Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2873/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası” barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası” barədə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsinə İddiaçı vərəsə olaraq mirası qəbul etmə müddətinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 18 iyul 1955-ci il təvəllüdlü mərhum anası X5 05 iyul 2005-ci il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı qardaşı X6 24 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsinə dair vərəsəlik haqqında məktubun verilməsi üçün Bakı şəhəri 2 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət edilmişdir. Bakı şəhəri 2 saylı notariat ofisinin 25 noyabr 2025-ci il tarixli məktubuna əsasən miras əmlakın altı ay ərzində qəbul edilməməsinə istinad edərək imtina edilmişdir. Bildirmək istərdim ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsi mərhum X2 vəfatından sonra övladları tərəfindən faktiki qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04 mart 2004-cü il tarixli Binəqədi qəsəbə bələdiyyəsinin Qərarının surətindən görünür ki, Binəqədi qəsəbəsi ərazisində 500 kv.metr boş torpaq sahəsi fədi yaşayış evinin tikintisi üçün X3 ayrılmışdır. AZ-İ № 585835 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 iyul 2005-ci il tarixdə vəfat etmişdir. Vİ-ЖГ № 440131 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı anası X4r. 2 saylı Notariat Ofisinin 25 noyabr 2025-ci il tarixli Qərarından görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı tərəfin izahatından və iş materiallarından aydın oldu ki, İddiaçı mərhum X2 oğlu olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün qanunvericiklə müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə, iddiaçı tərəfindən onun mərhum anası X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sadalanan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbləri üzrlü olduğundan, mirasın qəbulu müddəti bərpa edilməlidir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilsin və həmin müddət bərpa edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2873/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2873/2025
16.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver