Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2745/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildə istifadə hüququna xitam verilməsi, mənzildən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin tam mülkiyyətçisiyəm. Mülkiyyət hüququm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Seriya RX 0174866, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2013-cü il tarixdə verilmiş Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdeh-gəlinim Cavabdeh 2011-ci ildə X1 ilə ailə həyatı qurmuşdur. Onların 3 övladı var. Ailə münasibətlərini nəzərə alaraq cavabdehin mənzilə yalnız pasport qeydiyyatına düşməsinə razılıq vermişəm. Lakin cavabdehin mənzildə istifadə hüququna dair heç bir notarial razılıq verməmişəm, daşınmaz əmlak reyestrində də cavabdehin istifadə hüququ ilə bağlı hər hansı qeyd yoxdur. Cavabdeh isə pasport qeydiyyatında olmasından sui-istifadə edərək mənzilə sahiblik görüntüsü yaratmaqla, uzun illərdir ki, mənim və həyat yoldaşımın mənzilə daxil olmasına imkan vermir, mənzildə psixoloji təzyiq və aqressiv davranış nümayiş etdirir, münaqişələr yaradır, mən və həyat yoldaşımın evə daxil olmasına imkan vermir, intriqalarla bizi mənzildən didərgin salmışdır. Nəticədə mən və həyat yoldaşım kirayə mənzildə yaşamağa məcbur olmuşuq. Bununla da o, bizə həm mənəvi, həm maddi ziyan vurur. Bu səbəbdən cavabdehnin mənzildə qalması nə hüquqi, nə mənəvi, nə sosial baxımdan mümkün və nədə ki, ailə dəyərlərinə uyğun deyildir. X1 İİ qrup əlilldir və onun xəstəlik diaqnozları: dağınıq skleroz, dərin spastik tetraparez, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi kimi ağır xəstəliklərdir. Mənzil beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin 5-ci mərtəbədə yerləşməsi səbəbindən müstəqil hərəkət etməyi bacarmadığından mənzildə yaşaya bilmir. Mənzil 5-ci mərtəbədə yerləşdiyindən oğlumun sağlamlıq vəziyyəti ağırlaşır, fiziki vəziyyəti onun orada yaşamasını tam mümkünsüz edir. Bu səbəbdən mənzili satıb onun üçün uyğun mənzil almaq zərurəti yaranmışdır. Lakin cavabdeh mənzilin satılmasına qanunsuz şəkildə mane olur.. Oğlumun sağlamlıq vəziyyəti və yaşayış şəraiti ilə bağlımən mülkiyyətimdə olan mənzili sataraq, oğlum üçün əlçatan şəraitli mənzil almaq, özüm və həyat yoldaşım üçün ayrıca mənzil əldə etmək, həmçinin ailə quruluşunu qorumaq, məqsədilə cavabdehdən mənzilin satılmasına razılıq verilməsinin lazım olduğunu bildirsəm də, cavabdeh heç bir hüquqi əsası olmadığı halda bu prosesi qəsdən əngəlləyir və maneçilik törədərək, mənzilə sahiblik iddiası edərək, mənim mülkiyyət hüquqlarımı kobud şəkildə pozur. Halbuki, cavabdehin mənzildə pasport qeydiyyatında olması ona heç bir üstünlük hüququ vermir. Şəxsin yaşayış sahəsində qeydiyyatda olması həmin şəxsin mənzildən istifadə hüququnun mövcudluğunu təsdiq etmir. "Dolayısı ilə cavabdehin həmin ünvanda qeydiyyatda olması ona yaşayış sahəsindən istifadə hüququ vermir və mülkiyyətçiyə qarşı tələb irəli sürmək imkanı yaratmır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da mülkiyyətçinin hüquqlarının “ailədaxili münasibət” adı altında məhdudlaşdırılmasının yolverilməz olduğu göstərilmişdir. Mənzilin satılması zərurəti oğlumun ağır fiziki vəziyyətindən irəli gəlir və bu prosesin qarşısının alınması həm sosial, həm də humanitar baxımdan qəbuledilməzdir. Cavabdeh daimi münaqişələr yaradır, oğlumla münasibətləri gərginləşdirir, mənəvi və psixoloji narahatlıq yaradır. Bu səbəbdən cavabdehin mənzildə qalması nə hüquqi, nə də ailə dəyərlərinə uyğun deyil. Beləliklə mülkiyyətçisi olduğum mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək kimi hüquqlarım cavabdeh tərəfindən kobud surətdə pozulması səbəbindən mən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili məhkəmədə iddianı müdafiə edib, iddia tələbinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 3 mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 280 nömrəli reyestr kitabının 26845 nömrəli vərəqində qediyyat aparılmışdır. 13 avqust 2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində 2014-cü il tarixdən qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2014-cü il tarixdə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətini yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya ühədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən mənzil 2013-cü il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının gəlini olan cavabdeh 2014-cü il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Qanunun tələbinə əsasən, cavabdehin sözügedən mənzilə istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə notariat qaydasında bağlanan yazılı razılaşma ilə müəyyən edildiyindən, lakin hazırda belə bir razılaşma olmadığından və iddiaçı cavabdehin bu hüququna xitam verilməsini xahiş etdiyindən, cavabdehin sözügedən yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi mümkündür. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 99 ünvanında yerləşən 19 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməli və o, özünə məxsus əşyaları ilə birlikdə yaşayış sahəsindən çıxarılmalıdır. İddia tələbinin “cavabdehin uşaqları ilə birlikdə mənzildən çıxarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. AR Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbi təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya aid ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin və Cavabdeh ünvan 2 yerləşən yaşayış sahəsindən əşyaları və azyaşlı uşaqları ilə birlikdə çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2745/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2745/2025
17.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver