Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-205/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştrakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 69 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdehdə “ibtidai sinif müəllimi” vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, cavabdehin əmək müqaviləsinə qanunsuz olaraq xitam verməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla işçi bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Həmçinin iddiaçı təhsilverənlərin 2023-2028-ci illər üzrə sertifikatlaşdırma prosesindən uğurla keçmişdir. Yəni onun tutduğu vəzifəyə ungunluğu Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. İddiaçı işdən qanunsuz olaraq azad edildiyinə görə mediasiya təklifini cavabdehə xx.xx.2024-cü il tarixdə göndərsə də, cavabdeh təklifə münasibət bildirməmişdir. İlkin mediasiya sessiyasında iştirak üçün ərizə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı 1 saylı Mediasiya Təşkilatına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə mediator tərəfindən mediasiya barədə cavabdehə bildiriş göndərilsə də, mediasiya sessiyası baş tutmamış və xx.xx.2024-cü il tarixdə MŞB/1/2024- 00492 nömrəli mediasiya arayışı təqdim edilmişdir.İddiaçı AZ-İİ No 598507 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnamə əsasında nikaha daxil olmuş və soyadı “Əkbərova”dan “Şərifova”ya dəyişdirilmişdir. Lakin ƏMAS sistemində müvafiq inteqrasiya təmin edilmədiyi üçün ƏMAS-da onun soyadı dəyişilik olmadan saxlanmışdır. İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə müddətli olmaqla Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə istinadən bağlanmışdır. Göründüyü kimi, cavabdeh bu zaman tərəflərin iradə ifadəsinə, yəni 47-ci maddənin “f” bəndinə deyil, “ğ” bəndinə, yəni qanunvericilikdə nəzərdə tutulan hansısa hala istinad etmişdir. Lakin həmin hslın nədən ibarət olması aydın deyildir. Beləliklə əmək müqaviləsi faktiki olaraq müddətsiz xarakter daşıyan işin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Cavabdeh isə əmək müqaviləsində müqavilənin müddətsiz bağlanmasına əsas olan halı dəqiq müəyyən etməmişdir.Məlum olduğu kimi, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Cavabdeh iddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsinə cəmi 15 gün qalmış sonuncunu Əmək Məcəlləsinin 45.5-ci maddəsi ilə müəyyən edilmiş müddətsiz əmək müqaviləsi kimi hüquqi təminatdan, habelə onun xx.xx.2023-cü il tarixə nikaha daxil olması ilə əlaqədar gələcəkdə sosial məzuniyyət imkanlarının yaranmasını ehtimal etdiyi üçün həmin hüquqi təminatlardan məhrum etmək məqsədilə, Əmək Məcəlləsinin 73.1, 45.4-cü, 45.5-ci maddələrinin və 47-ci maddəsinin “ğ” bəndinin tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermiş, beləliklə iddiaçının konstitusion hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, eləcə də bildirmişdir ki, iddiaçının Əmək müqaviləsini əmək qanunvericiliyinin tələbini pozmaqla xitam verilməsi barədə X2 edilən şikayəti əsasında cavabdehə İXM-nin 192.6-cı maddəsi ilə inzibati tənbeh tətbiq etmişdir. Belə ki, X1 Bakı Şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN0023826 nömrəli Qərarı əsasında cavabdeh barəsində inzibati cərimənin şərti olaraq tətbiqi barədə inzibati tənbeh tətbiq edilmiş və bu barədə iddiaçıya məktub təqdim edilmişdir. Beləliklə, əmək münasibətli sahəsində dövlət nəzarətini həyata keçirən qurum da iddiaçının əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verilməsi faktını təsdiq etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xəbərdarlıqdan görünür ki, işçiyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Həmin maddənin a, b, c, ç, d və e bəndləri mövcuddur. Lakin xəbərdarlıqda bu bəndlərdən hansına əsasən əmək müqaviləsinin ləğv ediləcəyi qeyri-müəyyən olaraq qalmışdır. Bundan əlavə iddiaçı ilə əmək müqaviləsi bağlanarkən onun müddətli bağlanmasının əsası kimi Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) istinad edilsə də, burada hansı qanunvericiliyin və hansı halın nəzərdə tutulması barədə sualı cavabdeh tərəfindən cavablandırılmamışdır. Habulki bu hal əmək müqaviləsində əsaslandırılmalı idi. Xəbərdarlığın göndərilməsi barədə poçt qəbzi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmişdir. Belə ki, poçt qəbzində “qapı bağlıdır’’ qeydi yazılsa da, poçt göndərişini çatdıran kuryer tərəfindən bu hal təsdiq edilməmiş və imzalanmamışdır. Bu isə yuxarıda göstərilən Qaydaların tələbinə ziddir. Həmçinin “E&R” Express adlı poçt təşkilatı ilə göndərildiyi iddia olunsa da, həmin poçt təşkilatının müvafiq poçt daşıma xidməti göstərməsinə dair lisenziyasının olmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycanda telekommunikasiya və poçt sahəsində tənzimləyici qurum olan informasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi internet səhifəsində Sürətli poçt xidməti üzrə verilmiş lisenziyaların siyahısında “E&R” Express adlı poçt təşkilatına rast gəlmək sadəcə olaraq mümkün deyildir. Bununla bağlı İKTA dəfələrlə fiziki və hüquqi şəxslərə xəbərdarlıq etmiş və lisenziyası olmayan təşkilatlarla əməkdaşlıq etməmələrini bildirmişdir. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisəsinin lisenziyası olmayan poçt təşkilatı ilə əməkdaşlıq etməyinin səbəbləri məlum deyildir. Halbuki, dövlət təhsil müəssisəsi bunun üçün müvafiq satınalma həyata keçirilməli və lisenziyalı poçt təşkilatı ilə əməkdaşlıq edilməlidir. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23.3.2-ci maddəsinə əsasən Təchizatçılara dair ümumi tələblər aşağıdakılardır: 23.3.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. Bir daha qeyd edirik ki, “E&R” Express adlı poçt təşkilatına rast gəlmək sadəcə olaraq mümkün deyildir. Bundan əlavə, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixdə göndərdiyi əmək kitabçasının təhvil alınması barədə məktub poçt rabitəsinin milli operatoru sayılan "xxxx" MMC tərəfindən çatdırılmışdır. Beləliklə əmək kitabçasının təhvil alınmasına dair məktubun göndərilməsi zamanı "xxxx" MMC-nin xidmətindən istifadə olunduğu halda və həmin məktub iddiaçının ünvanına çatdığı halda, işçinin (iddiaçının) əmək hüquqlarına ciddi təsir edən xitam xəbərdarlığının nə üçün lisenziyası olmayan poçt təşkilatı vasitəsilə göndərilməsinin və çatdırılmanın baş tutmaması barədə qeydin kuryer tərəfindən izmalanmamasının səbəbi aydın deyildir. İddiaçı tərəf məhkəmə hazırlıq iclasında çatdırılma barədə qəbzin kuryer tərəfindən imzalamamasına görə cavabdehin məsuliyyət daşımadığını bildirsə də, bu cavabdeh tərəfindən qəbul edilməmişdir. Beləliklə, təqdim edilən sübutun, yəni xəbərdarlığın hansı formal tələblərə cavab verməli olduğu mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı sayılan “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda dəqiq müəyyən edilmişdir. Həmçinin, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6- cı və 6.8-ci sətirlərin əsasən poçt rabitəsi xidməti göstərilməsi üçün lisenziya olmalıdır. Göründüyü kimi cavabdeh tərəfindən təqdim edilən poçt qəbzi, həm qeyd olunan Qaydaların, həm də qeyd olunan Qanunun tələblərinə uyğun gəlmədiyi üçün mötəbər sübut kimi nəzərə alına bilməz. Bundan əlavə, cavabdeh hazırlıq iclasında iddiaçının dəfərlə əmək intizamına riayət etmədiyi bildirsə də, əvvəla bu hal iş materialında olan hər hansı sübutla təsdiq edilmir. Digər tərəfdən isə, həmçinin iddiaçı da cavabdehin ümumi fəaliyyətində olan nöqsanlar barədə məlumatları məhkəməyə təqdim etmək istəsə də, işlə aidiyyəti olmadığı üçün bunu məhkəməyə təqdim etməmişik. Hazırkı iddiada cavabdehin məhz müddətli əmək müqaviləsinə xitam əmrinin qanunsuzluğu mübahisələndirilir. Beləliklə, tərəflərin birinin digərinə qarşı iddiadan kənar səsləndirdikləri iddiaların hazırkı işə hər hansı aidiyyəti yoxdur. Nəticədə, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbi pozulmaqla iddiaçının işdən azad edilməsi həm bu sahədə dövlət nəzarətini həyata keçirən qurumun inzibati tənbeh barədə qərarı ilə, həm də məhkəməyə təqdim edilmiş digər sübutlarla tam təsdiq edildiyi üçün iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddia ərizəsində ilkin olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci bəndinin cavabdeh tərəfindən pozulması fərziyəsi irəli sürülmüşdür. Həmin maddəyə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə yazılı xəbərdarlıq xx.xx.2024-cü il tarixində, əmək müqaviləsinin müddətinin bitməsindən 11 gün əvvəl iddiaçının ünvanına göndərilmişdir, xəbərdarlıq və onun göndərilməsinə dair poçt qəbzləri onun iddiaya münasibət ərizəsinə əlavə olunmuşdur. Bununla da, cavabdehin qeyd edilən maddənin tələblərini pozmasına dair iddiası əsassızdır. Həmçinin iddiaçı xəbərdarlığın ona göndərilməsini ƏMAS sistemində bununla bağlı sənədin olmaması ilə inkar etməyə çalışsa da, bildirir ki, sistemin işləkliyinin təmin edilməsi cavabdehin vəzifəsi deyildir. Əmək Məcəlləsindən də göründüyü kimi, tərəf sadəcə vaxtında yazılı xəbərdarlıq etməklə 73.1-ci maddənin tələbini ödəmiş olur. Növbəti olaraq, iddiaçı cavabdehin onun beş ildən artıq müddətə işləməsinə bilərəkdən maneə yaratdığını bildirmişdir. Bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsi ilə beş ildən artıq müddətə davam edən müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir. Bu maddə beş ildən artıq müddətə çalışan işçilərin hüquqlarının sui-istifadə edilməsinin qarşısını alır. Buna baxmayaraq, qeyd edilən maddə işçilərin işəgötürən tərəfindən mütləq şəkildə tam beş il işləməsini, daha sonra onlarla müddətsiz əmək müqaviləsinin bağlanmasını təmin etmək üçün deyildir. Belə ki, əmək hüququ şəxslərin heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Əks halda, bu, işəgötürənlərin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olar, onların sərbəst iradə ifadələrinə zidd olardı. Son olaraq, iddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) əsasən müddətli olaraq bağlanılmasını və həmin maddənin qeyri-müəyyən olmasını bildirmişdir. Göründüyü kimi, iddiaçı həmin maddənin qeyri-müəyyən olmasını əsas gətirərək müqavilənin əslində müddətsiz bağlanılmalı olduğunu bildirir. Bildirir ki, qeyd edilən maddə əmək müqaviləsinin müddətli bağlanılma əsaslarından biri kimi qanunverici orqan tərəfindən qəbul edilmişdir. İddiaçının maddənin məzmununu qeyrimüəyyən hesab etməsi onun şəxsi mövqeyidir və bu, həmin maddənin tətbiq edilməsinin qarşısını almır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, X3 ibtidai sinif müəllimliyi vəzifəsinə işə qəbul edilir. Müqavilə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 4 il 11 ay 17 gün müddətinə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 69 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Bakı Avropa Litseyi MMC” bölməsində “ibtidai sinif müəllimi” vəzifəsində işləyən X4 ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2024-cü tarixindən xitam verilir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, onunla "xxxx" MMC arasında bağlanılan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə (Əmək Məcəlləsinin 68.2-ci maddəsi) xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir. Xitam nəticəsində onunla son haqq-hesab qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödəniləcəkdir. Təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-17- 5/2-Ş-82803/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən araşdırmaya təqdim edilən 3-17-5/1-50150/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubu və sənədlərdən, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən ərizəçi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin tələbləri pozularaq xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixdə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi, həmçinin xitamla bağlı müəssisə tərəfindən təqdim olunan yazılı və elektron informasiya sistemində mövcud olan əmrlərdə uyğunsuzluqların olduğu məlum olmuşdur. Bununla bağlı olaraq "xxxx" MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-V-75811/2024 nömrəli göstəriş məktubu ilə "xxxx" MMC-nin rəhbərliyinə 30 gün müddətində ərizəçinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmrin ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Həmçinin təqdim edilmiş sənədlərdən 2024-cü ilin sentyabr ayı üzrə 298,74 manat vəsaitin hesablandığı məlum olmuş, lakin qeyd olunan ödəniş ərizəçi tərəfindən təqdim edilmiş əmək haqqı bank hesabı çıxarışında əksini tapmadığından həmin ödənişin hansı formada ödənilməsilə bağlı məsələyə münasibət bildirmək mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar ərizəçinin məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "b" bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli, 69 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla işçi bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq cavabdeh müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə iddiaçıya 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xəbərdarlığın göndərilməsi barədə poçt qəbzindən görünür ki, poçt qəbzi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmişdir. Belə ki, poçt qəbzində “qapı bağlıdır’’ qeydi yazılsa da, poçt göndərişini çatdıran kuryer tərəfindən bu hal təsdiq edilməmiş və imzalanmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələbləri pozularaq, iddiaçıya müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərmədiyindən, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunauyğun surətdə xitam verilməmiş, cavabdeh tərəf isə iddiaya olan etirazın əsası kimi istinad etdiyi halları məhkəmə baxışı zamanı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin kobud pozulması nəticəsində baş vermişdir, ona görə də, iddia tələbi qismən təmin edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin 69 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-bölməsində “ibtidai sinif müəllimi” vəzifəsinə bərpa edilsin və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-205/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-205/2025
15.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver