Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-308/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə istifadə hüquqlarına xitam verilməsi və s.» tələbi barədə mülki işə 24 yanvar 2024-cü il tarixdə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi ilə yetkinlik yaşına çatmayan uşaqları və onlara məxsus əşyaları ilə birlikdə mənzilən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi ev 16, mənzil 9 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarış almışdır. Oğlu Cavabdeh1 Cavabdeh2 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. 29 aprel 2022-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmamış uşaqları mülkiyyətimdə olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsiev 16, mənzil 9 ünvanında yerləşən mənzilinə qeydiyyata düşüb və hazırda həmin mənzildə yaşayırlar. Uzun müddət cavabdehlərin monun mənzilinə qeydiyyata düşərək müvəqqəti yaşamalarını xahiş edirdilər. Cavabdehlər bildirirdilər ki, tezliklə mənzil alıb təmir edib oraya köçəcəklər. Bununla əlaqədar iddiaçı notarial qaydada ərizə yazaraq cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə mülkiyyətində olan mənzilə köçüb yaşamalarına və qeydiyyata düşmələrinə razılıq vermişdir. Son zamanlar cavabdehlərlə olan münasibəti tamamilə pisləşmiş və demək olar ki, onlarla ünsiyyəti tamamilə kəsilmişdir. Onların mülkiyyətində olan mənzildə qalmaları bir mülkiyyətçi kimi həmin mənzildən istifadə etmək və onun üzərində hər hansı bir sərəncam vermək hüquqlarını pozur. Dəfələrlə mənzili boşaltmaları barədə onlara xəbərdarlıq etməyinə baxmayaraq onlar bundan imtina edirlər. İmtinanı müxtəlif səbəblərlə əsaslandırırlar. Hazırda cavabdehlər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlər arasında əmlak bölgüsü barədə məhkəmə mübahisələri zamanı məlum olmuşdur ki, həm Cavabdeh1, həm də Cavabdeh2 məxsus mənzil vardır. Belə ki, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1039/2023 №-li qətnaməsində deyilir: “Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda "xxxx" çoxmərtəbəli yaşayış binasının A bloku, 17-ci mərtəbə, 3 otaqlı, 137,36 kv.m. sahəsi olan 77 saylı mənzili xx.xx.2020-ci il tarixdə, yəni tərəflərin nikahda olduqlarızaman Cavabdeh1 adına rəsmiləşdirilmişdir.”( səhifə 8),“Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə F.F.Məmmədxanov tərəfindən öz xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, 52C, ev 15, mənzil 33, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 58,6 kv.m. olan mübahisəli mənzil bağışlama müqaviləsinə əsasən Cavabdeh2 bağışlamış və qeyd edilən mübahisəli mənzil Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir”. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilinə istifadə hüququna xitam verilməsi ilə yetkinlik yaşına çatmayan uşaqları və onlara məxsus əşyaları ilə birlikdə mənzilən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda ifadə verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 185.5-ci maddəsinə əsasən isə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan: Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzili xx.xx.2020-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikah pozulmuşdur. Qətnamədən eyni zamanda görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 adlı uşaqları vardır. 6935943 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzili xx.xx.2020-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilinə qeydiyyata alınmış, sonra isə iddiaçının oğlu və keçmiş gəlini olan cavabdehlər arasında olan nikah ləğv olunmuşdur. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, tələb təmin olunmalıdır. Belə ki, 17 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. O, eyni zamanda bildirmişdir ki, digər cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə uşaqların ananın yanında saxlanılması qət edilsə də, uşaqlar hazırda onunla birlikdə iddiaçıya məxsus sözügedən mənzildə yaşayırlar. Bundan başqa iş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanda çoxmərtəbəli yaşayış binasının A bloku, 17-ci mərtəbəsində 3 otaqlı 77 saylı mənzil Cavabdeh1 tərəfindən əldə edilmişdir. İş materiallarından və cavabdehin izahatından göründüyü kimi, cavabdehin özünə məxsus başqa yaşayış yeri olmaqla yanaşı eyni zamanda cavabdeh iddianı etiraf edir və təmin olunmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə digər cavabdehə münasibətdə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə hüquq münasibətləri 2022-cu ildə Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi 51 saylı evin 15 saylı mənzilinə qeydiyyata alındıqdan və orada yaşamağa başladıqdan sonra yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o mülkiyyətində olan evdə cavabdehin qeydiyyatda qalmasına etiraz edir və bu səbəbdən onun həmin evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh artıq iddiaçının ailə üzvü hesab edilmədiyindən və uzun müddətdir sözügedən mənzildə yaşamadığından, iddia tələbi təmin olunmalı, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Həmin qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 və onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilindən çıxarılsınlar. Hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 16 saylı evin 9 saylı mənzilindən yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün əsasdır. 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-308/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-308/2024
24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver