Məhkəmə qərarları › İş №e-2(009)-306/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-306/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-306/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Sabah Residence MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində inşa edilən yaşayış binasının C bloku, yaşayışın 1-ci (ümumi 4-cü) mərtəbəsində yerləşən 78,9 kv.m təmirsiz mənzilin İddiaçı təhvil verilməsi; cavabdeh tərəfindən mənzil İddiaçı təhvil verdiyi vaxtadək aylıq 350 manat olmaqla kompensasiyanın ödənilməsinə, vurulmuş maddi ziyan olaraq 5000 manat ödənilməsinə və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında 02 fevral 2018-ci il tarixində Bakı şəhəri 2 saylı notariat kontorunda əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin əvəzləşmə müqaviləsinin predmetinə əsasən ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xaniar küçəsindəki 18 nömrəli evin 3 saylı mənzilinin 1/2 hissəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Əvəzləşmə müqaviləsinin 6.2.1-ci maddəsində ona təhvil verilməsi nəzərdə tutulan mənzilin xüsusiyyətləri aşağıdakı kimi verilmişdir: binanın mərtəbələrinin sayı: 19, mənzilin ümumi sahəsi: 46,82 giriş: 1, mənzilin mərtəbəsi: 8. Əvəzləşmə müqaviləsinin 6.2-ci maddəsində qeyd edilmişdir ki, cavabdeh bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında təmirsiz mənzil ona verilməli idi. Əvəzləşmə müqaviləsinin 6.3-cü maddəsinə əsasən, “Mülkiyyətçi” yaşayış sahəsini “Kooperativ”-ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdıraraq “Mülkiyyətçi”-yə təhvil verilənə qədər “Mülkiyyətçi”-nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 350 (üç yüz əlli) manat olmaqla kompensasiya “Kooperativ“ tərəfindən “Mülkiyyətçiyə” ödənilir. Kompensasiya 3 (üç) aylıq qabaqcadan olmaqla “Mülkiyyətçinin”-nin bank hesabına ödənilir. Cavabdehlə müqavilə bağlandıqdan sonra 25 fevral 2018-ci il tarixində ona məxsus olan yaşayış sahəsini cavabdehə sökülmək üçün Təhvil-təslim Aktı ilə təhvil vermişdir. Bundan sonra demək olar ki, 3 il müddətində tikintinin gedişatı ilə maraqlanmamışdır, yəni gedib cavabdehi narahat etməmişdir. Müqavilənin 6.2-ci maddəsinə əsasən 24-30 ay müddətinə mənzil tikilib ona təhvil verilməli idi. Bu müddət 2020-ci ilin avqust ayının 25-də tamam olmuşdur. Həmin tarixdən sonra cavabdehə müraciət etdikdə bəhanələrlə binanın tikintisinin davam etdiyini və mənzilin hazır olmadığını ona bildirdilər. O da mövcud pandemiya və müharibə şəraitini nəzərə alaraq səbrlə gözləməyə başlamışdır. Bir müddət sonra isə qonşularına mənzillərin təhvil verildiyini öyrənmişdir. 2022-ci ilin ortaları olardı, cavabdehin nümayəndələri ilə görüşdükdə ona mənzilin sahəsinin az olduğu üçün onun mənzilinin başqa mənzillə birləşdirib satmaq fikirlərinin olduğunu bildirdilər. Ona isə başqa yerdən 48 kv.m mənzil verəcəklərini bildirdilər. Hər dəfə bir bəhanə ilə ona mənzilin təhvil verilməsindən yayındılar. Aldadıldığını və ona məxsus verilməsi nəzərdə tutulan mənzilin olmadığını başa düşdükdən sonra 2022-ci ilin oktyabrında rəsmi olaraq prokurorluğa şikayət etmişdir. Cavabdeh tərəfindən bundan sonra onu dəvət etdilər, ona 46 kv.m mənzilin təhvil verilməsinin mümkün olmadığını bildirdilər. Uzun danışıqlardan sonra o öyrənmişdir ki, cavabdehdə satılmayan 78.9 kv.m təmirsiz mənzil var. 14 aprel 2023-cü il tarixində 28 saylı notariat ofisində 02 fevral 2018-ci il tarixli Əvəzləşmə Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Razılaşma Müqaviləsi imzalamışlar. Həmin Razılaşmaya əsasən Əvəzləşmə müqaviləsinin 6.2.1-ci maddəsinə dəyişiklik edilərək yeni redaksiyada aşağıdakı məzmunda verildi: Binanın mərtəbələrinin sayı: 19, Mənzilin ümumi sahəsi: 78,9, Giriş: 3 (Blok C), mənzilin ümumi mərtəbəsi: 4, mənzilin yaşayış mərtəbəsi: 1. Razılaşma bağlanarkən ona bildirdilər ki, mənzilin daxili ara divarları hörülməyib və tam olaraq mənzil hazır deyil. Ona iki həftə ərzində mənzili tam şəkildə təhvil verəcəklərini bildirdilər. O yenə cavabdehə inanmışdır. Razılaşmanın imzalanmasından artıq 6 ay keçməsinə baxmayaraq, hələ də ona mənzil təhvil verilməmişdir və eyni zamanda mənzili cavabdeh tərəfindən qanunsuz olaraq ofis sahəsi kimi istifadə edilir. Cavabdehə müraciətlərin də artıq heç bir mənası qalmamışdır. Eyni zamanda cavabdeh tərəfindən 4 aydan artıq müddətdir ki, ona Əvəzləşmə müqaviləsi üzrə ödənilməli olan kirayə haqqı da ödənilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, müqavilənin tələblərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində inşa edilən yaşayış binasının C bloku, yaşayış 1-ci (ümumi 4-cü) mərtəbəsində yerləşən 78,9 kv.m. təmirsiz mənzili iddiaçıya təhvil verməkdən MTK imtina etmir. Həmin sahədə cavabdehin ofisi yerləşir və orada işçilər oturur, bunu iddiaçı da bilir ki, orada müəyyən hörgü işləri aparılmalı və sonra iddiaçıya mənzil şəklində təhvil verilməlidir. Bundan başqa, mənzil təhvil verildiyi vaxtadək müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya aylıq 350 manat olmaqla kompensasiya ödəniləcəkdir. Bu hissələrdə iddianı qəbul edir. Lakin maddi ziyan olaraq 5000 manatın ödənilməsi hissəsində iddia tələbini əsassız olduğu üçün qəbul etmir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş 02 fevral 2018-ci il tarixli Əvəzləşmə Müqaviləsindən görünür ki, mülkiyyətçi İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xaniar küçəsindəki 18 nömrəli evin 3 saylı mənzilinin 1/2 hissəsini sökülmək üçün Cavabdehnə təhvil verməyi, Kooperativ isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında giriş 1, 8-ci mərtəbədə ümumi sahəsi 46,82 kv.m. olan təmirsiz mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 aprel 2023-cü il tarixli Razılaşma müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış Əvəzləşmə müqaviləsinə dəyişiklik edilərək, Kooperativ yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında giriş 3 (blok C), yaşayış 1-ci (ümumi 4-cü) mərtəbəsində yerləşən 78,9 kv.m. təmirsiz mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, onunla Sabah Residence MTK arasında 14 aprel 2023-cü il tarixində 28 saylı notariat ofisində 02 fevral 2018-ci il tarixli Əvəzləşmə Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Razılaşma Müqaviləsi imzalanarkən ona bildirildi ki, mənzilin daxili ara divarları hörülməyib və tam olaraq mənzil hazır deyil. Ona iki həftə ərzində mənzili tam şəkildə təhvil verəcəklərini bildirdilər. Razılaşmanın imzalanmasında artıq 6 ay keçməsinə baxmayaraq, hələ də ona mənzil təhvil verilməmişdir və eyni zamanda mənzili MTK tərəfindən qanunsuz olaraq ofis sahəsi kimi işlədilir. Eyni zamanda 4 aydan artıq müddətdir ki, ona əvəzləşmə müqaviləsi üzrə ödənilməli olan kirayə haqqı da ödənilmir. Odur ki, yuxarıda qeyd edilənlələ əsasən Səbail Residence MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində inşa edilən yaşayış binasının C bloku, yaşayışın 1-ci (ümumi 4-cü) mərətbəsində yerləşən 78,9 kv.m təmirsiz mənzilin 3 gün ərzində ona təhvil verilməsini, mənzilin ona təhvil verildiyi vaxtadək aylıq 350 manat olmaqla kompansasiyasının 3 gün ərzində ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, S314 nömrəli cavab məktubundan görünür ki, 02 fevral 2018-ci il tarixində onunla Kooperativ arasında Əvəzləşmə müqaviləsinin 6.2.1-ci maddəsinə dəyişiklik edilməsi barədə 14 aprel 2023-cü il tarixində Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən ona Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 19 mərtəbəli binanın C blokunda yerləşən 78,9 m2 sahəyə malik mənzilin verilməsi nəzərdə tutulmuşdur. Halhazırda həmin mənzildə daxili hörgü işləri aparılır və qısa müddət ərzində mənzildə işlər yekunlaşacaqdır. Mənzildə işlər tam yekunlaşdıqdan sonra müqavilədə nəzərdə tutulmuş mənzil ona təhvil veriləcəkdir. Həmçinin də bildirilir ki, 02 fevral 2018-ci il tarixli Əvəzləşmə müqaviləsinin 6.3-cü maddəsinə əsasən müvəqqəti yaşayış sahəsi ilə təmin edilməyi üçün kompensasiya olaraq hər ay ödənilən 350 manat kirayə haqqı onun hesabına köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ila bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı şəraitinin yaxşılaşdırılacağını güman edərək, xüsusi mülkiyyətində olan mənzilin sökülməsi üçün cavabdehlə müqavilə bağlamış, mənzili boşaltmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya məxsus yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni yaşayış sahəsi ilə təmin etməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X1 haqqında» Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh MTK yuxarıda qeyd olunan müqavilələr əsasında yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə dair vəzifənin daşıyıcısı olmuş, lakin göstərilən müqavilələr əsasında yaşayış sahəsini iddiaçıya təhvil verməli olmasına dair vəzifəsini icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə» 12 aprel 2004-cü il tarixli qərarında göstərmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, iddia tələbi mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin kirayə haqqı kimi mənzil təhvil verildiyi vaxtadək aylıq 350 (üç yüz əlli) manat olmaqla kompensasiya tutulması hissəsi də əsaslı olduğundan təmin edilməlidir. İddiaçının 5000 manat maddi ziyanın ödənilməsi tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının 5000 manat maddi ziyanın ödənilməsi tələbi hissəsində iddiasını məhkəmə, iddianın həmin hissəsi konkret faktlarla sübuta yetirilmədiyi, iddiaçı həmin tələbini əsaslandırmaq üçün heç bir sübut təqdim etmədiyi üçün əsaslı hesab etmir və onun təmin olunmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində inşa edilən yaşayış binasının C bloku, yaşayış 1-ci (ümumi 4-cü) mərtəbəsində yerləşən 78,9 kv.m təmirsiz mənzil İddiaçı təhvil verilsin və mənzil təhvil verildiyi vaxtadək aylıq 350 (üç yüz əlli) manat olmaqla kompensasiya və ödənilmiş 120 (bir yuz iyirmi) manat dövlət rüsumu İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar