Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-271/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 yanvar 2025-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı “işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 14-2-1-3/3-1K nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, Cavabdehndə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üzrə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi, mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi, “2023-cü il üzrə performans əsaslı illik mükafatlandırma barədə” xx.xx.2024-cü il tarixli, 14-2/3-1K-639/2024 nömrəli əmr üzrə əmək haqqımın 2 misli miqdarında pulun cavabdehdən tutulub ona ödənilməsi, habelə 60 manat mediasiya xərcinin əvəzinin və vəkil xidməti üçün ödənilmiş 1000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, əmək müqaviləsi ona birinci əlavə əvvəlcə əsas işçinin sosial məzuniyyət müddətinə bağlanmışdır. Əmək müqaviləsinə ikinci əlavədən görünür ki, əmək müqaviləsi tamam başqa əsasla əsas işçinin natamam iş vaxtı müddətinə bağlanmışdır. Həmin əmək müqaviləsi bağlanan zaman tərəflərin həqiqi iradə ifadəsi bundan ibarət olmuşdur ki, digər işçi X3 övladının xəstə olması səbəbilə işəgötürənə xəstəlik barədə “epikriz” təqdimetmiş, natamamiş vaxtına keçmək üçün müraciət etmişdir. Çünki övladının xəstə olması səbəbindən ona natamam iş vaxtında işləmək sərf edirdi. Həmin vaxtda işəgötürın tərəfindən “natamamiş vaxtının müəyyən edilməsi barədə” əmr qəbul edilmiş, əmək müqaviləsinə 02 saylı əlavə imzalanmış, əmək müqaviləsinin müddəti “əsas işçinin natamamiş vaxtınadək” müəyyən edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, işçi işlədiyi müddətdə seksual qısnamaya məruz qalmışdır. Belə ki, personalın uçotu şöbəsinin rəisi Mürvət Əsgərov işçiyə qarşı bu cür hərəkətlərə yol vermişdir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasinin Qanunun2.0.5-ci maddəsinə əsasən əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış - seksual qısnama hesab olunur. İddia ərizəsinə əlavə edilmiş “whatshap” yazışmasından görünür ki, Mürvət Əsgərov adlı şəxs iddiaçıya “gəl məni qucaqla”, “gəl səni öpüm” və.s mesajlar yazılmışdır. İddiaçı bunları qəti şəkildə rədd edib, öz reaksiyasına verdikdən sonra ona qarşı təzyiqlər başlamış və artmışdır. Bu ərəfədə rəhbərlik dəyişdikdən sonra iddiaçıya bildirilmişdir ki, guya bu vəzifə üzrə onun ali təhsili yoxdur. İşə götürülən zaman köhnə rəhbərlik bu halı nəzərə almamışdır. İddiaçı bildirmişdir ki, onun ali təhsili var və dipolumu hazırda notifikasiya olunmaq üzrədir. Lakin, iddiaçıya sonradan məlum olmuşdur ki, onu Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsinə görə) işdən azad ediblər. Əmək müqaviləsinə 02 saylı əlavədən görünür ki, dəyişikliklə əmək müqaviləsinə əsas işçinin natamam iş vaxtı müddətinə bağlanmışdır. Digər işçi Samirə Əliyevanın əsas iş vaxtına keçməsi, bu barədə ərizə verməsi, əvvəlki “natamam iş vaxtının müəyyən edilməsi” barədə əmrin ləğv edilməsi və.s hallar və səbəblər barədə İddiaçı heç bir məlumat verilməmişdir. Digər işçi Samirə Alıyevanın əsas iş vaxtına keçməsi iddiaçının əmək müqaviləsinin vaxtının bitməsi əsası ilə (ƏM 73.1) xitam verilməsinə səbəb ola bilməzdi. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən digər işçi Samirə Alıyevanın ərizəsi, əmr və.s tanış olunmamışdır. 2 ilə yaxın müəssisə üçün çalışan işçini başqa əsaslar göstərib, tamam başqa əsaslarla işdən çıxarmışlar. İşçiyə qarşı seksual qısnama mütəmadi xarakter daşımış, Mürvət Əsgərov adlı şəxs iddiaçına mesajlar yazmış, misal üçün “Nariçka, rəsi birazdan qayıdacaq, gəl səni öpüm”. Mütəmadi olaraq əsassız səbəblərlə onu otağına dəvət etmiş və.s. İddiaçı sərt reaksiyası ilə qarşılaşdıqda isə ona qarşı aqressiv mövqe sərgiləmişdir. Qeyd olunmalıdır ki, iddiaçı hər şeydən öncə Azərbaycan xanımıdır. Bir övladı var. Azərbaycan xanımına qarşı iş yerində bu cür hərəkətlərə yol verilməsi qəbul edilməzdir. Bu halların qarşısının alınması üçün işəgötürən tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir. Eyni zamanda iddiaçı xanım olduğundan, daha çox öz adını və ləyaqətini düşündüyündən bu hallar barədə kimisə demək, söhbətin yayılmasının qarşısını almaq üçün çalışmamışdır. Bu əməllər nəticəsində daimi stress və narahatlıq hissi, psixoloji travma və depressiya yaşamışdır. Təmiz adının qorunmasına çalışmışdır. Eyni zamanda “2023-cü il üzrə performans əsaslı illik mükafatlandırma barədə” xx.xx.2024-cü il tarixli, 14-2/3-1K-639/2024 nömrəli əmr üzrə işçilərin 2023-cü il üzrə performanslarının tanınması, gələcək performanslarının stimullaşdırılması və maddi həvəsləndirilməsi barədə işçiyə əmək haqqının 2 misli miqdarında mükafat ödənilməmişdir. Halbuki həmin əmr 2023-cü il performans əsaslı mükafatlandırmanı nəzərdə tutmuşdur. 2023-cü il iş ilində işini vicdanla yerinə yetirmiş, barəsində hər hansı tənbeh tətbiq edilməmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 1309 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.4-cü bəndində əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas işçinin sosial məzuniyyət müddətinə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli, 1309 nömrəli əmək müqaviləsinə 01 saylı əlavə imzalanmış və həmin əlavəyə əsasən əmək müqaviləsi 06 ay uzadılmışdır (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək). xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli, 1309 nömrəli əmək müqaviləsinə 02 saylı əlavə imzalanmışdır və həmin Əlavəyə əsasən tərəflərin razılığına əsasən xx.xx.2023-cü il tarixdən əsas işçinin natamamiş vaxtı müddətinə bağlanmışdır. Əsas işçi Əliyeva Samirə xx.xx.2024.cü il tarixdə idarə rəisinə ərizə ilə müraciət edərək, 8 saatlıq iş rejiminə keçirilməsini xahiş etmişdir. Eyni zamanda bu barədə İddiaçı məlumat verilmişdir. 14-2-1-3/3-1K nömrəli, xx.xx.2024-cü il tarixli əmrlə AR ƏM-in 73-cü maddəsinin 1- ci hissəsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr çıxarılan gün, yəni xx.xx.2024cü il tarixdə iddiaçı Şöbəyə yaxınlaşaraq əmək kitabçasını götürsə də (bu barədə iddiaçı özü xx.xx.2024-cü il tarixdə saat 09:40-da keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsinin və vəkilinin sualına cavab olaraq xx.xx.2024-cü il tarixdə əmək kitabçasının yaxınlaşaraq şəxsən götürdüyünü etiraf etmişdir), əmək müqaviləsinə xitam verilməsinə dair əmr ilə tanış olmaqdan imtina etmişdir. Bunu dair xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd olunur ki “Xüsusilə qeyd etmək lazımdır ki, işçi işlədiyi müddətdə seksual qısnamaya məruz qalmışdır. Belə ki, personalın uçotu şöbəsinin rəisi Mürvət Əsgərov işçiyə qarşı bu cür hərəkətlərə yol vermişdir. İddia ərizəsinə əlavə edilmiş “whatshap” yazışmasından görünür ki, Mürvət Əsgərov adlı şəxs iddiaçıya “gəl məni qucaqla”, “gəl səni öpüm” və.s mesajlar yazılmışdır. İddiaçı bunları qəti şəkildə rədd edib, öz reaksiyasına verdikdən sonra ona qarşı təzyiqlər başlamış və artmışdır”. İddiaçının bu dəlili də tamamilə əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçının iş materiallarına əlavə etdiyi whatshap yazışmalarına dair fotoşəkillərdən görünür ki, “Mürvət bəy Socar” adlı şəxsin mobil telefon nömrəsinin və həmin nömrənin məhz Mürvət Əsgərova məxsus olub-olmamasına dair hər hansı sübut mövcud deyildir, həmin şəxsin ümumiyyətlə hər hansı profil şəkli yoxdur. Bundan əlavə, həmin fotoşəkillərə əsasən sözügedən yazışmalar xx.xx.2023-cü il tarixə təsadüf edir. Əgər həqiqətən də iddiaçı seksual qısnamaya məruz qalmışdırsa, nəyə görə bununla bağlı 1 (bir) il müddətində heç bir hüquq mühafizə orqanına və ya məhkəməyə müraciət etməmiş, yalnız müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilərkən bunu bildirmişdir ?! Nəzərə alsaq ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, Azərbaycan qadının şərəfi, ləyaqəti, əxlaqı bütün dəyərlərdən, o cümlədən əmək münasibətlərindən və ya əmək haqqından üstündür, o zaman seksual qısqamaya məruz qalmış işçi 1 (bir) aylıq xəbərdarlıq müddətini gözləmədən ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilərdi. Bundan əlavə, iddiaçının iddia tələbinin digər hissəsi ondan ibarətdir ki, ““2023-cü il üzrə performans əsaslı illik mükafatlandırma barədə” xx.xx.2024-cü il tarixli, 14-2/3- 1K639/2024 nömrəli əmr qəbul edilmişdir. Həmin əmr işçilərin 2023-cü il üzrə performanslarının tanınması, gələcək performanslarının stimullaşdırılması və maddi həvəsləndirilməsini təmin etmək məqsədilə qəbul edilmişdir. 2023-cü il iş ilində işçi (iddiaçı) İddiaçı müəssisənin işçisi olmuşdur. Lakin, əmr üzrə ona ödənilməli olan əmək haqqının iki misli miqdarında mükafat ona ödənilməmişdir”. Bununla əlaqədar qeyd edək ki, SOCAR-da X2 edilməsi Sisteminin 6-cı (mükafatlandırma) bəndinə görə, əməkdaş bonus ödənişi günü SOCAR-da çalışmalıdır. Hazırda İddiaçı SOCAR-ın işçisi hesab olunmadığına görə, ona mükafat verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iş materiallarından göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə götürdüyü zaman onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilirdi. Həmin tarixdən 1 ay müddət ərzində iddiaçı heç bir tədbir görməmiş, yalnız 1 ay keçdikdən sonra – xx.xx.2024-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” təklifi göndərmişdir. Belə olan halda Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi baxımından hesab edilməlidir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsinə dair arayış əldə etmişdir. Göründüyü kimi, xx.xx.2024cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsinə dair arayış həmin tarixdə mediasiya ödənişi edilərək əldə edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni, 1 gün sonra müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 1309 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Azneft” İB-də məxfi rejim və hərbi səfərbərlik xidmətində əsas işçinin sosial məzuniyyəti müddətinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilmişdir ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında 11 oktyabr 2022-ci il tarixdən 17 may 2023-cü il tarixədək əsas işçinin sosial məzuniyyəti müddətinə bağlanmışdır. 1309 saylı əmək müqaviləsinə 01 saylı Əlavənin surətindən görünür ki, müddət 06 ay olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. 1309 saylı əmək müqaviləsinə 02 saylı Əlavənin surətindən görünür ki, əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2023-cü il tarixdən əsas işçinin natamam iş vaxtı müddətinə bağlanmışdır. xx.xx.2011-ci il tarixli 665 nömrəli əmək müqaviləsinə Əlavənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdən 8 saatlıq iş rejiminə keçirilmişdir. 04 oktyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilk öncə 11 oktyabr 2022-ci il tarixdən 17 may 2023-cü il tarixədək “Azneft” İB-də məxfi rejim və hərbi səfərbərlik xidmətində əsas işçinin sosial məzuniyyəti müddətinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra onun bağlanmış əmək müqaviləsinə edilmiş Əlavələrə əsasən sonuncu dəfə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən əsas işçinin natamam iş vaxtı müddətinə bağlanmışdır. Əsas işçi olan X3 04 oktyabr 2024-cü il tarixdə tam iş vaxtına keçirilməsi ilə bağlı işəgötürənə müraciət etdikdən sonra iddiaçı ilə 14 ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “a” bəndinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 94.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. 94.4-cü maddəsinə əsasən natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Beləliklə, məhkəmə göstərilən maddi hüquq normalarına istinadən qeyd edir ki, iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə sonuncu Əlavəyə əsasən əsas işçi olan X1 natamam iş vaxtı müddətinə işə qəbul edilmişdir. 04 oktyabr 2024-cü il tarixdə isə X3 işəgötürənə müraciət edərək, tam iş vaxtına keçirilməsini xahiş etdikdən sonra işəgötürənin əmri ilə o, tam iş vaxtına keçirilmiş və bu səbəbdən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin səbəbini təşkil edən əsas aradan qalxdığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə iddia tələbinin “2023-cü il üzrə performans əsaslı illik mükafatlandırma barədə” xx.xx.2024-cü il tarixli, 14-2/3-1K-639/2024 nömrəli əmr üzrə əmək haqqımın 2 misli miqdarında pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. İş materiallarında olan: “2023-cü il üzrə performans əsaslı illik mükafatlandırma barədə” xx.xx.2024-cü il tarixli, 14-2/3-1K-639/2024 nömrəli əmrin surətindən görünür ki, SOCAR-ın struktur təşkilatlarının 2023-cü il üzrə performans nəticələrinə əsasən işçi kateqoriyalarına uyğun olmaqla birdəfəlik mükafatlandırılmaları əmr edilmişdir. Həmin əmrin 1.2-ci bəndində qeyd edilir ki, strateji və taktiki rəhbər kateqoriyasında çalışan əməkdaşların ödənişlərinin 2025-ci ilin yanvar ayının əmək haqqı ilə birgə ödənilməsi təmin edilməlidir. SOCAR-da X2 edilməsi Sisteminin 6-cı (mükafatlandırma) bəndinə görə, bonus ödənişi almaq üçün şərtlərdən biri əməkdaşın bonus ödənişi günü SOCAR-da çalışmalı olmasıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı ona ödənilməli olan ödənişlərin 2025-ci ilin yanvar ayının əmək haqqı ilə birgə ödənilməli işçilər kateqoriyasından olduğundan və SOCAR-da X2 edilməsi Sisteminin tələbinə əsasən həmin dövrdə (2025-ci ilin yanvar ayında) iddiaçı cavabdeh təşkilatın əməkdaşı sayılmalı olduğundan, lakin 04 oktyabr 2024-cü il tarixdən artıq cavabdeh təşkilatda işçi sayılmadığından, habelə hazırki işə bərpa tələbinə dair iddiası təmin edilməyərək, əvvəlki vəzifəsinə bərpa edilmədiyindən SOCAR-da X2 edilməsi Sisteminə əsasən həmin mükafatlandırmanın şamil oluna biləcəyi şəxslər siyahısına aid edilmir. Məhkəmə iddia tələbinin “10.000 manat mənəvi zərərin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi “işə bərpa” hissəsindən törəmə hüquq münasibəti olduğundan və iddia həmin hissədə əsassız sayıldığıdan, “mənəvi zərərin tutulması” hissəsində də təmin edilməməlidir. Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə münasibətdə məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi özlüyündə əsassız olduğundan məhkəmə iddiaçının hazırki tələblə iddia müddətini ötürüb-ötürməməklə məhkəməyə müraciət etməsini araşdırmağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-271/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-271/2025
24.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver