Məhkəmə qərarları › İş №e-2(009)-2227/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2227/2023

14.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2227/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X2, nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1nə və “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 2023-K-044 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin ödənilməsi və vurulmuş mənəvi zərərə görə cavabdeh Airsvift-AzTechno” MMC-dən 5000 manat, “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 5000 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin fevral ayında “Linkedin.com” platformasında daha əvvəldən yerləşdirdiyi iş təcrübəsinə dair məlumatlar əsasında “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətindən onunla əlaqə saxlanılaraq ona uyğun iş təklifinin olduğu bildirildi və o həmin şirkətin ofisinə gələrək şirkətin əməkdaşları ilə iş görüşməsi keçirərək iş təklifini qəbul etdiyini bildirdi. Həmin vaxt o "xxxx" X1 nəzarət üzrə aparıcı mühəndis vəzifəsində işləyirdi və o müəssisədə tutuduğu vəzifə üzrə ştatların ixtisar olunacağı barədə ona artıq bir müddət əvvəl məlumat verilmiş, eyni zamanda bununla bağlı olaraq başqa vəzifəyə keçirilməyi ona təklif edilmişdir. Lakin o həmin dövrdə artıq “BP” kimi bir şirkətlə əməkdaşlıq barədə təklif aldığından əvvəlki iş yerində başqa vəzifəyə keçirilməyi barədə təklifi qəbul etmədi və 10 mart 2023-cü il tarixdə "xxxx" Birgə Müəssisəsində əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verildi. Elə həmin tarixdə yəni 10 mart 2023-cü il tarixdə yeni iş yerinə işə qəbulla bağlı əmək müqaviləsi rəsmiləşdirilərkən onun işçi olaraq Cavabdeh1nə BP-nin X10 və Şahdəniş 2 layihəsinə smetaçı mühəndis vəzifəsinə işə qəbul edildiyi bəlli oldu. Bundan sonra əvvəlki iş yerindən də artıq işdən azad olunduğundan həmin işi qəbul etmək məcburiyyətində qaldı və 13 mart 2023-cü il tarixdən yeni iş yerində işə başladı. Yeni əmək müqaviləsinin Cavabdeh1 ilə bağlanmış olmasına baxmayaraq o “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ofisində, onların əməkdaşları ilə birgə həmin şirkətin qayda və təlimatları əsasında işləməyə başladı. 06 sentyabr 2023-cü il tarixdə isə o iş yerində yəni “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ofisində işdə olduğu zaman BP komanda rəhbəri Elçin Babayev və Cavabdeh1 kadrlar şöbəsinin rəisi Hayat Musayeva tərəfindən onların ofisinə təcili çağırıldı. Orada olararkən həmin müəssisənin nümayəndəsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ona təqdim edərək əmək münasibətlərinin bitdiyini bildirdi və elə həmin vaxt da eyni tarixli xəbərdarlıq məktubunu ona təqdim etmək istədi. O bu barədə nə üçün əvvəlcədən rəsmi xəbərdarlıq edilmədiyinin, əmək müqaviləsinə bu qədər qeyri-ciddi formada xitam verilməsinin səbəbini soruşduqda onlar guya tutduğu vəzifənin ixtisar olunduğunu qeyd etdilər. Cavabdeh1 onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 2023-K-044 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdeh1 qanunvericiliyin imperativ normalarının tələblərini pozmaqla əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Digər cavabdeh BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi isə öz əməkdaşları vasitəsi ilə onun həmin müəssisədə işə qəbul ediləcəyinə və belə bir dünya şöhrətli, ciddi bir şirkətdə əmkdaş olacağına yalan vəd verib inandırmaları onun 19 il iş təcrübəsi olan "xxxx" Birgə Müəssisəsində başqa işə keçməyi barədə təklifdən imtina etməyinə, qanunvericiliyinin tələblərini, işçinin haqq və hüququnu kobud şəkildə pozan Cavabdeh1 kimi qeyri-ciddi müəssisəyə yönləndirilməyi və hazırki vəziyyətdə isə tamamilə işsiz qalmağına səbəb olmuşdur ki, bunun da nəticəsində o artıq xeyli müddətdir əsəb gərginliyi və mütəmadi baş ağrıları ilə mənəvi sarsıntı keçirir. Hər iki cavabdehin yuxarıda göstərilən qanunsuz hərəkətləri ona mənəvi zərər vurulmasına səbəb olmuşdur. Cavabdehlərin göstərilən davranışlarının onun işgüzar nüfuzuna ciddi xələl gətirdiyi qənaətinə gəlmiş və bu hal onun şurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bunun da nəticəsində səhhətində kəskin baş ağrıları ona fiziki iztirab verməyə başlamışdır. Hesab edir ki, cavabdehlərdən ona vurduqları mənəvi zərərə görə hər birindən 5000 (beş min) manat olmaqla ümumilikdə 10000 (on min) manat məbləğində vəsait tutularaq ona ödənilməlidir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respubkkasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işdən azad edilmiş və bu zaman qanunvericiliyin tələbinə Cavabdeh1 tərəfindən tam əməl olunmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 10 mart 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı smetaçı mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh1 MMC-nin 06 sentyabr 2023-cü il tarixli, 2023-G-028 nömrəli Əmrinə əsasən, Cavabdeh1 MMC-nin 01 yanvar-31 dekabr 2023-cü iş ili üçün təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 2023/ŞC nömrəli Ştat Cədvəlinə əlavə olunmuş Qoşmaya dəyişikliklər, edilmiş, yeni struktur vahidi ilə bağlı zəruri məlumatlar elektron qaydada "Məşğulluq" alt sisteminə daxil edilmiş bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsi mühasibailığa tapşırılmış və bu əmrin icrasına nəzarət direktora həvalə edilmişdir. Göstərilən əmrlə nəzərdə tutulmuş Ştat Cədvəlinə dəyişikliklə əlaqədar, iddiaçının tutduğu vəzifə də ixtisar edilmiş və iddiaçı xx.xx.2023-cü il tarixdə bu barədə məlumatlandırılmışdır. İşçiyə xəbərdarlıq məktubu eləcə də MMC-nin xx.xx.2023cü il tarixli, 2023-K-044 nömrəli Əmri təqdim edilmiş həmin əmrlə iddiaçı tanış olmuş və imza atmışdır. 2023-K-Q44 nömrəli Əmrə əsasən, MMC-də smetaçı-mühəndis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə müvafıq olaraq və Məcəllənin 77-ci maddəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda əmək muqaviləsınə xitam verilməsi ilə bağlı müvafiq ödənişlər də ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən müəyyən olunan əmək stajı bir ildən azdır (xx.xx.2023 - xx.xx.2023) və bu səbəbdən də iddiaçıya cavabdeh tərəfindən iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli miqdarında ödəniş həyata keçirilmişdir və bu 2023-K-044 nömrəli Əmrdə göstərilmişdir. Bununla bağlı məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən müəyyən olunan əmək stajı bir ildən azdır (xx.xx.2023-xx.xx.2023) və bu səbəbdən də iddiaçıya cavabdeh tərəfindən bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajına uyğun olaraq aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti ödənilmişdir və bu 2023-K-044 nömrəli Əmrdə göstərilmişdir. İddiaçı iddia tələbində göstərməsə də onu da məhkəmənin nəzərinə çatdırırıq ki, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əsasən, iddiaçıya 2023-cü ilin sentyabr ayında işlədiyi iş günlərinə görə yekun əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya (10 təqvim günü üçün) məbləğləri də ödənilmiş və bunlar da 2023-K-044 nömrəli Əmrdə göstərilmişdir. iddia ərizəsində iddiaçı göstərmişdir ki, ona iş təklifi iş üzrə digər cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən gəlsə də, əmək müqaviləsi bağlayarkən ona məlum olmuşdur ki, işəgötürən Cavabdeh1dir. Bununla bağlı bildiririk ki, cavabdehlər Cavabdeh1 və “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sifarişlərinə əsasən, həmin təşkilata ixtisaslı kadrlar təqdim edir və bu hal həm ‘Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında Sazişə, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd deyildir. Eyni zamanda, iddiaçı da əmək müqaviləsi bağlayarkən bu məsələni bilmiş və onu əmək müqaviləsi bağlamağa heç kim məcbur etməmişdir. Hazırda işdən çıxarıldıqdan sonra, göstərilən məsələni bildirməsi isə, sadəcə formal xarakterlidir və işdən çıxartma ilə bağlı mübahisələndirdiyi iddia tələbinin mahiyyətinə ümumiyyətlə uyğun deyildir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən, yəni bir maddə ilə xitam verilmişdir və bu zaman da Məcəllə iiə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına cavabdeh MMC tərəfindən tam əməl olunmuşdur. Bununla əlaqədar isə bildiririk ki, Cavabdeh1ndə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmir və bu səbəbdən də Əmək Məcəlləsinin 80-ci maddəsi hazırkı əmək mübahisəsinə tətbiq edilə bilməz. İddiaçının mənəvi zərər hissəsində də iddia tələbi əsassızdır. Belə ki, onunla əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmiş və nəzərdə tutulmuş bütün ödənişlər həyata keçirilmişdir. İddiaçının “kəskin baş ağrıları və ya digər əsaslarla mənəvi zərər tələb etməsi qəbul edilən deyil və bu hissədə də iddia təmin edilməməlidir. Cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən cavabdehin çıxışı kimi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçıya ilk növbədə Cavabdeh1 tərəfindən iş təklifi gəlmişdir. Özlərini BP şirkətinin partnyoru kimi təqdim edərək həmin şirkətə işçilərin cəlb olunması proyektini həyata keçirdiklərini bildirmişlər. BP şirkətində layihəçi-smetaçı vəzifəsi təklif olunmuşdur. İddiaçı əvvəl X6 19 il çalışmışdır. Həmin dövrdə onun işlədiyi ştat ixtisara düşdüyü üçün həmin müəssisədə başqa iş təklif etmişlər. Lakin həmin ərəfədə 2022-ci ilin dekabr ayında Cavabdeh1 əməkdaşları tərəfindən iş təklifi gəldiyi üçün Azfendəki təklifdən imtina etmişdir. İşə qəbul olunana qədər bir neçə dəfə iş görüşmələri Xəzər iş mərkəzində keçirilmişdir. BP Şirkətinin baş ofisi də həmin Xəzər iş mərkəzində yerləşir. Orda iddiaçı ilə iş görüşməsi edən Elçin Babayev və Nicat Qəhrəmanov adında şəxslərdir. Onlardan biri BP şirkətinin, biri də Cavabdeh1 işçisidir. İddiaçı BP şirkətində işə qəbul olunacağına inandırılmışdır. Birinci olaraq iddiaçı Cavabdeh1ndə işçi kimi qeydiyyata alınır. 2023-cü ilin sentyabrın 6-da təcili zəng gəlir və Cavabdeh1 baş ofisinə gedir və orda ona bildirilir ki, sənin əmək müqavilənə ştatların ixtisarı ilə əlaqədar olaraq xitam verilir. Qeyd hissəsində iddiaçıya imza atmaqla əmrin surəti iddiaçıya təqdim edilir. Cavabdeh tərəfindən bu imza çox təəssüf ki, “əmrlə tanış oldum” kimi deyil, “əmrlə razıyam” kimi qiymətləndirilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki həftə əvvəl rəsmi xəbərdar edilməlidir. Lakin iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən isə işəgötürən işçinin razılığı ilə həmin xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu əmr qanunvericiliyin imperativliyinin pozulması ilə verilmişdir. Hesab edirik ki, bu əmr məhkəmə qaydasında ləğv edilməlidir və iddia tələbi tam təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iş materiallarından da görünür ki, bütün yazışmalar iddiaçı ilə Cavabdeh1 arasında olmuşdur. Həmin yazışmalarda iddiaçıya bildirilmişdir ki, o, Cavabdeh1nə işə qəbul olunur. İş prinsipləri, iş şərtləri barəsində məlumat verilmişdir. Cavabdeh1 yazışmalarda bildirmişdir ki, əməkdaşlıq etdiyi şirkətlərdən də biri Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyidir. 3 ay- dekabr, yanvar, fevral ayalrı ərzində iddiaçı məlumatlandırılmışdır, mart ayında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi bağlandığı ilk gün etiraz edə bilərdi, məhkəməyə müraciət edərdi. İddiaçı susmaqla müqavilənin şərtlərini qəbul etmiş sayılır. İş proses müddətində də bununla bağlı heç bir narazılığını bildirməmişdir. Cavabdeh1 iddiaçını yanıltmamışdır. İddiaçıya xx.xx.2023-cü il tarixində birinci xəbərdarlıq verilir, ona təklif olunur ki, 15 gün müddət verilə bilər, lakin işçi buna etiraz etdiyi üçün xəbərdarlığın tarixi ilə eyni əmr təqdim edilmiş, iddiaçı əmrlə tanış olmuş və bu barədə imza atmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən müəyyən olunan əmək stajı bir ildən azdır və bu səbəbdən iddiaçıya iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli miqdarında ödəniş həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, onlarda iş təklifinin forma və qaydaları var, iş təklifi niyyəti var, o prezident tərəfindən imzalanır, möhürlənir və işçiyə təqdim olunur. 5-6 vərəqdən ibarət bir sənəddir. İş vəzifələri, rejim, ödənişlər və s. hamısı bu sənədin tərkibinə daxildir. Belə bir məktub onlar tərəfdən iddiaçıya ünvanlanmayıb. Əmək kitabçasında, dövlət portalında BP şirkətinə aid heç nə yoxdur. Ümumiyyətlə BP Şah Dənizdə işçi yoxdur. Şah Dəniz bir layihədir, ora müxtəlif şirkətlərdən işçilər cəlb olunur və xidmət göstərirlər. İddiaçını ümumiyyətlə tanımır, onunla müqavilələri yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili X7 bildirmişdir ki, nümayəndəliklə iddiaçı arasında hər hansı əmək münasibəti mövcud olmamışdır. Odur ki, iddiaçının Nümayəndəliyin ona əmək münasibətləri ilə bağlı hər hansı mənəvi zərər vurması barədə tələbi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Qeyd edildiyi kimi, Nümayəndəliklə iddiaçı arasında hər hansı əmək münasibətləri mövcud olmadığından, Nümayəndəliyin bu əmək mübahisəsi üzrə cavabdeh qismində cəlb edilməsi tamamilə əsassızdır və Nümayəndəlik əsl olmayan cavabdeh olduğu üçün, o, əsl cavabdehlə əvəz edilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 mart 2023-cü il tarixli №2023-022 saylı əmək müqaviləsi Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin 10.3 bəndinə əsasən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. İş materiallarında olan, Cavabdeh1 ştatların ixtisarı barədə xx.xx.2023-cü il tarixli xəbərdarlığlarına əsasən Cavabdeh1 şirkətinin xx.xx.2023-cü il tarixdən etibarən “Smetaçı-mühəndis” ştatı ləğv olunur və İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi qeyd edilmişdir. İş materiallarında olan, Cavabdeh1 xx.xx.2023-cü il tarixli № 2023-K-044 əmrinə əsasən “smetaçı-mühəndis” vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə müvafiq olaraq və Məcəllənin 77-ci maddəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh1 Şirkətinə smetaçı-mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2023 tarixli əmri ilə Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq və Məcəllənin 77-ci maddəsi nəzərə alınmaqla xitam verilməsinə dair əmr vermişdir. İki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi əmrdə öz əksini tapmışdır. Əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsi və əmək müqaviləsi olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı həmin əmrin ləğv edilməsini, işə bərpa edilməsini, əmək haqqının ödənilməsini və dəymiş mənəvi zərərərə görə təzminatın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2023 tarixli əmri Əmək Məcəlləsinin 84.1ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Beləliklə ştatın ixtisar edilməsi ilə əlaqədar işəgötürən Əmək Məcəllənin və digər normativ hüquqi aktların aşağıda göstərilən tələblərinə əməl etməlidir. Məhkəmə hesab edir ki, ştatın ixtisarı Əmək Məcəlləsinin 78-ci maddəsinin mahiyyətinə ziddir. Çünki Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi qanunsuz olsa da belə hazırkı halda məhz İddiaçı ştatının ixtisarı barədə əmr imzalanmışdırsa, onda o bu əmrdən iki təqvim həftəsi qabaq xəbərdar edilməliydi. Çünki xəbərdar edilmənin mahiyyəti bundan ibarətdir ki, işçi işdən çıxarılacağını bilməli və özünə iş axtarmalıdır. Belə ki, ƏM-in 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən bir ilədək əmək stajı olduğuna görə – azı iki təqvim həftəsi əvvəl işçini rəsmi xəbərdar etməlidir. Maddənin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Maddənin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Lakin hazırkı halda 71-ci maddənin tələblərinə düzgün əməl edilməmiş, ƏM-in 77-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ştatın ixtisarı düzgün aparılmamış, işçi ilə əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddəti gözlənilməmişdir, əmək müqaviləsinə düzgün xitam verilməyərək Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçi əvvəlki işinə bərpa edilməli, əvvəlki işə bərpa edilmə mümkün olmadıqda, işçinin razılığı ilə başqa vəzifəyə bərpa edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə mənəvi zərərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, tələb bu hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək mübahisələri barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən Cavabdeh1ndən dövlət nəfinə 100 (bir yüz) manat pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 2023-K-044 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh1nə işə bərpa edilsin. Cavabdeh1 tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh1ndən dövlət nəfinə 100 (bir yüz) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar