Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2125/2020 04.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili A.Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1977-ci il tarixdə Həsən-zadə Mənsur Fətulla oğlu ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduğu gündən bu günə qədər Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanında qeydiyyatdadır, orada yaşamışdır və yaşamaqda davam edir. Həmin ünvana köçdüyü gündən bu günə qədər qeyd edilən ünvanda rəhmətlik qaynatasından, qaynanasından, ərindən, özündən və uşaqlarından başqa heç kim qeyd edilən evdə yaşamamışdır və bu gün də yaşamır. 2015-ci ildə Cavabdeh1 oğlu Həsənov Murad Nahid oğlu Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanına köçürülməsi ilə bağlı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-170/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3017/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasnın Ali Məhkəməsinin 2(102)- 4678/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərarına əsasən Həsənov Murad Nahid oğlunun iddiası rədd edilmiş, onun və bütün ailə üzvlərinin həmin evdə yaşamadığı və onların qeydiyyatının formal xarakter daşıdığı müəyyən edilmişdir. Bundan sonra o, Həsənov Murad Nahid oğlu və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanından qeydiyyatından çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması haqqında iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-454/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Həsənov Murad Nahid oğlu və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan Həsənov Murad Nahid oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə baxılan zaman Cavabdeh1 cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 müraciət edərək atası X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə pay üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 isə yalnız Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evdə qeydiyyatda olması əsas götürərək onun müraciəti əsasında X4 adına vərəsəlik işi açmışdır. Miras qoyan X6 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Onun vərəsələrindən heç kim ondan miras qalmış əmlakı qəbul etməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmiş və ondan miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Yalnız onun ölümündən on iki il keçdikdən sonra aralarında yaranmış məhkəmə mübahisəsində xeyrinə qərar çıxmayacağını görən Cavabdeh1 Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin miras qoyan X4 doğma əmisi oğlu olan əri Həsən-zadə Mənsur Fətulla oğlu Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi üvnanında yerləşən 11 nömrəli evdə fasiləsiz olaraq yaşamaqla, həmin əmlaka sahiblik, ondan istifadə və onu idarə etməklə əmisi oğlu X2 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Lakin əri Həsən-zadə Mənsur Fətulla oğlu faktiki olaraq qəbul etdiyi miras əmlaka dair hüquqlarını rəsmiləşdirməyə imkan tapdan ölmüşdür. O, isə ərinin qanun üzrə vərəsəsi olaraq onun faktiki qəbul etdiyi, əmisi oğlu Həsənov X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsini də qəbul etmişdir. Qeyd edilən məhkəmə qətnamələri ilə Cavabdeh1 da qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Həmçinin həmin məhkəmə qətnamələri ilə qeyd edilən ünvanda rəhmətlik qaynatasından, qaynanasından, ərindən, özündən və uşaqlarından başqa heç kimin yaşamadığı faktı da müəyyən edilmişdir. Bu səbəbdən də hesab edirəm ki, Cavabdeh1 atası X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın miras kimi qəbul edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmədiyi və faktiki olaraq mirası qəbul etmədiyi üçün Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 X6 üçün vərəsəlik işi açması qeyri-qanuni və əsassızdır. Həmçinin Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 mirası faktiki qəbul etmiş şəxs kimi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edərək hazırki məsələnin mübahisəli olmasını əsas göstərərək məhkəməyə müraciət etməyi tövsiyyə etməsi də əsassızdır. Cavabdehin imtinası əsassız olmaqla onun hüquqlarını pozur. Buna görə də o, mirasın faktiki qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 və onun vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 46 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxslər B.A.Həsənov, Ş.Quliyeva və X.F.Həsənova məhkəmə iclasına gəlməmiş və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Həsən-zadə Mənsur Fətulla oğlu ilə X20 arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 4285 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Həsən-zadə, arvada Həsən-zadə soyadı verilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Həsən-zadə Mənsur Fətulla oğlu xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 563 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş Həsən-zadə Mənsur Fətulla oğlunun vərəsəsi - ünvan 2 ünvanında qeydiyyatda olan arvadı İddiaçı qzı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras AC No 007124 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2010 olan “Chevrolet Aveo” minik markalı, 90XS750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-170/2015 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Həsənov Murad Nahid oğlunun cavabdehlər Həsən-zadə Mənsur Fətulla oğlu, İddiaçı, Həsən-zadə Rüfət Mənsur oğlu və Həsən-zadə Könül Mənsur qızının qarşı “Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr Döngəsi, 11 saylı evə köçürülmə” tələbinə dair iddiaçı təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-4678/2015 saylı qərarının kserosurətindən görünür ki, iddiaçı Həsənov Murad Nahid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-3017/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Həsənov Murad Nahid oğlunun cavabdehlər Həsən-zadə Mənsur Fətulla oğlu, İddiaçı, Həsən-zadə Rüfət Mənsur oğlu və Həsən-zadə Könül Mənsur qızına qarşı “Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr Döngəsi, 11 saylı evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətinaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 11 saylı evi paylı mülkiyyət hüququ üzrə 1/8 hissəsi Həsənov Böyükağa Ağa oğlunun, 1/8 hissəsi X4, 1/8 hissəsi, 1/8 hissəsi Quliyeva Şərabani xanımın, 4/8 hissəsi X8, xx.xx.2017-ci il tarixdən 1/8 hissəsi İddiaçı mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən İddiaçı nümayəndəsi Vəkil1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə atası X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 46 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında X4 adına vərəsəlik işi açılmışdır (vərəsəlik işinin açılmasına əsas Cavabdeh1 miras açılan gündən göstərilən ünvanda pasport qeydiyyatında olmasıdır). Müraciət edənlərin ərizələrindən belə aydın olur ki, X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair mübahisə vardır. Qeyd edilən səbəbdən İddiaçı irsi transmissiya üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. İş üzrə xx.xx.1982-ci il tarixli vərəsəlik işindən olan sənədlərdən görünür ki, X11 və X7 miras qoyan X12 nəvələridir (X16 nəvələri - X11 və X7 ata xətti üzrə babalarıdır), Həsənov Məlik- Məmməd Ağa oğlu və X17 doğma qardaşdılar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 1977-ci ildə Həsən-zadə Mənsur Fətulla oğlu ilə nikaha daxil olaraq Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 11 saylı evə gəlin köçmüş və həmin vaxtdan hazırki vaxtadək həmin ünvanda yaşayır. Həmin evdə iddiaçının qaynatasından, qaynanasından, ərindən, özündən və uşaqlarından başqa heç kim yaşamamış və hazırda da yaşamır. İddiaçının əri Həsən-zadə Mənsur Fətulla oğlu mübahisəli evin 1/8 hissəsinin mülkiyyətçisi olmuş, xx.xx.2014-cü ildə o vəfat etmiş və onun ölümündən sonra iddiaçı birinci növbəli vərəsəsi kimi həyat yoldaşından miras qalmış əmlakı, yəni mübahisəli evin 1/8 hissəsini qəbul edərək həmin hissənin mülkiyyətçisi olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli evin 1/8 hissəsinin digər mülkiyyətçisi olan X6 iddiaçının mərhum həyat yoldaşı X5 əmisi oğludur və o, xx.xx.2006-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin onun vəfatından sonra birinci növbəli vərəsələrdən heç kim miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı Nadir Həsənovdan miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında X4 adına vərəsəlik işi açılmış, lakin iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi miras qoyanın birinci növbəli vərəsələrdən Cavabdeh1 miras açılan gündən göstərilən ünvanda pasport qeydiyyatında olması olmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, miras qoyanın birinci növbəli vərəsəsi X18 mübahisəli Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr Döngəsi, 11 saylı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-170/2015 saylı qətnaməsi ilə onun iddiası həmin mənzilə hüququnun müəyyən edilməməsi əsası ilə təmin edilməmişdir. Göründüyü kimi miras qoyan X2 miras qalmış əmlak birinci növbəli vərəsələr tərəfindən nə formal üsulla, nə də ki, qeyri-formal üsulla qəbul edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, nə şəxsin pasport qeydiyyatında olması, nə də ki, mübahisəli evə köçürmə barədə məhkəmədə iddia irəli sürməsi, mirasın qeyri-formal (faktiki) üsulla qəbul edilməsi kimi hesab oluna bilməz. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Miras hər iki üsulla qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, miras qoyan X3 miras qalmış əmlakın onun birinci növbəli vərəsələri tərəfindən nə formal üsulla, nə də ki, qeyri-formal üsulla qəbul edilməsi müəyyən edilmədiyindən, əksinə həmin əmlakda miras açılan vaxtdan iddiaçının və onun ailəsinin yaşaması və həmin əmlakı idarə etməsi müəyyən edildiyindən, iddiaçı həmin əmlaka vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə tam haqlı hesab edilməlidir. Belə ki, iddiaçı miras qoyana münasibətdə vərəsə hesab edilməsə də, onun həyat yoldaşı miras qoyanın əmisi oğlu olmuşdur. İddiaçı isə həyat yoldaşına münasibətdə onun birinci növbəli vərəsəsi hesab olunur. AR Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) miras qoyanın birinci növbəli vərəsələri hesab olunur. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə vərəsələr - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları sayılırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı Həsən-zadə Mənsur Fətulla oğlu xx.xx.2014-cü ildə vəfat etmiş və vəfat edən vaxta qədər mübahisəli miras əmlakda yaşamışdır. Miras qoyan Nadir Həsənov xx.xx.2006-ci il tarixdə vəfat edən vaxt iddiaçının həyat yoldaşı əmisi oğlu X3 miras qalmış əmlakı faktiki qəbul etmiş və həmin əmlakı idarə etmişdir. X29zadə əmisi oğlu Nadir Həsənovdan miras qalmış əmlakı qeyri-formal üsulla (faktiki) qəbul etsə də, onu öz adına rəsmiləşdirməmiş vəfat etmişdir. AR Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşı miras açıldıqdan sonra (miras xx.xx.2006-cı ildə açılmışdır) vəfat etsə də, eyni zamanda mirası faktiki qəbul etsə də, miras əmlakı öz adına rəsmiləşdirmək üçün heç bir hərəkət etməmişdir. Yuxarıda qeyd olunduğu kimi mirasın qəbul edilməsi özlüyündə bir sıra hərəkətlərin məcmusunu özündə ehtiva edir. Yəni mirasın qəbulu prosesi o vaxtı başa çatmış olur ki, bu proses vərəsənin həmin əmlaka yiyələnməsi və həmin əmlaka mülkiyyət hüquqlarının tanınması ilə rəsmiləşdirilsin. İddiaçının həyat yoldaşı isə miras açıldıqdan sonra orada yaşasa da və mirası faktiki qəbul etsə də, həmin əmlakı öz adına rəsmiləşdirməmişdir. Yəni faktiki olaraq iddiaçının həyat yoldaşı miras əmlakı qəbul etməmiş vəfat etmişdir. Belə olan halda miras qoyan – Nadir Həsənovdan qalmış miras əmlakı almaq hüququ iddiaçıya keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçıdan başqa miras qoyanın ölümündən sonra mübahisəli əmlak heç bir növbə vərəsə tərəfindən nə formal, nə qeyri-formal üsulla qəbul edilməmişdir və həmin əmlak miras qoyanın ölümündən sonra yalnız iddiaçının ailəsinin idarəçiliyindən olmuşdur. AR Mülki Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.(maddə 1243.2). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı miras əmlakı transmissiya qaydasında qəbul etdiyi üçün və bu hal iş üzrə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığı üçün, onun həmin əmlakı qəbul edilməsi faktı müəyyən edilməli və həmin əmlaka vərəsəlik hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsinin İddiaçı tərəfindən tnasmissiya qaydasında qəbul edilməsi faktı müəyyən edilsin və onun həmin əmlaka vərəsəlik hüquqları tanınsın. Qətnamə Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin X13 adına olan 1/8 hissəsinə dair İddiaçı Əli qızının adına 5-ci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2125/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2125/2020
04.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver