Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-219/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyət dövrünə görə və əmək haqqının gecikdirilməsinə görə məbləğin ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyət dövrünə görə və əmək haqqının gecikdirilməsinə görə məbləğin ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının istifadə edilməmiş məzuniyyət dövrünə görə və əmək haqqının gecikdirilməsinə görə məbləğin ödənilməsi, cavabdeh tərəfindən iddiaçı qanunsuz işdən çıxarıldığına görə iddiaçının işə bərpa edilməsi və cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, o, Cavabdeh MMC-də qazmaçı köməkçisi işləmişdir. Sözü gedən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır və hər il eyni müddətə uzadılmışdır. xx.xx.2024-cü il tarixində onunla əlaqə saxlanılmış, onun xx.xx.2024-cü il tarixdən işdən çıxarıldığı barədə məlumat verilmişdir. Səbəb olaraq onun pensiya yaşına çatması göstərilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun əmək müqaviləsinə qanunsuz olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. O, işdən çıxarılarkən onun son iki il ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı düzgün ödənilməmişdir. Həmçinin, əmr xx.xx.2024-cü il tarixində verildiyi halda ona xx.xx.2024-cü il tarixində məlumat verilmiş, son haqq hesab isə xx.xx.2024-cü il tarixdə hesablanaraq ödənilmişdir. O, cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət etmişdir. X4 Xidmətinin araşdırması hazırda davam edir. Həmçinin, o, mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında mediasiya uzlaşması üçün çalışmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli arayış verilmişdir. O, cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona əmək qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona istifadə edilməmiş məzuniyyət dövrünə görə və əmək haqqının gecikdirilməsinə görə məbləğin ödənilməsi təmin edilməlidir. Həmçinin, hesab edir ki, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, son bir il ərzində cəmi 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının beş faizi məbləğində ödənc verilməsi, iddiaçının işlədiyi 3 il müddət ərzində istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə çıxarılması, xx.xx.2024-cü il tarixdən faktiki işə bərpa olunanadək məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqının ödənilməsi, ilkin mediasiya sessiyası xərci kimi ödənilmiş 60 (altmış) manatın və vəkil xidmətinə görə ödənilmiş 300 (üç yüz) manatın, cəmi 360 (üç yüz altmış) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, son bir il ərzində cəmi 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının beş faizi məbləğində kompensasiyanın verilməsi, iddiaçının işlədiyi 3 il müddət ərzində istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi, xx.xx.2024-cü il tarixdən faktiki işə bərpa olunanadək məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqının ödənilməsi, ilkin mediasiya sessiyası xərci kimi ödənilmiş 60 (altmış) manatın və vəkil xidmətinə görə ödənilmiş 300 (üç yüz) manatın, cəmi 360 (üç yüz altmış) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: iddiaçı iddia ərizəsində qeyd edir ki, “İddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh MMC-də qazmaçı köməkçisi işləmişdir. Sözü gedən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır və hər il eyni müddətə uzadılmışdır. xx.xx.2024-cü il tarixində iddiaçı ilə əlaqə saxlanılmış, onun xx.xx.2024-cü il tarixdən işdən çıxarıldığı barədə məlumat verilmişdir. Səbəb olaraq iddiaçının pensiya yaşına çatması göstərilmişdir. Hesab edirik ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanunsuz olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir.” Bununla bağlı bildiririk ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsində “Tərəflər” əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsində və “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nın “9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar” bölməsində nəzərdə tutulan aşağıdakı əlavə hallarını müəyyən etmişlər: “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda;” Tərəfimizdən izah edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Tərəflər” əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Bu maddənin 3-cü hissəsinə əsasən, “Tərəflər” əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. "xxxx" MMC “Neft və qazın hasilatı emalı, saxlanması və satışı” ilə bağlı sahələrdə fəaliyyət göstərdiyi üçün işlərin yerinə yetirildiyi əmək şəraitinin xüsusiyyətləri (ağır və zərərli, fiziki və əsəb gərginlikli, açıq hava şəraitli və s. insanın səhhətinə mənfi təsir göstərən istehsalat amilləri olan əmək şəraitli) nəzərə alınaraq işçinin əmək şəraitinə uyğun olan müvafiq əmək müqaviləsinə xitam verilməsi halı olan “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” qeydini əmək müqaviləsinə daxil etmişdir. Cavabdeh MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin d) bəndini və işçinin əmək müqaviləsində nəzərdə tutulan sözügedən əmək müqaviləsinə xitam verilməsinin əlavə halını (əmək müqaviləsinin 10.5-ci yarımbəndinin ə) bəndi) rəhbər tutaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə İddiaçı əmək müqaviləsinə 66 yaşında olduqda xitam vermişdir. Başqa sözlə desək, “qeyd olunan işçi ilə əmək müqaviləsinə xitam verilən vaxtı əmək qanunvericiliyinin tələblərinə riayət olunmamış və Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən müəssisə olduğundan həmin işçi ilə əmək müqaviləsi AR-nın Əmək Məcəlləsinin “68.2.e” bəndi ilə (“Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar”) deyil, “70.e” bəndi ilə (“Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda”) xitam verilməli idi” fikiri tamamilə əsassızdır. Çünki Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən müəssisə deyil və bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş "xxxx" MMC-yə məxsus “Çıxarış” da bir daha təsdiq edir. İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, “Göstərilən xüsusatları nəzərə alaraq hesab edirik ki, cavabdeh tərəfindən iddiaçıya istifadə edilməmiş məzuniyyət dövrünə görə və əmək haqqının gecikdirilməsinə görə məbləğin ödənilməsi təmin edilməlidir.” Bununla bağlı bildiririk ki, AR-nın Əmək Məcəlləsinin 144.3-cü bəndinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Qeyd olunan işçi ilə isə əmək müqaviləsinə xitam verilən vaxtı ona ödənilməli olan son haqqhesabla istifadə etmədiyi əsas məzuniyyətlərə görə isə ödəniş də tam şəkildə həyata keçirilmişdir. Bununla bağlı bildiririk ki, iddiaçının bu qeydi tamamilə əsassızdır, çünki Azneft İB-in müəssisəmizə hazırda təsdiq olunmuş hesab-fakturalar üzrə 9.605.699,10 manat, Azneft İB tərəfindən təsdiqi gözlənilən hesabfakturalar üzrə isə 6.131.773,42 manat olmaqla cəmi 15.737.472,52 manat (ƏDV daxil) borcu yaranmışdır. Göründüyü kimi, SOCAR-AQŞ MMC-yə vaxtında müvafiq ödənişlərin “Sifarişçi” "xxxx" İB tərəfindən həyata keçirilməməsi səbəbindən SOCAR-AQŞ MMC öz iradəsindən asılı olmayan səbəblərə görə əmək haqqını vaxtında verə bilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli “Qərarın”da da göstərilir ki, “Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.” Qeyd olunan “Qərar”la bir daha bu müəyyən olunur ki, əmək haqqının verilməsinin gecikdirilməsi işəgötürənin təqsiri üzündən baş verməmişdir, təəssüflər olsun ki, iddiaçı bütün bunları nəzərə almamış və məhkəmədə əsassız iddia qaldırmışdır. İddiaçının iddia tələbində irəli sürdüyü məbləğlərin ümumiyyətlə hansı hesablama əsasında əldə edilməsi isə məlum deyildir. Çünki iddia tələbində irəli sürülən həmin məbləğlərin heç bir hüquqi əsası yoxdur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixli “əmr”lə müəyyən olunur ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv edildiyini bildiyi halda, müvafiq iddianı məhkəmədə qanunla qeyd olunan prosessual müddəti ötürməklə, yəni xx.xx.2024-cü il tarixdə qaldırmışdır. Göründüyü kimi, iddiaçı qeyd olunan iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia tələbi rədd olunmalıdır. İddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi və həmin tələblə bağlı iddia müddəti keçdiyindən qeyd olunan iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışın surətinə əsasən Cavabdeh MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. -Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 529 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nə qazmaçı köməkçisi peşəsinə işə qəbul olunmuşdur (bənd 1.2). Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi rəhbər tutularaq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 1 il müddətinə bağlanılmışdır (bənd 2.1). Bu əmək müqaviləsinin 2.1-ci bəndində göstərilən müddəti qurtardıqda və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (bənd 2.2). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 iş günü əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.3). İşçinin işə başlanma tarixi xx.xx.2021-ci il tarixidir (bənd 2.4). İşçiyə iş vaxtı norması çərçivəsində görülən işə görə hər ay 1575 manat məbləğində aylıq əmək haqqı hesablanır (bənd 4.1). Əmək haqqı ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödənilir və işçinin ödəniş əmək haqqı kartına köçürülür (bənd 4.7). Əmək məzuniyyətinin ümumi müddəti: 21 təqvim günü ilə, staja görə və əmək şəraitinə görə (hüquq yarandığı halda) əlavə məzuniyyətləri cəmi (bənd 4.26). Müqavilənin 10.5-ci bəndinin “ə” yarımbəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda. - Cavabdeh MMC-nin İR-1087/24 saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış əmək müqaviləsində tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Bu hallardan biri də “İşçi əmək pensiyası haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” xitam verilməsinin tənzimlənməsi halıdır. Qeyd edilənləri və Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndini və 83-cü maddəsini rəhbər tutaraq Cavabdeh MMC-də Qazmaçı köməkçisi peşəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi əmr verilmişdir. Əmək haqqı üzrə böyük mütəxəssisə tapşırılmışdır ki, İddiaçı müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın və (ödənilməli olan əmək haqqının, istifadə edilməmiş 49,99 təqvim günü əsas əmək məzuniyyətə görə pul əvəzinin) ödənilməsini təmin etsin. Əmrin verilməsi üçün əsas kimi əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin əmək müqaviləsində nəzərdə tutduqları hallar göstərilmişdir. -Ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə - 721.310 manat, xx.xx.2023-cü il tarixdə 3.387,66 manat, xx.xx.2023-cü il tarixdə - 1.395.000 manat, xx.xx.2024-cü il tarixdə - 2.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.028.300 manat, xx.xx.2024-cü il tarixdə - 1.080.250 manat, xx.xx.2024-cü il tarixdə - 820.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.159.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.073.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.220.000 manat məbləğində əmək haqqı keçirilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli OD3 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına, "xxxx" ASC isə Cavabdeh MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə - 865.000 manat əmək haqqı keçirilmişdir. - Bakı 12 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00342 saylı arayışın surətindən görünür ki, İddiaçı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişin edilməsi barədə tələblərə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2024-cü il tarixi, İMS üçün ərizənin tarixi – xx.xx.2024-cü il tarixi göstərilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-2722/2024 saylı qərarından görünür ki, X2 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi yanında X4 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xtam verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı uzun illər neft və qaz sənayesində işləmiş, pensiya yaşına çatdıqdan sonra da bir neçə ay həmin sahədə işləməyə davam etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsi müddətli olmaqla 1 il müddətinə xx.xx.2022-ci il tarixədək bağlanılmış, müqavilədə “Əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar” kimi “işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” müddəası qeyd edilmişdir (müqavilənin 10.5-ci bəndinin “ə” yarımbəndi). Müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri 2024-cü ilin sentyabr ayınadək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2024cü il tarixli, İR-1087/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmrini qanunsuz hesab edərək, əmr verilərkən bir çox maddi hüquq normaları pozulmasını, cavabdeh müqaviləyə xitam verənədək onun işlədiyi müddət ərzində əsas və əlavə əmək məzuniyyətinə görə pul ödəmədiyini və əmək haqqının verilməsinin gecikdirilməsini göstərmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 22 sentyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarlar). Məhkəmə iddiaçının cavabdehlə müddətli əmək müqaviləsinin bağlanılması və müqavilə müddəti bitmədən işdən azad olunma barədə əmrin verilməsinin qanunsuz olması barədə dəlilləri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də - e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. - 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. - 75-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd edilən normasında qarşılıqlı razılıq əmək müqaviləsinin xitamının müstəqil əsası kimi yalnız əmək müqaviləsi bağlayarkən həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsinin mövcudluğunu nəzərdə tutur. Tərəflərin razılaşması müqavilə hüququnun ümumi prinsiplərinə müvafiq surətdə istənilən müqavilənin xitam verilməsini universal üsuludur. Tərəflərin razılaşması neytral xarakter daşıyan ifadədir. Belə bir razılaşma həm işəgötürəni, həm də işçini qane edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, şərh edilən maddə tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsi imkanını məhdudlaşdıran hansısa səbəbi nəzərdə tutmur, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ləğvi haqqında işçi və işəgötürən arasında əldə edilmiş razılığın ləğvi imkanını nəzərdə tutur. Tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ləğv olunduqda işəgötürən əmək müqaviləsinə xitam vermək niyyəti haqqında işçini qabaqcadan xəbərdar etməli deyil. Yuxarıda qeyd edildiyi kimi tərəflərin iradə ifadəsinə uyğun bağladıqları əmək müqaviləsinin şərtinə əsasən tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, işçi “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş pensiya yaşına çatdığı təqdirdə əmək müqaviləsinə xitam verilə bilər. Əmək müqaviləsinin qeyd edilən müddəası işəgötürənə, yəni cavabdehə tam səlahiyyət vermişdir ki, o, iddiaçı ilə əmək münasibətlərinə müqavilədə nəzərdə tutulmuş müddət bitmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam versin. Bu səbəbdən məhkəmə iddiaçının işdən azad olunmasının əmək qanunvericiliyin tələblərinə zidd olması barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının işdən azad olunması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqı ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin əmək münasibətlərinə xitam verilənədək iddiaçının işlədiyi 3 il müddət ərzində əsas və əlavə məzuniyyətə çıxmaması səbəbi ilə müavinətin ödənilməsinə dair tələbi üzrə qeyd edir ki, iddiaçının bu tələbləri də əsaslı hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Məhkəmə qeyd edir ki, ƏM-nin 115-ci maddəsi əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə işçilərə verilən əlavə məzuniyyətlərin müddətini və verilmə qaydasını, 116-cı maddəsi isə əmək stajına görə işçilərə əlavə məzuniyyətlərin müddətlərini və verilmə qaydasını tənzimləyir. Əmək Məcəlləsinin qeyd edilən maddəsi əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətə görə pul əvəzinin verilməsini istisna etdiyindən işəgötürən tərəfindən isə əmək müqaviləsinə xitam verilən vaxtı işçiyə ödənilməli olan son haqq-hesabla istifadə etmədiyi əsas məzuniyyətə görə isə ödəniş tam şəkildə həyata keçirildiyindən, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5% məbləğində ödənc verilməsinə dair tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, işəgötürən tərəfindən işçiyə əmək haqqı ilə bağlı ödənişlərin edilməsində gecikmələr baş versə də, bu hal işəgötürənin təqsiri ucbatından baş verməmişdir. Belə ki, işçinin ona ödənilməli olan əmək haqqının gecikdirilməsi ilə bağlı işəgötürəndən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etməsi hüququ qanunvericiliklə təsbit olunmuşdur. Lakin həm əmək qanunvericiliyində, həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında işəgötürənin hansı hallarda həmin ödənci ödəmək məsuliyyəti daşıdığı göstərilmişdir. Belə ki, işəgötürən əmək haqlarının ödənilməsində gecikmələrə yol verərsə yalnız o halda işçiyə ödənc ödəmək vəzifəsi daşıyır ki, həmin gecikmələrin baş verməsində işəgötürənin təqsiri olsun. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC-nin hesabına köçürülməli olan pul köçürmələri müvafiq olaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə olmuşdur. İddiaçının müxtəlif tarixlərdə əmək haqqını gec alması işin mübahisəsiz halıdır. Lakin məhkəmə qeyd edir ki, müvafiq ödənişlərin məhz sifarişçi "xxxx" İB tərəfindən həyata keçirilməməsi səbəbindən əmək haqqı vaxtında ödənilməmişdir. Qeyd olunan hesabdan çıxarışdan görünür ki, həmin tarixlərdə cavabdeh ona ödənilməli olan ödənişləri aldıqdan dərhal sonra iddiaçıya ödənilməli olan əmək haqqını iddiaçının hesabına köçürmüşdür. Başqa sözlə, "xxxx" İB tərəfindən cavabdeh MMC-yə ödənilməli olan ödənişlərin vaxtında ödənilməməsi səbəbindən, yəni cavabdehin özündən asılı olmayan səbəbdən iddiaçının əmək haqqının ödənilməsində gecikmələrə yol verilmişdir. Belə olan halda, işçiyə ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən gecikmələrlə ödənilməsində işəgötürənin təqsiri olmadığından Cavabdeh MMC -dən son bir il ərzində 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5 faizi məbləğində pulun tutulmasına aid hissədə də iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddianın əsassız olması nəticəsinə gəldiyindən, cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verməyə lüzum görmür. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, ilkin mediasiya sessiyası xərcinə görə 60 manat və hüquqi yardım xərcinə görə 300 manat, cəmi 360 manat məbləğində pulun tutulması hissəsində də tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbləri əsassız olduğundan rədd edilməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-219/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-219/2025
10.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver