Məhkəmə qərarları › İş №e-2(009)-264/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-264/2023

27.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-264/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb olunmaqla) cavabdeh Awais Muhammada qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Awais Muhammada qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Awais Muhammad arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixdə fiziki şəxs Awais Muhammad ilə gözəllik salonunda saç ustası kimi xidmət göstərmək üçün müqavilə bağlamışdır. Onlar heç bir fəaliyyət göstərməmişlər və daha sonra Awais Muhammadin ölkəni tərk etdiyini bilmişdir. Bütün bunlardan sonra onun səhhətində çətinliklər yarandığı üçün müalicə olmuş, xx.xx.2019-cu il tarixdə Hacıqabul rayonu PHŞKP şöbəsində dispanser qeydiyyata alınmışdır. Hal-hazırda onunla Awais Muhammad arasında bağlanan əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinə müraciət etmişdir. Lakin bir nəticə əldə edə bilməmişdir. X3 artıq fəaliyyətini dayandırıb. Məhkəməyə müraciət etməklə məqsədi Awais Muhammad ilə olan xx.xx.2017-ci il tarixli müddətsiz əmək müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Awais Muhammada və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 məktubdan görünür ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün ilk növbədə işəgötürənə, sözügedən bildiriş işəgötürən tərəfindən daxil edilmədiyi halda aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətə həvalə edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Vəkillər Kollegiyasına Şirvan Regional vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/1710 nömrəli məktubdan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü Awais Muhammad sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1972-ci ildə Sabirabad rayonu, Padar qəsəbəsində anadan olmuş, Hacıqabul rayonu, Padar qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2017ci il tarixdə fiziki şəxs Awais Muhammad ilə müddətsiz əmək müqaviləsi bağlamışdır. İş materiallarında olan X1 Publik Hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin 564 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixdən X1 Publik Hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin nevroloji kabinetində “Ştrumpel xəstəliyi. Aşağı paroplegiya” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Awais Muhammad arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “saç ustası” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Awais Muhammad öz fəaliyyətini dayandırmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X2 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X2 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Awais Muhammad arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Awais Muhammad arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar