Məhkəmə qərarları › İş №e-2(009)-315/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-315/2023

27.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-315/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Ayşə X5 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 yanvar 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmağına dair 15 noyabr 2022-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, 15 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə bağladığı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən kiçik mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlə iddiaçı arasında əmək müqaviləsinə əlavə olaraq təhsil müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçının magistr dərəcəsinə yiyələnməsi üçün 2021-ci ilin yanvar ayından etibarən 9 ay müddətinə təhsil haqqını ödəməyi öz öhdəsinə götürmüş, iddiaçı isə təhsilini başa çatdırıb iş fəaliyyətini ən azı 3 il müddətinə cavabdeh şirkətdə davam etdirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı xaricdə təhsilini başa vurduqdan sonra cavabdeh şirkətdə əmək fəaliyyətinə davam etdiyi dövrdə yiyələndiyi ixtisasa uyğun olmayan vəzifəyə təyin edilmişdir. Daha sonra şirkətin rəhbərliyində heyət dəyişikliyindən sonra iddiaçının əmək fəaliyyəti zamanı əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola biləcək heç bir nöqsana yol verməməsinə baxmayaraq iddiaçıya hədə-qorxu gəlinmiş və iddiaçı işdən azad edilmə ilə bağlı ərizə yazmağa məcbur edilmişdir. İşəgötürən iddiaçının hüquqi biliklərinin olmamasından istifadə edərək, ona “maddə” ilə çıxarılmamaq üçün ərizə yazmağını bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə yazaraq 15 noyabr 2022-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Bu səbəbdən də 15 noyabr 2022-ci il tarixli əmrə əsasən iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ərizəsində işdən azad olunma barədə ərizəsini işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gəlinərək yazıldığını qeyd edir. Qeyd edilən hallar həqiqəti əks etdirmir. Ərizənin məzmunundan da göründüyü kimi iddiaçı 27 sentyabr 2022-ci il tarixdə müraciət edərək 15 noyabr tarixində işdən azad edilməsini xahiş edir. Burada hər hansı zor tətbiq etmə kimi hallar olsaydı, bu qədər müddət aralığı ilə işçi ərizə yazmazdı. Təhsil müqaviləsi üzrə Cavabdeh ASC üzərinə düşən öhdəliyi icra etsə də, iddiaçı tərəfindən öhdəliklər icra edilmədiyindən aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işdən azad olunmasına görə heç bir təsir göstərilməmişdir. İddiaçı öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, S.X1 Departamentinin Korporativ sosial məsuliyyət və təbliğat qrupunun kiçik mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən yazılmış ərizənin surətindən görünür ki, İddiaçı 15 noyabr 2022-ci il tarixdə onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 15 noyabr 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ASC-də Korporativ Kommunikasiyalar Departamentinin Korporativ sosial məsuliyyət və təbliğat qrupunun kiçik mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı öz xahişi ilə işdən azad olunması üçün ərizə ilə Cavabdeh ASC-yə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu 15 noyabr 2022-ci il tarixdə işdən azad etmişdir. Burdan da göründüyü kimi, işəgötürən işçinin iddia etdiyi kimi qərəzli olaraq işçinin işdən azad edilməsində maraqlı olsaydı və bununla bağlı işçiyə hədə-qorxu gəlsə idi, işçini işdən azad etməsi üçün ərizə ilə müraciət edildiyi tarixdən qısa müddət ərzində işdən azad etməkdə maraqlı olardı. Eyni zamanda tərəflərin hər ikisinin izahatından da məlum olur ki, işəgötürən işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmiş və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirəcəyi barədə öhdəlik götürmüşdür. Burdan da görünür ki, işəgötürən işçi ilə bağlı əmək fəaliyyətinin uzunmüddətli davam etdirilməsində maraqlı olmuşdur. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar