Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2182/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi N.K.Ələkbərovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi, iş vaxtından əlavə işləməyə görə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi, iş vaxtından əlavə işləməyə görə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində müfəttiş vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisinə Xidmətin Aparatından zəng olunaraq İddiaçı 01 sentyabr tarixindən işdən azad olunması barədə şifahi məlumat verilmişdir. O, da öz növbəsində bu qərarı ona şifahi şəkildə bildirilmişdir. O, öz növbəsində Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsaslanaraq ona işdən azad olunması barədə əmrin rəsmi təsdiq olunmuş surətinin verilməsini bildirmişdir. Lakin Xidmətin aparatında xidmət edən bu işə məsul zabitlər bu əmrin ona verilməyəcəyini bildirmişlər. Həmçinin xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi qüvvədə qalmış, 09 sentyabr tarixindən qanunsuz olaraq köhnə tarixə, yəni 01 sentyabr tarixə əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70 “ç” maddəsi ilə xitam verilmişdir. Bu barədə qeydlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq alt sistemində öz əksini tapmışdır. Açıq aşkar görünür ki, burada işəgötürən, yəni SHXÇDX Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərini pozmuş və ona işdən azad olunma barədə əmrin surətini təqdim etməmişdir. Həmçinin o, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində şöbə rəisinin əmri ilə iş vaxtından kənar, əlavə olaraq müxtəlif vaxtlarda 25 dəfə sutkalıq naryada (növbətçilik) çıxarılmışdır (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad üzrə şöbəsində sutkalıq əmrlərin verilməsi kitabında müvafiq əmrlər mövcuddur). İşdən əlavə saatlarda işlədiyi saatların haqqı ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri pozularaq həm işdən azadetmənin sənədləşdirilməsi qaydası, həm də əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlərin tələbləri pozulduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti rəisinin onun barəsində ona təqdim olunmayan əmrinin ləğv olunması, 01 sentyabr tarixindən başlayaraq işə bərpa olunması günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin iş vaxtından əlavə çalışdığı 600 saatın haqqı olaraq ona 1800 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onu AR Əmək Məcəlləsinin 186-cı maddəsinə əsaslanıb cəzalandırıblar, ondan da 6 ay keçib. Cəzadan 6 ay sonra onu işdən azad ediblər. Bu isə əmək qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən onun inzibati məsuliyyətə cəlb edilməsi ilə işəgötürənə hər hansı bir ziyan vurulmamış, ziyanın vurulması barədə cavabdeh tərəfindən də sübut təqdim edilməmişdir. Həmin hal Xidmətin nüfuzuna və imicinə də xələl gətirməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokoluna və qərarına əsasən, Xidmətin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-583/2023 nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə (xırda talama) təqsirli bilinərək 180 saat ictimai işlər cəzası təyin edilmişdir. Qərardan şikayət verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Belə ki, adıçəkilən qərara əsasən Cəlilabad rayon prokurorluğunda aparılmış araşdırma zamanı İddiaçı X6 və X3 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında birincidən 250 manat, ikincidən isə 500 manat məbləğində pul vəsaitini, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. İddiaçı məhkəmə istintaqı zamanı törədildiyinin tam etiraf etmişdir. Bununla da İddiaçı etdiyi hərəkətlərə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirmişdir. Xidmətin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi İddiaçı vəzifə borclarının icrasına laqeyd yanaşdığına görə xx.xx.2022-ci ildə Xidmətin Cəlilabad rayon şöbəsinin rəisi tərəfindən “töhmət” intizam cəzası verilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı SHXÇDX Cəlilabad rayon şöbəsi Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmış, işin birinci 3 həftəsi sınaq müddəti hesab edilir. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 510 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi rəisinin 19 saylı, xx.xx.2022-ci il tarixli əmrindən çıxarışının surətindən görünür ki, Azzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı səfərbərlik bölməsinin müfəttişi İddiaçı vəzifə borclarının icrasına laqeyd yanaşdığına görə “töhmət” intizam cəzasını verilmişdir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasının protokolun və qərarın surətlərindən görünür ki, Xidmətin Təşkilatı nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı polkovnik Əziz Hidayev xx.xx.2023-cü il tarixli, Xidmətin Cəlilabad rayon şöbəsi Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 219 ş/h nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) müvafiq olaraq İddiaçı xx.xx.2023-cü il tarixdən Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Xidmət rəisinin xx.xx.2023-cü il tarixli, 127 nömrəli əmri. İş üzrə Cəlilabad rayon Məhkəməsinin 3(073)-583/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 180 saat ictimai işləri cəzası təyin edilmiş, elan edilmiş qərarın surəti İddiaçı təqdim edilmiş, qərarın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Həmin qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb İddiaçı tərəfindən X8 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında sonuncunun yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində X1 ona məxsus 250 manat məbləğində pul vəsaitini, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, İddiaçı X4 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında SHÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının həyətində ona məxsus 500 manat məbləğində pul vəsaiti, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01994 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi işə bərpa və ödənilməyən əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verən əmrin dəyişdirilməsi və ya əsaslandırılması barədə tələbi üzrə xx.xx.2023-cü il tarixdə saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2023-cü ildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, vəzifə borclarının laqeyd yanaşdığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi “töhmət” verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, 2022-ci ilin iyul ayında iddiaçı X8 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək, sonuncunun yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində X1 ona məxsus 250 manat məbləğində pul vəsaiti, bundan sonra iddiaçı X4 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək SHÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının həyətində ona məxsus 500 manat məbləğində pul vəsaiti, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 180 saat ictimai işləri cəzası təyin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 219 ş/h saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Xidmətin rəisinin xx.xx.2023-cü il tarixli 127 nömrəli əmri göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. İşəgötürən ona işdən azad olunma barədə əmrin surətini təqdim etməmişdir. Həmçinin o, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində şöbə rəisinin əmri ilə iş vaxtından kənar, əlavə olaraq müxtəlif vaxtlarda 25 dəfə sutkalıq naryada (növbətçilik) çıxarılmışdır. İşdən əlavə saatlarda işlədiyi saatların haqqı ödənilməmişdir. Bu səbəbdən iddiaçı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, 01 sentyabr tarixindən başlayaraq işə bərpa olunması günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin iş vaxtından əlavə çalışdığı 600 saatın haqqı olaraq ona 1800 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsas onun əmək vəzifələrini kobud pozulması səbəbi ilə işəgötürənin qanuni mənafeyinə xələl gətirilməsi olmuşdur. Belə ki, Babaşov X5 Aşur Qabil oğlunu təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında sonuncunun yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində X1 ona məxsus 250 manat məbləğində pul vəsaitini, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, İddiaçı X4 təkrar tibbi müayinədən keçirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verərək 2022-ci ilin iyul ayında SHÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının həyətində ona məxsus 500 manat məbləğində pul vəsaiti, özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.Cəlilabad rayon Məhkəməsinin 3(073)-583/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 180 saat ictimai işləri cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallardından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün və qanuna qüvvəyə minmiş məhkəmə aktı ilə bu hallar öz təsdiqi tapdığı üçün cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının onun tərəfindən pozuntu halının 2022-ci ilin iyul ayında olması, bir ildən artıq müddət keçdikdən sonra onun işdən azad olunması barədə əmrin qəbul edilməsi və bu halın əmək qanunvericiliyin tələblərinə zidd olması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçı tərəfindən özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi faktı Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə təsdiqini tapdığından və həmin hal işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qəbul edilmiş qərardan sonra qiymətləndirilməli olduğundan, məhkəmə aktının qəbulundan sonra isə iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verildiyindən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi 01 sentyabr tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iş vaxtından əlavə çalışdığı 600 saatın haqqı olaraq iddiaçıya 1800 manat ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ var. Həmin Məcəlləsinin 102.1-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İddiaçı iddia tələbində iş vaxtından əlavə çalışdığı 600 saatın haqqı olaraq ona 1800 manat ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş vaxtından əlavə 600 saat artıq işləməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından və bu hal məhkəmə iclasında öz təsdiqini tapmadığından, iş vaxtından artıq işləməsinə görə 1800 manat pulun tutulması hissəsində tələb əsaslı hesab edilə bilməz. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr AR Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri pozularaq həm işdən azadetmənin sənədləşdirilməsi qaydası, həm də əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlərin tələbləri pozulduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti rəisinin onun barəsində ona təqdim olunmayan əmrinin ləğv olunması, 01 sentyabr tarixindən başlayaraq işə bərpa olunması günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin iş vaxtından əlavə çalışdığı 600 saatın haqqı olaraq ona 1800 manat pulun ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2182/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2182/2023
23.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver