Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-270/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri 28 saylı notariat ofisi işə cəlb olunmaqla) Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qanuni vərəsə qismində miras əmlak olan ünvan 1 ünvanda yerləşən mənzildə olan bərabər pay hüququnu kobud şəkildə pozmaqla həmin miras əmlakın tam şəkildə cavabdeh Quliyeva (Rəhimova) Sona Kərim qızı tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilməsi barədə 2 saylı notariat ofisinin tərtib etdiyi sənədlərin və buna uyğun daşınmaz əmlakın dövlət reyestr xidmətindəki qeydiyyat yazısının (134inv 22456 nömrəli) etibarsız hesab edildməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı notariat ofisində açılmış 2V-49 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli vərəsəlik işinin materiallarından məlum olmuşdur ki, 15 iyun 2013-cü il tarixdə vəfat etmiş X5 vərəsələrindən biri olan Quliyeva (Rəhimova) Sona Kərim qızı həmin notariat ofisinə ərizə ilə müracəit edərək miras əmlak olan, ünvan 1 ünvanında yerləşən mənzili qəbul etməsini xahiş etmişdir. 2 saylı notariat ofisində yuxarıda qeyd edilən miras əmlakın qəbul edilməsi zamanı mərhumun başqa vərəsələrinin olubolmaması müəyyən edilməmişdir və bu səbəbdən mərhumun digər vərəsəsi olan İddiaçı miras əmlakdan ona çatası bərabər paydan qanunsuz məhrum edilmişdir. 2 saylı notariat ofisi ləvğ edildiyindən orada aparılan notariat hərəkətlərinə dair tərtib edilən sənədlər, o, cümlədən mübahisəli miras əmlak barəsində olan sənədlər Bakı şəhəri 28 saylı notariat ofisinə təhvil verilmişdir. İddiaçı nümayəndəsinin Bakı şəhəri 28 saylı notariat ofisinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinə ünvanladığı vəkil sorğusuna cavab olaraq notariat ofisindən vərəsəlik işinin açılmasına dair materialın təsdiq edilmiş surəti və Ədliyyə Nazirliyindən məktub təqdim edilmişdir. 28 saylı notariat ofisindən yuxarıda qeyd edilən mübahisəli miras əmlakla bağlı təqdim edilən vərəsəlik işinin açılması materialının təsdiq edilmiş surətindən məlum olmuşdur ki, 15 iyun 2013-cü il tarixdə vəfat etmiş X5 vərəsələrindən biri olan Quliyeva (Rəhimova ) Sona Kərim qızı 2 saylı notariat ofisinə ərizə ilə müracəit edərək miras əmlak olan ünvan 1 ünvanındakı yerləşən mənzili qəbul etmişdir və ona müvafiq vərəsəlik şəhadətnaməsi təqdim edilmişdir. 28 saylı notariat ofisindən cavabdehə təqdim edilmiş vərəsəlik şəhadətnaməsi əsasında miras əmlak olan qeyd edilən mənzil və onun üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 134inv reyestr kitabının 22456 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətindən vəkil sorğusuna cavab məktubunda bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində 2 saylı Notariat ofisində X5 əmlakına dair xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılsa da, onun əmlakının qəbul edilməsinə dair vərəsələri tərəfindən notariat ofisinə hər hansı ərizə ünvanlanmamışdır. Bildirir ki, X1 ona məxsus olan daşınar və daşınmaz əmlakın vəsiyyət edilməsi barədə notarial qaydada vəsiyyətnamə tərtib etməmişdir. Beləliklə, məlum olur ki, 2 saylı Notariat ofisində mübahisəli miras əmlak barəsində açılmış vərəsəlik işinə dair sənədlər (mirasın qəbulu barədə ərizə, vərəsəlik şəhadətnaməsi) və daşınmaz əmlakın dövlət reyestr xidmətindəki qeydiyyat yazısı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması (Ədliyyə Nazirliyindən təqdim edilən rəsmi məlumatla üst-üstə düşməməsi) nəticəsində əldə edildiyi üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir. 11 yanvar 2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri 2 saylı notariat ofisində Cavabdeh adına tərtib edilmiş 2V- 49 nömrəli, xx.xx.2019-cu il tarixli Vərəsəlik Şəhadətnaməsinin qanunsuz olduğuna görə etibarsız sayılması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı və onun nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini müdafəi edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehə, onun nümayəndə və vəkilinə, üçüncü şəxs Bakı şəhəri 28 saylı notariat ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, 3-cü şəxsin nümayəndəsi məhkəmyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X5 əmlakına dair xx.xx.2017-ci il tarixdə 2 saylı Notariat ofisində vərəsəlik işi açılsa da, onun əmlakının qəbul edilməsinə dair vərəsələri tərəfindən notariat ofisinə hər hansı ərizə ünvanlanmamışdır. İş materiallarında olan xx.xx.1996-cı il tarixli, 30/1598 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yubiley döngəsi, 21 saylı evin, 1 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur. İş materiallarında olan AZ-İ 622546 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 iyun 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında qeydiyyat kitabında 2013 ilin iyul ayının 05 günündə 328 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 2 saylı notariat kontorunun Cavabdeh ünvanlanmış 287 saylı, xx.xx.2017-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qohumluğu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı göstərilmədiyi üçün) təqdim etmədiyi üçün ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək ümükün deyildir. Göstərilənlərə əsasən məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4231/17 nömrəli qətnaməsindən görünür ki, ərizəçi Cavabdeh qohumluq münasibətlərinin müəyyən olunması tələbi üzrə ərizəsi təmin edilmiş və Quliyeva (Rəhimova) Sona Kərim qızının atası 1930-cu il təvəllüdlü X8 olmasının hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 17 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2013cü il tarixdə ölmüş X8 vərəsəsi qızı Cavabdeh - ünvan 1 miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan AZE 02158065 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, 21 saylı evin ümumi sahəsi 41,9 kv.m. olan 1 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-1266/24 nömrəli cavab məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müraciətdə qeyd edilən şəxsin adına xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat ofisində vərəsəlik işinin açılması müəyyən edilmiş, lakin miras əmlaka dair hər hansı vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstutusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı X4 mirasın qəbulundan imtinasına dair notariat qaydada təsdiq edilmiş ərizəsi yoxdur. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273- 1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, notariat orqanı iddiaçnın vərəsəliyə çağırılması istiqamətində heç bir tədbir görməmiş, miras qalmış əmlaka dair tam hissədə vərəsə kimi Cavabdeh tanımaqla iddiaçının vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan ona düşən payı açıq saxlamamaqla, tam vərəsə kimi bütün əmlak payını Cavabdeh verməklə miras əmlakdan bərabər pay almaqdan iddiaçını məhrum etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 2 saylı notariat ofisinin notariusu tərəfindən cavabdeh X2 adına verilmiş 17 mart 2018-ci il tarixli 2V-49 reyestr No-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və ondan irəli gələk bütün hüquqi nəticələr ləğv edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 2 saylı notariat ofisinin notariusu tərəfindən cavabdeh X2 adına verilmiş 17 mart 2018-ci il tarixli 2V-49 reyestr No-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və ondan irəli gələk bütün hüquqi nəticələr ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-270/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-270/2024
04.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver