Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2066/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərlə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixli ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 5036 manat məbləğində əsassız varlanmışdır. xx.xx.2023-cü il tarixdə tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci və 3.1.9-cu bəndlərinə əsasən: 3.1.8. Kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etmək; 3.1.9. Əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “Offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə bank arasında olan xx.xx.2021-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş xx.xx.2024-cü il tarixli, 6- 3/xx/xx-8573 saylı bildiriş (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun müqaviləyə əsasən İddiaçı ASC-yə olan borcu 5.036 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı ASC-nə olan 5.036 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 70,76 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, hesabdan çıxarışda xx.xx.2022-ci il tarixdə 2 dəfə 5.020,68 manat və 2.008,26 manat məbləğində pulun bank tərəfindən geri qaytarılması təsdiq olunur. Yəni bank qaytardığı pul məbləği həddində zərər görmüşdür, ona görə də həmin həddə tələb irəli sürmüşdür. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, hesab edir ki, hazırkı tələb üzrə cavabdehlik daşımır. Belə ki, dostu X1 tanışının onkoloji xəstə olmasını bildirərək müalicə ilə əlaqədar ona pul yığıldığını bildirmiş və ondan “ATV kart” istəmiş və bildirmişdir ki, yaranan öhdəliyi özü yerinə yetirəcəkdir. Ona görə də hesab edir ki, hazırkı tələb üzrə cavabdehliyi Yaşar Bəylərov daşımalıdır. O, yalnız 2023-cü ildə telefonuna balansında “-“ ilə borcu olması barədə sms aldığı vaxt məlumatı olmuşdur ki, köçürmə ilə bağlı öhdəlik yaranmışdır. Sms məlumatını aldıqdan sonra bankdan ona zəng gəlmiş, hədə-qorxu gəlmişlər, o, da dostu Yaşarı da götürərək İddiaçıa getmiş və xx.xx.2023-cü il tarixdə “Razılaşma” adında müqavilə bağlamışlar. Yaşar orada yaranmış 7.027 manat borcun 1 il ərzində hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləni isə o, imzalamışdır. Yaşar bir müddət ödənişi etmişdir. Lakin bank ona borcun ödənilməsi ilə bağlı ödənişlərin edilməməsini bildirdikdə Yaşara müraciət etmiş, Yaşar demişdir ki, bank 7.027 manat pulun həmin karta hansı bankdan pul köçürülübsə, həmin banka da pulun qaytarılmasını təsdiq edən sübutu ona vermədikləri üçün ödəniş etmir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə məxsus “MC WORLD” kart növü istifadəçisidir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. İş üzrə “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci və 3.1.9-cu bəndlərinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etmək (bənd 3.1.8.), əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “Offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq (bənd 3.1.9) müştərinin vəzifəsidir. İş üzrə “Bank” qismində İddiaçı ASC ilə “Borclu” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmasının surətindən görünür ki, razılaşmaya əsasən “Borclu” tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******************** saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində “Bank” qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür (bənd 1). Tərəflər razılaşırlar ki, “Borclu”nun “Bank” qarşısında olan borcunun məbləği 7.027,94 manat təşkil edir (bənd 2). “Borclu” 7.027,94 manat borc məbləğini təşkil edən pul vəsaitini 12 ay müddətinə, aylıq 585,66 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürür (bənd 3). “Borclu” ödənişləri hər ayın son iş günündən gec olmayaraq həyata keçirməlidir (bənd 4). “Borclu” tərəfindən ödənişlər iki dəfədən çox gecikdirildiyi halda, “Bank” bu Razılaşmanı birtərəfli qaydada ləğv edə və borcun tam məbləğdə ödənilməsini “Borclu”dan tələb edə bilər (bənd 5). “Borclu”, bu Razılaşmanın 4-cü bəndinə uyğun olaraq ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün borcun ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu ödəməlidir (bənd 6). İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə banka qarşı açılan etiraza əsasən bank tərəfindən 2 dəfə 5.020,68 manat və 2.008,26 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətinə əsasən İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet karta xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyatlar üçün chargeback sorğusu yaratmış və udmuşdur. Bununla əlaqədar olaraq banka 5.036 manat həcmində ziyan dəymişdir. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Bunun nəticəsində Cavabdeh əsassız olaraq varlanmışdır və banka 7027,94 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilənlərin aradan qaldırılması məqsədilə xx.xx.2023-cü il tarixdə Bank ilə Cavabdeh arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma bağlanmış, lakin Cavabdeh tərəfindən Razılaşmanın tələblərini kobud şəkildə pozularaq ödənişləri vaxtında aparılması təmin edilməmişdir. Hazırda Cavabdeh Banka 5.036 manat məbləğində gecikdirilmiş borcu vardır. Göstərilənləri nəzərə alaraq 5 iş günü ərzində gecikdirilmiş 5.036 manat məbləğini təşkil edən vəsaitin ödənişinin təmin edilməsini xahiş edirlər. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi Cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə Bank hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara müraciət etmək məcburiyyətində qalacaq. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə cavabdehin hazırkı tələb üzrə cavabdehlik daşımaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə müqavilə münasibəti məhz onun arasında yarandığından və o, bağlanılmış müqavilə üzrə tərəf olduğundan, bank kartına köçürülmüş pul vəsaitinin kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq yaranmış öhdəliyə görə məsuliyyət məhz müqavilə tərəfinin üzərinə düşdüyündən, cavabdehin bu dəlilləri əsaslı hesab edilə bilməz və məhkəmə qeyd edir ki, cavabdeh hazırkı tələbə dair cavabdehlik daşıyan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə” dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqavilə şərtinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Qeyd edilən müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8-ci və 3.1.9-cu bəndlərinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etmək; əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “Offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehin kart hesabına xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində xarici bankdan pul köçürülmüş, qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış, banka qarşı açılmış etirazı udmuş, nəticədə bank 7.027,94 manat məbləğində pul vəsaitini geri qaytarmış, bunun nəticəsində cavabdeh əsassız olaraq varlanmışdır və banka 7.027,94 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə bank ilə cavabdeh arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma bağlanmış, lakin cavabdeh razılaşmanın tələblərini tam yerinə yetirməmiş və banka 5.036 manat məbləğində ödənilməmiş öhdəliyi qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh qeyd edilən məbləği bank təşkilatına ödəmədiyindən, o, həmin məbləğ həddində əsassız varlanmışdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (maddə 1091.1). Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin, həm də eyni vaxta olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçirilmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanılmış müqavilə şərtinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçının ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunur. Yəni işin qeyd edilən halında cavabdeh iddiaçının hesabına qanuni əsas olmadan əmlak əldə etmiş, əsassız varlanmış, iddiaçı da bunun nəticəsində həmin əmlakdan məhrum olmuşdur. Məhkəmə cavabdehin iddiaçının köçürdüyü pulların məhz karta mədaxil edən banka qaytarılmasını təsdiq edən sübutların mövcud olmaması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəməyə təqdim olunan hesabdan çıxarışda pulların köçürülməsi təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilik əsassız varlanmanın öhdəlikləri əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edir (maddə 386.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə görə, yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 5.036 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 70,76 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində yaranmış və banka vurulmuş ziyanın əvəzi kimi 5.036 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,76 manat, cəmi 5106,76 (beş min yüz altı manat, yetmiş altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2066/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2066/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver