Məhkəmə qərarları › İş №e-2(009)-2155/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2155/2025

04.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2155/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi M.B.Seyidovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzinə qarşı əmrin ləğvi, yaradılmış yeni ştat cədvəlində işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2003-cü il tarixdə "xxxx" Firmasında menecer vəzifəsinə işə qəbul olunaraq ilk əmək fəaliyyətinə başlamışdır. xx.xx.2008-ci ildən xx.xx.2008-ci il tarixədək “X5” mətbuat katibi vəzifəsində işləmişdir. Daha sonra 2014-cü ilədək mədəniyyət sahəsində müvafiq təşkilatlarda işləmişdir. xx.xx.2014-cü ildən o, Azərbaycan Respublikası Mədəniyyt Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzinin baş menecer vəzifəsinə qəbul olunmuşdur, xx.xx.2018-ci ildən isə direktor müavini vəzifəsində işləmişdir və işdən azad edildiyi vaxta qədər həmin vəzifədə çalışmışdır. İşlədiyi müddət ərzində hər hansı bir intizam pozuntusuna yol verməmişdir. xx.xx.2025-ci il tarixdə o, ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməmişdən qabaq xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə işəgötürən yenilənmiş struktur və yeni ştat cədvəlinin təsdiqi ilə əlaqəli olaraq ƏM-nin 77-ci maddəsinə əsasən tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar, həmin tarixdən 9 təqvim həftəsi bitdikdən sonra onunla əmək müqaviləsinə xitam veriləcəyi onu məlumatlandırmışdır. Hesab edir ki, işəgötürən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən də məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, müdiriyyət tərəfindən stuktur dəyişkənliyi və yeni ştat vahidlərinin yaranması zərurətindən irəli gələrək ona tutduğu vəzifəyə uyğun digər bir vəzifə təklif olunmamış və ştatların ixtisarı zamanı işdə saxlanılmasına üstünlüyü olan işçilərin dairəsi belə müəyyən edilməmiş, bununla da mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Müdiriyyət tərəfindən onun uzun müddət eyni təşkilatda işləməsi, himayəsində iki uşağın olması nəzərə alınmamışdır. İşəgötürən tərəfindən təşkilatda ştat vahidlərinin ixtisarı və ya azalmasını hansı zərurətdən irəli gəldiyini əsaslandıran hallara dair ona məlumat verilməmişdir. Mübahisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq işəgötürən tərəfindən ixtisara və əmrin verilməsinə əsas olmuş sənədlər təqdim olunmadığına görə cavabdeh orqanın məsuliyyətə cəlb edildiyi ona bildirilmişdir. Bu baxımdan hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzinin direktorunun xx.xx.2025-ci il tarixli K-155 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi, həmçinin 60 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzi tərəfindən iş üzrə sənədlər elektron məhkəmə sistemində yerləşdirilmişdir. Həmin sənədlərlə tanış olduqdan sonra iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli 3- 24/3-1-f-110/2025 saylı əmrinin 4-cü bəndindən görünür ki, həmin əmrlə Bakı şəhər Mədəniyyə Baş İdarəsinə X4 və X9 üzrə Mərkəzin yeni struktur və ştat cədvəlinin 5 iş günü müddətində hazırlanıb Nazirliyə təqdim edilməsi tapşırılmışdır. Həmin əmrə uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli əmrinin 1-ci bəndi ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdən X4 və X9 üzrə Mərkəzin fəaliyyətinin təkmiləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq, onun bazasında yeni şöbələr yaradılması nəzərdə tutulmuşdur. Eləcə də, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixdə təsdiq edilən ştat cədvəli ilə Mərkəzin yuxarıda qeyd olunan əmrlərin icrasında sonra xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlində ştat vahidlərinin sayında dəyişiklik olmamışdır (cəmi 88 ştat vahidi). Hər iki əmrin məzmunundan müəyyən olunur ki, mərkəzdə ştat vahidlərinin ixtisarı aparılmamış və belə ixtisar nəzərdə tutulmamış, yalnız Mərkəzdə fəaliyyət göstərən şöbələrin adları dəyişərək, struktur dəyişkənliyinə yol verilmişdir. Hazırkı vəziyyətdə hesab edir ki, cavabdeh (işəgötürən) iddiaçının əmək müqaviləsinin ƏM-nin 70ci maddənin “b” bəndinə əsasən (işçilərin sayı və ştat ixtisar edildikdə) əmək müqaviləsini pozmaqla, həmin əmri qanunsuz və əsassız olaraq vermişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzinin direktorunun xx.xx.2025-ci il tarixli K-155 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində onun əvvəlki tutduğu vəzifəyə və aldığı aylıq əmək haqqıya uyğun olan vəzifəyə bərpa edilməsi, məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi, həmçinin 60 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ona yeni yaradılmış ştat cədvəlinə uyğun hər hansı bir iş təklif olunmamışdır. Hətta müavin ştatında 2 nəfər olsa da, həm də o, təşkilatda 2014-cü ildən işləsə də, bu nəzərə alınmamış, stajı 1 ili olan işçi ilə əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar təşkilatda ixtisar həyata keçirilmiş, yeni şöbələr yaradılmış və yeni ştat cədvəli tərtib edilmiş, əvvəllər də ştatda 88 nəfər yeni yaradılmış şöbələrdə də ştatda 88 nəfər olması nəzərdə tutulmuşdur. Əvvəlki strukturda işləyən işçilərin təxminən 55-60-ı ilə yeni əmək müqavilələri bağlanılmışdır. İddiaçıya isə yaradılmış yeni şöbələrdə işlə təmin olunması barədə təklif olunsa da, bundan imtna edilmişdir. Bunu təsdiq edən aktı məhkəməyə təqdim etmişdir. İddiaçı ilə əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun xitam verilmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş üzrə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3-24-5/3-1-f-58/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-24/3-1-f-110/2025 nömrəli əmrinə əsasən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X4 və X9 üzrə Mərkəzin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə xx.xx.2025-ci il tarixdən X4 və X9 Üzrə Mərkəzi fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq onun bazasında “Maliyyə və satınalma şöbəsi”, “insan kapitalının idarə edilməsi və sənədlərlə iş şöbəsi”, “Beynəlxalq tədbirlərin idarə edilməsi şöbəsi”, “Tərəfdaşlarla iş şöbəsi” yaradılması, Maliyyə və İqtisadiyyat sektoru (V.Allahverdiyeva) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni ştat cədvəlini hazırlayıb təsdiqə təqdim etməsi, Maliyyə və İqtisadiyyat sektoru (V.Allahverdiyeva), Musiqi təhsili və incəsənət sektoru (A.Rəcəbli), baş məsləhətçi-hüquqşünas (F.Zeynallı) bu əmrdən irəli gələn məsələlərin həllinin təmin etməsi, X4 və X9 Üzrə Mərkəz (B.Bəbirov) Azərbaycan Respublikasının Əmək Məcəlləsini rəhbər tutaraq işçilərin əmək müqavilələrinə xitam verilməsi, onlarla yeni əmək müqavilələrinin bağlanması və onlara dəyişikliklərin edilməsinin təmin etməsi əmr edilmişdir. Əmrin əsası kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-24/3-1-f-110/2025 nömrəli əmri göstərilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə X4 və X9 üzrə X3 və Turizm Şöbəsinə baş menecer vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2018-ci il tarixdə X4 və X9 üzrə Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2019-cu il tarixdə X4 və Yaradıcı İş üzrə Mərkəzin direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 1 il müddətinə X4 və X10 üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən əmək müqaviləsi 6 ay müddətinə uzadılmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 3-24/3-1-f-110/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.6-cı və 5.6.9-cu yarımbəndlərini rəhbər tutaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X4 və X9 üzrə Mərkəzin Bakı Kamera Orkestri və Müasir və milli ritmlər ansamblı şöbəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına, Bakı Estrada Teatrı isə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrına verilməsi, İnsan kapitalının idarə edilməsi (Kamil Bayramlı) və İqtisadiyyat və maliyyə (Fuad Məmmədov) şöbələri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ştat cədvəlindəki dəyişikliklərin 2025-ci ilə təsdiq edilmiş müvafiq ştat cədvəllərinin say həddi çərçivəsində həyata keçirilməsini təmin etməsi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası (Murad Adıgözəl-zadə) və R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı (Ülviyyə Bəbirova) əmrin 1-ci bəndinin icrasını təmin etmək məqsədilə ştat cədvəlinə dəyişikliyə dair təkliflərini 7 iş günü müddətində Nazirliyə təqdim etməsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi (İbrahim Əliyev) X4 və X9 üzrə Mərkəzin yeni struktur və ştat cədvəlini hazırlayıb 5 iş günü müddətində Nazirliyə təqdim etməsi sənəd və vətəndaşlarla iş şöbəsi (Elçin Nəcəfov) əmrin surətinin aidiyyəti üzrə göndərilməsini təmin etməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Mədəniyyə Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin X4 və X9 Üzrə Mərkəzinin xx.xx.2025-ci il üçün ştat sayı 88 vahid olmaqla ştat cədvəli xx.xx.2025-ci il tarixdə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin X4 və X9 Üzrə Mərkəzinin xx.xx.2025-ci il üçün ştat sayı 88 vahid olmaqla ştat cədvəli xx.xx.2025-ci il tarixdə təsdiq edilmişdir. İş üzrə X4 və X9 üzrə Mərkəzin direktoru B.Bəbirov tərəfindən təsdiq edilmiş və direktor müavini F.Nəcəfov, baş mühasib N.Rzayeva, baş mütəxəssis K.Xaniyev, mütəxəssis F.Abbasova, mütəxəssis T.İlyasova tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-4/3-1-f-110/2025 nömrəli əmrinə əsasən “Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X4 və X9 üzrə Mərkəzin fəaliyyətinin tənzimlənməsi haqqında” Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli 3-24-5/3-1-f-58/2025 nömrəli əmri ilə X4 və X9 üzrə Mərkəzin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə yenilənmiş strukturu və ştat cədvəlləri təsdiq edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzdə çalışan işçilərlə fərdi söhbətlər aparılmış və iclaslar keçirilmişdir. İşçilərə struktur dəyişikliyi ilə əlaqədar alternativ vəzifələr təklif olunmuşdur. Təklif olunan yeni vəzifələrlə razılaşan 32 əməkdaş yeni ştat cədvəlinə uyğun yeni vəzifələrə təyin edilmişdirlər. Lakin 11 əməkdaş təklif olunan vəzifələrə təyin olunmaqdan imtina etmişdir (Kərimova Vüsalə, Haxıyev Vüsal, İddiaçı, Babayeva Günel, Məmmədova Samirə, İsmayılova Könül, Babayeva İlahə, Əliyeva Naibə, Məmmədova Afaq, İsgəndərova Nuridə, Qafarova Zivər). Həmçinin onu da qeyd edirlər ki, vəzifələrlə razılaşmayan 11 əməkdaşın 5-i (İddiaçı, Məmmədova Afaq, Qafarova Zivər, İsmayılova Könül, Babayeva Günel) Həmkarlar Təşkilatına üzv deyildir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzin direktoru B.Bəbirov tərəfindən həmin Mərkəzin X4 şöbəsinin mütəxəssisi X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli 47 nömrəli xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-24/3-f-110/2-25 nömrəli əmrinə əsasən ”Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X4 və X9 üzrə Mərkəzin fəaliyyətinin tənzimlənməsi haqqında” Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli 3-24-5/3-1-f-58/2025 nömrəli əmri ilə X4 və X9 üzrə Mərkəzin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə yenilənmiş strukturu və ştat cədvəlləri təsdiq edilmişdir. Nəzərinə çatdırırlar ki, adıçəkilən əmrə əsasən tutduğu vəzifə ixtisara düşdüyü üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən X4 və X9 üzrə Mərkəz ilə aralarında bağlanılmış əmək müqaviləsi üzrə əmək stajına uyğun olaraq xx.xx.2025-ci il tarixdən başlayaraq müəyyən edilmiş xəbərdarlıq müddəti (doqquz təqvim həftəsi) bitdikdən sonra İddiaçı əmək müqaviləsinə əmək qanunveliciliyinə uyğun olaraq xitam veriləcəkdir. Xəbərdarlq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş axtarmağa imkan yaradılması məqsədilə, bir iş günü əmək funksiyasının icrasından azaddır. Yazılı razılığa əsasən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödənilməklə əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Xəbərdarlıq qeydiyyata alındığı gündən qüvvəyə minir. Həmin xəbərdarlığın üzərində İddiaçı “Dəfələrlə sözügedən əmrin surətini tələb etsə də, bizə rədd cavabı verilmişdir. Xəbərdarlığı təhvil aldım xx.xx.2025” qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi X4 və X10 üzrə Mərkəzinin xx.xx.2025-ci il tarixli K-115 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini, 77-ci maddəsinin 3cü hissəsini, 144-cü maddəsinin 2-ci hissəsini və X4 və X9 üzrə Mərkəzin Əsasnaməsinin 2.3-cü maddəsini rəhbər tutaraq X4 və X9 üzrə Mərkəzinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edildiyini nəzərə alaraq, işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi, İddiaçı əmək müqaviləsinə uyğun olaraq orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətin ödənilməsi, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında əmək haqqının ödənilməsi, istifadə edilməmiş məzuniyyətə görə 24 təqvim gününün kompensasiyasının (pul əvəzi) verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-24/3-1-f-110/2025 nömrəli əmri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-24-5/3-1-f-58/2025 nömrəli əmri və xx.xx.2025-ci il tarixli 47 nömrəli xəbərdarlığı göstərilmişdir. İş üzrə Bakı 11 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-01209 saylı arayışın surətindən görünür ki, İddiaçı işə bərpa, əmrin, təzminat tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 11.20-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 01 sentyabr 2014-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində X4 və X9 üzrə Mərkəzinə menecer vəzifəsinə qəbul olunmuş və həmin təşkilatın direktorunun xx.xx.2025-ci il tarixli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinənin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 3-24/3-1-f-110/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsasən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən təşkilatların ştat cədvəlindəki dəyişikliklərin 2025-ci ilə təsdiq edilmiş müvafiq ştat cədvəllərinin say həddi çərçivəsində həyata keçirilməsinin təmin edilməsi, yeni struktur və ştat cədvəlini hazırlayıb 5 iş günü müddətində Nazirliyə təqdim edilməsi əmr edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı Şəhər mədəniyyət Baş İdarəsinin 3-24-5/3-1-f-58/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-24/3-1-f-110/2025 nömrəli əmrinə istinad edərək xx.xx.2025-ci il tarixdən X4 və X9 Üzrə Mərkəzi fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq onun bazasında “Maliyyə və satınalma şöbəsi”, “insan kapitalının idarə edilməsi və sənədlərlə iş şöbəsi”, “Beynəlxalq tədbirlərin idarə edilməsi şöbəsi”, “Tərəfdaşlarla iş şöbəsi” yaradılması, Maliyyə və İqtisadiyyat sektoru (V.Allahverdiyeva) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni ştat cədvəlini hazırlayıb təsdiqə təqdim etməsi, Maliyyə və İqtisadiyyat sektoru (V.Allahverdiyeva), Musiqi təhsili və incəsənət sektoru (A.Rəcəbli), baş məsləhətçi-hüquqşünas (F.Zeynallı) bu əmrdən irəli gələn məsələlərin həllinin təmin etməsi, X4 və X9 Üzrə Mərkəz (B.Bəbirov) Azərbaycan Respublikasının Əmək Məcəlləsini rəhbər tutaraq işçilərin əmək müqavilələrinə xitam verilməsi, onlarla yeni əmək müqavilələrinin bağlanması və onlara dəyişikliklərin edilməsinin təmin etməsi əmr edilmiş və mövcud 88 ştat vahidinin yerinə struktur dəyişkənliyi ilə bağlı 88 ştat vahidinin yaradılması qərar alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair əmri əmək qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyi üçün əsassız hesab edir və həmin əmrin ləğv edilərək yeni yaradılmış ştat cədvəlində onun əvvəlki tutduğu vəzifəyə və aldığı aldığı əmək haqqına uyğun olan vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunmasının hüquqi əsaslarını müəyyən etmişdir. İşçilərin sayı və ştatının ixtisar edilməsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin hüquqi əsası kimi nəzərdə tutulmuşdur(Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi). Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən bir sıra təminatlar, eyni zamanda əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməli olması nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli əmrinə uyğun müvafiq struktur dəyişikliyi həyata keçirilsə də, həmin əmrə istinad edilərək yeni şöbələr yaradılsa da və struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni ştat cədvəli tərtib edilsə də, ştat vahidlərinin sayında hər hansı bir dəyişiklik aparılmamışdır, yəni ixtisardan əvvəl ştat vahidlərinin sayı 88 olduğu halda edilmiş struktur dəyişkənliyi ilə əlaqədar ştat vahidlərinin sayı da 88 olmuşdur. Bu hal onu təsdiq edir ki, işəgötürən tərəfindən faktiki olaraq işçilərin ştat ixtisarı aparılmamış, mərkəzin fəaliyyəti ilə bağlı struktur dəyişkənliyinin zəruriliyi nəzərə alaraq və bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələrin ləğv olunaraq onun bazasından yeni şöbələr yaradılmışdır. Başqa sözlə cavabdeh təşkilatda faktiki işçilərin ştat ixtisarı olmamışdır. Məhkəmə qeyd edir ki, ştat ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir və ya bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. İşçilərin sayını və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq məqsədilə həyata keçirilir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin yuxarıda da qeyd edildiyi tələbinə görə işçilərinin sayının və ya şatatının ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı araşdırılmalıdır. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli akt təqdim edilmişdir. Lakin həmin akt iddiaçıya təqdim edilərək onunla tanış edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işdən azad olunan işçilərin böyük əksəriyyəti yeni struktur dəyişkənliyində nəzərdə tutulmuş ştatlara işə qəbul olunmuşlar. Məhkəmə tərəfindən yeni əmək müqaviləsi bağlanılan şəxslərin peşəkarlıq səviyyəsini əks etdirən göstəricilərin məhkəməyə təqdim olunması cavabdehə təklif edilsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə iddiaçıya münasibətdə onun edilmiş struktur dəyişkənliyindəki hər hansı ştata qəbul edilməsi ilə bağlı işəgötürən tərəfindən tədbir görülməməsini əsaslı hesab etmir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmr ləğv edilməli, iddiaçı yeni yaradılmış ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və əmək haqqına uyğun vəzifəyə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia təmin edildiyindən iddiaçının hüquqi yardım üçün ödədiyi 500 manat məbləğində pul vəsaiti və 60 manat mediasiya xərci də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 60 (altmış) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə 500 manat ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair həmin Mərkəzin direktorunun xx.xx.2025-ci il tarixli K-155 saylı əmri ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun vəzifəyə bərpa edilsin. Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və X9 üzrə Mərkəzdən məhkəmə xərclərinin əvəzi kimi İddiaçı xeyrinə 60 manat (mediasiya xərci), həmçinin hüquqi xidmət üçün ödənilən 500 manat, cəmi 560 (beş yüz altmış) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar