Məhkəmə qərarları › İş №e-2(009)-2105/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2105/2021

22.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2105/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı – Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddiası üzrə mülki işə 22 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.06.2021-ci il tarixli sərəncamın ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 2009-2013-cü illərdə AMEA X6 aparatının Xarici Əlaqələr şöbəsində mütəxəssis və aparıcı mütəxəssis, 2013-2020-ci illərdə Beynəlxalq Əlaqələr İdarəsində Xarici ölkələrin akademik qurumları ilə əlaqələr və Şərq ölkələri ilə əlaqələr şöbələrinin müdiri vəzifələrində çalışmışdır. Cavabdeh idarə 25.06.2021-ci il tarixli əmri ilə iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Beynəlxalq Əlaqələr İdarəsinin fəaliyyətinə nəzər yetirilsə, müasir elmi əməkdaşlıq, inteqrasiya dövründə xarici qrant və layihələr ilə əməkdaşların və AMEA-nın maddi-texniki bazasının inkişaf etdirilməsi ehtiyacı müstəvisində bu idarənin və onun tərkibində olan iddiaçının rəhbərlik etdiyi Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin AMEA üçün nə qədər mühüm, zəruri olduğu öz təsdiqini tapır. Belə olan halda bu İdarə nəinki ləğv edilməli, əksinə genişləndirilməyə ehtiyacı olmuşdur. İddiaçının elmi əməkdaşlıq sahəsində 13 illik iş stajına, beynəlxalq elmi təcrübəsinə malik olduğunu cavabdeh nəzərə alınmamışdır. İddiaçıya təklif edilən iş AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda elmi işçi vəzifəsi olmuşdur ki, bu da son iddiaçının son vəzifəsində aldığı əmək haqqısından 4 dəfə az maaşlı iş olmuşdur. Cavabdeh Həmkarlar İttifaqına müraciət etdikdən sonra Rəyasət Heyətinin aparat rəhbəri və Katibliyin rəisi Həmkarlar İttifaqının sədrinə tapşırıqlar verərək iddiaçının əleyhinə rəy yazılmasını təkid etmişlər. Edilən təzyiqlərdən sonra sədr vəzifəsini icra edən şəxsin verdiyi rəydə də iddiaçının X6 aparatının müvafiq işlə təmin olunmağı cavabdehə təklif olunmuşdur. İxtisara dair qərarla bağlı əməkdaşların tanış olmaları üçün məqsədli şəkildə imza atdırılmış, lakin qərar təqdim edilməmişdir. Həmçinin ixtisarla bağlı iddiaçıya və o cümlədən digər əməkdaşlara təqdim edilən xəbərdarlıqlarda işə götürənin imzası və möhürü olmamış və xəbərdarlıqların surəti təqdim edilməmişdir. Eyni zamanda iddiaçının işdən azad olunması barədə əmrin surəti iddiaçıya 25.06.2021-ci il tarixdə yəni 2 ay 10 gün sonra verilmişdir Cavabdeh habelə ixtisar prosesində iddiaçının ailə vəziyyətini, himayəsində 1 azyaşlı övladı və xəstə atasının olmasını, mənzil ipotekası üzrə 40,000 manata qədər borcunun olmasını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, onun ştatı ixtisara düşərkən və o vəzifəsindən azad edilərkən onun peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Əvəzində isə ona tutduğu vəzifədən daha aşağı məvacibli və təyinatlı vəzifə təklif edilmişdir. Bu səbəbdən də o, həmin təklifdən imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı onunla bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Eyni zamanda bununla bağlı Həmkarlar İttifaqı Komissiyasına müraciət edilmiş və Komissiya iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq vermişdir. Bundan sonra iddiaçıya başqa bir vəzifə təklif edilsə də, iddiaçı təklifdən imtina etmişdir. Bundan sonra isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa iddiaçıya işlə təmin olunması üçün AMEA-ya müraciət etməsi üçün məlumat xarakterli məktub göndərilsə də, iddiaçı tərəfindən heç bir müraciət olmamışdır. İxtisarda sonra iddiaçının çalışdığı şöbənin tabeliyində olduğu idarənin rəisi yeni yaradılmış şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. Bu səbəbədən hazırki durumda iddiaçının iddia etdiyi ştat boş deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 08.01.2009-cu il tarixdə AMEAnın X5 mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, sonradan 18.09.2013-cü il tarixdə AMEA-nın Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, 26.10.2018-ci il tarixdə AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi vəzifəsinə keçirilmiş və 02.03.2020-ci il tarixdə AMEA-nın Xarici əlaqələr idarəsinin Xarici əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 15.04.2021-ci il tarixli İddiaçı ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17 iyun 2021-ci il tarixdə ləğv ediləcəkdir. Həmkarlar İttifaqının 22.06.2021-ci il tarixli 1 saylı iclas protokolundan Çıxarışda qeyd edilmişdir ki, Həmkarlar İttifaqı Komitəsinin üzvləri X1 əmək müqaviləsinin ləğv edilməsinə etiraz etmir. AMEA-nın prezidentinin 07 aprel 2021-ci il tarixli 42 №li sərəncamının surətindən görünür ki, həmin sərəncamla AMEA Rəyasət Heyəti aparatında struktur dəyişikliklərin edilməsi ilə bağlı komissiya yaradılmışdır. AMEA-nın prezidentinin 25 iyun 2021-ci il tarixli 178 №li sərəncamının surətindən görünür ki, həmin sərəncamla X2 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin Sərəncamda eyni zamanda qeyd edilmişdir ki, İddiaçı AMEA-nın elmi müəssisə və təşkilatlarında başqa vəzifə təklif edilmiş, lakin o edilən təklifdən imtina edərək, xəbərdarlıq müddətindən istifadə etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı son olaraq AMEA Rəyasət Heyəti aparatının ləğv olunmuş Xarici əlaqələr idarəsi Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İddiaçının vəzifə ştatının ixtisarı ilə bağlı cavabdeh tərəfindən Həmkarlar İttifaqına müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri keçirdikləri iclasda iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmiş və bu barədə cavabdeh qurumun rəhbərliyi məlumatlandırılmışdır. Bundan sonra iddiaçının özünün də təsdiqlədiyi kimi ona başqa bir vəzifə təklif edilsə də, iddiaçı əmək haqqının aşağı olması səbəbindən həmin təklifdən imtina etmişdir. İddiaçı işdən azad olunacağı ilə bağlı 15.04.2021-ci il tarixdə məlumatlandırılmış və AMEA-nın prezidentinin 25 iyun 2021-ci il tarixli 178 №li sərəncamı ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı 15.04.2021-ci il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. Bundan başqa iddiaçı Həmkarlar İttifaqı Komissiyasının iclaslarında iştirak etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddiaçı ilə söhbətlər aparılmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Bununla yanaşı məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair 25.06.2021-ci il tarixli sərəncamın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı – Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi» tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar