Məhkəmə qərarları › İş №e-2(009)-2417/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2417/2025

19.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2417/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Mövcud fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu ilə Cavabdeh ünvan 1 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və 15 fevral 2005-ci il tarixli 8 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 1 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Bir daha qeyd etmək istəyirəm ki, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra Cavabdeh ünvan 1 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən otaq 175-in otaq 8 kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul edir, ona daimi yaşayış yeri verilmişdir, köçmək üçün müəyyən vaxt tələb olunur. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -15 fevral 2005-ci il tarixli 8 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ünvan 3-i Cavabdeh kirayəyə vermişdir. -Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyasının 04 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Əbilhəsənov X1 xx.xx.2022-ci il tarixli 22 nömrəli protokolu, Hövsan-2 yaşayış kompleksi, bina 39, giriş 1, mərtəbə 7, mənzil 2, otaq sayı 3, yaşayış sahəsi 76.67 kv.m mənzil ilə təmin edilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 15 fevral 2005-ci il tarixli 8 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Cavabdeh kirayəyə vermişdir. Əbilhəsənov X1 xx.xx.2022-ci il tarixli 22 nömrəli protokolu əsasında Hövsan-2 yaşayış kompleksi, bina 39, giriş 1, mərtəbə 7, mənzil 2, otaq sayı 3, yaşayış sahəsi 76.67 kv.m mənzil ilə təmin edilmişdir. (Qüvvədən düşmüş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 103. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. - 105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; (Qüvvədə olan) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri;91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. -102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: -102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; -102.2.2. yaşa görə pensiyaçılar; -102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; -102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Əbilhəsənov X1 xx.xx.2022-ci il tarixli 22 nömrəli protokolu əsasında Hövsan-2 yaşayış kompleksi, bina 39, giriş 1, mərtəbə 7, mənzil 2, otaq sayı 3, yaşayış sahəsi 76.67 kv.m mənzil ilə təmin edilmiş və beləliklə də, onun ünvan 4 ünvanında yerləşən mənzilə ehtiyacı aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 3 ünvanda yerləşən mənzildən çıxmaması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüququnu pozur. Belə ki, iddiaçı tam şəkildə hüquqlarından istifadə edə bilmir və onun bu hüquqdan istifadə imkanı cavabdeh tərəfindən məhdudlaşdırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar