Məhkəmə qərarları › İş №e-2(009)-220/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-220/2024

27.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-220/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı1, Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlunun, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlunun Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 tələbləri üzrə: cavabdeh “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmək müqaviləsinin ləğv edilməsi barədə 30 oktyabr 2023-cü il tarixli, SNO-TO-027/23 saylı Əmrinin ləğv edilməsi, işə bərpa, 30 oktyabr 2023-cü il tarixindən işə bərpa olan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, maddi ziyanın əvəzi kimi 10 000 (on min) manat, mənəvi ziyanın əvəzi kimi 5 000 (beş min) manat pulun tutulması barədə, İddiaçı1 tələbləri üzrə: Cavabdeh Əmək müqaviləsinin ləğv edilməsi barədə 04 oktyabr 2023-cü il tarixli, SNO-TO-025/23 Əmrinin ləğv edilməsi, işə bərpa, 04 oktyabr 2023-cü il tarixindən işə bərpa olan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, maddi ziyanın əvəzi kimi 10 000 (on min) manat, mənəvi ziyanın əvəzi kimi 5 000 (beş min) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçılar İddiaçı2 və İddiaçı1 Əmək müqaviləsi bağlamaqla Cavabdeh ilə əmək münasibətlərində olmuşlar. Onlar hər ikisi BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Səngəçal Terminalında 18-20 ildir eyni sahədə, eyni peşə üzrə - İddiaçı2 18 il X6 - Forklift Operator, İddiaçı1 20 il X6 - Forklift Operator işləmişlər. Göründüyü kimi, hər ikisi böyük təcrübəyə və peşəkarlığa malik işçilərdir. Peşəkarlıq və qüsursuz fəaliyyətləri işəgötürənlər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bu əsaslarla müxtəlif vaxtlarda və formalarda mükafatlandırılmışlar, tərifnamələr, təşəkkürnamələrlə təltif edilmişlər, yüksək peşəkarlığın göstəricisi olaraq onlara sertifikatlar təqdim edilmişdir. Eyni zamanda, iddiaçılar olaraq hər ikisi ali təhsillidir. Hesab edirlər ki, onların əmək hüquqları eyni əsassız və qanunsuz mülahizə və hərəkətlərlə pozulmuşdur və bu pozuntulara, iş yerinə buraxılmamaqlarına, gözdən salınmaqlarına, işgüzar nüfuzlarına zərər yetirilməsinə və nəhayət Əmək müqavilələrinin ləğvinə səbəb əmək münasibtlərində olduqları müəssisənin sifarişçi müəssisəsi olan BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin onlara qarşı əsassız və qərəzli münasibəti olmuşdur. Və bu münasibətin nəticəsi olaraq İddiaçı1 ilə bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cimaddəsinin 2-cü hissəsinin b) bəndinə əsasən “müqavilə müddətinin qurtarması” əsası ilə 04 oktyabr 2023-cü il tarixdə, İddiaçı2 ilə bağlanmış Əmək müqaviləsi eyni əsasla - “müqavilə müddətinin qurtarması” əsası ilə 30 oktyabr 2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən ləğv edilmişdir. Onlarla bağlanmış Əmək müqavilələrinin Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən “müqavilə müddətinin qurtarması” əsası ilə ləğv edilməsi bir çox səbəblərdən əsassız və qanunsuzdur. Belə ki, ilk növbədə, artıq onlar işlədiyi peşəyə Cavabdeh tərəfindən başqa işçilər işə qəbul edilib. Daha doğrusu, şirkətin öz işçilərindən iki nəfər onların yerinə təyinat alıb, 2 nəfər isə başqa şirkətdən Cavabdeh MMC-yə keçirilib. Bununla da cavabdehin gətirə biləcəyi “işin azalması, layihənin yekunlaşması” kimi subyektiv mülahizələr bəri başdan aradan qalxmış olur. Bu da onu sübut edir ki, onlarla bağlanmış Əmək müqavilələrinin ləğvi, Sifarişçi müəssisə olan BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yanlış, qərəzli hərəkətləri ilə və təzyiqi nəticəsində baş vermişdir. Belə bir qərəzli münasibətin motivi kimi isə Nümayəndəliyin onların işlədiyi Səngəçal terminalında baş vermiş və onlarla heç bir əlaqəsi olmayan, onlara heç bir aidiyyatı olmayan bir oğurluq hadisəsi çıxış etmişdir. Əks təqdirdə nədən bu qədər təcrübə və peşəkarlığa malik olan, heç vaxt əmək intizamı qaydalarını pozmayan, dəfələrlə mükafatlandırılan işçi kim onlar Əmək müqavilələri ləğv edilsin? Eyni zamanda, onların Cavabdeh ilə bağladıqları Əmək müqavilələri çox qısa müddətə - 2 ay müddətinə olub. nədən və hansı əsasla həm Cavabdehndə, həm də BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində görülən iş və xidmətlər daimi olduğu halda, bu qədər təcrübə və peşəkarlığı olan, heç vaxt əmək intizamı qaydalarını pozmayan, dəfələrlə mükafatlandırılan işçi kim onların Əmək müqavilələri müddətli olsun, həm də çox qısa müddətə cəmi 2 ay müddətinə bağlanılsın? Onlar hər iki iddiaçı əmək müqaviləsi bağlamaqla Cavabdeh ilə əmək münasibətlərində olsalar da, əsas iş yeri BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nəzarətində olan Səngəçal Terminalı olmuşdur. 2023-cü ilin sentyabr ayının 5-də onlar belə bir problem ilə üzləşdilər: İş günü olduğu halda, 2023-cü ilin sentyabr ayının 5-i tarixində onlara işlədiyi Cavabdeh tərəfindən zəng edildi və bu obyektə işə çıxmamağı bildirildi. Onların işlərində, fəaliyyətlərində heç bir gerilik, pozuntu, qüsur olmadığı halda, işləri həmişəki kimi öz normal axarı ilə getdiyi bir vaxtda bunun nə demək olduğunu, ümumiyyətlə nə baş verdiyini, nəyə görə belə deyildiyini anlamamışlar. Onlar hər hansı bir fərqli, qeyri-adekvat davranış göstərməmiş, əmək funksiyaları ilə bağlı qeyrinormativ hərəkətlər etməmiş, kiminləsə mübahisə olmayıb, yəni həmişəki kimi nümunəvi əmək fəaliyyətində olmuşlar. Buna görə də onlar “nəyə görə işə çıxmamalıyıq” deyə bunun səbəbini soruşmuş, heç nə bilmədikləri üçün müəssisədən bu məsələylə bağlı məlumat verilməsini istəmişlər, həm də dəfələrlə, lakin, onlara heç bir məlumat verilmədi. Bu anlaşılmaz duruma tez bir zamanda aydınlıq gətirilməsi məqsədilə işlədikləri BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Səngəçal Terminalının rəhbərliyindən nə isə öyrənməyə çalışmışlar. Onlar da şifahi cavablarında bu qərarı özlərinin vermədiyini, qərarın başqa bir qurumdan gəldiyini dedilər. Səbəbi ilə əlaqədar onlara şifahi olaraq bildirdilər ki, 2 ay bundan öncə zavodun "Camp" deyilən ərazisində oğurluq hadisəsi baş verib, buna görə də BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi onların əmək müqaviləsində olduğu müəssisəyə məktubla müraciət edərək baş vermiş oğurluq hadisəsi səbəbilə onların - İddiaçı2, İddiaçı1 Sangachal Terminalına buraxılmamağını istəmişdir. Beləliklə, məlum oldu ki, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin onlara qarşı olan əsassız, buna görə də qərəzli, haqsız, ədalətsiz mövqeyinin kökündə 2 ay öncə “Camp” deyilən ərazidə baş vermiş oğurluq hadisəsi olmuşdur. Onlara işə çıxmamaqla bağlı göstəriş verilən zaman irəli sürüləcək səbəbin bu dərəcədə əsassız və qərəzli olacağı ağıllarından keçməmişdir. Şübhəsiz ki, bu təsadüfüi deyil, köklü səbəbləri var. Belə ki, onlar öz zəhmətləri ilə pul qazanır, qeyri-qanuni hərəkətlər, yanaşmalar və bu yolla qazanc əldə etmək onların əxlaqına, tərbiyəsinə zidd olan bir haldır. Bu bir xarakter məsələsidir və hər iki müəssisənin səlahiyyətli şəxslərinə bizim xarakterimiz yaxşı bəllidir. İşlədikləri 20 il müddətində əmək vəzifələrinə və əmək funksiyalarına vicdanlı münasibətdən, istər iş yoldaşları ilə, istərsə də müəssisənin rəsmi şəxsləri ilə işgüzar, nümunəvi davranışdan dolayı bu versiya, yəni onları hansısa kriminal hadisə ilə əlaqələndirmək kimi absurd bir mövqe ağlına gəlmədi. Hadisə baş verən zaman hazırda əmək müqaviləsi ləğv edilmiş iddiaçılardan biri - X13 iş növbəsi olmadığı üçün, hadisədən 1 həftə öncədən işdə olmayıb. O, İddiaçı2 isə zavodda olmuş, lakin zavodun başqa sahəsində işləmişdir. Yəni onlar həmin vaxt oğurluq olan ərazidə olmamışlar. Bunun çox sadə bir təsdiqi var: oğurluq baş verən əraziyə giriş-çıxış yalnıziş vərəqəsi ilə mümkündür. Bütün giriş-çıxışlar qeydə alındığı üçün sözügedən əraziyə kimlərin girib çıxmasını asanlıqla müəyyən etmək olar. Onlar hadisənin baş verdiyi gün həmin əraziyə daxil olmamışlar. Onlarda olan məlumata görə həmin vaxt oğurluq olan əraziyə - Campa çəngəlli maşınlar (forklift) daxil olub və çıxıb. Bütün daxil olmalar və çıxışlar (texnika ilə, yaxud texnikasız) tam şəkildə nəzarət altında və giriş-çıxışların qeydiyyatı aparılmaqla həyata keçirilir. Əgər obyektiv araşdırılma aparılsaydı qeyd edilən hallar öz təsdiqini tapmış olardı, bununla da iki ailə başçısının (bir işçi də "xxxx" MMC-dən X2 Terminalından kənarlaşdırılmışdır), evində azyaşlı uşaqları, xəstələri, yaşlıları olan işçilərin hüquqları pozulmaz, həyatları taleyin ümidinə buraxılmazdı. Göründüyü kimi, onlar işdən kənarlaşdırılmaqlarının qərəzli olaraq və hüquqi müstəvidə tam, hərtərəfli və obyektiv araşdırılmamış kriminal hadisəyə görə baş verməsi bütün çılpaqlığı ilə ortadadır. Qeyd etmək lazımdır ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar yalnız BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində natamam bir araşdırma aparıldı və araşdırma gedən zaman onlara də bir dəfə izahat yazdırdılar. Bu zaman onlara açıq şəkildə təzyiqlər edərək qətiyyən onlarla əlaqəsi olmayan bir hadisəni üzərlərinə qoymağa cəhdlər göstərirdilər. Belə ki, mühafizə xidmətinin rəhbəri onların polislə qorxudaraq deyirdi ki, iş polisə düşsə polis əməkdaşları onlar kimi humanist olmayacaqlar. Onlar isə qəti şəkildə baş vermiş hadisənin məhz hüquq mühafizə orqanlarında araşdırılmasını istədiklərini bildirmişlər. Buna baxmayaraq hər hansı başqa bir qurum və ya rəhbər tərəfindən ondan izahat alınmadı və ətraflı sorğu-sual aparılmadı. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apardığı yoxlamanın nəticələri barədə onlara heç bir məlumat vermədi və heç bir əsas olmadan, hüquqlarına hörmət və riayət edilmədən sanki yoxlamanın nəticəsi olaraq bir qərara gəlmiş kimi onlara operatoru olduğu Səngəçal Terminalında işlərini davam etdirməyə imkan vermədilər və onlar Terminaldakı əmək vəzifələrinin icrasından qanunsuz olaraq və öz iradələrinə zidd şəkildə kənarlaşdırıldılar. Onlar bu barədə əmək münasibətlərində olduqları “SDL NOBEL" MMCnin rəhbərliyindən və BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən dəfələrlə onların hansı səbəblərdən və əsaslardan əmək vəzifələrini yerinə yetirdiyi BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin operator olduğu Səngəçal Terminalına buraxılmamağı səbəblərini soruşmuşlar. Hər dəfə onlara bildirilib ki, bunun səbəbini yalnız vəkil və ya məhkəmə sorğusu əsasında verə bilərlər. Hesab edirlər ki, əgər BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi - onların hansı səbəblərdən və əsaslardan əmək vəzifələrini yerinə yetirdikləri BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin operator olduğu Səngəçal Terminalına buraxmırsa və bu onların əmək hüquqlarının pozulması ilə nəticələnirsə cavabdeh müəssisə bu barədə onlara yazılı cavab verməyə borcludur. Onlar BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə yazılı müraciət etsələr də bu barədə onlara rəsmi cavab verən olmadı. Yalnız, “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsinin bitməsinə 1 həftə qalmış xəbərdarlıq vərəqəsi verərək müqavilənin müddətinin cari ilin sentyabr ayının 25-də bitəcəyini və müqavilənin müddətini BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliynin istəyinə uyğun, onları istəmədiyi üçün uzada bilməyəcəklərini bildirdilər. Buna görə də, yəni daha aydın və konkret məlumat əldə etmək məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdeh müəssisəyə vəkil sorğusu göndərilərək işçilərin Səngəçal Terminalına buraxılmamaları ilə bağlı BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə göndərdiyi müraciətin (məktubun) təsdiq olunmuş surəti istənildi. Sorğuya Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir: BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqlarını müdafiə etdiyi İddiaçı2 və İddiaçı1 oğurluq hadisəsi ilə əlaqədar Cavabdeh MMC-yə yazılı müraciəti olmayıb. Verilmiş cavabla razılaşmayaraq bildirirlər ki, əgər belə bir hadisə baş verməyibsə və bu barədə müqavilə münasibətində olduqları müəssisəyə müraciət göndərilməyibsə nəyə görə onlardan izahat alındı, bu mövzuda rəsmi şəxslərlə aralarında aparılan WhatsApp yazışmaları nə deməkdir və ən nəhayət nəyə görə onlar sentyabrın 5dən etibarən, yəni müqavilə müddətinin başa çatmasına 20 gün qalmış işdən kənarlaşdırılmışlar və Səngəçal Terminalına buraxılmadılar? Halbuki, onlar Səngəçal Terminalda uzun müddət (18-20 il) işləmişlər və həmişə bütün təhlükəsizlik qaydalarına əməl etmişlər. Terminal Rəhbərliyi tərəfindən daim müsbət rəylər almışlar. Hal-hazırda düşdükləri haqsız vəziyyət onlara bir Azərbaycan vətəndaşı kimi çox pis təsir edir. Hər biri ailə başçısıdır, himayələrində azyaşlı uşaqlar və xəstə ailə üzvləri var. Uzunmüddətli və qüsursuz fəaliyyəti dövründə müqavilə münasibətlərində olduqları müəssisədə və o cümlədən Səngəçal Terminalında əmək vəzifələrini layiqincə yerinə yetirmişlər, Sertifikat və Diplomlarla mükafatlandırılmışlar. onlar- İddiaçı2 və İddiaçı1 tibbi sığorta barədə hüquqları cavabdeh "xxxx" MMC tərəfindən pozulmuşdur. Belə ki, məlum hadisədən sonra "xxxx" MMC ilə əmək münsibətləri davam etdiyi dövrdə, Əmək müqavilələri qüvvədə olan müddətdə - tibbi sığortaları işlədikləri Cavabdeh tərəfindən - 25 sentyabr 2023-cü il tarixdən qanunsuz olaraq dayandırılıb. Əmək münasibətlərinin hələ davam etməsinə baxmayarq həmin tarixdən etibarən, onlar öz vəsaiti hesabına müalicələr almışlar. Cavabdeh ilə əmək münasibətləri davam etdiyi dövrdə, əmək müqavilələri qüvvədə olan müddətdə-tibbi sığortalarının qanunsuz olaraq bağlanması nəticəsində onlar öz müalicələrini tam edə bilməmişlər, bəzi tibbi müayinə və müalicələrdən keçə bilməmişlər, dərmanlar ala bilməmiş və bunun nəticəsində də sağlamlıqlarına ziyan dəyib. Hesab edirlər ki, Cavabdeh ilə əmək münasibətləri davam etdiyi dövrdə, Əmək müqavilələri qüvvədə olan müddətdə-tibbi sığortalarının qanunsuz olaraq bağlanması nəticəsində onların sağlamlığına dəyən maddi və mənəvi zərərin əvəzi də cavabdehdən tutulmaqla onlara ödənilməlidir. İddiaçılar kim onlar- İddiaçı2 və İddiaçı1 əmək qabiliyyətini müvəqqəti itirməklə əlaqədar olan əmək hüquqları da Cavabdehndə pozulub. Belə ki, məlum hadisələr də onlara pis təsir etmişdi və xəstəliklə əlaqədar hər ikisi əmək qabiliyyətini itirməklə bağlı Xəstəlik vərəqələri almışlar. Lakin Cavabdeh bu müddətdə onların hüquqlarını pozmuş, Xəstəlik vərəqələrini bağlamaq barədə təzyiqlər etmiş, bu təzyiqlər müalicə aldıqları tibb müəssisəsinə qarşı da olmuş, dəfələrlə telefon və WhatsApp vasitəsi ilə onlara və tibb müəssisəsinə Xəstəlik vərəqələrini bağlamaqla işə çıxma barədə təzyiqlər olmuşdur. Bu barədə WhatsAppda kifayət qədər yazışmalar da mövcuddur, baxmayaraq ki, onlar xəstəlik vərəqələrini davam etməsi barədə Cavabdeh müvafiq vəzifəli şəxslərini də xəbərdar etmişlər. Mülki iş üzrə Cavabdeh bu müddətdə onların hüquqlarını pozmaqla bərabər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Lakin, əmək qabiliyyətini itirdikləri dövrdə və Xəstəlik vərəqəsi olmasına baxmayaraq, onlara Xəstəlik vərəqəsini bağlamaqla işə çıxmaqları barədə qanunsuz təzyiqlər edilmişdir. Bununla da mülki iş üzrə Cavabdeh bu müddətdə onların əmək hüquqlarını pozmaqla bərabər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini də pozmuşdur. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin operator olduğu Səngəçal Terminalında olan iş yerinə buraxılmamaqları nəticəsində əmək haqları azalmışdır, yəni bu hüquqları da pozulmuşdur. Belə ki, onlar 2023-cü ilin sentyabr ayında, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin operator olduğu Səngəçal Terminalda işlədikləri vaxt aldıqları əmək haqqından 100-500 manat az əmək haqqı almışlar. Əmək münasibətlərində olduqları müəssisə ilə bağladıqları əmək müqavilələrinə əsasən onları iş yeri BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı X1muşdur. Cavabdeh “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyəti heç bir qanuni əsas və onların razılığı olmadan əmək müqaviləsinin şərtlərini birtərəfli qaydada dəyişdirmiş, sonradan isə əmək müqavilələrini ləğv etmişdir. Hesab edirlər ki, 5 sentyabr 2023-cü il tarixdən etibarən onların işə buraxılmamağı nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin tələbləri pozulmuşdur: İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbuledərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtıərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibatixətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. Əlavə olaraq, onlarda olan məlumata görə onlar Səngəçal Terminalından işdən kənarlaşdırıldıqdan sonra Terminalın başqa bir iş sahəsində yenə də oğurluq hadisəsi olmuşdur. Ola bilər ki, hansısa səbəblərdən bu hadisə də rəsmiləşdirilməyəcək. Lakin bu o demək deyil ki, onların başına gələnlər zavodda təkrarlanmayacaq və bu araşdırılmamış hadisə də kimlərinsə haqsız və ədalətsizcəsinə işlərini itirmələri ilə nəticələnməyəcək. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Əmək münasibətlərində olduqları “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İŞƏ BURAXİLMAMA” ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin tələbləri pozulub, həmin tələblərə əməl edilməyib. Cavabdeh müəssisələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla onlarla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam vermiş və bununla əlaqədar olaraq onlara maddi ziyan vurmuşdur. Qanunsuz olaraq işdən çıxarılmaqla əlaqədar əmək haqqı almamış və ailələri maddi çətinliklərlə üzləşib. Baş verən qanunsuzluqlardan göründüyü kimi onlara və ailərinə böyük maddi və mənəvi ziyan vurulmuşdur, hər birinin işgüzar nüfuzuna xələl gətirilib, gözdən salınmışlar, xəstələnmişlər və müalicə olunmuşlar (həm də sığortasız), əmək müqavilələri qanunsuz olaraq uzadılmadan ləğv edilib. Bununla da onların əmək hüquqları pozulmuş və onlara maddi və mənəvi ziyan vurulmuşdur. Göstərilənləri əsas tutaraq hesab edirlər ki, cavabdeh müəssisə “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi ziyan kimi onların - İddiaçı2 xeyirinə 10 000 manat və İddiaçı1 xeyrinə 10 000 manat pul tutulmaqla onlara ödənilməlidir. Hesab edirlər ki, qanunvericiliyin tələblərinə əsasən dəymiş ziyanla əlaqədar mənəvi ziyanın əvəzi kimi, cavabdeh müəssisə “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyətindən hər birinin xeyrinə 5 000 manat pul tutulmaqla onlara ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlu iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 nun iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh müəssisə “SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia tam əsassız hesab edilərək rədd olunmalıdır. Belə ki, Cəmiyyətdə istehsalat prosesinin axını ilə bağlı olaraq iddiaçıların çalışdığı çəngəlli yükləyici operator peşəsinə olan tələbat daimi deyil, qısa müddətli olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi rəhbər tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh arasında əsas iş yeri olmaqla çəngəlli yükləyici operator peşəsi üzrə müvafiq olaraq 2 ay 2 gün müddətinə (xx.xx.2023—xx.xx.2023-cü il dövrü) və 2 ay 4 gün müddətinə (xx.xx.2023—xx.xx.2023-cü il dövrü) müddətli əmək müqaviləsi bağlanılmışdır. Çəngəlli yükləyici operator peşəsi ilə bağlı işlər yekunlaşdıqdan sonra hər iki işçinin İddiaçı2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində və İddiaçı1 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, Cəmiyyət artıq onların işlədikləri peşəyə başqa işçilər qəbul edib. Daha doğrusu şirkətin öz işçilərindən iki nəfər onların yerinə təyinat alıb, iki nəfər isə başqa şirkətdən Cavabdeh MMC-yə keçirilib. Bununla əlaqədar bildirilir ki, Cəmiyyətin ştat cədvəlində çəngəlli yükləyici operator peşəsi iddiaçılar işə qəbul edildikdə yaradılıb və onlar işə qəbul edilənədək Cəmiyyətin ştat cədvəlində bu peşə olmamışdır. Eləcə də iddiaçılar işdən azad edildikdən sonra bu peşə ləğv edilmişdir. Bu səbəbdən onların iddia ərizəsinin bu hissədə qeyd etdiklərinin heç bir əsası yoxdur. İddiaçılar iddia ərizəsində əmək münasibətləri dövründə üzləşdikləri bəzi təsərrüfat xarakterli məsələləri qeyd edərək onların əmək müqavilələrinə xitam verilməsi hallarının qərəzli olmasını və xitamın bu hallarla bağlı olmasını sübut etməyə çalışırlar ki, bu halların əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olması ilə razı deyillər. Hesab edirlər ki, əmək münasibətləri dövründə iddiaçıların əmək funksiyalarını pozması halı aşkar edilsəydi, işəgötürən onların əmək müqaviləsinə müddətin bitməsini gözləmədən digər əsasla xitam verə bilərdi. Odur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə 04 oktyabr 2023-cü il tarixli SNO-TO-025/23, 30 oktyabr 2023-cü il tarixli SNO-TO-027/23 nömrəli əmrlərin ləğv edilməsi, işə bərpa, 04 oktyabr 2023-cü il tarixindən və 30 oktyabr 2023-cü il tarixindən işə bərpa olan günə qədər məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, maddi ziyanın əvəzi kimi 10000 (on min) manat, mənəvi ziyanın əvəzi kimi 5000 (beş min) manat pulun tutulması barədə iddialarının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etirazını bildirdi və iddianın təmin edilməməsinə dair etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iş həcminin azalması ilə bağlı müqaviləyə xitam verilmiş, öncədən işin qısa müddətli olması barədə onlara xəbərdarlıq edilmişdir. İşlərin müvəqqəti xarakterli olduğu bildirilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, 17 il Səngəçal terminalında işləmiş, ən birinci o, çıxmışdır, oğurluq mal var idi, mühafizə əməkdaşı onu saxlayıb, texnikanın üzərindəki oğurluq malı araşdırdılar. Daha sonra Elşad müəllim onu işdən çıxardı. 2023-cü ilin iyun ayında hadisə olub. Evə gəldi, sonra bir dəfə izahat alındı, Elşad Babayevin işçiləri aldı izahatı. Onun şəxsi maşınını yoxladılar. İddiaçılarla həmin hadisənin heç bir əlaqəsi yoxdur. İddiaçılar onunla SOCAR CAPE şirkətində işləyiblər, öz ərizəsi ilə oradan çıxmışdır. Ərizəsini aldılar, sonra hadisə baş verdi, SDL ilə bağlı işə düzəlmə baş tutmadı. Liftinq komandasının hamısını 14 nəfər “SDL NOBEL" MMC-yə işə götürdülər. Oğurluq hadisəsi baş verənədək işdən çıxmaq barədə ərizəsini yazmışdı, “SDL NOBEL" MMC ilə əmək müqaviləsi bağlamaq üçün 1 ay əvvəl işdən çıxmaq barədə ərizələr yazıldı. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçılar uzun müddət Səngəçal terminalında SOCAR CAPE şirkətində onunla işləyiblər, oğurluqla bağlı BP şirkəti onları uzaqlaşdırdı. O, işdən çıxmayıb, həmin şirkətdə başqa sahədə işləməyə davam edir. BP şirkətinə müraciət etdi və araşdırmanın nəticəsi ilə bağlı məlumat almaq istədi, lakin məlumat ala bilmədi. İddiaçılar başqa şirkətdə işləməyə davam ediblər – oğurluq hadisəsindən əvvəl və ya sonra olmasını bilmir. Oğurluq hadisəsindən əvvəl 14 nəfər SOCAR Capedən çıxmaq barədə ərizəni yazmışlar. 20 ilə yaxın peşəkarcasına işləmişlər iddiaçılarla birlikdə. Ona verilən qeyri-rəsmi məlumata görə oğurluq hadisəsi ilə bağlı uzaqlaşdırılmasını bilib, təxminən 5 aydır ki, iş yeri dəyişdirilib, terminaldan uzaqlaşdırılıb. Məhkəmə iclasında iştirak edən şahid X15 bildirmişdir ki, uzun müddət Səngəçal terminalında iddiaçılarla SOCAR CAPE şirkətində işləyiblər, o, SOCAR CAPE şirkətindən çıxarılmışdır. Evə gedən vaxtı zəng gəldi sentyabr ayının 4-5-də dedilər ki, işdən kənarlaşdırıldı. 17 sentyabr əmrlə işdən azad edildi, o işdən ixtisarla bağlı azad edilib. Terminalda kabel oğurluğu barədə məlumat oldu. Liftinq qrupun tərkibi eyni səbəbə görə başqa şirkətə keçiriliblər. Hadisədən sonra izahat alınıb ondan və iki ay orada işləmişdir. Hadisə ilə bağlı 5-6 nəfər işdən azad edildi. İxtisardan əvvəl digər şirkətə keçirilmək təklifi olmayıb. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən “SDL NOBEL" MMC ilə işçi Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli SDL-AGR-031/23 saylı əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlu X6 peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 (iki) ay 2 gün müddətinə bağlanılmışdır. - İşəgötürən “SDL NOBEL" MMC ilə işçi İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli SDL-AGR-030/13/23 saylı əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 X6 peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 (iki) ay 4 gün müddətinə bağlanılmışdır. - “SDL NOBEL" MMC-nin 03 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, BP Eksploreyşn (Kaspian Sİ) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı2 və İddiaçı1 oğurluq hadisəsi ilə əlaqədar Cavabdeh MMC-yə yazılı müraciəti olmamışdır. - “SDL NOBEL" MMC-nin 04 oktyabr 2023-cü il tarixli SNO-TO-025/23 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 vəzifəsində işləyən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən-əmək müqaviləsinin müddətinin qurtardığından xitam verilmişdir. - “SDL NOBEL" MMC-nin 30 oktyabr 2023-cü il tarixli SNO-TO-027/23 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 vəzifəsində işləyən Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən-əmək müqaviləsinin müddətinin qurtardığından xitam verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “SDL NOBEL" MMC tərəfindən Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlu xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 ay 2 gün müddətinə X6 peşəsinə, İddiaçı1 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 ay 4 gün müddətinə X6 peşəsinə işə qəbul edilmiş, Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlunun əmək müqaviləsinə 30 oktyabr 2023-cü il tarixdə, İddiaçı1 əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən, yəni əmək müqaviləsinin müddəti qurtardığından xitam verilmişdir. İddiaçılar hazırda işdən əsassız və qanunsuz olaraq azad edilmələrini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmrləri mübahisələndirirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir - 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçılar müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Cavabdeh tərəf isə cəmiyyətdə istehsalat prosesinin axını ilə bağlı olaraq iddiaçıların çalışdığı çəngəlli yükləyici operator peşəsinə olan tələbatın daimi deyil, qısa müddətli olduğu üçün iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh arasında müddətli əmək müqavilələrinin bağlanmasına, çəngəlli yükləyici operator peşəsi ilə bağlı işlər yekunlaşdıqdan sonra hər iki işçinin əmək müqaviləsinə 30 oktyabr 2023-cü il taixində və 04 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilməsinə, işdən azad edilmələrinin başqa səbəbinin olmamasına istinad edərək iddianın əsassız olduğunu bildirir. İddiaçılar iddia ərizəsində və izahatlarında onlarla bağlanmış Əmək müqavilələrinə xitam verilməsinə əsasın müqavilə müddətlərinin başa çatması deyil, Sifarişçi şirkət olan BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin onların işlədiyi Səngəçal terminalında baş vermiş və onlarla heç bir əlaqəsi olmayan, onlara heç bir aidiyyəti olmayan bir oğurluq hadisəsi ilə əlaqədar onların terminala buraxılmamasına dair tələbi səbəbindən baş verdiyini qeyd etsələr də, məhkəmə araşdırması zamanı iddia tələblərini əsaslandırdıqları halı sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişlər. Məhkəməyə təqdim edilən sübut növü olan şahid ifadələrində iddiaçıların da işlədiyi terminalda oğurluq hadisəsinin baş verməsi göstərilsə də, oğurluq hadisəsi baş vermiş olsa belə, şahid ifadələri iddiaçıların cavabdeh şirkətlə əmək münasibətlərinə xitam verilməsinə məhz həmin oğurluq hadisəsinin səbəb olması halını təsdiq etmir. Şahid ifadəsi ilə həmçinin müəyyən edilir ki, oğurluq hadisəsi cavabdeh şirkətdə iddiaçıların işə götürülməsindən əvvəl baş vermişdir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçıların əmək müqavilələrinin müddəti başa çatmış, müqavilə müddətinin qurtarması ilə bağlı əmək müqavilələrinə qanuni əsaslarla xitam verilmişdir. Ona görə də iddia əmrlərin ləğv edilməsi və işə bərpa hissəsində təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə, cavabdeh “SDL NOBEL" MMC-nin 04 oktyabr 2023-cü il tarixli SNO-TO- 025/23 saylı və 30 oktyabr 2023-cü il tarixli SNO-TO-027/23 saylı əmrlərinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçıların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün iddianın digər hissələri törəmə tələblər olduğu üçün onlara hüquqi qiymət verilməsinə zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlunun Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və Rzaqulı̇ yev Anar Mı̇ sı̇ rxan oğlunun Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar