Məhkəmə qərarları › İş №e-2(009)-2706/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2706/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2706/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətçi tərəfindən ödənilmiş cərimə məbləğinin icarə müqaviləsi və etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edən sürücüdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətçi tərəfindən ödənilmiş cərimə məbləğinin icarə müqaviləsi və etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edən sürücüdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə sürücü Cavabdeh avtoservisə müraciət edərək bildirmişdir ki, avtomobil onun istifadəsində olarkən çoxsaylı cərimələr toplanmış və bu səbəbdən nəqliyyat vasitəsi X5 tərəfindən mühafizə olunan duracağa yerləşdirilmişdir. Servis əməkdaşları və mülkiyyətçi həmin duracağa gələrək tələb olunan cərimələri ödəyərək avtomobili duracaqdan çıxarmış və servisə gətirmişdir. Avtomobil servisə gətirildikdən sonra, ümumi texniki baxış keçirilmiş və hər hansı nasazlıq aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin təhvil alınması, texniki baxışın keçirilməsi və tətbiq edilmiş cərimələr barədə akt tərtib edilmişdir. Cərimə protokolları və ödəniş qəbzləri də akta əlavə edilmişdir. Lakin cərimələr barədə xəbərdar olan sürücü Cavabdeh cərimələri ödəməkdən imtina etmiş və akt imzalamamışdır. Ümumilikdə mülkiyyətçi tərəfindən 1780 manat məbləğində cərimələr ödənilmişdir. Ödənilmiş cərimələr aşağıdakıları kimidir: 1.Sürücü xx.xx.2024-cü il msaat 07.52 radələrində Bakı-Qazax yolunun Bakı istiqamətinin 191ci kilometrdə AR İXM-nin 332.3-cü maddəsini pozduğuna görə, nəqliyyat vasitəsinə EQ23051144 nömrəli protokola əsasən 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimə xx.xx.2024-cü il tarixdə mülkiyyətçi tərəfindən 400 manat məbləğində ödənilmişdir. 2.Sürücü xx.xx.2024-cü il saat 13.03. radələrində Bakı-Qazax yolunun Qazax istiqamətinin 262.2-ci kilometrində AR İXM-nin 332.3-cü maddəsini pozduğuna görə nəqliyyat vasitəsinə EQ23057669 nömrəli protokola əsasən 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimə xx.xx.2024-cü il tarixdə mülkiyyətçi tərəfindən 428 manat məbləğində ödənilmişdir. 3.Sürücü xx.xx.2024-cü il saat 19.07 radələrində Bakı-Qazax yolunun Bakı istiqamətinin 124.5ci kilometrində AR İXM-nin 332.3-cü maddəsini pozduğuna görə, nəqliyyat vasitəsinə EQ23179715 nömrəli protokola əsasən 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimə xx.xx.2024-cü il tarixdə mülkiyyətçi tərəfindən 448 manat məbləğində ödənilmişdir. 4.Sürücü xx.xx.2024-cü il saat 20.28 radələrində Bakı-Qazax yolunun Bakı istiqamətinin 45.7ci kilometrində AR İXM-nin 332.3-cü maddəsini pozduğuna görə nəqliyyat vasitəsinə EQ23180688 nömrəli protokola əsasən 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimə xx.xx.2024-cü il tarixdə mülkiyyətçi tərəfindən 504 manat məbləğində ödənilmişdir. Qeyd olunmalıdır ki, cərimələrin sürücü tərəfindən uzun müddət ödənilməməsi səbəbindən əsas cərimə məbləğinə faizlər əlavə edilmiş və nəticə etibarılə yaranmış borc (cərimə və faizlər birlikdə) mülkiyyətçi tərəfindən ödənilmişdir. Eyni zamanda bildirir ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Cavabdehdən həmin məbləği almaq mümkün olmadığından ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ödəməli olduğu cərimələr mülkiyyətçi tərəfindən ödənildiyi üçün və cavabdeh həmin məbləği heç bir şəkildə geri qaytarmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 4.11-ci bəndinə əsasən X5 tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs barəsində tərtib edilmiş inzibati cərimələr olarsa, nəqliyyat vasitəsini icarəyə verən şəxs bu məbləği tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı Cavabdeh 1780 manat məbləğində DYP tərəfindən tətbiq olunmuş inzibati cərimələr, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 37,8 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən cərimələr ödənilmədiyi üçün və avtomaşın cərimə meydançasına yerləşdirdiyi üçün iddiaçı həmin cərimələri ödəmək məcburiyyətində qalmışdır və ailəvi yaxınları olan Eltun adlı şəxsə pul verərək ödənişlərin həyata keçirilməsini xahiş etmişdir. Ödənişləri təsdiq edən qəbzlərdə göndərilən telefon nömrələri Eltuna məxsusdur, şahid qismində məhkəməyə dəvət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, Adılə xanımla ailəvi yaxındır, həm də müəyyən işlərlə bağlı ona yardım edir. Adilə xanım 2024-cü ilin oktyabr və noyabr ayında müəyyən məbləğlərdə cərimələrin ödənilməsi üçün ona pul məbləği vermiş, o, “m10” bu PashaPay ödəniş terminalı vasitəsi ilə özünə məxsus ***-***-**-** və ***-***-**-** nömrəli telefonu göndərən şəxs qismində qeyd etməklə ödəniş etmişdir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “İcarəyə verən” qismində X1 (İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən) ilə “İcarəyə götürən” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 30 ST- 07.06.24/BA857 saylı icarə müqaviləsinin surətindən görünür ki, müqavilə bağlandığı zaman “Ravon R3” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” şəxs 600 manat depozit məbləği nəqliyyat vasitəsini “İcarəyə verən” şəxsə ödəməlidir (bənd 3.1). “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini “İcarəyə verən” şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 20 manat icarə haqqı verir (bənd 3.2). Müqavilənin 2.1-ci bəndinə əsasən “Ravon R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarəyə götürən” fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara etməyə borcludur: ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə (bənd 2.1.1), nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) “İcarəyə verən”in tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə (bənd 2.1.5), nəqliyyat vasitəsini hər hansı hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur (bənd 2.1.8). Müqavilənin 4.11-ci bəndinə əsasən X5 tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs barəsində tərtib edilmiş inzibati cərimələr olarsa, nəqliyyat vasitəsini icarəyə verən şəxs bu məbləği tələb etmək və müstəqil şəkildə depozit məbləğindən tutmaq hüququna malikdir. İş üzrə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X1 (İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən) tərəfindən icarəyə verilən “Ravon R3” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermiş, təkərlər 50%, kondisionerlərin işləməməsi qeyd edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Avtomobili icarəyə götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində avtomobilə cərimə balları və müvafiq cərimələr tətbiq edilmiş və mülkiyyətçi tərəfindən 1780 manat cərimə ödənişi ödənilmişdir. Cavabdehla bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 4.11ci bəndinə əsasən X5 tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs barəsində tərtib edilmiş inzibati cərimələr olarsa, nəqliyyat vasitəsini icarəyə verən şəxs bu məbləği tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq göstərilən təqsirli hərəkətləri nəticəsində “Ravon Nexia R3” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tətbiq edilmiş cərimə məbləği olaraq 1780 manat məbləğində ödənişi pretenziyanı aldıqdan sonra 3 gün ərzində İddiaçı ödənilməsini xahiş edir. Əks təqdirdə dəymiş zərərin, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xərcin, pulun qaytarılmadığı müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada faizlərin, dövlət rüsumunun və s.məhkəmə xərclərinin alınması tələbi barədə məhkəməyə müraciət ediləcəkdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Avtomobili icarəyə götürdükdən sonra qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində avtomobilə cərimə balları tətbiq edilmiş və mülkiyyətçi tərəfindən 1780 manat cərimə ödənişi ödənilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” akt tərtib olunmuşdur. Aktın surəti məlumat üçün Cavabdeh göndərilir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışından görünür ki, Cavabdeh yol nəqliyyat hadisələrində təqsirli hesab edilmiş və barəsində xx.xx.2024-cü il tarixdə (AR İXM-nin 332.3-ci maddəsi ilə) 400 manat, xx.xx.2024-cü il tarixdə (AR İXM-nin 332.3-cü maddəsi ilə) 400 manat, xx.xx.2024-cü il tarixdə (AR İXM-nin 332.3-cü maddəsi ilə) 400 manat, xx.xx.2024-cü il tarixdə (AR İXM-nin 332.3-cü maddəsi ilə) 400 manat, xx.xx.2024-cü il tarixdə (AR İXM-nin 332.3-cü maddəsi ilə) 400 manat, xx.xx.2024-cü il tarixdə (AR İXM-nin 332.3-cü maddəsi ilə) 400 manat, xx.xx.2024cü il tarixdə (AR İXM-nin 327.1-ci maddəsi ilə) 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrəsindən Cavabdeh adına olan 400 manat, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrəsindən Cavabdeh adına olan 428 manat, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrəsindən Cavabdeh adına olan 448 manat, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrəsindən Cavabdeh adına olan 504 manat məbləğində cərimə ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə icarə müqaviləsi və verilmiş etibarnaməyə əsasən iddiaçıya məxsus “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə verilmişdir. Həmin müqavilə şərtinə əsasən icarəyə götürən şəxs avtomobili qorunub saxlanması və təhlükəsizliyini təmin etməsi, avtomobilin sıradan çıxmış hissələrini (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməsi, avtomobili təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməsi barədə öhdəlik götürmüşdür. Müqavilə şərtinin 4.11-ci bəndinə əsasən X5 tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs barəsində tərtib edilmiş inzibati cərimələr olarsa, nəqliyyat vasitəsini icarəyə verən şəxs bu məbləği tələb etmək və müstəqil şəkildə depozit məbləğindən tutmaq hüququna malikdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin avtomobili icarəyə götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində onun barəsində müvafiq cərimələr tətbiq edilmiş, lakin həmin cərimə məbləğləri cavabdeh tərəfindən ödənilməmiş, bu səbəbdən mülkiyyətçi (iddiaçı) tərəfindən cəmi 1780 manat məbləğində cərimə ödənişi həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixdə icarə müqaviləsinin şərtinə əsasən avtomobili icarəyə götürdükdən sonra onun barəsində tərtib edilmiş inzibati cərimələrin ödənilməsinə dair öhdəlik götürdüyündən, lakin həmin öhdəliyi yerinə yetirmədiyindən, yəni cərimələri ödəmədiyindən, cərimələr iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı ödənilmiş cərimə məbləğinin sürücüdən tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik icra edilmədiyindən, nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etdiyi müddətdə tətbiq edilmiş cərimələr iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, dövlət rüsumunun əvəzi kimi 37,80 manat və etibarnamənin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 17,25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1.780 manat, həmçinin etibarnamənin notariat qaydasında təsdiq edilməsi üçün 17,25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,80 manat, cəmi 1.835,05 (bir min səkkiz yüz otuz beş manat, beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar