Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2421/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı «xidməti yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı «xidməti yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsindən mənzillə təmin edilmədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarında yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin qeydiyyatının təşkili, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması göstərilmişdir. Həmin Əsasnamənin 1.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X4 Azaddır - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr Ərizəni imzalayan şəxs haqqında məlumat: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Sözügedən Əsasnamənin 4.8-ci maddəsində hərbi qulluqçuların xidməti yaşayış sahəsi almaq üçün təminata qoyulması məqsədi ilə tələb olunan sənədlərin siyahısı qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən özəlləşdirilmiş mənzilin və ya torpaq sahəsinin olub-olmaması barədə arayışın olması mütləqdir. Bakı Qarnizonu mənzil komissiyasının 24 iyun 2014-cü il tarixli iclasında Cavabdeh ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və 27 iyun 2014-cü il tarixli 91 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 3 ünvanında 3 otaqlı xidməti yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olmuşdur. Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olduqdan sonra Cavabdeh ünvan 5 ünvanındakı xidməti yaşayış sahəsini təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırki vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehə məxsus mənzildə məcburi köçkün məskunlaşmışdır. Cavabdeh həmin şəxsin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 may 2015-ci il tarixli Qərarı ilə həmin iddia təmin edilmişdir. Lakin hazırki vaxta kimi həmin məhkəmə qərarı icra edilməmişdir. Bu səbəbdən cavabdeh özünə məxsus mənzildən faktiki olaraq istifadə etmək hüququndan məhrum edilmişdir. Bundan başqa cavabdeh döyüşlər vaxtı yaralanmışdır. Bu hal da cavabdehin xidməti yaşayış sahəsindən çıxarılmasını qadağan edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 27 iyun 2014-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsi Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilənin 5.4.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyində və Mənzil məcəlləsində müəyyən edilmiş digər hallarda müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 16, mənzil 18 xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsi Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 16, mənzil 18 Cavabdeh xüsusi mülkiyyətidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Lakin işdən görünür ki, cavabdehin Bakı şəhərində xüsusi mülkiyyətində mənzili vardır. Belə olan halda kirayəyə verən kimi iddiaçının yaşayış sahəsinin kirayə müqaviləsini ləğv etmək hüququ vardır. Bu hüquq tərəflər arasında bağlanmış müqavilədən başqa eyni zamanda mənzil qanunvericiliyi ilə də təsbit olunur. İddiaçı kirayə müqaviləsinin ləğvi barədə cavabdehə xəbərdarlıq göndərmiş və mənzili təhvil verməsini bildirmişdir. Lakin cavabdeh buna məhəl qoymayaraq hazırki vaxta kimi mənzili təhvil verməmişdir. Halbuki cavabdehin sözügedən mənzilə ehtiyacı artıq aradan qalxmışdır. Bu səbəbdən cavabdeh kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə eyni zamanda cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarının hazırki vaxta kimi icra edilməməsi səbəbindən iddianın əsassız olması ilə bağlı bildirdiyinə münasibətdə qeyd edir ki, məhkəmə aktı dövlətin adından çıxarılır və icrası hamı üçün məcburidir. Cavabdeh bununla bağlı müvafiq icra qurumuna müraciət edib, həmin qərarın icrasını tələb etmək hüququna malikdir. Cavabdehə məxsus mənzildə yerləşən şəxsin həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qərarının icrasının yubanması hazırki iddianın əsassızlığına dəlalət etmir. Belə ki, qanunvericilikdə bu halın cavabdehin xidməti yaşayış sahəsini təhvil verməkdən yayınması üçün əsas ola biləcəyini özündə əks etdirən normaya rast gəlinmir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsindən mənzil ilə təmin edilmədən çıxarılsın. 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2421/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2421/2025
07.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver