Məhkəmə qərarları › İş №e-2(009)-2335/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2335/2025

27.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2335/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi H.N.Hüseynovun, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Mövcud fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu ilə Cavabdeh 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və xx.xx.2018-ci il tarixli 901 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 2 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra Cavabdeh ünvan 2 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, sözügedən xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, ona "xxxx" MMC-dən başqa mənzil veriblər, lakin hələ tam təhvil almamışdır. Həyat yoldaşı orta məktəb müəlliməsidir. Ona yeni verilən binanın yerləşdiyi yerin yaxınlığında orta məktəb inşa edilmişdir, lakin hazırda fəaliyyət göstərmir, Təhsil Nazirliyinə həyat yoldaşının həmin məktəbə köçürülməsi ilə bağlı müraciət etdikdə ona demişlər ki, 2026-cı ilin yanvar-fevral aylarında bununla bağlı rəsmi müraciət etsin. Ona görə 2026-cı ilin iyun ayına qədər ona möhlət verilməsini xahiş edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı qarnizonu üzrə mənzil komissiyasının 16 nömrəli xx.xx.2018-ci il tarixli protokolundan çıxarışının surətindən görünür ki, xidməti yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmış, Qarnizonun yaşayış fondunda boşaldılmış xidməti yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənilmiş, fikir mübadiləsi aparılaraq komissiya cədvəldə göstərilən qaydada (N No-li hərbi hissəsinin baş miçmanı Cavabdeh 3 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi, ev 15, mənzil 120) xidməti yaşayış sahələri (mənzillər) verilməsi qərara alınmışdır. İş üzrə “Kirayəyə verən” qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə “Kirayəçi” qismində baş miçman Cavabdeh arasında bağlanılmış Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2018-ci il tarixli, 901 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Bakı Qarnizonu rəisinin xx.xx.2018-ci il tarixli, 16 nömrəli qərarı əsasında “Kirayəyə verən” Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, 15 nömrəli binada, 120 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, yaşayış sahəsi 51,0 kv.m. ibarət 2 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün “Kirayəçi” Cavabdeh 3 nəfər ailə üzvlərinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh tərəfindən verilmiş iltizamın surətindən görünür ki, ona 901 nömrəli, 05 aprel tarixli kirayə müqaviləsi əsasında ünvan 4 ünvanında verilən 2 otaqlı, sahəsi 51,0 kv.m. olan xüsusi təyinatlı yaşayış sahəsini müqavilənin 2.4.11-ci və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yerini deyişdikdə, hərbi xildmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) şərtsiz N No-li hərbi hissəsinə müqavilənin 2.4.6-cı bəndinə uyğun olaraq yararlı vəziffətdə təhvil verəcəkdir. İş üzrə Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən B.Məmmədov tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli fərmanına əsasən Dövlət vəsaiti hesabına ünvan 2, 2 otaqlı, ümumi sahəsi 51,10 kv.m. olan yaşayış sahəsi ilə təmin olunmuşdur.Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 2 saylı Qərarının 2.4.11 yarımbəndinə əsasən yaşadığı xidməti mənzili xx.xx.2025-ci il tarixədək təhvil verilməsi tələb olunur. Əks təqdirdə Cavabdeh barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. İş üzrə Cavabdeh tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, hal-hazırda yaşadığı Suraxanı rayonu, Aqil Quliyev küçəsi, ev 15, mənzil 120 öz vəsaiti hesabına təmir etmişdir. Göstərişə əsasən ona Dövlət tərəfindən verilən (Hövsan qəsəbəsində) hələki evdə problemlər olduğu üçün təhvil almamışdır. Razılaşıb Hövsan qəsəbəsindəki evi təhvil aldıqdan sonra hal-hazırdakı evi A.Quliyev ev 15, mən.120 ünvanındakı evi öz vəsaiti hesabına əmlakları götürdükdən sonra təhvil verəcək. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2018-ci il tarixli 16 nömrəli protokolu ilə dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Cavabdeh 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və xx.xx.2018-ci il tarixli 901 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 2 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra cavabdehə ünvan 2 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, həmin xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonluna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı ilə əlaqədar həmin fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Cavabdehin hazırda yaşadığı mənzil Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 15 saylı evin 120 saylı mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondunun balansındadır, həmin mənzil cavabdehə dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər verilmişdir (3 nəfər ailə tərkibi ilə). Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh daimi yaşayış sahəsi ilə təmin edildiyindən, iddia tələbi təmin edilməli, cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 15 saylı evin 120 saylı mənzilindən “mənzillə təmin edilmədən” məcburi çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olduğundan, həmçinin iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi dövlət orqanı olduğundan və dövlət rüsumu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət nəfinə 100 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılsın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar