Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2394/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Əlinağa oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin onunla əmək müqaviləsinə xitam verilməsinə dair 270 k/d saylı, 26 iyul 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının, ödənilmiş 50 manat məbləğində mediasiya xərclərinin, ona dəymiş 5.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1953-cü ildə Bakı şəhərində anadan olmuş, 16 yaşımdan hal hazıradək 50 ildən artıq, fasiləsiz olaraq cavableh təşkilatda müxtəlif vəzifələrdə, (sonuncu vəzifəsi- X1 rəis müavini) çalışmış, bütün həyatını Televiziyaya həsr etmiş, çalışdığı müddət ərzində bir dəfə belə olsun, intizam tənbehinə məruz qalmamışdır. Belə ki, işlədiyi müddətdə öz vəzifələrini layiqincə yerinə yetirmiş, heç bir nöqsana yol verməmişdir. Rəhbərlik tərəfindən ona heç vaxt heç bir xəbərdarlıq edilməmiş, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə, yaxud keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna və s. hallara görə heç bir intizam tənbehinə məruz qalmamışdır. 50 il ərzində cəmi 2 dəfə xəstəliklə əlaqədar bülletendə olmuşdur. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə nümunəvi, savadlı və təcrübəli işci kimi “Tərəqqi” medalı ilə təltif edilmişdir. 26 iyul 2021-ci il tarixdə işdə olarkən qəflətən vəziyyəti kəskin pisləşdiyindən iş yoldaşlarına məlumat verərək təcili həkimə müraciət etdi, həkim onun hipertonik kriz vəziyyətində olduğunu, bu vəziyyətdə işə qayıda bilməyəcəyini bildirdi və rəsmi bülleten acaraq evə getməyini tələb etdi. O, evdə rəsmi bülletendə olarkən, Cəmiyyətin kadrlar şöbəsinin əməkdaşları ona zəng edərək, çalışmanın yaş həddi ilə əlaqədar işdən çıxmaq barədə ərizə yazmalı olduğunu bildirdilər. O isə, öz növbəsində, onlara bildirdi ki, səhhətindəki problemlərlə əlaqədar rəsmi bülletendədir. Kadrlar şöbəsinin əməkdaşı heç bir problem olmadığını, bülleten bitdikdən sonra ərizə yazmalı olduğunu bildirmişdir. Eyni zamanda, o həm rəhbərliyə, həm də kadrlar şöbəsinin əməkdaşlarına onun işdən çıxmaq istəyinin olmadığını, hələ səhhətinin işləmək ücün qənaətbəxş olduğunu bildirdi. Lakin həmin gün, yəni o rəsmi bülletendə olarkən, bir qədər sonra kadrlar şöbəsinin əməkdaşı yenidən zəng edərək (zənglərin rəsmi çıxarışı mövcuddur) ona işdən çıxma barədə əmrinin artıq verildiyini və sistemə daxil edildiyini bildirmişdir. O, isə, çox böyük təəccüblə bildirdi ki, axı onun bülletendə olduğunu, vəziyyətinin ağır olduğunu bilirlər. O, sağlamlığını qorumaq üçün yataq şəraitində olmalıdır. Direktor bu vəziyyətdə onu necə işdən azad edə bilər? O qəti şəkildə ərizə yazmaqdan imtina etdi. Həmin gündən etibarən keçirdiyi ağır stress və iztirablardan onun vəziyyəti daha da kəskinləşdi. Belə ki, həkim ona qətiyyən əsəbləşməli olmadığını, bunun çox təhlükəli olduğunu bildirmişdi. Lakin direktor tərəfindən ona qarşı edilən haqsızlıqlar və ədalətsiz davranış onu həddindən artıq sarsıtmış, ona çox böyük iztirab və mənəvi zərbə vurmuşdur. O, heç bir günahı olmadığı halda, qarşılaşdığı haqsızlıqlara və ədalətsizliyə dözə bilmir. Tam depressiya vəziyyətinə düşmüşdür. Televiziyada işlədiyi neçə illik əziyyətinin, heç bir nöqsan, qüsur və qayda pozuntusuna yol vermədən vicdanlı şəkildə öz vəzifələrini yerinə yetirməyinin rəhbərlik tərəfindən nəzərə alınmamasına halal zəhmətlə işləyən, qazancının minimum səviyyədə dolanışığına belə güclə çatdığı bir vəziyyətdə olan işçinin həyatına olan qəddar münasibət və laqeydlik onu mənəvi cəhətdən tam sarsıtmışdır. Onun hansı durumda olduğunun, mənəvi əzab-əziyyətinin həddinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli Qərarı” ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilmişdir. Belə ki, həmin Qərara əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:ğ Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; Dövlət mükafatı laureatı olması; 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Lakin dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Göründüyü kimi, onun çalışma müddəti məhdudiyyətsiz şəkildə uzadıla bilərdi. Belə ki, Prezidentin müvafiq sərəncamı ilə nümunəvi, savadlı və təcrübəli işci kimi “Tərəqqi” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini, daha çox qorumuş və əmək müqaviləsində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinə uyğun izahat verərək, eləcə də, izah etdi ki, onun barəsində verilmiş qərarla razı deyil və onu tamamilə ədalətsiz və qanunsuz hesab edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin əsaslı olduğundan təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, etirazını məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı iddiası əsassız hesab olunaraq rədd edilməlidir. Əvvəla, qeyd olunan iddia ərizəsində iddiaçının 27 iyul 2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar rəsmi bülletendə olarkən "xxxx" QSC-dən işdən çıxarılması barədə əmrinin verildiyinə dair göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 iyul 2021-ci il tarixdən xitam verilmişdir. Həmin tarixdə də əmr «E.gov.az» portalına yerləşdirilib. "xxxx" QSC dövlət büdcəsindən maliyyələşir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. xx.xx.1953-cü il təvəllüdlü İddiaçı çalışmanın yaş həddi keçməsinə baxmayaraq, onun təqaüd yaşı 3 ildən artıq müddət uzadılmışdır. Beləliklə də, Cəmiyyət ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə qanunverciliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. "xxxx" QSC-nin bütün əməkdaşlarına, o cümlədən İddiaçı hər zaman hörmətlə yanaşılmışdır. Hətta Cəmiyyət tərəfindən İddiaçı Fəxri Veteran vəsiqəsi də təqdim edilmişdir. Bundan başqa, İddiaçı iddia tələbi qeyriqanuni olduğundan, habelə Cəmiyyət tərəfindən mübahisəli əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verildiyi üçün, iddiaçının mənəvi zərərin ödənilməsini tələb etməsi də əsassızdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 26 iyul 2021-ci il tarixli, 270 k/d nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «e» bəndinə əsasən X1 rəis müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə (çalışmanın yaş həddinə çatması ilə əlaqədar) 2021-ci il iyulun 26-dan xitam verilmişdir. İş materiallarında olan 6 saylı şəhər poliklinikasının SN 00007 seriyalı 169615 №-li əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 26.07.21-ci il tarixdən 29 iyul 2021-ci il tarixə qədər xəstə olmuşdur. İş materiallaarında olan 01553 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə İddiaçı Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli Qərarı” ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilmişdir. Belə ki, həmin Qərara əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır: Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; Dövlət mükafatı laureatı olması; 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Lakin dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, iddiaçının xəstəliyi ilə əlaqədar tibbi arayışının olmasına baxmayaraq, iddiaçının həmin vaxt işə getmədiyi üçün qanuni əsaslar olmasına, göstərilən tarixlərdə onun əmək qabliyyətini müvəqqəti itirməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərini kobud şəkildə pozaraq, onunla əmək münasibətlərinə xitam verilməsinə dair əmr verilmiş, beləliklə də, Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuş müddəaların kobud pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qanunveriçilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqaviləsində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, qanunun qeyd olunan normasının tələbinə zidd olaraq mübahisələndirilən qərarlar cavabdeh tərəfindəın işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə verilmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73 və 75-ci maddəlrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi əmək müqaviləsinə xitam verilməsinə dair 270 k/d saylı, 26 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəymiş 5.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 50.000 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi dəymiş 5.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 26 iyul 2021-ci il tarixli 270 k/d saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X1 rəis müavini vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Cavabdeh "xxxx" QSC-dən 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2394/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2394/2021
04.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver