Məhkəmə qərarları › İş №e-2(009)-2133/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2133/2023

17.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2133/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə məhkəməyə müraciət edərək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzinin cavabdeh LPO Cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və mülki-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. İş üzrə əmək kitabçasının surətindən məlum olur ki, Cavabdeh ASC-nin Hüquq Departamentinin direktoru İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR “Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndinə əsasən xitam verilmişdir (əmr №145-2023) İş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-3(103)- 42/2023 saylı qərarına əsasən Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmiş, Cavabdeh ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində Bankın işçilərinin əmək haqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla) habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü tələbə qiymət verilməsi ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyətlərində olmadığından, işə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, «Banklar haqqında» AR Qanununun «Bankın müflis elan olunmasının nəticələri» başlıqlı 72.1.3-cü maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Qeyd edilən məsələ ilə əlaqədar münasibət Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Pelnum Qərarında da bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin Qərarda göstərilmişdir ki, hüquqi şəxs ləğv edilərkən kreditorların tələblərinin ödənilməsini, yəni ödəniş növbəliliyini müəyyən edən Mülki Məcəllənin 62-ci maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Banklar haqqında" Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi isə müflis elan olunmuş bankın aktivlərinin bölüşdürülməsinə aiddir. Lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklara qarşı tələblərin ödəniş növbəliliyi yalnız Təlimatın 13-cü bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsindən fərqli olaraq, həmin bənddə işçilərin əmək haqqı ilə bağlı tələblərinin üçüncü növbədə ödənilməsi müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 4-cü maddəsinə müvafiq olaraq, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının) qərarları normativ xarakterli aktlar hesab edilir. Həmin Qanunun 4.4-cü maddəsinə görə, normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Bu mövqedən çıxış edərək belə nəticəyə gəlmək olar ki, lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda nəzərdə tutulmadığından, eləcə də Əmək Məcəlləsi Təlimatdan üstün hüquqi qüvvəyə malik olduğundan belə bankların işçilərinin əmək haqqı ilə bağlı tələbləri ödənilərkən Əmək Məcəlləsinin 178.2-ci maddəsi rəhbər tutulmalıdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. AR Əmək Məcəlləsinin 178.2-ci maddəsinə əsasən müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. “Banklar haqqında” Qanunun: “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının tələbləri kreditor tələbi olduğu üçün yalnız «Banklar haqqında» AR Qanununun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciət iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Məhz bu səbəblə də qanunverici iflas prosesində olan banka qarşı yeni ididalar üzrə məhkəmə icraatının başlanılmasını imperativ şəkildə qadağan etmişdir («Banklar haqqında» AR Qanununun 72.1.3-cü maddəsi). Başqa sözlə məhkəmə qeyd edir ki, hazırki işdə cavabdeh müəssisə ləğv edilməmiş, müflis elan edildiyindən, belə olan halda isə işçilərə ödənməli ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməli olduğundan işçi hazırki məsələnin həlli ilə bağlı banka müraciət etməli, bank isə öz növbəsində tələbi qəbul edilmiş və ya etiraz edilmiş tələblər siyahısına daxil etməli, bundan sonra isə siyahıya daxil edilən tələblər üzrə ödənişlər növbəlilik qaydasında həyata keçirilməlidir. Əgər iddiaçının tələbi etiraz edilmiş tələblər sırasına daxil edilərsə, o zaman həmin siyahını təsdiq etdiyi zaman məhkəmə bankdan etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün sübutlar tələb edə bilər. İddiaçının etiraz edilmiş yaxud qəbul edilmiş tələbi hazırda məhkəmənin icraatında olduğu təqdirdə isə iddiaçı həmin məsələyə baxan məhkəməyə müraciət etmək və dinlənilmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən MPM-ə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüququ və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilən Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim həmin iş üzrə icraata xitam verir. Bu hal eynilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul etməkdən imtinanın da hüquqi əsası kimi çıxış edir. Qeyd edilən Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması yol verilməz hesab edilməli və iddiaçıya müvafiq məsələnin həlli ilə bağlı müvafiq tələbləri «Banklar haqqında» AR Qanununun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürməsi, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazları olduqda isə iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın - pul əvəzinin verilməsi tələbinə dair mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilsin. İddiaçıya izah olunsun ki, o müvafiq tələbləri «Banklar haqqında» AR Qanununun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürə, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazları olduqda isə iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar