Məhkəmə qərarları › İş №e-2(009)-28/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-28/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-28/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RH-00059-16/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 208.192.28 manat əsas borc, 34.554.53 manat faiz borcu, 1052.11 manat dəbbə borcu, ümumilikdə 243.798.92 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 533.8 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanan xx.xx.2022-ci il tarixdə iddiaçıyla RHG-00059-16/21A saylı ipoteka müqaviləsi əsasında üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan ünvan 1 evə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli RH-00059-16/21A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 239086.66 məbləğində krediti illik 16 faizlə 60 ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2026-cı il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddiaçıyla RHG- 00059-16/21A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq ünvan 1 ünvanlı fərdi yaşayış evini Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli RHG-00059-16/21A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RHG-00059-16/21A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 208192.28 manat, faizlərin məbləği 34554.53 manat, dəbbə borcu 1052.11 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 243798.92 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 iddiaçının təqdim etdiyi mütəxəssis rəyini mübahisələndirmədiyini, möhlət verilərsə borcu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RH-00059- 16/21A nömrəli krеdit müqaviləsindən görünür ki, bank borcluya 60 ay müddətinə, illik 16 faiz hesablanmaqla 239086.66 manat məbləğində krеdit vеrmişdir. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RHZ-00059- 16/21A nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, RH-00059- 16/21A saylı kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cü il tarixli, RHG-00059- 16/21A nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cü il tarixli, RHZ-00059-16/21A nömrəli krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 117.90 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 117.90 kv.m sahəsi olan mənzil xx.xx.2021-ci il tarixli, RH-00059-16/21A nömrəli kredit müqaviləsinin təminatı kimi Bank "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 gün müddətində kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci tarixli, RH- 00059-16/21A nömrəli Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc 208192.28 AZN, faiz borcu 34554.53 AZN, dəbbə pulu 1052.11 AZN omaqla, cəmi 243798.92 AZN məbləğində kredit borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 9/6998 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları və 24 sentyabr 2021-ci il tarixli, RH-00059- 16/21A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə Bank "xxxx" ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,28 manat; faiz borcu üzrə 31.678,62 manat. xx.xx.2023-cü il tarixə Cavabdeh2 Bank "xxxx" ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,28 manat; faiz borcu üzrə 39.821,26 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli 9/9202 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları və 24 sentyabr 2021-ci il tarixli, RH-00059- 16/21A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə Bank "xxxx" ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 31.678,22 manat. xx.xx.2023-cü il tarixə Cavabdeh2 Bank "xxxx" ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 39.820,88 manat. "xxxx" MMC-nin 13 aprel 2023-cü il tarixli rəyindən görünür ki, ünvan 3-un real bazar dəyəri 350.000 manat, likvid dəyəri 280.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 9/51xx-xx/4960 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin əşyalarla təchiz olunmasına uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində və ya həmin ərazidə yerləşən analoji mənzillərə dair məlumat olmadığından həmin mənzil üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli RH-00059-16/21A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 239086.66 məbləğində krediti illik 16 faizlə 60 ay müddətinə Cavabdeh2 vermiş, Cavabdeh2 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2026-cı il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddiaçıyla RHG-00059-16/21A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq ünvan 1 ünvanlı mənzili kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İşin araşdırılmış hallarından daha sonra görünür ki, Cavabdeh2 bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə cavabdeh tərəfə yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə görə hesablanmış faiz və cərimə borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə kredit borcu və faizlərin tutulmasına dair iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilən hüquqi mövqenin düzgün tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini formalaşdıran (üç ulduzlu) qərarında göstərilmişdir ki, 41. ... müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. 42. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. 43. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixli, RH-00059-16/21A nömrəli krеdit müqaviləsinə əsasən kredit almaqla tərəflər arasında borckredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi və s. hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə Cavabdeh2 əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan sonuncu-xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə Bank "xxxx" ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 31.678,22 manat. xx.xx.2023-cü il tarixə Cavabdeh2 Bank "xxxx" ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 39.820,88 manat. Məhkəmə əsas və faiz borcuna münasibətdə sübüt növü kimi qiymətləndirir və qeyd edir ki, ekspert rəyində müəyyən edilən əsas borc məbləği iddiada göstərilən məbləğ ilə demək olar ki, eynilik təşkil edir, faiz borcu isə bir qədər fərqlə iddiada göstərilən məbləğdən az müəyyən edilir. Məhkəmə ekspert rəyi ilə müəyyən edilmiş və iddia tələbində göstərilən əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, əsas borc iddia tələbi həcmində, yəni 208.192,28 manat məbləğində Cavabdeh2 tutulmalıdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə Bank "xxxx" ASC-yə olan borcu 239.870,9 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 31.678,22 manat. xx.xx.2023-cü il tarixə Cavabdeh2 Bank "xxxx" ASC-yə olan borcu 248.013,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 208.192,78 manat; faiz borcu üzrə 39.820,88 manat. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə ünvanladəğı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, gecikdirilmiş borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi qeyd edilmiş, həmçinin əsas borcla yanaşı 29.670,69 manat faiz borcunun və 167,09 manat dəbbə borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, müqavilənin ləğvinə dair iradə ifadəsi bildirildiyinə görə bildirişdə göstərilən 29.670,69 manat məbləğində faiz borcu, 167,09 manat məbləğində cərimə borcu Cavabdeh2 tutulmalıdır. Məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. - 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadı ilə qəbul edilən hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” "xxxx" MMC-nin 13 aprel 2023-cü il tarixli rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 350.000 manat, likvid dəyəri 280.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən müəyyən edilməmişdir və iddiaçı hazırda əmlakın ilkin satış qiymətinin özünün təqdim etdiyi rəyə uyğun müəyyən edilməsini xahiş edir, cavabdeh tərəf isə həmin rəyi mübahisələndirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzilin ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində cavabdeh qismində həmçinin Cavabdeh1 göstərilsə də, borcun ondan tutulması tələb edilməmiş, kredit və sonraki ipoteka müavilələri Cavabdeh2 ilə bağlanmaqla, ipoteka predmetinin mülkiyyətçisi də sonuncudur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RH- 00059-16/21A saylı krеdit müqaviləsi ləğv edilməli, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RH-00059-16/21A saylı krеdit müqaviləsinə əsasən 208.192,28 (iki yüz səkkiz min yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat əsas borc, 29.670,69 (iyirmi doqquz min altı yüz yetmiş manat altmış doqquz qəpik) manat faiz borcu, 167,09 (bir yüz altmış yeddi manat doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 238.030,06 (iki yüz otuz səkkiz min otuz manat altı qəpik) manat borc, dövlət rüsumunun 528 (beş yüz iyirmi səkkiz) manat hissəsi, 0.40 (qırx qəpik) manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, tələb Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzilə - ipoteka predmetinə yönəldilməli, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzilin ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Bank "xxxx" ASC-yə olan borc ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra pulun qalan hissəsi Cavabdeh2 qaytarılmalı, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan cəmi 350 (üç yüz əlli) manatın 300 (üç yüz) manat hissəsi Cavabdeh2, 50 (əlli) manat hissəsi iddiaçı Bank "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RH- 00059-16/21A saylı krеdit müqaviləsi ləğv edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RH- 00059-16/21A saylı krеdit müqaviləsinə əsasən 208.192,28 (iki yüz səkkiz min yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat əsas borc, 29.670,69 (iyirmi doqquz min altı yüz yetmiş manat altmış doqquz qəpik) manat faiz borcu, 167,09 (bir yüz altmış yeddi manat doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 238.030,06 (iki yüz otuz səkkiz min otuz manat altı qəpik) manat borc, dövlət rüsumunun 528 (beş yüz iyirmi səkkiz) manat hissəsi, 0.40 (qırx qəpik) manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tələb Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzilə - ipoteka predmetinə yönəldilsin. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A ünvanında yerləşən 19 saylı mənzilin ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Bank "xxxx" ASC-yə olan borc ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının dəyəri olan cəmi 350 (üç yüz əlli) manatın 300 (üç yüz) manat hissəsi Cavabdeh2, 50 (əlli) manat hissəsi iddiaçı Bank "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar