Məhkəmə qərarları › İş №e-2(009)-290/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-290/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-290/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmaqla öhdəliklərinin icrasından boyun qaçırmış cavabdehin üzərinə borcun ödənilməsi öhdəliyinin qoyulması və tutulmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmaqla öhdəliklərinin icrasından boyun qaçırmış cavabdehin üzərinə borcun ödənilməsi öhdəliyinin qoyulması və tutulmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh ASC arasında xx.xx.2021-ci il tarixdə “İnvestisiya Xidmətlərinin göstərilməsi haqqında (qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri bildirişlərinin qəbul və icra edilməsi üzrə) 03/016 nömrəli müqavilə bağlanmışdır. Müqavilə əsasında cavabdeh ona aşağıdakı xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür: 1. Müştəri adına və hesabına maliyyə alətlərinin alınması və onlar üzərində digər əməliyyatların (repo/əks repo, girov, maliyyə girovu) həyata keçirilməsi üzrə vasitəçi qismində çıxış etmək; 2. Müştərinin adına və hesabına maliyyə alətlərinin alınması, satılması və onlar üzərində digər əməliyyatların həyata keçirilməsi zamanf Şirkətin təklif etdiyi məzənnə ilə valyuta mübadiləsini həyata keçirmək; 3. Müştərinin adına və hesabına maliyyə alətlərinin alınması, satılmsı və onlar üzərində digər əməliyyatların həyata keçirilməsi zamanı Şirkətin təklif etdiyi şərtlərlə Müştəriyə pul vəsaitləri və maliyyə alətlərinin borca vermək və Müştəri ilə müvafiq borc (kredit) və zəruri hallarda girov müqaviləsi bağlamaq; 4. Müştəriyə İnvestisiya məsləhətləri vermək;

5. Maliyyə alətləri ilə bağlı İnvestisiya tədqiqatı və maliyyə təhlilini aparmaq və nəticələrini Müştəriyə təqdim etmək; 6. Maliyyə alətləri ilə aparılan əməliyyatlar zamanı müştərinin adından digər təşkilatlara təqdim edilən sənədlərin tərtib edilməsini təmin etmək. Cavabdeh tərəfindən göstərilən xidmətlərin müqabilində iddiaçı aparılan əməliyyatlar və verilən xidmətlər müqabilində İnvestisiya Şirkətinə, cavabdehə müqavilənin 1 saylı əlavəsinə əsasən hesablanmış xidmət haqlarının ödəməsini və xidmətlərin göstərilməsi ilə bağlı yaranan digər xərcləri qarşılamağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.7-ci maddəsinə əsasən Komissiya və digər xərclər istisna olmaqla, Müştəri tərəfindən İnvestisiya Şirkətinə köçürülmüş və müştərinin xeyrinə müvafiq sifarişin icrası zamanı əldə olunmuş öütün vəsaitlər Müştərinin mülkiyyəti hesab olunur. Müqavilənin 4.2.16cı maddəsi müəyyən edir ki, İnvestisiya Şirkəti Müştərinin aktivlərindən məhkəmə qərarı ilə müəyyən edilmiş hallar istisna olmaqla, onların icazəsi olmadan özünün və ya üçüncü tərəflərin marağı üçün, xüsusilə öhdəliklərinin ödənilməsi üçün istifadə edə bilməz. Müqavilənin 4.2.1.7-ci maddəsi ilə İnvestisiya şirkəti müqavilənin xitam olunması halında Müştəriyə İnvestisiya Şirkətinin hesabında qalmış Müştərinin vəsaitlərini qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan əlavə Müqavilənin 3-cü maddəsi müəyyənləşdirmişdir ki, Müştəri tərəfindən ticarət terminalı vasitəsilə aparılan əməliyyatlar X1 hesabında saxlanılır. Müqavilənin 3-cü maddəsində göstərilmişdir ki, Müştəri tərəfindən xarici bazar əməliyyatları ilə bağlı sifarişlər İnvestisiya Şirkətinin Xarici Kontragent ilə bağlanmış müqavilə əsasında icra edir və Müştəri Müqaviləni imzalamaqla İnvestisiya Şirkəti ilə Xarici Kontragent ilə bağlanmış müqavilə üzrə bütün şərtləri qəbul etmiş sayılır. Bunun əsasında iddiaçı və cavabdeh arasında Kipr Respublikasında qeydiyyat etmiş məhdud məsuliyyətli cəmiyyət olan və Kipr Respublikasının Qiymətli Kağızlar və Mübadilə Komissiyasının verdiyi 165/12 nömrəli lisenziya əsasında fəaliyyət göstərən “EXT LTD” Xarici Kontragentdə “Ticarətin Aparılması üzrə Verifikasiya Forması (“X4”) imzalanmış və orada iddiaçı SJF1224.005 nömrəli hesabın idarə olunması üzrə hüquqlar əldə etmişdir. 2022-ci il 10 mart tarixli "xxxx" ASC vasitəsi ilə o, cavabdehin ******************** nömrəli hesabına müqavilə üzrə 10.000 ABŞ dolları vəsaiti köçürmüşdür. 2022-ci il 10 mart tarixindən 2024-cü il 3 iyul tarixinə qədər o, beynəlxalq bazarlarda cavabdehin Xarici Kontragentdə olan iddiaçıya bağlı olan hesabda müxtəlif ticarətlər edərək köçürülmüş məbləği 10.462,47 ABŞ dollarına qədər artmışdır. Müqavilənin 10.4cü maddəsinə əsasən tərəflər arasında baş verəcək məlumat mübadiləsi elektron kommunikasiya vasitəsilə mübadilə üsulu ilə ötürülə bilər. xx.xx.2024-cü il tarixdə o, cavabdehin elektron poçt ünvanına (mailto:support@platocap.azElektron ünvan ) yazılı müraciət edərək onun Xarici Kontragentdə olan hesabında olan məbləğin məxaric etmək istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh onun müraciətini qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, Məxaric üzrə müraciət təsdiqləndikdən sonra Xarici Kontragentdə olan hesabdan cavabdehin hesabına 5 il günü ərzində və cavabdehin hesabından onun bank hesabına isə 3 iş günü ərzində köçürüləcəkdir. xx.xx.2024-cü il tarixdə cavabdehin X3 öz adından elektron poçt ünvanına yazaraq bildirmişdir ki, məxaric sorğusu müvəffəqiyyətlə yaradılmışdır və onun şəxsiyyət vəsiqəsi və dollar hesabında bank hesabının məlumatlarının göndərilməsini istəmişdir. O, müvafiq qaydada bütün sənədləri cavabdehə elektron poçt vasitəsilə göndərmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə sənədlərin qəbul olunmasını elektron poçt ünvanına yazaraq təsdiq etmişdir. Bundan 8 iş günü sonra cavabdeh ona elektron qaydada yazaraq təsdiq etmişdir ki, 10.462,47 ABŞ dolları məbləğində cavabdehin vəsaitinin uğurla Xarici Kontragentdən cavabdehin bank hesabına köçürüldüyü barədə məlumat vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən sonra cavabdehə dəfələrlə müraciət etmiş, məxaric olunan vəsaitin onun öz bank hesabına köçürülməsini tələb etmişdir. Cavabdeh sonra 30 iyul tarixinə qədər vəsaitin köçürüləcəyini bildirsə də, vəsait köçürülməmişdir. Sentyabr ayının 13-ü tarixində onun vəsaitin köçürülməməsi səbəbindən cavabdehə pretenziya məktubu göndərərək vəsaitin dərhal köçürülməsini tələb etmişdir. Beləliklə, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini pozması, Qiymətli Kağızlar Bazarı haqqında qanunvericiliyin tələblərini, mülki qanunvericiliyin tələbləri pozaraq onun Xarici Kontragentdə olan pulunu mənimsəyərək və 4 aydan çox müddət ərzində qaytarmaqdan imtina etməsi səbəbindən maddi zərər çəkmişdir. O, bununla bağlı cavabdehə Azərbaycan Respublikasının Mərkəzi Bankına xx.xx.2024-cü ildə məktubla müraciət etmişdir. Göndərdiyi müraciət əsasınja Mərkəzi Bank cavabdehi şifahi qaydada görüşə dəvət etmişdir. Görüş zamanı məlum olmuşdur ki, cavabdehin X3 şirkətin ona borcu olduğunu təsdiqlənmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı ictimaiyyətə məlumat vermişdir ki, Cavabdeh ASC-nin lisenziyası “Qiymətli Kağızları Bazarı Haqqında” Qanunun 70.1.6-cı maddəsinin tələblərini pozması səbəbindən ləğv olunmuşdur. Bu fakt sübut edir ki, cavabdeh nəinki öz müştərilərinin vəsaitlərini idarə etmək əvəzinə mənimsəmiş, həmçinin AR Mərkəzi Bankının məcburi göstərişlərini davamlı olaraq icra edə bilməmişdir və qanunvericilikdə müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 10.462,67 ABŞ dolları əsas borcun, həmin əsas borca nəzərən xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü il üzrə elan etdiyi uçot dərəcəsi nəzərə alınmaqla 7% uçot dərəcəsi ilə hesablanmaqla 246.27 ABŞ dolları maddi zərər ilə birlikdə 10.708,94 ABŞ dolları və iddia ərizəsinin verilməsi üzrə hesablanan dövlət rüsumu 145 manat, ümumilikdə 18.350 manat öhdəliyinin cavabdehə qoyulması və cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehə dəfələrlə pulun qaytarılması ilə bağlı müraciət etsə də, cavabdeh pulun qaytarılması barədə vəd vermiş, lakin bu günədək pul ona qaytarılmamışdır. Bununla bağlı onun tərəfindən Mərkəzi Banka da müraciət olunmuşdur, orada da müvafiq araşdırma aparılmış, cavabdehin lisenziyası ləğv edilmişdir. Cavabdeh Plato Capital and Co.İnvestisiya Şirkəti” ASC-nın faktiki fəaliyyət göstərdiyi ünvanı məlum olmadığından onun nümayəndəsini məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə hüquqi şəxsin hüquqi ünvanından məhkəmə bildirişləri müvafiq qeydlərlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş üzrə “İnvestisiya Şirkəti” qismində "xxxx" ASC ilə “Müştəri” qismində İddiaçı arasında bağlanılmış investisiya xidmətlərinin göstərilməsi haqqında (qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı Müştəri sifarişinin qəbul və icra edilməsi üzrə) xx.xx.2021-ci il tarixli, 03/016 saylı müqaviləsi surətindən görünür ki, İnvestisiya Şirkəti Müştərinin sifarişinə əsasən aşağıdakı İnvestisiya xidmətlərinin göstəriləsini həyata keçirir: Müştərinin adına və hesabına maliyyə alətlərinin alınması, satılması və onlar üzərində digər əməliyyatların (repo/əks repo, girov, maliyyə girovu) həyata keçirilməsi üzrə vasitəçi qismində çıxış etmək (bənd 1.1.1.), Müştərinin adına və hesabına maliyyə alətlərinin alınması, satılması və onlar üzərində digər əməliyyatların (repo/əks repo, girov, maliyyə girovu) həyata keçirilməsi zamanı Şirkətin təklif etdiyi məzənnə ilə valyuta mübadiləsini həyata keçirmək (bənd 1.1.2), Müştərinin adına və hesabına maliyyə alətlərinin alınması, satılması və onlar üzərində digər əməliyyatların (repo/əks repo, girov, maliyyə girovu) həyata keçirilməsi zamanı Şirkətin təklif etdiyi şərtlərlə Müştəriyə pul vəsaitləri və maliyyə alətlərini borca vermək və Müştəri ilə borc (kredit) və zəruri hallarda girov müqaviləsi bağlamaq (bənd 1.1.3), Müştəriyə İnvestisiya məsləhətləri vermək (bənd 1.1.4), maliyyə alətləri ilə bağlı İnvestisiya tədqiqatı və maliyyə təhlilini aparılmaq və nəticələrini Müştəriyə təqdim etmək (bənd 1.1.5), maliyyə alətləri ilə aparılan əməliyyatlar zamanı müştərinin adından digər təşkilatlara təqdim edilən sənədlərin tərtib edilməsini təmin etmək (bənd 1.1.6). Həmin müqavilədən həmçinin görünür ki, komissiya və digər xərclər istisna olmaqla, Müştəri tərəfindən İnvestisiya Şirkətinə köçürülmüş və Müştərinin xeyrinə müvafiq sifarişin icrası zamanı əldə olunmuş bütün vəsaitlər Müştərinin mülkiyyəti hesab olunur (bənd 2.7). Müştərinin sifarişi xarici bazalarda ticarət olunan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı olduqda, İnvestisiya Şirkəti Müştərinin sifarişini Xarici Kontragent ilə bağlıdığı müqavilə əsasında icra edir (bənd 3.1). Müştəri bu müqaviləni imzalamaqla İnvestisiya Şirkətinin Xarici Kontragent ilə bağladığı müqavilə üzrə bütün şərtləri qəbul etmiş sayılır (bənd 3.2). Müştərinin xarici bazarlarda əldə edilməsi nəzərdə tutulan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə sifarişi İnvestisiya Şirkəti tərəfindən icra olunduqda həmin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri İnvestisiya Şirkətinin Xarici Kontragent hesabında saxlanılır (bənd 3.3). İnvestisiya Şirkəti Müştərilərinin aktivlərindən məhkəmə qərarı ilə müəyyən edilmiş hallar istisna olmaqla, onların icazəsi olmadan özünün və ya üçüncü tərəflərin marağı üçün, xüsusilə öhdəliklərinin ödənilməsi üçün istifadə etməməsi (bənd 4.2.16), müqavilənin xitam olunması halında Müştəriyə İnvestisiya Şirkətinin hesabında qalmış Müştərinin vəsaitlərini bu müqavilə üzrə İnvestisiya Şirkətinin haqlarını və xərclərini çıxmaq şərti ilə və belə hal yaranarsa Mərkəzi Depozitarın və Fond Birjasının haqlarını və xərclərini çıxmaq şərti ilə qaytarması (bənd 4.2.18) İnvestisiya Şirkətinin vəzifələridir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X2 tərəfindən 03/016 nömrəli broker kontraktına əsasən cavabdeh "xxxx" ASC-nin hesabına 10.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı (bundan sonra “Müştəri”) ilə "xxxx" QSC (VÖEN: **********, bundan sonra “İcraçı”) arasında bağlanmış və hal-hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixli, 03/016 saylı müqaviləyə əsasən İcraçı Müştəri üçün qiymətli kağızların alınması və saxlanılması xidməti göstərilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə ticarət əməliyyatlarının aparılması üçün 10.000 ABŞ dolları dəyərində vəsait mədaxil edilmiş və bu dövr ərzində ticarət aparılaraq vəsait 10.462 ABŞ dolları məbləğinədək qaldırılmışdır. xx.xx.2024-cü il tarixdə 10.462 ABŞ dolları məbləğində vəsaitin məxarici edilməsi ilə bağlı rəsmi müraciət edilməsinə baxmayaraq, bugünkü tarixə qədər vəsaitin geri qaytarılması İcraçı tərəfindən həyata keçirilməmişdir. Qeyd olunanları nəzərə alaraq müqavil üzrə borc məbləğini təşkil edən 10.462 ABŞ dolları məbləğində pul vəsaitinin 5 iş günü ərzində müştəriyə geri ödənilməsini xahiş edilmişdir. Əlavə olaraq bildirirlər ki, göstərilən müddət ərzində borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada borcun ödənilməsi və müqavilənin ləğvi tələbi ilə məhkəməyə müracit ediləcək, çəkilən xərclər (mediasiya, dövlət rüsumu, hüquqi xidmət xərci) İcraçıdan tələb olunacaqdır. İş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq lisenziyalaşdırılan fəaliyyət üçün lisenziyalaşdırılan şəxslər qəbul edilmiş icrası məcburi olan göstərişin verilməsinə görə təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə Mərkəzi Bank tərəfindən ləğv edilir. Həmin Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyalaşdırılan fəaliyyətə verilmiş lisenziya ləğv edilikdə, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı və investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir. X6 Heyətinin xx.xx.2024cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə qanunvericiliyə uyğun olaraq "xxxx" ASC-nin lisenziyası ləğv edilmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq sözügedən məsələlərlə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş növbəti tədbirlər görüləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 03/016 saylı investisiya xidmətlərinin göndərilməsi haqqında müqaviləsinə əsasən cavabdeh təşkilatı iddiaçı üçün qiymətli kağızların alınması və saxlanılması xidməti göstərilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə ticarət əməliyyatlarının aparılması üçün iddiaçı tərəfindən 10.000 ABŞ dolları dəyərində vəsait mədaxil edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehin elektron poçt ünvanına yazılı müraciət edərək onun Xarici Kontragentdə olan məbləğin məxaric etmək istədiyini bildirmiş, cavabdeh iddiaçının müraciətini qəbul etdiyini bildirmiş, məxaric üzrə müraciət təsdiqləndikdən sonra Xarici Kontragentdə olan hesabdan cavabdehin hesabına 5 iş günü ərzində və cavabdehin hesabından iddiaçının hesabına 3 iş günü ərzində köçürüləcəyini qeyd etmişdir. Bundan sonra cavabdeh iddiaçıya elektron qaydada yazaraq 10.462,47 ABŞ dolları məbləğində pul vəsaitinin uğurla Xarici Kontragentdən cavabdehin bank hesabına köçürülməsini təsdiq etmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək məxaric olunan vəsaitin onun öz bank hesabına köçürülməsini tələb etmiş, lakin cavabdeh vəsaitin köçürüləcəyini bildirsə də, vəsait köçürülməmiş, bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməmiş və pul vəsaitinin iddiaçıya geri qaytarılması həyata keçirilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki,o, 10.462,67 ABŞ dolları əsas borcun, həmin əsas borca nəzərən xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü il üzrə elan etdiyi uçot dərəcəsi nəzərə alınmaqla 7% uçot dərəcəsi ilə hesablanmaqla 246.27 ABŞ dolları maddi zərər ilə birlikdə 10.708,94 ABŞ dolları və iddia ərizəsinin verilməsi üzrə hesablanan dövlət rüsumu 145 manat, ümumilikdə 18.350 manat öhdəliyinin cavabdehə qoyulmasını və cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirilmədiyindən, iddiaçı müqaviləyə əsasən pul vəsaitinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında müvafiq investisiya xidmətlərinin göstərilməsinin həyata keçirilməsi barədə müqavilə bağlanılmış və müqavilə şərtinə əsasən investisiya şirkəti kimi cavabdeh üzərinə müştəri adına və hesabına maliyyə alətlərinin alınması, satılması, onlar üzərində digər əməliyyatların keçirilməsi üzrə vasitəçi qismində çıxış etmək, həmin əməliyyatların həyata keçirilməsi zamanı şirkətin təklif etdiyi məzənnə ilə valyuta mübadiləsini həyata keçirmək və s. kimi xidmətlərin göstərilməsi öhdəliyi götürmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qaydalarının 2.1.1-ci maddəsinə əsasən müştəri aktivləri – müştəriyə məxsus olan, investisiya şirkətinin və ya bankın daxili uçot sistemində qeydiyyata alınan qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya pul nəzərdə tutulur. Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 30.1-ci maddəsinə əsasən investisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. Bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətləri Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları tərəfindən bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya alınmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilən həcmdə və qaydada həyata keçirilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən investisiya şirkəti müştərilərinin aktivləri üzrə mülkiyyət hüquqlarını qorumalıdır. İnvestisiya şirkəti müştəriləri aktivlərindən, məhkəmə qərarı ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, onların icazəsi olmadan özünün və ya üçüncü tərəflərin marağı üçün, xüsusilə öhdəliklərinin ödənilməsi üçün istifadə edə bilməz. Eyni Qanunun 35.1-ci maddəsinə əsasən investisiya şirkəti müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatı ən azı ildə bir dəfə həmin müştəriyə təqdim etməlidir. İnvestisiya şirkəti müştərinin tapşırıqlarının icra vəziyyəti haqqında hesabatı həmin müştəriyə sorğu əsasında təqdim etməlidir (maddə 35.2). Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürən öhdəliyi icra etməyərək iddiaçı tərəfindən ticarət əməliyyatlarının aparılması üçün mədaxil edilmiş 10.000 ABŞ dollarının ticarət aparılma nəticəsində vəsaitin 10.462 ABŞ dollarına çatmış məbləğinin iddiaçı tərəfindən alınması ilə bağlı müraciətini yerinə yetirməyərək həmin pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. Bununla da həmin pul vəsaitini özündə saxlamaqla cavabdeh əsassız varlanmışdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (maddə 1091.1). Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanılmış müqavilə şərtinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçının ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 10.462,67 ABŞ dolları məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əsas borca nəzərən xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü il üzrə elan etdiyi uçot dərəcəsi nəzərə alınmaqla 7% uçot dərəcəsi ilə hesablanmaqla 246.27 ABŞ dolları maddi zərərin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, öhdəliyini icra etməyən borclu bir qayda olaraq kreditora dəymiş zərərin əvəzi ödəməlidir. Borclu öhdəliyin icra edilməməsinə görə öz təqsirli hərəkətləri üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıya ödəməli olduğu pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, iddia tələbi 246.27 ABŞ dolları maddi zərərin tutulması hissəsində təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri qismən təmin olunduğundan, cavabdehdən təmin edilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 144 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən İddiaçı xeyrinə investisiya xidmətlərinin göstərilməsi haqqında xx.xx.2021ci il tarixli, 03/016 saylı müqaviləsinə əsasən 10.462,67 (on min dörd yüz altmış iki ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar