Məhkəmə qərarları › İş №e-2(009)-2986/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2986/2025

24.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2986/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 20 ilə yaxındır ki, SOCAR “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində müxtəlif vəzifələrdə, son olaraq isə sementləyici aqreqatın motorçusu vəzifəsində çalışmışdır. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilməsinə dair xxxxxxx000209 nömrəli, xx.xx.2025-ci il tarixli əmr qəbul edilmişdir. İş ilə əlaqədar 15 gün Çilov adasında, 15 gün isə evdə olur. xx.xx.2025-ci il tarixdə həmişəki qaydada işə gedərkən yoxlama zamanı mühafizə çantasından 2 ədəd 1 litrlik spirtli içki aşkar etmiş, içkini ondan alaraq kənara qoymuş gəmiyə minməsinə icazə verməmişdir. İlk olaraq problem olmadığını qeyd etsə də, daha sonra şirkətin hüquqşünası ilə əlaqə saxlamışdır. Hüquqşünas gəldikdən sonra məsələ ilə bağlı izahat yazmalı olduğunu, narahat olmağa ehtiyac olmadığını, bunun adi prosedur qayda olduğunu bildirib. O, izahat yazdıqdan sonra hüquqşünas məsələnin ciddi olduğunu bildirmiş və onu səhhəti ilə əlaqədar işdən çıxmağı ilə bağlı əlavə ərizə yazmağa vadar etmişdir. Bunu etməyəcəyi təqdirdə isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməklə hədə qorxu gəlmişdir. O, ərizəni yazarkən hüquqşünas bu ərizənin də sadəcə üzrxahlıq anlamı ifadə etdiyini, izahatın yanında rəhbərliyə təqdim ediləcəyini dəfələrlə qeyd edirdi. Lakin təəssüf ki, nəticə dedikləri kimi olmamışdır. Elə həmin gün Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən azad edildiyini öyrənmişdir. Məsələ orasındadır ki, bu bənd nə onun ərizəsində qeyd etdiyi bənd idi, nə də deyildiyi kimi iş ahəngini pozduğu üçün onu çıxartmaqla hədə-qorxu gəldikləri bənd. Eyni zamanda o, yazdığı izahatda spirtli içki aparmağının ciddi qanun pozuntusu olduğunu bilmədiyini, ilk dəfə belə bir hala yol verdiyini qeyd etmişdir. Nəzərə alsalar ki, o, artıq 19 ildir ki, həmin müəssisədə çalışır bunu bilməməsi mümkünsüzdür. Görünür o, bununla bağlı daxili nizam-intizam qaydaları və ya vəzifə təlimatı (daxili hər hansı normativ sənədlərlə) rəsmi şəkildə tanış edilməmişdir. Hadisələrin baş vermə anında keçirdiyi həyacan, düşdüyü vəziyyət adekvat qərar qəbul etmə və ya etiraz etmə qabiliyyətinə təsir etsə də, daha sona vəziyyəti dərindən anlamışdır. Belə ki, o, işə içkili vəziyyətdə getməmiş və ya iş yerinə içki aparmamışdır. Onun işlədiyi yerdə yaşayış var, bağça, məktəb, mağaza və s.fəaliyyət göstərir, spirtli içkini ordan da əldə edə bilərdi. O, orda hər ayın 15 günü yaşayır, gündə 12 saat çalışır. Digər 12 saatı isə ona verilən asudə vaxtdır, hansı ki, öz iradəsi ilə istədiyi kimi o vaxtı keçirə bilər. Digər nüans ondan ibarətdir ki, əgər belə bir daxili qayda var idisə, çalışdığı müddət ərzində niyə bir dəfə olsun məlumatlandırılmayıb. O, işləmək üçün yola düşdüyü vaxt mühafizə spirtli işçini gördükdən sonra sadəcə bunu keçirtməyə icazə olmadığını bildirib kənara qoya bilərdi. Hüquqşünas bununla bağlı izahat yazdırdırsa bununla bağlı hər hansı bir tədbir görə bilərdi. Çalışdığı 19 il ərzində həmişə nümunəvi işçi olub, ona qarşı görülən bu tədbiri qanunsuz və ədalətsiz hesab edir. Əmri əldə etdikdən sonra Mediasiya təşkilatına müraciət edilmişdir. 6 saylı mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli arayışını əldə etdikdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək tələbini yalnız cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı yönəldilməsini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işə gedərkən Zığ limanında mühafizəçi işə apardığı 1 litr arağı çantasında görərək bu barədə İdarəyə məlumat vermiş, hüquqşünas gəlmiş, onu İdarəyə dəvət etmiş və həmin tarixdə izahatını almışdır. Hüquqşünas ona içki apardığı üçün işdən “statya” ilə çıxarılacağını bildirmiş,ərizə yazılması olduğunu demiş, əmək kitabçasını korlanmaması üçün hüquqşünasın diktə etdiyi kimi ərizəni yazmışdır. Hüquqşünas bildirmişdir ki, narahat olmasın, onu çağıracaqlar. Hətta o, səhhətində heç bir problem olmadığı üçün ərizənin bu şəkildə yazılmasına dair etirazını bildirdikdə hüquqşünas bildirmişdir ki, narahat olmasın. Halbuki 1 ay ondan əvvəl tibbi müayinədən keçmiş və heç bir sağlamlığında problem aşkar edilməmişdir. 2006-cı ildən qüsursuz işləyir, heç vaxt töhmət almamışdır. Noyabr ayının 23-də onun əmək haqqı kartına pul keçmiş, İdarədən Səyyarə xanım ona zəng edərək nə üçün işdən azad olunmasını soruşmuş, o, dərhal Baş İdarəyə gedərək ərizə yazmış, ona bildirmişlər ki, ərizəyə 1 ay müddətində cavab veriləcək. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, işdən azad olunma barədə ərizə iddiaçının iradəsinə zidd olaraq alınmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, ilkin olaraq bildirmişdir ki, iddiaçının işdən olunması əmrini verən 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi hüquqi şəxs deyil, ona görə də işə bərpa ilə bağlı tələbə cavabdehliyi “Azneft” İB daşıyır. Nümayəndə iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı ilə “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsində sementləyici aqreqatın motorçusu vəzifəsində işləməsinə dair onunla xx.xx.2023-c ü il tarixli 120 saylı əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin baş mühəndisi rəis müavini V.Cavadova ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı dəniz şəraitində işləyə bilmədiyi üçün xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu peşədən azad edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. İddiaçı 1977-ci il təvəllüdlüdür, onun 48 yaşı var və elə 19 ildir “Azneft” İBdə çalışmışdır. Onun yaşını, həyat və iş təcrübəsini nəzərə alanda onun aldanılaraq, öz iradəsinə zidd ərizəni yazması inandırıcı hesab etmək mümkün deyil. İddiaçının iddia ərizəsində qeyd etdikləri tam əsassızdır və yazdığı ərizənin onun tərəfindən öz iradəsi ilə yazılmadığına əsaslanmağa yönəlmişdir. Həmçinin bildirirlər ki, iddiaçı xx.xx.2025-ci il tarixdə yazdığı ərizəsinin geri götürülməsi və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə ilə müraciət də etməmişdir. Cavabdehin nümayəndəsi iddia tələblərinin əsassız olması ilə əlaqədar rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə İddiaçı tərəfindən 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin rəisi C.Mailovun adına yazılmış izahatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə səhər saat 07.10 radələrində Çilov adasında yerləşən iş yerinə getmək üçün Zığ limanında yerləşən gəmi ayağına getmiş, təxminən 07.20 radələrində gəmiyə minmək üçün nəzarət-buraxılış məntəqəsi keçən zaman SOS MMC əməkdaşı tərəfindən yük çatnasına baxış keçirilmiş və baxış zamanı 0.5 litr olan salafan kulokda olan 2 ədəd spirtli içki olan araq aşkar edilərək götürülmüş və bu barədə akt tərtib olunmuş, akta düzgünlüyü təsdiq imzası ilə təsdiq etmişdir. O, birinci dəfə idi ki, iş yerinə spirtli içki aparır. Etdiyi əməl ciddi qanun pozuntusuna olduğunu bilmirdi, nəzərə almasını xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin baş mühəndis rəis müavini V.Cavadovun adına yazılmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, səhhəti ilə bağlı dəniz şəraitində işləyə bilmədiyi üçün xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verərək tutduğu peşədən azad edilməsini xahiş etmişdir. İş üzrə 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək SOCAR-ın Cavabdeh 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsində sementləyici aqreqatın motorçusu peşəsində işləyib və öz təşəbbüsü ilə işdən azad olunub. İşlədiyi müddət ərzində İddiaçı özünü işgüzar, məsuliyyətli, nizam-intizamlı, bacarıqlı bir işçi kimi rəhbərliyin rəğbətini qazanmış, verilən tapşırıqların öhdəsindən layiqincə gələn bir işçi kimi tanınıb. İddiaçı heç bir intizam tənbehi almamışdır. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2006-cı il tarixdə “Azərdənizneftinşaat” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq 5-ci dərəcəli kran maşinisti peşəsinə qəbul olunmuş, xx.xx.2007-ci il tarixdə AzDNİ tresti və onun struktur bölmələri AR MM-nin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq AR DNŞ-nin “Neftqaztikinti” testina verilmiş, AzDNİ trestinin 2 saylı İTQTF-ı “Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmış, xx.xx.2007-ci il tarixdə 2 saylı sahəyə daimi olaraq 5-ci dərəcəli kran maşinisti keçirilmiş, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci il tarixdə “Neftqaztikinti” tresti xüsusi Texnika İdarəsinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə əsasən əməyin ödənilmə dərəcəsi 5 olmaqla ekskovator kran maşinisti peşəsinə müvəqqəti qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə “Neft Daşları” sahəsinə 5ci dərəcəli ekskovator kran maşinçısı peşəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə həmin İdarədə 6cı dərəcə verilmiş kran maşinisti, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu mad. 3-cü bəndinə əsasən başqa işə götürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 01.08. 2014-cü il tarixdə ARDNŞ Nəqliyyat İdarəsi 5 saylı texnoloji nəqliyyat departamentinin 2 saylı V və XTS-nin 1 saylı xüsusi texnika dəstəsinə 1-ci dərəcəli kran-maşinisti peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə 2 saylı A və XTS-nin 1 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu keçirilmiş, xx.xx.2020-ci il tarixdə AR ƏM-nin 69.3-cu maddəsinə əsasən başqa işgötürənlə əmək müqaviləsi bağladığı üçün öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixdə SOCAR Cavabdeh 5 saylı Texnoloji Nəqliyyat Departamenti 2 saylı A və XTS-nin 2 saylı avtomobil dəstəsinə 6-cı sementləyici aqreqatın motorçusu peşəsinə qəbul edilmiş, SOCAR-ın xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azneft İB-nin 5 saylı Texnoloji Nəqliyyat Departamenti yenidən təşkil edilərək maddi texniki bazasında Azneft İB-nin 1 saylı Nəqliyyat İdarəsi yaradılmış, xx.xx.2021-ci il tarixdə “Azneft” İB-nin 1 saylı Nəqliyyat İdarəsinin 2 saylı A və XTS-nin 1 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə 2 saylı xüsusi texnika sahəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə 2 saylı A və XTS-nin 1 saylı xüsusi texnika dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə 3 saylı A və XTS-nin xüsusi texnika dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə 3 saylı A və XTS-nin texnoloji nəqliyyat dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçu peşəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixdə Azərb.Respublikası Əmək Məcəlləsinin 69-cu mad 3-cü hissəsinə əsasən işçinin təşəbbüsü ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Cavabdeh 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi ilə İddiaçı arasında bağlanmış 120 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 3 saylı AXTS-nin texnoloji nəqliyyat dəstəsinin 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). Əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 il müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 1355,88 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir (bənd 4.1). İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-1/3-1K-153/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və işçinin təşəbbüsünü nəzərə alaraq Cavabdeh 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstisinin sementləyici aqreqatın motorçusu İddiaçı ilə xx.xx.2023-cü il tarixli, 120 nömrəli əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdən ləğv edilməsi əmr verilmişdir. Əmrin verilməsi üçün əsas kimi İddiaçı şəxsi ərizəsi göstərilmişdir. İş üzrə xxxxxxx0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin xx.xx.2025-ci il tarixli, 14-2-1-12/3-1K-153/2025 saylı əmri ilə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-02367 saylı arayışından görünür ki, İddiaçı işə bərpa, buraxılmış iş müddəti üçün kompensasiyanın ödənilməsi və mənəvi zərərin ödənilməsi barədə tələblərə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 13.55-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi iştirak etməmişdir. İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı uzun müddət cavabdeh təşkilatında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2020-ci il tarixdən o, “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırımış Neft- Mədən Xüsusi Texnika İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji dəstəsində sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə iş yerinə getmək üçün limanda yerləşən gəmiyə minərkən üzərinə baxış keçirilmiş və mühafizə tərəfindən onun çantasında 2 ədəd spirtli içki aşkar edilmiş və ona gəmiyə minməsinə icazə verilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə səhhəti ilə bağlı dəniz şəraitində işləyə bilmədiyi üçün xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verərək tutduğu peşədən azad edilməsi barədə ərizə ilə işəgötürənə müraciət edilmiş və “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırımış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 20 ilə yaxındır ki, SOCAR “Azneft” İBnin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində müxtəlif vəzifələrdə, son olaraq isə sementləyici aqreqatın motorçusu vəzifəsində çalışmışdır. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilməsinə dair xxxxxxx000209 nömrəli, xx.xx.2025-ci il tarixli əmr qəbul edilmişdir. İş ilə əlaqədar 15 gün Çilov adasında, 15 gün isə evdə olur. xx.xx.2025-ci il tarixdə həmişəki qaydada işə gedərkən yoxlama zamanı mühafizə çantasından 2 ədəd 1 litrlik spirtli içki aşkar etmiş, içkini ondan alaraq kənara qoymuş gəmiyə minməsinə icazə verməmişdir. İlk olaraq problem olmadığını qeyd etsə də, daha sonra şirkətin hüquqşünası ilə əlaqə saxlamışdır. Hüquqşünas gəldikdən sonra məsələ ilə bağlı izahat yazmalı olduğunu, narahat olmağa ehtiyac olmadığını, bunun adi prosedur qayda olduğunu bildirib. O, izahat yazdıqdan sonra hüquqşünas məsələnin ciddi olduğunu bildirmiş və onu səhhəti ilə əlaqədar işdən çıxmağı ilə bağlı əlavə ərizə yazmağa vadar etmişdir. Bunu etməyəcəyi təqdirdə isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməklə hədə qorxu gəlmişdir. O, ərizəni yazarkən hüquqşünas bu ərizənin də sadəcə üzrxahlıq anlamı ifadə etdiyini, izahatın yanında rəhbərliyə təqdim ediləcəyini dəfələrlə qeyd edirdi. Lakin təəssüf ki, nəticə dedikləri kimi olmamışdır. Elə həmin gün Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən azad edildiyini öyrənmişdir. Məsələ orasındadır ki, bu bənd nə onun ərizəsində qeyd etdiyi bənd idi, nə də deyildiyi kimi iş ahəngini pozduğu üçün onu çıxartmaqla hədə-qorxu gəldikləri bənd. Eyni zamanda o, yazdığı izahatda spirtli içki aparmağının ciddi qanun pozuntusu olduğunu bilmədiyini, ilk dəfə belə bir hala yol verdiyini qeyd etmişdir. Nəzərə alsalar ki, o, artıq 19 ildir ki, həmin müəssisədə çalışır bunu bilməməsi mümkünsüzdür. Görünür o, bununla bağlı daxili nizam-intizam qaydaları və ya vəzifə təlimatı (daxili hər hansı normativ sənədlərlə) rəsmi şəkildə tanış edilməmişdir. Hadisələrin baş vermə anında keçirdiyi həyacan, düşdüyü vəziyyət adekvat qərar qəbul etmə və ya etiraz etmə qabiliyyətinə təsir etsə də, daha sonra vəziyyəti dərindən anlamışdır. Belə ki, o, işə içkili vəziyyətdə getməmiş və ya iş yerinə işçi aparmamışdır. Onun işlədiyi yerdə yaşayış var, bağça, məktəb, mağaza və s.fəaliyyət göstərir, spirtli içkini ordan da əldə edə bilərdi. O, orda hər ayın 15 günü yaşayır, gündə 12 saat çalışır. Digər 12 saatı isə ona verilən asudə vaxtdır, hansı ki, öz iradəsi ilə istədiyi kimi o vaxtı keçirə bilər. Digər nüans ondan ibarətdir ki, əgər belə bir daxili qayda var idisə, çalışdığı müddət ərzində niyə bir dəfə olsun məlumatlandırılmayıb. O, işləmək üçün yola düşdüyü vaxt mühafizə spirtli içkini gördükdən sonra sadəcə bunu keçirtməyə icazə olmadığını bildirib kənara qoya bilərdi. Hüquqşünas bununla bağlı izahat yazdırdısa bununla bağlı hər hansı bir tədbir görə bilərdi. Çalışdığı 19 il ərzində o, həmişə nümunəvi işçi olub, ona qarşı görülən bu tədbiri qanunsuz və ədalətsiz hesab edir. Bu səbəbdən iddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə hansı hallarda işçinin ərizədə yazdığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən asılı deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır. Məhkəmə qeyd edir ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan onun iradəsinin əleyhinə əmək müqaviləsinin ləğv edilməsi barədə dəlilləri işin faktiki halları ilə araşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarılma haqqında ərizənin verilməsi onun öz iradəsinin könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsini bir başa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcburi etmək isə qanunvericiliklə qadağandır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımından daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“AR Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Yuxarıda qeyd edildiyi kimi işçi xx.xx.2025-ci il tarixdə işə gedərkən qadağan olunmuş spirtli içkiləri özü ilə aparılması müəyyən edilmiş, bununla bağlı ondan izahat alınmış və iddiaçı həmin tarixdə işdən azad olunma barədə ərizə yazmışdır. Məhkəmə iddiaçının işdən azad olunma barədə ərizəsinin onun iradəsinə zidd olaraq verilməsinə dair dəlillərini əsaslı hesab edir. Belə ki, iş yerinə spirtli içki aparmaqla əmək funksiyasını pozduğu üçün işdən azad olunması barədə başqa maddə ilə işdən çıxarılacağını və həmin maddə ilə işdən çıxdıqdan sonra başqa işlə təmin olunmasında çətinlik yaranacağını əsas gətirərək iddiaçının işdən azad olunma barədə ərizəsinin onun iradəsinə zidd tərtib edilməsini məhkəmə məntiqli hesab edir. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin iddiaçının işdən azad olunma barədə ərizəsinin geri götürülməsinə dair işəgötürənə müraciət etməməsinə dair dəlilləri üzrə qeyd edir ki, iddiaçı işdən azad olunma barədə ərizədə işdən azad olunma tarixini ərizənin yazıldığı tarix hesab edilməsini xahiş etmiş və işəgötürən tərəfindən də həmin tarixdə əmr qəbul edilmişdir. Qanunvericilik isə yalnız müddət göstərilmədiyi və əmr qəbul edilmədiyi təqdirdə işçinin ərizəsinin geri götürülməsi barədə hüququnun olmasını müəyyən edir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin həmin dəlillərini əsaslı hesab etmir. Göründüyü kimi iddiaçının işdən çıxma barədə ərizəsinin təzyiq və məcburetmə altında yazılması halı işin fatiki halları ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qəbul edilmiş əmr qanunsuz hesab edilməklə ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalıdır. Azərbaycan Respulikası Milli Məclisinn 575-İİQ No-li xx.xx.2004-cü il tarixli qanuni ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyasının” 24-cü maddəsinə əsasən əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin onların vəzifəsi və ya davranışı, yaxud müəssənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan, əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 60 (altmış) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun ödənilməli olan hissəsi - 40 (qırx) manat dövlət hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 14-2-1/3-1K-153/2025 saylı əmr ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin sementləyici aqreqatın motorçusu vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehndən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 60 (altmış) manat, dövlət nəfinə 40 (qırx) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar