənədləşdirilmişdir. Mənzilə dair sonralar X1 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra həmin mənzil 27 dekabr 2021-ci il tarixdə notarial qaydada cavabdehin arvadı X8 bağışlanmışdır. Hazırda həmin mənzil cavabdehin arvadının mülkiyyətindədir. Amma ola bilər ki, cavabdeh ona qarşı hazırkı iddia tələbindən xəbər tutub mənzili formal olaraq başqa şəxsin adına sənədləşdirsin. Amma hesab edir ki, bu hərəkət cavabdehin məhkəməni aldatmaq fəndi kimi qiymətləndirilməlidir. Göründüyü kiıui, cavabdeh 2007-ci ildən ona məxsus mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və sahəsinə getmişdir. Bu barədə MKİS-nin və qonşuların müvafiq aktları da vardır. Onu da qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində məsul vəzifədə çalışır, onun yaşamaq və özünə yaşayış sahəsi ilə təmin etmək üçün hər cür maddi imkanı vardır. Lakin cavabdeh ona məxsus mənzildən qəsdən qeydiyyatdan çıxmayaraq onu özündən asılı vəziyyətdə saxlayır. Belə ki, o, mənzil üzərində mülkiyyət hüquqlarını tam və sərbəst həyata keçirə bilmir. Bu da onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 17, 22 saylı mənzil əvvəllər order əsasında iddiaçının atasının və anasının adına olsa da, sonralar, yəni 21 sentyabr 2000-ci il tarixdə özəlləşmə yolu ilə onun mülkiyyətinə keçmişdir. Cavabdeh isə xx.xx.1979-cu il təvəllüdlü olmaqla 1983-ci ildən iddiaçıya məxsus ünvan 1 ünvanda pasport qeydiyyatındadır. Cavabdeh iddiaçının oğludur və o həmin mənzildə qeydiyatda olmaqla əvvəllər iddiaçı ilə birgə yaşamışdır. İddiaçı qoca və xəstə olduğu halda, cavabdeh ona məhkəmə qərarı olmadan heç bir maddi və mənəvi yardım etmir. İddiaçı cavabdehdən alimenti də məhkəmə qərarı əsasında alır. Cavabdeh hətta iddiaçını 2010-cu ildə qanunsuz olaraq psixiatrik xəstəxanaya yerləşdirmək istədiyindən onunla arasında olan münasibətlər pisləşmişdir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdeh 2007-ci ildə X12 ilə ailə qurduqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Cavabdehin özünün Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, S.S.Axundov küçəsi, 31/23-cü məhəllədə “Everest Konstruktion“ MMC inşa etdiyi “Union Park" yaşayış kompleksində 4-cü blok, 7-ci mərtəbə, 1 otaqlı, 64 kv.m sahəsi olan 718 saylı mənzili vardır. Sonradan, yəni xx.xx.2010-cu il tarixdə X4 ərizəsi əsasında onunla "xxxx" MMC arasındakı 24 iyul 2008-ci il tarixli müqaviləyə xitam verilmiş və mənzil həmin gün, yəni xx.xx.2010-cu il tarixdə cavabdehin qayınanası X1 adına sənədləşdirilmişdir. Mənzilə dair sonralar X1 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra həmin mənzil 27 dekabr 2021-ci il tarixdə notarial qaydada cavabdehin arvadı X8 bağışlanmışdır. Hazırda həmin mənzil cavabdehin arvadının mülkiyyətindədir. Amma ola bilər ki, cavabdeh hazırkı iddia tələbindən xəbər tutub mənzili formal olaraq başqa şəxsin adına sənədləşdirsin. Amma hesab edir ki, bu hərəkət cavabdehin məhkəməni aldatmaq fəndi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh 2007-ci ildən iddiaçıya məxsus mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və sahəsinə getmişdir. Bu barədə MKİSnin və qonşuların müvafiq aktları da vardır. Bundan başqa, cavabdehin arvadı X6 adına başqa mənzil də vardır. Belə ki, M.Ağayevanın atası X17 özünə məxsus Bakı şəhəri, S.Vurğun küçəsi, 140 saylı evin 21 saylı mənzilini də xx.xx.2021-ci il tarixdə qızına bağışlamışdır. Bu barədə sənədləri də təqdim etmişdir. Göründüyü kimi, cavabdehin mənzilə olan ehtiyacları tam ödənilir. Cavabdehin özünə və arvadına məxsus 2 ədəd mənzilləri vardır və daimi yaşamaq üçün iddiaçıya məxsus mənzildən çıxmışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəis müavini vəzifəsində işləyən Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək hər ay aldığı əmək haqqı və digər gəlirlərin məbləğləri 126.535,86 manat təşkil edir ki, bu məbləğ də hər ay orta hesabla 7029,77 manat təşkil edir. Bu da onu göstərir ki, cavabdehin çox yüksək səviyyədə gəlirləri və yaşayış səviyyəsi vardır. Bu barədə sənədləri də məhkəməyə təqdim etmişdir. Bundan başqa, xx.xx.2020-ci ildən cavabdehə məxsus “BMW 5401" markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil də vardır. Avtomobilin özünün ən azı 60000 manat qiyməti olduğu halda, qeydiyyat nişanının qiyməti ən azı 10000 manat qiyməti vardır. Avtomobilinə 10000 manatlıq qeydiyyat nişanı taxmış cavabdehin rəsmi dövlət orqanlarının verdiyi arayışlarda olan gəlirləri və əmlakları barədə olan məlumatlar onun yüksək səviyyəli həyat şəraitindən xəbər verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsasən "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xilam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Cavabdehin yaşayış hüququnun hazırkı mülki və mənzil qanunvericiliyinin qüvvəyə minməsindən əvvəl, yəni 1983-cü il tarixdə yaranmasını, cavabdehə və onun arvadına məxsus mənzillərin olmasını, yüksək gəlirlərini, digər əmlaklara malik olmasını və 2007-ci ildən bəri daimi yaşamaq üçün başqa ünvana köçməsini və bir dəfə də olsa, iddiaçıya məxsus mənzilə yaşamaq üçün gəlməməsini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə yanaşı "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunan müddəalar tətbiq oluna bilər. Göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi 17 saylı evin, 22 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və nümayəndəsi və vəkilinin izahatında göstərilənlərlə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, oğlu olan Cavabdeh 2007-ci ildən ona məxsus mənzildə yaşamadığı üçün yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Məhkəmənin nəzərinə çatdlırmaq istəyir ki, əvvəllər hazırki tələbə eyni tərəflər arasında baxılmış, mülki işin predmeti olmuş həmin tələb üzrə qətnamə qəbul edilmiş, qanuni qüvvəsini almışdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2010 saylı, 01 iyun 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı X5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatdan çıxarılma haqqında iddiası rədd edilmişdir. Yuxarı instansiya məhkəmələrində Təmrazovanın şikayətləri təmin edilmədiyindən Səbail Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamələrlə məhkəmə müəyyən etmişdir ki, AR Mənzil Məcəlləsinin 87-ci maddəsi ilə müəyyən olunmuş hallar mövcud olmadığından iddia rədd edilməlidir. Məhkəmələr həmçinin belə nəticəyə gəlmişdir ki, Cavabdeh daimi yaşamaq üçün B.Sərdarov küçəsi 17 saylı evin 22-ci mənzilindən köçüb getməmişdir, mənzilin mülkiyyətçisi olan anası İddiaçı ilə arvadı Məlahət Ağayevanın münasibətləri pozulması səbəbindən aralarında narazılıq yaranmış, buna görə də, üzürlü səbəbdən mübahisəli mənzildən müvəqqəti olaraq getmişdir. Bu günə kimi tərəflər arasında münasibətlər kəskin şəkildə pozulduğundan Sultanzadə Həsən yuxarıda göstərilən mənzildə yaşaya bilmir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu məhz Cavabdeh mənzili anası İddiaçı adına özəlləşdirməyə verdiyi razılığı əsasında əldə etmişdir. Oğu-ana arasında münasibətlər gərgin olduğundan Cavabdeh qeydiyyatda olduğu mənzildə yaşaya bilmir, iddiaçı əsassız olaraq onun barəsində iş yerinə, hüquq mühafizə orqanlarına ərizələr verməklə Cavabdeh mübahisəli mənzildə yaşamasını mümkünsüz edir. Bu səbəbdən cavabdeh məcburiyyət qarşısında qalıb kirayədə yaşayır. Cavabdehin mülkiyyətində heç bir ev yoxdur. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilində qeydiyyatddır. Mənzilin mülkiyyətçisi anası İddiaçıdır. İddiaçı həmçinin həmin binada yerləşən 21 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı 2 mənzili qanunsuz olaraq birləşdirərək bir giriş-çıxış etmişdir, mənzillərin daxilində, həmçinin binanın fasadında özbaşına tikinti işləri aparmışdır, eyvan tikmişdir. 21 və 22 saylı mənzillər ayrı-ayrılıqda dövlət qeydiyyatına alınan mənzillərdir. Lakin iddiaçı qanunsuz olaraq, müvafiq sənədlər, icazələr almadan 21 və 22 saylı mənzilləri birləşdirmişdir, vahid 5 otaqlı mənzil etməklə bir sanitar qovşağı saxlamışdır. Cavabdeh 22 saylı mənzildə qeydiyyatdadır, Səbail Rayon Məhkəməsinin 2(009)-237/2012 saylı, 16 yanvar 2012-ci il tarixli qətnaməsi ilə həmin mənzilə köçürülmüşdür. Lakin artıq 22 saylı mənzilin nə girişi var, nə də sərhədləri bəlli deyil, sanitar otaqı belə mövcud deyildir. Çünki iddiaçı onu ləğv etdirib. Qanunsuz aparılan tikinti işləri nəticəsində cavabdehin yaşayış sahəsindən istifadə hüququ pozulmuşdir, məhdudlaşdırılmışdır. Cavabdeh 22 saylı mənzildə qeydiyyatda olduğu halda, mənzil 21 saylı mənzillə qanunsuz olaraq birləşdirilmiş və hazırda vahid mənzil halındadır. İddiaçı iki mənzili qanunsuz birləşdirərək vahid bir mənzil halına salmışdır. Nəticədə iki mənzildən ibarət olan 5 otaqlı mənzildə iddiaçı tək yaşayır, cavabdehin isə yaşayış sahəsindən istifadə hüququ pozulur. Kirayədə yaşamağa artıq maddi dürumu imkan vermir. X24-zadə Səbail Rayon Məhkəməsinə qanunsuz tikililərin sökülməsi, 22 saylı mənzilin 21 saylı mənzildən ayrılması, ilkin vəziyyətə gətirilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır ki, mənzillə bağlı hüquqlarını həyata keçirsin. Səbail Rayon Məhkəməsinin e-2(009)-2296/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadı Cavabdeh mübahisələndirdiyi üçün hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********57 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 17, mənzil 21 və ünvan 1 ünvanları İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bu arayışdan da görünür ki, 21 saylı və 22 saylı mənzillər ayrı-ayrı mənzillər olaraq iddiaçının mülkiyyətindədir. Amma faktiki olaraq qanunsuz birləşdirildirilmiş və iki mənzilin vahid bir girişi vardır. Bu səbəblərdən Cavabdeh istifadə hüququ olan mənzildə yaşaya bilmir. Göstərilənlərə əsasən iddiaçının tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubdan görünür ki, X6 adına Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, 21 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 234, M8,m.2) xx.xx.2021-ci il tarixdə; Bakı şəhəri, Binəqədi rayonu, X21 küçəsi, 718 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 129, M7,m3) xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X6 adına hazırda respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh adına hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Səbail rayon MKTB 8 saylı MKİS-nin 130 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bünyad Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. X3 bu ünvanda qeydiyyatda olsa da, qonşulatın aktına əsasən 2007-ci ilin yanvar ayından bu ünvanda yaşamır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Vəkil1 ünvanlanmış cavab məktubundan görünür ki, X9 ilə "xxxx" MMC arasındakı 24 iyul 2008-ci il tarixli müqaviləyə əsasən həmin şirkət tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə inşa etdiyi «Union Park» yaşayış kompleksindən Bina-1 (cənub korpus), 4-cü blok, 7-ci mərtəbə, 1 otaqlı, 64 kv.m.sahəsi olan 718 saylı mənzil ona satılmışdır. Sonradan, yəni xx.xx.2010-cu il tarixdə X4 ərizəsi əsasında onunla "xxxx" MMC arasındakı 24 iyul 2008-ci il tarixli müqaviləyə xitam verilmiş və mənzil "xxxx" MMC-yə geri qaytarılmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, S.S.Axundov küçəsi, 3123-cü məhəllə, ev -, mənzil 718 (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 129, M7, m 3) xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Vİİ-JQ 390779 saylı, xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1980-ci ildə anadan olmuşdur, atası X19, anası X2r. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, mənzil 21 (Yeni qaydalarla: ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X17 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 140 saylı evin 21 saylı mənzilini (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 71,6 kv.m. olan mənzili qızı X6 mülkiyyətinə vermişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil1 ünvanlanmış 23/1 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 718 saylı mənzil xx.xx.2021-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 43 saylı DNK-nın 4Ə/1383 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, «Union Park» yaşayış kompleksi, S.S.Axundov küçəsi, 718 saylı mənzil H.Sultanzadənin adından sonradan, yəni xx.xx.2010-cu il tarixdə müqavilə və qiymətin razılaşma protokolu əsasında X1 adına sənədləşdirilmişdir. İş materiallarında olan AZ-İ 298073 nömrəli, xx.xx.2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X12 06 yanvar 2007-ci ildə nikah bağlamışlar. İş materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 8 saylı Mənzil-Kommunal İstismarı sahəsinin 210 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X9 həqiqətən B.Sərdarov küçəsi, 17 №-li evin 22 №-li mənzilində qeydiyyatdadır. 1983-cu il tarixdən 2007-ci ilin yanvar ayına kimi bu ünvanda yaşamışdır. 2007-ci ilin yanvar ayından bu ünvanda yaşamır. İş materiallarında olan 1-JQ 493263 nömrəli, xx.xx.1992-ci il tarixli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və İddiaçı 10 iyun 1992-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1125/2010 nömrəli, xx.xx.2010-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması haqqında iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(103)-1876/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 iyun 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-237/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, X4 ünvan 7 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Səbail rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-237/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi icra olunmuş və X9 ünvan 7 ünvana köçürülmüşdür. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsirdən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi əvvəlki qanunvericilik şəxsin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını hər hansı dövlət orqanında, mənzil kommunal istismar sahəsində qeydiyyata alınması ilə şərtləndirməyərək, yaşayış sahəsinə köçmüş və orada daimi yaşayan şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnu tanıyırdı. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərdə icarədarın ailə üzvləri hesab edilə bilərlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 123-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı M.Əkbərova mübahisəli mənzilə yaşamaq hüququnu əldə etmiş, onun hər hansı bir səbəbdən mübahisəli evi müəyyən müddətə tərk etməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmə kimi qiymətləndirilə bilməz, Niderland Krallığına getməsi onu evə olan hüququndan məhrum etmir. Bu zaman apellyasiya instansiyası məhkəməsi, həmçinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsaslanmışdır. Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndinə görə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Beləliklə, cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi üçün xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsas da müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh iddiaçının oğludur və o, iddiaçı ilə birlikdə Bakı şəhəri Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilində 1983-cu il tarixdən 2007-ci ilin yanvar ayına kimi yaşamışdır. 2007-ci ildə cavabdeh ailə qurduqdan sonra cavabdehin həyat yoldaşı ilə iddiaçı arasında münasibətlər pozulduğu üçün cavabdeh həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildən gedərək başqa ünvanda yaşamağa məcbur olmuşdur. 2012-ci ildə cavabdehin iddiaçıya qarşı mənzilə köçürülmə barədə iddiası təmin olunaraq, o, mübahisəli mənzilə köçürülmüş olsa da, tərəflər arasında yaranmış münaqişəli vəziyyət cavabdehin mübahisəli mənzildə yaşamasını mümkünsüz etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də, müəyyən olundu ki, cavabdehin mübahisəli evdən başqa digər daimi yaşayış yeri yoxdur, cavabdehin mübahisəli mənzildən getməsi məcburiyyət qarşısında, tərəflər arasında yaranmış münaqişəli münasibətin nəticəsində olmuşdur. Bu isə cavabdehin mübahisəli mənzili daimi olaraq tərk etməsinə dəlalət etmir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X7 cavabdeh X5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar