Məhkəmə qərarları › İş №e-2(009)-2311/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2311/2023

14.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2311/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı işə qəbul edilməsi barədə əmrin müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmə barədə əmrin hesab edilməsi, işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla xx.xx.2022-ci il tarixdə Cavabdeh baş meneceri Ələkbər Ələkbərov arasında müəllim işinə qəbul edilməsi barədə ******* saylı əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddət ərzində o, heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmişdir və ona görə də intizam cəzası almamışdır. xx.xx.2023-cü il tarixdə Kollecin baş meneceri Ələkbər Ələkbərov ona şifahi olaraq bildirmişdir ki, artıq onun əmək müqaviləsinə xitam verilmişdir və o, işdən azad olunmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçası Kollecdən ala bilməmişdir. Kollecin baş meneceri Ələkbər Ələkbərov Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onun işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 174-K saylı əmr verilmişdir. O, bu əmrin qanunsuz və əsassız olmasına görə Kollecin rəhbərliyinə şifahi surətdə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Mübahisənin sülh yolu ilə həll edilməsi üçün mediasiya təşkilatına müraciət etsə də, qarşı tərəf mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Bu barədə mediasiya təşkilatından ona xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilmişdir. O, Kollecin baş meneceri Ələkbər Ələkbərovun qeyd edilən əmrini qanunsuz və əsassız hesab edir. Onunla xx.xx.2022-ci il tarixdə işə qəbul barədə müqavilə bağlanarkən müqavilənin surəti ona verilməmiş, ona yalnız əmrin surəti verilmiş və müqaviləyə onu oxumadan imza etmişdir. Çünki işə qəbul barədə əmri və müqavilə eyni anda ona təqdim edilmiş, o, əmrin məzmunu ilə tanış olanda onun müddətli əmək müqaviləsi olmadığına arxayın olmuşdur. Əmrin mətni belədir: “Bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq müəllim vəzifəsinə işə qəbul edilsin”. Bu məzmundan əmrin müddətli olmasına dair heç bir qeyd yoxdur. O, da inanıb əmək müqaviləsini imzalamışdır. O, müqavilədə nəzərdə tutulan əmək haqqının məbləğini 1813 manat olması göstərilmişdir. Sonra da əlavə olaraq bildirilmişdir ki, 1 aylıq sınaq müddəti müəyyən edilir. O, da həmin tarixdən etibarən Kollecdə əmək fəaliyyətinə başlamışdır. Ötən müddət ərzində fəaliyyətini uğurlu hesab edir və bu barədə rəhbərlik də daim ona hörmətlə yanaşmışdır. Lakin 2023-cü ilin avqust ayında o, xəstəliyi ilə əlaqədar bülletendə olmuşdur. xx.xx.2023-cü il tarixdə bülleten bağlanmış və o, onu Kollecə təqdim etmişdir. Ona iki gün sonra xx.xx.2023-cü il tarixinin axırıncı iş günü olması və əmək müqaviləsinin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərnamə təqdim olunmuşdur. O, tələb edib əmək müqaviləsinin surətini Kollecdən almış və onu oxuyanda aldadıldığını, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin formasının müddətsiz əmək müqavilələrinə aid olmasına baxmayaraq içərisində bəzi qrafalarda bu müqavilənin guya 3 ay müddətində bağlanması haqda qeyd aparıldığını bilmişdir. Halbuki müqavilənin pozulmamış, yəni üzərində düzəliş aparılmamış şərtlərində onun iş ilinin xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə etdiyi, hər növbəti iş il üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti veriləcəyi qeyd edilmişdir. Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Halbuki indiyə kimi əmrin surəti ona verilməmiş və yalnız dəfələrlə tələb edəndən sonra mediasiya prosesindən 3 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə e-poçtuna göndərilməklə verilmişdir. Əmrin mətni ilə onun əmək kitabçasına qeyd edilmiş eyni əmrin mətni də bir-birlərindən kəskin surətdə fərqlənir. Bu da əmrin sonradan yazıldığına dəlalət edir. Əmək müqaviləsinin 4.27-ci bəndində isə onun əmək məzuniyyətinin müddətinin 56 gün təşkil etməsi qeyd olunmuşdur. Müqavilənin 9.4-cü bəndinə əsasən isə “İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsi əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onu məcbur edilməsinə yol verilmir”. Bu isə insanların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əmək hüquqlarına həqarətli yanaşmadan başqa bir şey deyildir. Belə çıxır ki, guya o, 3 aylıq işdən ötrü özünün əvvəlki daimi işə yerini atıb Kollecə gəlmişdir. Ona görə də hesab edir ki, məhkəmə qeyd etdiyi həmin müqaviləni qanunsuz və əsassız olduğu üçün etibarsız hesab etməli və işə bərpa edilərək onunla Kollec arasında müddətsiz əmək müqaviləsi bağlanmalı, məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Daimi xarakterli işlərin görülməsi üçün müddətli əmək müqaviləsinin bağlanılması qadağandır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh baş meneceri Ələkbər Ələkbərovun onun işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 174-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun Cavabdehnə müəllim vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh baş meneceri Ələkbər Ələkbərovun onun işə qəbul edilməsi barədə vermiş olduğu xx.xx.2022-ci il tarixli, 90-K nömrəli əmrinin müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmə barədə əmrin hesab edilməsi, Cavabdeh baş meneceri Ələkbər Ələkbərovun onun işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 174-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdehnə müəllim vəzifəsinə əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ona məcburi işburaxmaya görə əmək haqqı hesablanarkən məcburi işburaxma müddətinin hər günü üçün ona əmək haqqının azı 1 faizi məbləğində ödəncin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, əvvəl 3 il başqa məktəbdə işləmişdir, sonradan bu məktəbə “sivi” vermişdir. Onu dəvət etmişlər, gəlib görüşmüş, onu məktəblə tanış etmişlər və bildirmişlər ki, saat 16.30-dək məktəbdə işdir. Lakin o, əmək haqqı az olduğundan razılaşmamış, onlar zəng edib bildirmişlər ki, ona daha çox əmək haqqı verərlər. O, razılaşmış və Əsmər xanım ona qol çəkdirmişdir. O, inanıb əmək müqaviləsinə imza etmiş oxumadan, amma ona verilən əmrdə “müddətli” sözü yox idi. Əmək müqaviləsi isə ona təqdim olunmamışdır. Onunla əmək müqaviləsinin müddətli bağlanmasından məlumatsız olmuşdur. SMS yazışmalarda da işçi kimi o, yaxşı qiymətləndirilmişdir. Onu qanunsuz olaraq işdən azad etmişlər. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, iddiaçının işə qəbulu zamanı ona əmək müqaviləsinin müddətli olması barədə heç bir məlumat verilməmişdir, əksinə iddiaçıya əmək haqqının 1 ilin tamamında artırılacağı barədə məlumat verilmişdir. Əmək müqaviləsi iddiaçıya verilməmiş, onu oxumadan imzalanmışdır. İşə qəbul əmri də qanunun tələblərinə uyğun tərtib edilməmiş, əmrdə işin müddətli olması barədə heç bir qeyd yoxdur. Halbuki nümunəvi işə qəbul əmrləri formasında bu hal mütləq əksini tapmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlana bilməsini nəzərdə tutulur. Həmin bəndə istinad etməklə daimi xarakterə malik olan işə görə işçi ilə əmək müqaviləsinin müddətli bağlanması əsassızdır, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə ziddir. Digər tərəfdən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə tarixi də düzgün deyil. Belə ki, 3 müddətdən sonra 1 həftə ərzində tərəfə əmək münasibətlərinin davam edib-etməməsi ilə bağlı vaxt verilir, həmin müddətlər nəzərə alınsa iddiaçı ilə oktyabr ayında əmək münasibətlərinə xitam verilə bilərdi, lakin onun işdən azad olunma əmri sentyabrda qəbul olunmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, əmək müqaviləsi müddətli olub və bu barədə işəgötürən xəbərdar edib. Kollec pullu məktəbdir və orada yığılan pullar məktəbin təchizatına sərf olunur. Hər uşaq təhsil haqqı kimi ildə 20.000 manat pul ödəyir. Bütün müəllimlər 3 aylıq müddətə işə qəbul edilir və sonrakı iş müddətləri də həmin vaxtadək uzadılmış hesab edilir. Yəni məktəbdə müəllimlər müddətli əmək müqaviləsi ilə işə götürülür. İddiaçı müddətli müqavilə ilə işə götürülüb, ondan valideynlər narazı olub və işəgötürən də əmək münasibətlərini davam etdirməmək qərarına gəlib. Əmək müqaviləsini oxumadan imzalanması barədə iddiaçının dedikləri düz deyil. Əmək müqaviləsinin bağlanması ilə əlaqədar tərtib edilmiş kitabda da iddiaçı tərəfindən imza edilmişdir, orada da əmək müqaviləsinin müddətinin xx.xx.2022-xx.xx.2022-ci il, yəni müddətli olması qeyd edilmişdir. Ona görə də iddiaçının əmək müqaviləsinin müddətli olması barədə məlumatının olmamasına dair dəlilləri əsassızdır. Müqavilə müddəti bitdikdən sonra isə onunla əmək münasibətlərinə xitam verilmişdir. Əmr qanunidir və bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqailəsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Cavabdehnə müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq (xəstələnməsi ilə bağlı iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 389/22 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehnə müəllim vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). İşin birinci 1 ayı sünaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 1813 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir (bənd 4.1). İş üzrə Cavabdeh 90-k saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq xx.xx.2022-ci il tarixdən müəllim vəzifəsinə işə qəbul edilmiş, ona 1813 manat uylıq əmək haqqı təyin edilmişdir. İş üzrə xxxxxxx000200 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə müəllim vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 1813 manat təşkil etmişdir. Əsası kimi işçinin şəxsi ərizəsi və onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi göstərilmişdir. İş üzrə əmək qabiliyyətinin olmaması SN 00007 seriyalı ******* nömrəli vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Kəskin respirator xəstəlik, kəskin nevrosteniya” diaqnozu ilə işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdən işə başlamalıdır. İş üzrə Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, İddiaçı ilə bağlanılan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddəti həmin müqavilənin 2.3 bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə bitir, lakin İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən xəstələnməsi ilə bağlı məlumat verdiyi üçün və xəstəlik müddəti bu müqavilənin müddətinin bitməsi ilə üst-üstə düşmüşdür. xx.xx.2023-cü il tarixdə SN00007 No ******* seriyalı və nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsini onlara təhvil vermişdir (işə bağlama tarixi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir). Bununla bağlı nəzərinə çatdırırlar ki, tərəflərindən həmin müqavilənin müddəti uzadılmayacaq və mək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (xəstələnməsi ilə bağlı iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi) xitam veriləcək. Bu səbəbdən xx.xx.2023-cü il tarixi İddiaçı son iş günüdür. İş üzrə Cavabdeh baş meneceri Alekper Alekperov İddiaçı elektron poçt vasitəsi ilə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə təqdim etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsini onlara təhvil vermişdir. Xəstəliyi müqavilə müddətinin bitməsi ilə üst-üstə düşdüyü üçün müddətli əmək müqaviləsinin uzadılmaması ilə bağlı xəbərdarlığı təqdim etməsinə baxmayaraq təhvil almamış və onlara aid olan nüsxəni imzalamamışdır. Bu səbəblə xəbərdarlığı həm də e-mail vasitəsi ilə İddiaçı göndərmişlər. İş üzrə Cavabdeh 174-k nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, müəllim vəzifəsində çalışan X3 xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerinlə olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hisssinə uyğun olaraq ona xx.xx.2023xx.xx.2023-cü il müddətinə görə istifadə edilməmiş əsas məzuniyyətə görə 4.66 təqvim günü üçün pul əvəz edilməsi əmr edilmişdir. Əsas kimi xx.xx.2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. İş üzrə Cavabdeh tərəfindən İddiaçı elektron poçt vasitəsi ilə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əmək kitabçası ilə bağlı məktəbə yaxınlaşmasını xahiş etmişlər. İş üzrə İddiaçı tərəfindən Cavabdehnə elektron poçt vasitəsilə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, əmək kitabçasını yaxınlaşıb 5-ci gün götürəcəkdir. İş üzrə xxxxxxx0002X0 saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 174-k saylı, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerinlə olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/16/002154 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tələblərə dair xx.xx.2023-cü il tarixdə saat 13.00-13.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü ildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh müəllim vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən əmək müqaviləsi müəyyən edilmiş müddətə - 3 ay uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri 2023-cü ilin avqust ayınadək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdən xəstələnməsi ilə bağlı məlumat verərək xx.xx.2023-cü il tarixli xəstəlik vərəqəsi işəgötürənə təqdim etmişdir. İddiaçının xəstəliyi müqavilə müddətinin bitməsi ilə üst-üstə düşdüyü üçün işəgötürən iddiaçıya müddətli əmək müqaviləsinin uzadılmaması və xx.xx.2023-cü il tarixli onun son iş günün olması ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 174-k saylı xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 73-ci maddəsinin 2-ci hissəsinə hissəsinə uyğun olaraq işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla xx.xx.2022-ci il tarixdə Cavabdeh baş meneceri Ələkbər Ələkbərov arasında müəllim iştinə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli 90-K nömrəli əmr verilmişdir. Əmək müqaviləsi bağlanarkən onun müddətli olması barədə ona heç bir məlumat verilməmişdir. O, qüsursuz işləməsinə baxmayaraq Kollecin baş meneceri Ə.Ələkbərov işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onun işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 174-K saylı əmr vermişdir. O, bu əmrin qanunsuz və əsassız olmasına görə Kollecin rəhbərliyinə şifahi surətdə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Mediasiya prosesində də cavabdeh iştirakdan imtina etmişdir. 2023-cü ilin avqust ayında o, xəstəliyi ilə əlaqədar bülletendə olmuşdur. xx.xx.2023-cü il tarixdə bülleten bağlanmış və onu Kollecə təqdim etmişdir. Ona iki gün sonra xx.xx.2023-cü il tarixinin axırıncı iş günü olması və əmək müqaviləsinin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərnamə təqdim olunmuşdur. O, tələb edib əmək müqaviləsinin surətini Kollecdən almış və onu oxuyanda aldadıldığını, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin formasının müddətsiz əmək müqavilələrinə aid olmasına baxmayaraq içərisində bəzi qrafalarda bu müqavilənin güya 3 ay müddətində bağlanması haqda qeyd aparıldığını bilmişdir. Daimi xarakterli işlərin görülməsi üçün müddətli əmək müqaviləsinin bağlanılması qadağandır. Bu səbəbdən iddiaçı Cavabdeh baş meneceri Ələkbər Ələkbərovun onun işə qəbul edilməsi barədə vermiş olduğu xx.xx.2022-ci il tarixli, 90-K nömrəli əmrinin müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmə barədə əmrin hesab edilməsi, Cavabdeh baş meneceri Ələkbər Ələkbərovun onun işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 174-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdehnə müəllim vəzifəsinə əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ona məcburi işburaxmaya görə əmək haqqı hesablanarkən məcburi işburaxma müddətinin hər günü üçün ona əmək haqqının azı 1 faizi məbləğində ödəncin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının onun işə qəbul edilməsinə dair əmrin müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmə barədə əmr hesab edilməsinə dair tələbi üzrə aşağıdakıları qeyd edir. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının müəllim vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2-ci bəndi müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının isə müqavilə bağlayarkən onun müddətli olmasından məlumatsız olmasına dair dəlilləri əsaslı hesab edilmədiyindən, həmçinin gələcəkdə əmək haqqının artırılması ilə bağlı işəgötürənlə aparılan yazışmalar müqavilənin müddətli bağlanılması anlamına gəlmədiyindən məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış,iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz bağlanılmalı olması barədə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının işdən azad olunma əmrinin ləğv edilməsi hissəsi üzrə aşağıdakıları qeyd edir. AR Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və işburaxma müddətinin hər gün üçün ona əmək haqqının azı 1% məbləğində ödəncin verilməsi barədə tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının onun işə qəbul edilməsi barədə əmrin müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmə barədə əmrin hesab edilməsi, işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı Cavabdeh baş meneceri Ələkbər Ələkbərovun onun işə qəbul edilməsi barədə vermiş olduğu xx.xx.2022-ci il tarixli, 90-K nömrəli əmrinin müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmə barədə əmrin hesab edilməsi, Cavabdeh baş meneceri Ələkbər Ələkbərovun onun işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 174-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdehnə müəllim vəzifəsinə əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ona məcburi işburaxmaya görə əmək haqqı hesablanarkən məcburi işburaxma müddətinin hər günü üçün ona əmək haqqının azı 1 faizi məbləğində ödəncin verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar