Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2453/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, 1001 3422 saylı Xidmət Müqaviləsinin cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi səbəbindən müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən xidmət göstərilməsi üçün ödədiyi 544 (beş yüz qırx dörd) manat və 740 (yeddi yüz qırx) manat olmaqla, cəmi 1284 (min iki yüz səksən dörd) manat pulun, eyni zamanda bu müddət ərzində ona dəyən 500 manat məbləğində maddi ziyanlığın, ümumilikdə, 1784 manat pulun, dövlət rüsumu üçün ödədiyi 35 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 01 avqust 2023-cü il tarixində Xidmət göstərən şəxs kimi Cavabdeh MMC ilə onun arasında 1001 3422 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış müqaviləyə əsasən Şirkət, yəni, Cavabdeh MMC sazişin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən 6 ay müddət ərzində Müştəriyə yəni, ona Polşa Respublikasında iş axtarışı və münasib işlə təmin edilməsini əhatə edən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Bu Müqavilənin şərtlərinə görə (bənd 1.1-1.5) Xidmət göstərən şəxs kimi cavabdeh Şirkət onu Polşa Respublikasında 6 ay ərzində müvafiq bir işlə təmin edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda Xidmət göstərən şəxs olan cavabdeh Xidmət Müqaviləsinin müvafiq bəndlərinə əsasən İşçini işə başlaması üçün lazımi sənədlər və işə rəsmi dəvət məktubu ilə təmin etmək, iş vizasının alınması üçün Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində görüş vaxtını təyin etməyi, iş üçün seçilmiş Polşa şirkəti ilə Müştəri arasında qüvvədə olan Polşa qanunlarına uyğun olaraq iş və əmək haqqının şərtlərini müəyyənləşdirmək üçün işçi ilə müqavilə imzalanmasını təmin etməyi, seçilmiş Polşadakı şirkətə işçilərə iş üçün aylıq maaşlarının verilməsi üçün müvafiq təlimatlar verməyi, seçilmiş Polşadakı şirkətə işçilərin qalmaq üçün yerini müəyyən və təşkil etmək məqsədi ilə müvafiq təlimatlar vermək, seçilmiş Polşadakı şirkətə işçinin Polşada qeydiyyata alınmasını təmin etmək (ZUS, PESEL) üçün müvafiq təlimatlar vermək barədə xidmətləri yüksək səviyyədə təşkil edilməsini öz üzərinə götürmüşdür. Bundan başqa Müqavilənin 5.1.2-ci bəndində isə qeyd edilir ki, “əgər xidmətlərdə vaxt və ya keyfiyyət dəyişiklikləri və ya çatışmamazlıqlar baş verərsə və müəyyən edilmiş vaxtda aradan qaldırılmazsa və ya mühüm dərəcədə olarsa və ya aradan qaldırıla bilməzsə, Müştərinin xidmətlərdən imtina etməsi hüququ vardır. Müqavilənin 6.1-ci bəndində isə qeyd edilir ki, bu Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi halda və ya müvafiq şəkildə yerinə yetirilmədiyi halda, tərəflər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Bildirir ki, xidmət göstərən şəxs kimi Cavabdeh MMC onun Polşa Respublikasında işləməyi üçün lazım olan prosedurların həyata keçirilməsi, sənədləşmə işlərinin tamamlanması üçün lazım olan hərəkətlərin yerinə yetrilməsi öhdəliyini öz üzərinizə götürmüş, aralarında olan razılaşmaya əsasən 6 ay ərzində bu müqavilədə göstərilən xidmətlərin tam yerinə yetiriləcəyi öhdəliyi yaranmışdır. Ona qeyd edilən xidmətlərin göstərilməsi üçün o, şirkətin hesabına 01 avqust 2023-cü il tarixində 544 manat və xx.xx.2023-cü il tarixində isə 740 manat pul köçürmüşdür. Ümumilikdə 1284 manat şirkətin hesabına görüləcək xidmətlər üçün pul köçürmüşdür. Xidmət müaviləsi üzrə o, üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh şirkət müqavilədə qeyd edilən şərtlərin yerinə yetirilməsi öhdəliyini icra etməmişdir. Dəfələrlə telefon əlaqəsi saxlasa da, şirkətin yerləşdiyi yerə gedib müraciət etsə də xidməti müqavilənin şərtləri yerinə yetirilməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirilir, tez bir zamanda bu işin həll ediləcəyinə onu inandırırdılar. O da arxeyin olaraq başqa bir işlə məşğul olmur, bu işi səbirsizliklə gözləmişdir. Lakin, o, Şirkət tərəfindən Polşa Respublikasında işləmək üçün lazım olan heç bir hüquqi hərəkətlərin yerinə yetirilməsini görməmişdir. Ona görə də həm bu Müqavilənin şərtlərinə (5-ci və 6-cı bəndlər), həm də qanunvericiliyə əsasən onun ixtiyarı var ki, bu Müqavilədən imtina edərək ödədiyim pulları və ona dəyən maddi ziyanlığı cavabdehdən tələb etsin. Buna tam olaraq ixtiyarı çatır. Müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəlik icra edilməmiş qalmışdır. Artıq 1 il 3 ay keçməsinə baxmayaraq, Şirkət müqavilənin şərtlərini yerinə yetirmir. Bununla da ona maddi və mənəvi ziyan dəymişdir. Şirkət üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən onun şirkətin hesabına köçürdüyü pulları ona qaytarmalı və eyni zamanda bu neçə müddətdə çəkdiyi maddi ziyanlıq da ona ödənməlidir. Çünki, onun yaşadığı rayondan Bakı şəhərinə 500 km-dir. O, hər dəfə bu işin necə olduğunu bilmək üçün, işin nəticəsini öyrənmək üçün dəfələrlə Bakı şəhərinə getmiş, orada bir neçə gün qalıb bu işlə işin nəticəsini öyrənməyə çalışmışdır. Bütün bunlar da hamısı maddi vəsait hesabına (yol xərci, yemək və qalmaq pulu və s.) başa gəlmişdir ki, bu artıq xərclərin yaranmasının da günahkarı cavabdehdir. Ona görə də cavabdeh ona dəyən maddi ziyanlığı da ödəməlidir. Etirazın dəlilləri: İddiaçı İTAC MMC ilə müqavilə bağlayaraq Polşa Respublikasına bir illik işləmək üçün işçi vizasının alınması üçün İTAC MMC-nin vasitəçi olaraq ona kömək etməsini istəmişdir. Müqavilə üzrə Polşa Respublikasında bir illik işçi vizasının alınması üzrə bütün dövlət və sığorta rüsumlarının özü tərəfindən qarşılanmasını öhdəsinə götürmüş və İTAC MMC vasitəçi olaraq bir illik iş vizasının alınması üçün bütün zəruri sənədləri toplayaraq Polşa Respublikasının Azərbayandakı Səfirliyinin Konsulluq şöbəsinə online qaydada müraciət etmişdir. Konsulluq şöbəsi müraciəti müsbət qəbul etmiş və İddiaçı adını səfirlikdə görüş gününün təyini üçün sistemə daxil etmişdir. Polşa Respublikasının digər ölkələrdə olduğu kimi Azərbaycan Resbublikasından olan namizədlərin konsulluqda görüş gününün təyini püşkatma prinsipi ilə aparılır. Hazırda İddiaçı adı həmin püşkatma sistemində iştirak edir və şəxs hər həftənin bazar ertəsi püşkatmanın nəticələri haqqında Polşa Respublikasının Səfirliyinin Konsulluq şöbəsindən şəxsi email adresinə rəsmi məktub alır. İddiaçı şikayəti püşkatmada onun adının çıxması və görüş gününün təyin olunmasının uzanması ilə bağlıdır. Polşa Respublikasının istər Azərbaycan istər digər dövlətlərdə işçi vizasının verilməsi ilə bağlı prosedurları eynidir və İTAC MMC və ya bir başqa şirkətin bu seçimə müdaxilə etməsi mümkün deyildir. Eyni zamanda püşkatmada namizədin adının çıxmasının gecikə bilməsi barədə İddiaçı öncədən məlumat verilmiş və bunu anladığı ilə bağlı müqavilə və sənədə imza atmışdır. Hazırda İddiaçı bir illik işçi vizasının alınması üçün Azərbaycanda və digər ölkələrdə bütün namizədlərin etdiyi kimi, sadəcə Polşa Respublikasının konsulluq şöbəsində görüş gününün təyin olunması gözləməlidir. İddiaçı iddiaları tamamilə əsassızdır. İddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında səhhətiylə əlaqədar iştirak edə bilməyəcək. İddianı müdafiə edir və iddianı əsaslı sayır. Baxış iclasının onun iştirakı olmadan keçirərək, iddianın təmin edilməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etirazı müdafiə edərək bildirmişdir ki, cavabdeh müqaviləni imzalayandan sonra şirkətə gəlməmişdir. Səfirlik tərəfindən mütəmadi olaraq iddiaçıya görüşlə bağlı email ünvanına məlumat göndərilir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Sübutlar: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1001 3422 saylı xidmət müqaviləsindən görünür ki, şirkət bu sazişin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən müddət ərzində müştəriyə iş axtarışı və münasib işlə təmin edilməsini əhatə edən xidmətləri göstərməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 544 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 38218/2023 saylı əcnəbinin Polşa Respublikasının ərazisində işləməsi üçün təsdiqdən görünür ki, İddiaçı Polşa Respublikası ərazisində iş icazəsi verilmişdir. İş icazəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinədək etibarlıdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, o, öz razılığı əsasında Polşa Respublikasında işləmək üçün Cavabdeh MMC şirkəti ilə bağladığı müqaviləyə əsasən Polşa Respublikasından iş icazəsi gəldikdən sonra ikinci mərhələyə tələb olunan sənədlərin toplanmasını Cavabdeh MMC əməkdaşklarına etibar edir və fərqindədir ki, müraciət etdiyi bir illik iş vizasına imtina ala bilər. İmtina alacağı təqdirdə onun sənədləşmə işlərinin aparılması üçün ödədiyi xidmət haqqı və sığorta rüsumu 740 (yeddi yüz qırx) AZN geri qaytrılmayacaq. Bütün sənədlər Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Konsulluq şöbəsinə təqdim olunduqdan sonra səfirliyin ona görüş vaxtının təyin olunmasının 7 (yeddi) gündən iş icazəsinin bitmə tarixinə qədər uzana biləcəyinin fərqindədir. Bütün sənədlər qanuni şəkildə hazırlanaraq ona təqdim olunub, Cavabdeh MMC-dən hər hansı bir narazılıq və şikayəti yoxdur. Yuxarıda qeyd etdiyi məlumatları və sənədləri xx.xx.2023-cü il tarixində təhvil aldığını imzasıyla təsdiqləyir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 740 manat ödənilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 1001 3422 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən şirkət bu sazişin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən müddət ərzində müştəriyə iş axtarışı və münasib işlə təmin edilməsini əhatə edən xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən şirkət məsuldur: a. İşçini işə başlaması üçün lazımı sənədlər və işə rəsmi dəvət məktubu ilə təmin etmək. b. İş vizasının alınması üçün Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiriliyində görüş vaxtını təyin etsin. c. İş üçün seçilmiş Polşa şirkəti ilə Müştəri arasında qüvvədə olan Polşa qanunlarına uyğun olaraq iş və əmək haqqının şərtlərini müəyyənləşdirmək üçün işçi ilə müqavilə imzalanmasını təmin etmək. d. Seçilmiş Polşadakı şirkət üzərindən işçinin Polşada məcburi olan sosial və tibbi sığorta ilə təmin etmək. e. Seçilmiş Polşadakı şirkətə işçilərə iş üçün aylıq maaşlarını verilməsi üçün müvafiq təlimatlar vermək. f. Seçilmiş Polşadakı şirkətə işçilərin qalmaq üçün yerini müəyyən və təşkil etmək məqsədiylə müvafiq təlimatlar vermək. g. Seçilmiş Polşadakı şirkətə işçinin Polşada qeydiyyata alınmasını təmin etmək (ZUS, PESEL) üçün müvafiq təlimatlar vermək. h. Polşa Respublikası ərazisində Müştərinin iş, məişət həyatı və ümumiyyətlə yaşama müddəti ərzində nəticəsindən asılı olmayaraq baş verə biləcək yüngül və ağıq qəzalara, həyatının itirilməsinə, işçinin səhhətiylə bağlı yarana biləcək problemlərə görə Şirkət heç bir halda cavabdeh deyil və qeyd edilən heç bir arzuolunmayan hallara görə məsuliyyət daşımır. Müqavilənin 5.1.3-cü bəndinə əsasən əgər 6 ay ərzində iş icazəsi şirkət tərəfindən təmin edilməzsə müştərinin sənədləşmə üçün ödədiyi 544 AZN məbləği geri tələb edib almaq hüququ vardır. Yaxud sənədləşmə prosesini davam etdirərək sənədlərin Polşa Respublikasından göndərilməsini gözləyə bilər. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 38218/2023 saylı əcnəbinin Polşa Respublikasının ərazisində işləməsi üçün təsdiqdən görünür ki, İddiaçı Polşa Respublikası ərazisində iş icazəsi verilmişdir. İş icazəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinədək etibarlıdır. Bundan başqa, İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə adlandırılan yazılı qeyddən görünür ki, o, öz razılığı əsasında Polşa Respublikasında işləmək üçün Cavabdeh MMC şirkəti ilə bağladığı müqaviləyə əsasən Polşa Respublikasından iş icazəsi gəldikdən sonra ikinci mərhələyə tələb olunan sənədlərin toplanmasını Cavabdeh MMC əməkdaşklarına etibar edir və fərqindədir ki, müraciət etdiyi bir illik iş vizasına imtina ala bilər. İmtina alacağı təqdirdə onun sənədləşmə işlərinin aparılması üçün ödədiyi xidmət haqqı və sığorta rüsumu 740 (yeddi yüz qırx) AZN geri qaytrılmayacaq. Bütün sənədlər Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Konsulluq şöbəsinə təqdim olunduqdan sonra səfirliyin ona görüş vaxtının təyin olunmasının 7 (yeddi) gündən iş icazəsinin bitmə tarixinə qədər uzana biləcəyinin fərqindədir. Bütün sənədlər qanuni şəkildə hazırlanaraq ona təqdim olunub, Cavabdeh MMC-dən hər hansı bir narazılıq və şikayəti yoxdur. Yuxarıda qeyd etdiyi məlumatları və sənədləri xx.xx.2023-cü il tarixində təhvil aldığını imzasıyla təsdiqləyir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 544 manat, xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 740 manat ödənilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsinə istinad edərək müqavilənin ləğv edilməsini, ödənilən pul vəsaitinin geri qaytarılmasını və dəymiş zərərin ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək şirkətin öhdəliyini tam yerinə yetirdiyini, iş icazəsinin alındığını və müddətinin hələ də bitmədiyini, Səfirliyin işinə müdaxilə edə bilmədiklərini, şirkətin bir illik iş vizasının alınması üçün bütün zəruri sənədləri toplayaraq Polşa Respublikasının Azərbayandakı Səfirliyinin Konsulluq şöbəsinə online qaydada müraciət etməsini, Konsulluq şöbəsinin müraciəti müsbət qəbul etməsini və İddiaçı adını səfirlikdə görüş gününün təyini üçün sistemə daxil etməsini konsulluqda görüş gününün təyininin püşkatma prinsipi ilə aparılmasını və hazırda İddiaçı adının həmin püşkatma sistemində iştirak etməsini və hər həftənin bazar ertəsi püşkatmanın nəticələri haqqında Polşa Respublikasının Səfirliyinin Konsulluq şöbəsindən iddiaçının şəxsi email adresinə rəsmi məktub göndərilməsini göstərmişdir. Məhkəmə iddiaya münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” Həmin Qərarda göstərilən hüquqi mövqenin düzgün tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 600/2023 saylı, xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini formalaşdıran (üç ulduzlu) qərarında göstərilmişdir ki, 41. ... müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. 42. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. 43. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş veribvermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur.” Məhkəmə qeyd edir ki, iddiaçının iddiasını əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamaışdır. Belə ki, o, cavabdeh şirkətin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən müqavilənin ləğv edilməsini iddia etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 38218/2023 saylı əcnəbinin Polşa Respublikasının ərazisində işləməsi üçün təsdiqlə müəyyən edilir ki, İddiaçı Polşa Respublikası ərazisində iş icazəsi verilmişdir. İş icazəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinədək etibarlıdır. Göründüyü kimi cavabdeh öhdəliyini icra edərək iddiaçının adına iş icazəsi alınmış və xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinədək etibarlıdır. Şirkət tərəfindən Səfirliyə iş vizasının verilməsi ilə bağlı görüş təyin edilməsi üçün müraciət edilib. Sadəcə olaraq iş üçün viza alınması gözlənilməlidir ki, bu hal da cavabdeh şirkətin nə səlahiyyətinə aid olan bir məsələ deyil, nə də ki, müqavilə üzrə viza təminatı verilməmişdir. Bundan başqa, İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə adlandırılan yazılı qeyddən də görünür ki, o, öz razılığı əsasında Polşa Respublikasında işləmək üçün Cavabdeh MMC şirkəti ilə bağladığı müqaviləyə əsasən Polşa Respublikasından iş icazəsi gəldikdən sonra ikinci mərhələyə tələb olunan sənədlərin toplanmasını Cavabdeh MMC əməkdaşklarına etibar edir və fərqindədir ki, müraciət etdiyi bir illik iş vizasına imtina ala bilər. İmtina alacağı təqdirdə onun sənədləşmə işlərinin aparılması üçün ödədiyi xidmət haqqı və sığorta rüsumu 740 (yeddi yüz qırx) AZN geri qaytrılmayacaq. Bütün sənədlər Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyin Konsulluq şöbəsinə təqdim olunduqdan sonra səfirliyin ona görüş vaxtının təyin olunmasının 7 (yeddi) gündən iş icazəsinin bitmə tarixinə qədər uzana biləcəyinin fərqindədir. Bütün sənədlər qanuni şəkildə hazırlanaraq ona təqdim olunub, Cavabdeh MMC-dən hər hansı bir narazılıq və şikayəti yoxdur. Yuxarıda qeyd etdiyi məlumatları və sənədləri xx.xx.2023-cü il tarixində təhvil aldığını imzasıyla təsdiqləyir. Belə olan halda, məhkəmə iddianın cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən müqavilənin ləğv edilməsi, 544 (beş yüz qırx dörd) manat və 740 (yeddi yüz qırx) manat olmaqla, cəmi 1284 (min iki yüz səksən dörd) manat pulun geri qaytarılması hissəsində əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. İddianın 500 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim etmədiyindən və törəmə tələb olduğundan həmin hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2453/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2453/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver