Məhkəmə qərarları › İş №e-2(009)-2481/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2481/2021

11.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2481/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cəlb edilməklə Cavabdeh MMC qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC qarşı “05 avqust 2021-ci il tarixli A21-421 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əvvəlki vəzifəyə işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh tərəfindən əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi, hüquqi yardıma görə 1000 manat və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat” ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflərin arasında 05.10.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, əmək münasibətləri mövcud olmuşdur. İddiaçı, cavabdehin Ortopediya-Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya Şöbəsində həkim-resident vəzifəsində fəaliyyət göstərmişdir. Əmək müqaviləsinin bir nüsxəsi ona hələ də təqdim edilməmiş bununla da üzərinə düşən vəzifə öhdəliklərinin siyahısını görə bilməmişdir. Müqavilənin bir nüsxəsinin onda qalmalı olduğunu isə işdən çıxarkən vəkillə söhbət zamanı ona məlum olmuşdur. İşəgötürən müqaviləni ondan gizlətməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Mərkəzi Klinika onun daimi iş yeri sayılmır. Belə ki, o burada həkim-resident kimi Səhiyyə nazirliyi tərəfindən göndərilmiş və rezidenturanı bitirdikdən sonra başqa tibb müəssisəsində çalışmağı planlaşdırır. Son bir il ərzində şöbə ilə müəssisənin rəhbərliyi arasında yaranmış naxoş münasibətlərdən o əziyyət çəkmiş olur. Bu məqsədlə bir neçə dəfə işdən çıxarılacağı ilə bağlı kadrlar şöbəsinin rəhbəri tərəfindən hədələnmişdir. Klinika rəhbərliyi 2019-cu ilin may və iyun aylarında onu rezidentura keçməli olduğu Mərkəzi Klinikadan ayıraraq Port Baku adlanan biznes mərkəzində heç bir ödəniş etmədən işləməyə göndərib. Digər yerdə işləməyi barədə nə müvafiq əmr, nə də təhsil aldığı müəssisənin göstərişi olmamışdır. Səbəbini soruşduqda isə rəhbərliyin göstərişidir deyə kifayətlənmişdilər. Lakin məsələdən şikayət edəcəyini bildirdikdən sonra dərhal onu öz iş yerinə qaytarmışdırlar. Orada 2 ay ərzində işləməyi barədə kitayət qədər şahidlər və faktlar mövcuddur. Cavan olduğu üçün ilk vaxtlar klinika rəhbərliyinin bunu edə bilər deyə düşünürdü lakin vəkillə söhbətdən sonra ona məlum oldu ki, klinika rəhbərliyi özbaşına hərəkət edərək onu məcburi əməyə sövq etmişdir. Bu azmış kimi klinika rəhbərliyinin tapşırığı ilə o əməliyyat otağında olduğu zaman onun telefonunda istifadə edilən “whats app” proqramı tibb bacısı tərəfindən digər cihaza qoşulmuş bununla da onun bütün şəxsi yazışmaları rəhbərlik tərəfindən izlənmişdir. Bu cinayət əməlinin etiraf edilməsi ilə bağlı onda səs yazıları və müvafiq təsdiqləyici smslər mövcuddur. Əmək müqaviləsinə xitam verilməsi barədə A21-421 saylı, 05 avqust 2021ci il tarixli Əmr qanunsuz olaraq verilmiş, belə ki, Əmrdə istinad edilən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin hansı hissəsinə əsasən xitam verildiyi göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab qanunvericiliyə uyğun aparılmamış (ödənişlər 06 avqust və 11 avqust 2021-ci il tarixlərdə gecikmə ilə edilmiş), sənədləri ona təqdim olunmamış və bu günə qədər də əmək kitabçası və şəxsi əşyalarını Klinikadan götürə bilməmişdir. Cavabdeh A21-421 saylı, 05 avqust 2021-ci il tarixli Əmrdə kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın və həmkarlar ittifaqının qərarına istinad etmişdir. Kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın qərarında dörd əsas göstərilir: Həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi, etik-davranış qaydalarını pozması — yazılanların tamamilə yalnış olduğunu bildirərək qeyd etmək istərdim ki, öz vəzifə borcumu lazımı səviyyədə yerinə yetirməyim və etik davaranış qaydalarının yüksək səviyyədə icra etməyi ilə bağlı şöbə rəhbəri (birbaşa rezident rəhbərim) tərəfindən verilən xasiyyətnamədə öz əksini tapmışdır. Onun vəzifə borcunu yerinə yetirməyi ilə bağlı yalnız birbaşa rəhbəri olan şəxs yəni şöbə rəhbəri qərar verə bilər və O müvafiq qərarını xasiyyətnamədə əks etdirmişdir. Komissiya qərarını imza atan şəxslər baş həkimin müavini və personal və ümumi işlər şöbəsinin müdiri onun vəzifə borcunu qiymətləndirən şəxslər deyillər. Təsadüfi deyil ki, onu işdən uzaqlaşdırmaq niyyətində olan bu şəxslər Komissiyanın iclasına birbaşa rəhbəri olan şöbə müdiri Elviz Qasımovu dəvət etməmişlər. İşlədiyi müddət ərzində haqqında dəfələrlə şikayətlərin olması halları (xəstədən xidmət haqqına görə pul alması və qeydiyyatdan keçirilməsi barədə ittihamların olması) — şöbə ilə ədavətə başlayarkən personal və ümumi işlər şöbəsinin müdiri Nikbin Yusifov tərəfimizdən müalicə olunmuş şəxslərə dəfələrlə “Ceyhundan bir şikayət yaz” deyə xəstələrə müraciət etmişdir. Şübhəsiz xəstələr bu barədə məlumatı ona vermiş və onlar heç bir ərizə yazmadıqlarını ona bildirmişlər. Xəstədən xidmət haqqına görə pul alması və qeydiyyatdan keçirilməsi barədə ittihamların olması onun bu cür əməli etməyi anlamına gəlmir. Bildirmək istərdi ki, ittihama görə işdən çıxarılma halı qanunvericilikdə mövcud olsa idi, ilk növbədə Klinika rəhbərliyindəki bəzi adamlar işdən qovulmalı idi. Dəfələrlə müvafiq tədbirlərin görülməsi (qüvvədə olma müddəti bitsədə bir neçə dəfə xəbərdarlıq edilməsi, bir neçə dəfə sonuncu xəbərdarlıqla edilməklə şiddətli töhmətin verilməsi) - bildirmək istəyir ki, ona heç vaxt şiddətli töhmət və ya töhmət verilməyib, əgər ona töhmət verilibsə onda AR Əmək Məcəlləsinin 189-cu maddəsinin 3 bəndində deyilir ki, İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. O indiyə qədər heç bir əmrlə tanış edilməmişdir və bu barədə heç bir yerə imza atmamışdır. Göründüyü kimi bu ağ yalandır. 17.07.2021 -ci il tarixdə iş günü olmasına baxmayaraq rəsmi icazə almadan işə gəlməməsi - yazılanla bağlı demək istərdi ki, Klinika rəhbərliyi onun işə gəlməyindən bu günə qədər xəbər tutmamağı doğurdan da acınacaqlı haldı. Belə ki, müşahidə kameraları mövcuddur. Kameralar vasitəsilə asanlıqla müəyyən etmək olar ki, o saat 09:00 dan işdə olmuşdur. Üstəlik onun işdə olmağını onun şöbə rəisi və şöbənin digər əməkdaşları təsdiq edə bilər. Klinika rəhbərliyinin növbəti yalanı göz qabağındadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bundan başqa həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 80.1- maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsində göstərilir ki, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 299-cu maddəsində deyilir ki, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Həmin Məcəllənin 300.1 -ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh etiraz ərizəsi vermiş və ərizəni belə əsaslandırmışdır ki, iddia tam əsassızdır və təmin olunmamalıdır. Beləki, iddia ərizəsində faktiki olaraq əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olan halları deyil maddi hüquq normalarının pozulmasını əsas gətirir. Eyni zamanda iddiaçı faktiki olaraq etdiyi qanun pozuntularını etik davaranış qaydalarını pozması, əmək intizamına riayət etməməsi, kənar şəxslərdən pul alması, müəssisədən kənarda tibbi xidmət göstərməsi haqda günahlandırılması barədə özü açıqlama verir. Bildirmək istəyirik ki, iddia ərizəsində yazdığı və özünü müdafiə məqsədi ilə inkar etdiyi hallar mövcuddur və hər biri barədə konkret izahatlar məhkəməyə təqdim ediləcəkdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək intizamına və müssədaxili intizam qaydalarına riayət etməsi, nə şəxsən özü nə də başqa şəxslərlə birlikdə digər tibbi müəssəsində fəaliyyət göstərməməsi, rəhbərliyin razılığı olmadan xəstəxanadan kənarda tibbi xidmət göstərməməsi, iş yoldaşlarının qanuni mənafelərini və əmək hüquqlarını pozması öz əksini tapmışdır və şəxsən özü tərəfindən imzalanmışdır. Əmək müqaviləsinin bir nüsxəsinin ona təqdim olunmaması isə absurddur. Eyni zamnda iddiaçının özü tərəfindən imzalanmış iltizama əsasən Xəsətlərdən və xəstə yaxınlarından pul tələb edilməsi,icazəsiz olaraq xəstələrə xəstəxana xaricində xidmət göstərilməsi üzürsüz şəbədən növbəyə və çağrışa gəlməməsi halında Azərbaycan Resublikası Əmək məcəlləsinin 70 ci maddəsinin “ç" bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə qeyd şərtsiz razılığını bildirmişdir. İddiaçı “Mərkəzi Klinika" MMC- də işlədiyi müddət ərzində əmək qannvericiliyini, əmək müqaviləsi ilə üzərinə götürdüyü fünksiyaları dəfələrlə kobud şəkildə pozmuş xəsətlərdən pul almış, iş yoldaşlarını təhqir etmiş, əmək funksiyasını yerinə yetirməmiş, icazəsiz kənarda tibbi xidmət göstərmiş, üzürsüz səbəbdən işə gəlməmişdir. Bu hallar isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsasdır. 02.02.2019-cu il tarixində Müəssədən kənarda xəstəyə tibbi xidmət göstərib və buna görə 3 dəfə olmaqla hərəsindən 50 manat pul alıb. Yazdığı izahat və xahiş rəhbərlik tərfindən nəzərə alınıb. (izahat əlavə olunur) 18.06.2020-ci il tarixində növbəti rəhbərliyin icazəsi olmadan tərk etmiş və digər rezidentdən onu əvəz etməsini xahiş etmişdir. Rəsmi növbə dəyişikliyi formasını pozaraq müəssədaxili intizamı pozmuşdur. 13.11.2020-ci il tarixində müəssisə, daxili geyim qaydalarını pozmuşdur. (izahatı əlavə olunur. 04.05.2021-ci il tarixində kənar şəxslərin və əməkdaşların yanında tibb bacısı Yeganə Cəfərovanı təhqir etmişdir. (izahatlar əlavə olunur) 17.07.2021-ci il tarixində üzürlü səbəb olmadan işə gəlməmişdir. Həmin gün üçün Ağcəbədi rayonunda yerləşən Şəfa tibbi mərkəzində xəstələri qəbul edəcəyi haqqında elan yerləşdirmişdir. (elan əlavə olunur) İşdə olmadığına görə ona zəng edilmiş və işə gəlməli olduğu bildirilmişdir. Buna bamayaraq o toya getdiyini bildirərək telefonu söndürmüşdür. 4 gün iş günü olmadığı üçün işə gəlmədiyinə görə izahat yazması tələb olunduqda izahat yazmaqdan imtina etmişdir. Artıq bu halın özü 70 ci maddənin ç bəndinin tətbiq edilməsi üçün əsasdır. Eyni zamanda bildirilir ki, ortoped travmotoloq olmadığı halda bu adla xəstə qəbul edilməsi barədə elan verməsi artıq hüquqpozuntusudur və bu birinci hal deyil beləki daha əvvəl özünü X7 kimi təqdim edərək X1 5 mart xəstə qəbul edəcəyi barədə elan vermişdir. (izahat və elanların surəti əlavə edilir.) 13.06.2021-ci il tarixində artıq həkim rezident kimi bir başa əmək funksiyasını icra etməmiş, xəstəyə qulluğu lazımı səviyyədə yerinə yetirməmiş, xəstə və xəstə yaxınları ilə kobud rəftar etmiş, sonra isə xəstəyə qulluqdan ümumiyyətlə imtina etmişdir. Artıq dəfələrlə təkrarlanan qayda pozuntuları, sonunda onunla əmək müqaviləsinin müvafiq maddəsi ilə xitam verilməsinə səbəb olmuşdur. İddiaçı tərəfindən mütəmadi olaraq əmək intizamının pozulması, etik davranış qaydalarının pozulması, həkim kimi əmək funksiyasının yerinə yetirilməməsi nəticəsində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam düzgündür və qanuna uyğundur. İddiaçı maddi hüquq normalarına riayət edilmədən əmək müqaviləsinə xitam verilməsi barədə iddiaları isə onun öz günahını bilməsi və bu müddəalara əsasən bəlkə iddianın təmin edilməsi ümidi kimi başa düşülməlidir. Bu iddialarda tam əsassızdır və işçi qanunvericiliyin tələblərinə əməl edilməklə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 71 maddəyə əsasən isə 70-ci maddənin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi işəgötürən tərəfindən bütün hüquqi proseduraya riayət edilmiş, Həmkarlar İttifaqı komitəsinin razılığı alınmış və iclasın vaxtı və yeri barədə iddiaçıya məlumat verilmişdir ( bilidrişin surəi əlavə edilir) lakin o iştrak etməmişdir. Eyni zamanda bir neçə qanun pozuntusuna yol verdiyi halada qanunvericiliyin müddəalarına uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə bir əsasla xitam verilmişdir. İşdən azad edilməsi ilə bağlı Kadr əmrinin düzgün tərtib edilmədiyi barədə iddia isə tam absurddur. Beləki kadr əmrində Əsas kimi Kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın qərarı göstərilmişdir və həmin qərarda əmək müqaviləsinə xitam verilməsinin əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, bildirmişdir ki, dəfələrlə Ceyhun Topçubaşovla görüşmək istəsə də Ceyhun Topçubaşov onu heç bir zaman qəbul etməmiş, mühafizə tərəfindən çölə çıxarılmışdır. Bütün müraciətlərinə aqressiv cavab verilmiş, kadrlar şöbəsindəki Nikbin bəyə zəng etdikdə onu təhqir etmişdir. Mart ayından bəri rotasiya üçün dəfələrlə müraciət etsə də, nəzərə alınmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iddiaçı ona qarşı olan qərəzli yanaşmaya görə əmək müqaviləsinə xitam verilmədən öncə 4 dəfə rotasiya üçün müraciət etmişdir. Mərkəzi Klinikanın məqsədi rezidenturanı ləğv etməkdir. Əgər işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə işdən azad olunursa bu zaman əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə həmin bənddə göstərilənlər ətraflı şəkildə öz əksini tapmalıdır. Onun necə yaxşı həkim olması barədə kurator tərəfindən verilmiş xasiyyətnamə var. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsində belə İddiaçı imzası yoxdur. İşdən azad olunsa da, əmək kitabçası bu günədək verilməyib. Bu mübahisə barədə Əmək Müfəttişliyinə müraciət olunub və Cavabdeh MMC barəsində protokol tərtib olunub. İddiaçı barədə xəstə və xəstə yaxınları tərəfindən şikayət oluna bilər, amma bu təmin olunması demək deyil. Yəni bunlar xitam üçün əsas deyil. Dəfələrlə sonuncu xəbərdarlıq olunmaq kimi bir anlayış yoxdur. Ofelya xanımın şikayətinin üzərindən bir ay keçib, mübahisə etməyə belə dəyməz. İşə gəlməmək mövzusunda isə Ceyhun həmin gün işə gəlib, bunu müşahidə kameralarından görmək mümkündür. O, şöbə rəhbərindən icazə alıb və toya gedib. Əgər əsas iş yerində olan iş saatları ilə əlavə iş yerində olan iş saatları üst-üstə düşərsə, bu zaman rəhbərlikdən icazə alınmalıdır. Ceyhun əməliyyatda olan zaman onun telefonu götürülüb, “Whatsapp” sosial şəbəkəsində olan yazışmalar komputer vasitəsilə əldə olunub. Bunu edən tibb işçisi dərhal həmin gün işdən çıxarılıb. Bu barədə Baş Prokurorluğa müraciət olunub və hazırda araşdırılır. 4 il rezidentura oxuyan bir gəncin gələcəyi məhv edilməməli, onun son 1 il təhsil alması üçün şərait yaradılmalıdır. Bütün göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddia ərizəsində faktiki olaraq əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olan hallar deyil, maddi hüquq normalarının pozulması əsas göstərilmişdir. İddiaçının faktiki olaraq etdiyi qanun pozuntuları, inkar etdiyi hallar mövcuddur və hər biri barədə konkret izahatlar məhkəməyə təqdim etmişlər. İddiaçı özü tərəfindən imzalanmış iltizama əsasən xəstə və xəstə yaxınlarından pul tələb edilməsi, icazəsiz olaraq xəstələrə xəstəxana xaricində xidmət göstərilməsi, üzürsüz səbəbdən növbəyə və çağırışa gəlməməsi halında Azərbaycan Resublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç" bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə qeyd şərtsiz razılığını bildirmişdir. İddiaçı işlədiyi müddət ərzində əmək qanunvericiliyini, əmək müqaviləsi ilə üzərinə götürdüyü funksiyaları dəfələrlə kobud şəkildə pozmuş, xəstələrdən pul almış, iş yoldaşlarını təhqir etmiş, əmək funksiyasını yerinə yetirməmiş, icazəsiz kənarda tibbi xidmət göstərmiş, üzrsüz səbəbdən işə gəlməmişdir. Bu hallar isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsasdır. İddiaçının özü, xəstə və xəstə yaxınları tərəfindən yazılan izahat, şikayət və ərizələrdə göstərilən bütün hallar öz əksini tapmışdır. İddiaçı travmatoloq olmadığı halda xəstə qəbul edilməsi barədə, özünü X7 kimi təqdim edərək X1 xəstə qəbul edəcəyi barədə elan vermişdir. İşəgötürən tərəfindən hüquqi prosedura riayət edilmiş, Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmış, iddiaçıya məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsasları konkret olaraq göstərilmişdir. Odur ki, etiraz ərizəsində göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, iddiaçı təhsil hüququnu həyata keçirdiyi anda işdən çıxarılıb. Mübahisənin barışıq yolu ilə həllinin daha məqsədəuyğun olduğunu heab edir. Belə ki, işə xitam verilməsi barədə əmr klinika tərəfindən ləğv olunur, iddiaçı digər klinikaya rotasiya olunması barədə müraciət edir, klinika da müvafiq olaraq Səhiyyə Nazirliyinə müraciət edir və iddiaçı digər tibb müəssisəsinə keçirilərək təhsilini davam etdirir. Mübahisənin bu formada həlli hər iki tərəfin maraqlarına uyğundur. Məhkəmə proses iştirakçılarını izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 2017/235 saylı 05.10.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı əmək haqqı 165 manat olmaqla həmin MMC-nin həkim-rezident peşəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi (təhsil müddəti) 05.10.2020-ci il tarixdən 01.10.2022-ci il tarixədək 5 il müddətinə bağlanmışdır. İddiaçı Muştalı tərəfindən imza olunmamışdır. İş materiallarında olan Cavabdeh MMC baş direktoru Həsən Qəndilov tərəfindən imzalanmış 05.08.2021-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ləğv edilmişdir. Əsas kimi kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın qərarı, İşəgötürənin Təqdimatı və Həmkarlar İttifaqı Komitəsinin 03.08.2021-ci il tarixli qərarından çıxarış olmuşdur. Lakin əmr əsaslandırılmayıb. İş materiallarında olan Həmkar İttifaqı Komitəsinin 03.08.2021-ci il tarixli qərarından çıxarışdan görünür ki, kadr məsələlərinin tənzimlənməsi üzrə Komissiyanın 23.07.2021-ci il tarixli, KK-21-055(3) saylı qərarı Əmək Məcəlləsinin tələblərinə uyğun olduğu üçün İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi barədə əmr verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Kadr məsələlərinin tənzimlənməsi üzrə Komissiyanın 23.07.2021-ci il tarixli, KK-21-055(3) saylı protokolundan görünür ki, Həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi, etik-davranış qaydalarını pozması. Sənədlər həkim laborant Ofelya Hümbətovanın şikayət ərizəsi və rəhbərliyin dərkənarı, Həkim-rezident İddiaçı izahatı. Personal və ümumi işlər şöbəsinin müdiri Nikbin Yusifov çıxış edərək bildirdi ki, həkim-laborant Ofelya Hümbətova tərəfindən həkimrezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi barəsində rəhbərliyə şikayət ərizəsi daxil olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, 13.06.2021-ci il tarixində Dr. C. Vahidli əməliyyatı planlaşdırılan xəstəyə lazımi səviyyədə qulluq həyata keçirməmişdir (vaxtında əməliyyatxanaya bildirməmiş, növbəyə daxil etməmiş, xəstə yaxınları ilə kobud davranış nümayiş etdirmiş və xəstəyə qulluqdan imtina etmişdir). Eyni zamanda məqsədyönlü şəkildə xəstənin xidmətinin ləngiməsinə şərait yaratmışdır, Eyni zamanda 17.07.2021 -ci il tarixi rəsmi iş günü elan edilsə də və bu barədə Dr. C. Vahidli məlumatlandırılsa da həmin gün heç bir rəsmi icazə almamış və işə gəlməmişdir. Bundan əlavə qeyd etmək istəyirik ki, Dr. C. Vahidli barəsində Rəhbərliyə dəfələrlə şikayətlər daxil olduğuna görə, belə ki, müəssisədaxili prosedur, subordinasiya və etik-davranış qaydalarının pozulması, sənədləşmə qaydalarına, geyim qaydalanna əməl etməməsi hallarına yol verdiyinə görə dəfələrlə barəsində müvafiq tədbirlər görülmüş, hətta haqqında xəstədən xidmət haqqına görə pul alması və qeydiyyatdan keçirməməsi ilə bağlı ittihamlar da irəli sürülmüşdür. Bununla belə o, öz vəzifə səlahiyyətini pozaraq rayon xəstəxanasında xəstə qəbuluna cəhd göstərmiş, bu isə Mərkəzi Klinika tərəfindən vaxtında aşkarlanmış, tədbirlər görülmüş və bundan sonra bu hala yol verməkdən çəkinmişdir. Lakin qeyd olunan digər məsələlərlə bağlı görülmüş intizam tədbirlərindən heç bir nəticə çıxarmamış, əksinə bu hallar daha da artmışdır. Hesab edir ki, Dr. C. Vahidli tərəfindən xəstəyə lazımi səviyyədə qulluq həyata keçirilməməsi, xəstəyə qulluqdan imtina etməsi halı onun öz vəzifə borcunun lazımı səviyyədə yerinə yetirilməməsi halı kimi, xəstə yaxınları ilə kobud davranış nümayiş etdirməsi halı isə etikdavranış qaydalarının pozulması halı kimi qiymətləndirilməli, eyni zamanda işlədiyi müddət ərzində qüvvədə olma müddətləri bitsə də bir neçə dəfə xəbərdarlıq edilməsinə və bir neçə dəfə sonuncu xəbərdadlıq edilməklə şiddətli töhmət verilməsinə baxmayaraq görülmüş tədbirlərdən heç bir nəticə çıxartmamasını nəzərə alınaraq haqqında ciddi tədbir görülməsi məqsədəuyğundur. Digər çıxış edənlər də şöbə müdirinin rəyi ilə razı olduqlarını bildirdilər. İş materiallarında olan 26.02.2019-cu il tarixli A19-144 nömrəli əmrdən görünür ki, həkim-rezident İddiaçı xəstəxanadaxili qaydaları pozmasına görə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. İş materiallarında olan 24.06.2020-ci il tarixli, A-20-341 nömrəli əmrdən görünür ki, həkim-rezident İddiaçı və həkim-rezident Fərid Əbilova müəssisədaxili qaydaları pozduqlarına görə yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 68ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. İntizam məsuliyyətinin növlərini nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə görə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehinin növlərindən biri və ən ağırıdır. Məhkəmə ilk öncə qeyd edir ki, əmr əsaslandırılmayıb. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu hal kifayətdir ki, əmr ləğv edilsin. Məhkəmə əmək mübahisəsini həll edərkən qəbul etdiyi qətnamədə əmək müqaviləsinin ləğvini işəgötürənin əvəzinə əsaslandırmalı deyil. Bunu işəgötürən əmrdə əsaslandırmalı, məhkəmə isə əsaslandırmanın düzgün olub-olmadığını yoxlamalıdır. Hazırkı əmrdə əsaslandırma olmadığına görə əsaslandırmanın düzgünlüyünü yoxlamaq mümkün deyil. Ona görə də hesab olunur ki, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş əsas olmayıb. Həmçinin məhkəmə hesab edir ki, 23.07.2021-ci il tarixdə birtərəfli akt tətrib edilən zaman Həmkarlar İttifaqı Komitəsi pozuntunu görmüş lakin pozuntuların aradan qaldırılması üçün heç bir hərəkət etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 80.1- maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsində göstərilir ki, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmkarlar İttifaqı haqqında Qanunun 12-ci maddəsinə əsasən Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur. Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Kadr məsələlərinin tənzimlənməsi üzrə Komissiyanın 23.07.2021-ci il tarixli, KK-21-055(3) saylı protokolundan görünür ki, həkim-laborant Ofelya Hümbətova tərəfindən həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi barəsində rəhbərliyə şikayət ərizəsinin araşdırılma nəticəsində məlum olmuşdur ki, 13.06.2021-ci il tarixində Dr. C. Vahidli əməliyyatı planlaşdırılan xəstəyə lazımi səviyyədə qulluq həyata keçirməmişdir (vaxtında əməliyyatxanaya bildirməmiş, növbəyə daxil etməmiş, xəstə yaxınları ilə kobud davranış nümayiş etdirmiş və xəstəyə qulluqdan imtina etmişdir). Eyni zamanda məqsədyönlü şəkildə xəstənin xidmətinin ləngiməsinə şərait yaratmışdır. 26.02.2019-cu il tarixli A19-144 və 24.06.2020-ci il tarixli, A-20-341 əmrlərlə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəllənin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh MMC 05.08.2021-ci il tarixli A21-421 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC həkim-rezident vəzifəsinə bərpa edilməlidir. İddiaçı onun iradəsinə zidd əmək müqaviləsinə xitam verilməsi nəticəsində əsəb, stres, sarsıntı, iztirab keçirtdiyindən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi 300 manat hissəsində təmin olunmalı qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq işdən azad etməsi öz təsdiqini tapdığından iddiaçı əmək haqqı almaqdan məhrum olmaqla ona ziyan dəymişdir. Məhkəmə hesab edir ki, 300 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı çəkdiyi xərclərlə bağlı hər hansı sübut təqdim edə bilmədiyi üçün məhkəmə MPM-nin 121.1-ci maddəsinə əsasən iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən çəkilən xərcin məbləği 500 manat müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC 05.08.2021-ci il tarixli A21-421 nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC həkimrezident vəzifəsinə bərpa edilsin. Cavabdeh tərəfindən əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlər edilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat pul vəsaiti Cavabdeh MMC tutularaq iddiaçıya ödənilsin. Mənəvi ziyanın əvəzi kimi 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar