Məhkəmə qərarları › İş №e-2(009)-335/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-335/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-335/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 və 3-cü şəxsin nümayəndəsi-vəkili Vəkil4 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 (3-cü şəxs qismində "xxxx" MMC göstərilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 (3-cü şəxs qismində "xxxx" MMC göstərilməklə) qarşı “pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400,000 manat pulun və 690 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 onun doğma qardaşıdır. Digər Cavabdeh1i sə onun həyat yoldaşıdır. 2005-2006-cı illər ərzində həyat yoldaşı ilə ailə münasibətləri pis idi, hətta mübahisələri aralarında olan nikahın pozulması dərəcəsinə gəlib çatmışdı. Bu səbəbdən öz şəxsi qazancı hesabına əldə edəcəyi əmlakları yaxın qohumlarının adına almaq qərarına gəlmişdir. xx.xx.2006-cı il tarixdə "xxxx" MMC-ilə müqavilə bağlayaraq Bakı şəhəri Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən"xxxx" MMC tərəfindən inşa edilən 14 mərtəbəli yaşayış və ofis binasının A blokunda 10-cu mərtəbəsində (yaşayışın yeddinci) mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv. metr olan, 3 otaqlı mənzilin dəyəri 135.160 (bir yüz otuz beş min yüz altımış) manat olmaqla onun tərəfindən tam ödənilərək həmin mənzili cavabdeh qardaşı Cavabdeh2 adına sənədləşdirdi. Sonra mənzil tam təmirsiz olduğu üçün öz şəxsi vəsaiti hesabına 70.000 (yetmiş min) manat pul xərcləyərək mənzili tam təmir etdirib yaşamağa başlamışdır. Sonra qardaşı müxalif partiyanın üzvü olduğu üçün o, X1 “siyasi sığınacaq” alaraq yaşamağa gedirdi və bu səbəbdən onun adına yuxarıda qeyd olunan ünvanda yerləşən mənzili əsl sahibi olaraq onun adına keçirməyi ona dedi, sonra onlar "xxxx" MMC-nə gedərək cavabdeh qardaşı ərizə yazaraq həmin mənzilin onun adıma rəsmiləşdirilməsinə etiraz etmədiyini və bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını yazdı. Sonra cavabdehlər Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına köçərək orda yaşmağa başladılar. Onlar ABŞ-na köçdükdən sonra həyat yoldaşı Cavabdeh1 Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güya qardaşı cavabdeh X3 qeyd olunan mənzili onun razılığı olmadan onun adına keçirdiyindən həmin müqavilənin etibarsız hesab olunması və onun mənzildən çıxarılmağını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-117/2022 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Sonra həmin qətnamədən cavabdeh Fərəh Ağayev Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərərk qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734/2022 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-117/2022 saylı iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylıevin 19 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun həmin mənzildən çıxarılmağı qət edilmişdir. Həmin qətnamədən tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 4864/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC ilə aralarında imzalanmış mənzilin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli müqavilədən və eyni zamanda verilmiş xx.xx.2015-ci i tarixli maliyyə arayışından göründüyü kimi, mənzilin dəyəri 135.160 (bir yüz otuz beş min yüz altımış) manat olmaqla tərəfindən tam ödənilməklə Bakı şəhəri Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 14 mərtəbəli yaşayış və ofis binasının A blokunda 10-cu mərtəbəsində (yaşayışın yeddinci) mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv. metr olan, 3 otaqlı mənzili almışdır. Amma buna baxmayaraq məhkəmə qərarları əsasında onun mənzildən çıxmağı qət olunmuş və nəticədə tərəfindən mənzilin alnması üçün ödənilmiş 135.160 (bir yüz otuz beş min yüz altımış) manat pul və təmir xərclərinə çəkidiyi 70.000 (yetmiş min) manat pul qanunsuz və əsassız olaraq cavabdehlər tərəfindən ələ keçirilərək onun mülkiyyət hüquqları pozulmuşdur. Eyni zamanda onu da qeyd edir ki, iş materiallarında olan "xxxx" MTK-nın ünvan 1 ünvanında 19 saylı 3 otaqlı, ümumi sahəsi 115.19 kv.m, yaşayış sahəsi 59.91 kv.m mənzil 13 mərtəbəli evin bu günkü orta bazar dəyəri 400.000-450.000 manat arasında dəyişir. Evin dəyərinin onun tərəfindən tam olaraq ödənilməsi və mənzilin bu günkü orta bazar dəyəri 400.000 (dörd yüz min) manat olduğundan mənzilin bu günkü dəyəri olaraq 400.000 (dörd yüz min) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, Arzu Hacıyevə həmin mənzillə bağlı Cavabdeh2 heç bir pul ödənilməmişdir. Həmin mənzil əvəzsiz olaraq onun adına keçirilmişdir. Bu hallar əvvəlki məhkəmə araşdırmalarının mübahisə predmeti olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılmasına dair Ali Məhkəmənin 18 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kollegiya hesab edir ki, iddianın hüquqi dəyərləndirməsini aparmaq üçün ilk növbədə üçüncü şəxs Cavabdeh2lə cavabdeh İddiaçı arasında baş vermiş hüquq münasibətinin xarakterini müəyyən etmək lazımdır. İddiaçı vəkilinümayəndəsi, mübahisəli mənzilin formal olaraq Cavabdeh2 adına rəsmiləşdirməklə, mənzili təmsil etdiyi şəxsin ərinin aldığını, sonradan da yuxarıda qeyd olunan qaydada İddiaçı adına rəsmiləşdirməklə əsl sahiblərinə qaytarıldığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, nə də bu barədə birinci instansiya məhkəməsində heç nə bildirməmişdir. Digər tərəfdən, vəkil-nümayəndə birinci instansiya məhkəməsində izahatında mənzilin iddiaçı və sonuncunun əri tərəfindən İddiaçı satıldığını göstərmişdir. Kollegiya göstərilən dəlillərin hər ikisinə də tənqidi yanaşır, İddiaçı nə mənzilin satılması, nə də formal olaraq Cavabdeh2 adına rəsmiləşdirməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, Cavabdeh2 ərizəsindən görünür ki, o, sadəcə mənzilin İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və sonuncu ilə yeni müqavilənin bağlanması da bu xahiş əsasında baş vermişdr. Lakin, Cavabdeh2 məhkəmədə iştirak etmədiyindən, onun hansı məqsədlə bunu etməsini müəyyən etmək mümkün olmamış, iddiaçı isə bu barədə məlumatsız olduğunu bildirmişdir. Mənzilin məhz Cavabdeh2 satılması MTK-nın verdiyi arayışdan da təsdiq olunur. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh2 mübahisəli mənzilin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə olan halda həmin mənzilin əvəzsiz olaraq Arzu lacıyevanın adına rəsmiləşdirildiyi aşkardır, yəni tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir 3-cü şəxsin nümayəndəsi-vəkili bildirmişdir ki, "xxxx" MTK tərəfindən sənədləşdirmə zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. 2006-cı ildə hal-hazırki iddia tələblərində bəhs edilən mənzilin alınması ilə bağlı iddiaçının həyat yoldaşı Hacıyev Mübariz müraciət etmiş, mənzili bəyəndikdən sonra sənədləşmənin qaynı Cavabdeh2 adına aparılmasını istədiyini bildirmişdir. Müştərinin istəyinə uyğun olaraq müqavilə Cavabdeh2 adına tərtib edilmişdir. Bu zaman mənzilin dəyəri ilə bağlı M.Hacıyev tərəfindən ödənişlər həyata keçirilmişdir. Binada olan bütün mənzillər kimi, bu mənzil də təmirsiz satılmışdır. Bundan sonra M.Hacıyev tərəfindən mənzilin təmiri həyata keçirilmişdir. Bununla bağlı məlumatları dəqiqdir, belə ki, yuxarı mərtəbələrdə yerləşən mənzillərin təmiri ilə əlaqədar sakinlər tərəfindən təmir-tikinti materiallarının daşınması üçün binanın tikintisində işlənən müvəqqəti qaldırıcı avadanlıqdan istifadə edilir ki, bunun üçün də binanın inzibati rəhbərliyi mütləq şəkildə məlumatlandırılır. M.Hacıyev də təmiri həyata keçirən şəxsləri inzibati rəhbərliyə təqdim edərək, həmin şəxslər tərəfindən təmir işləri ilə əlaqədar təmir-tikinti materiallarının qaldırılacağına dair məlumat vermiş, onlar tərəfindən də buna lazımi şərait yaradılmışdır. Təmir bitdikdən sonra mənzildə M.Hacıyevin ailəsi, yəni İddiaçı və uşaqları daimi olaraq yaşamış, kommunal və digər vaxtaşırı ödənişlər İddiaçı tərəfindən edilmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh1 tanımırlar, Cavabdeh2 isə yalnız bir dəfə, mənzilin addan-ada keçirilməsi zamanı ofislərinə gəlmişdir. Həmin vaxt onun tərəfindən ərizə yazılmış, mənzlin İddiaçı adına keçirilməsinə razılığını bildirmiş, ailəsinin razılığı ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. Mənzilin əvvəldən də Hacıyevlər ailəsinə məxsus olduğu, formal olaraq Cavabdeh2 adına rəsmiləşdirildiyi, bu rəsmiləşmə zamanı belə Cavabdeh2 özunün iştirak etmədiyi onlara məlum olduğundan, mənzilin faktiki olaraq əsl sahiblərinin adına keçirilməsində problem görmədilər. Cavabdeh2 ərizəsi əsasında mənzili İddiaçı adına keçirtdilər, lakin, bu zaman, rəsmiləşməni müqavilənin addan-ada keçməsi kimi deyil, yeni müqaviləni elə ilk gün bağlanmış müqavilənin tarixi və nömrəsi ilə olmaqla əvəzləməldə rəsmiləşdirdilər. Təkrar olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, tərəflərindən rəsmiləşmənin qanunauyğun şəkildə edildiyi qənaətindədirlər, belə ki, ilk müqavilə olaraq, Cavabdeh2 adına bağlanmış olan müqavilə alıcı Hacıyev Mübarizin iradə ifadəsinə uyğun olaraq bağlanmış, həmin müqavilənin İddiaçı adına dəyişdirilməsi də şəxsən Cavabdeh2 iradə ifadəsinə uyğun şəkildə həyata keçirilmişdir. İlk müqavilə bağlanarkən, Cavabdeh2 özü iştirak etməsə də faktiki alıcı olan M.Hacıyev özü bununla bağlı istəyini bildirmiş, MTK olaraq alıcının istəyinə uyğun şəkildə N. Ağayevin adına müqavilə tərtib etmişdirlər. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734/2022 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4864/2022 saylı qərarının surətlərindən görünür ki, Cavabdeh1 İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 noyabr 2006-cı tarixli müqavilə etibarsız hesab edilmiş və İddiaçı həmin mənzildən çıxarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734/2022 saylı qətnaməsində qeyd edilmişdir ki, iddianın hüquqi dəyərləndirməsini aparmaq üçün ilk növbədə üçüncü şəxs Cavabdeh2lə cavabdeh İddiaçı arasında baş vermiş hüquq münasibətinin xarakterini müəyyən etmək lazımdır. İddiaçı vəkili-nümayəndəsi, mübahisəli mənzilin formal olaraq Cavabdeh2 adına rəsmiləşdirməklə, mənzili təmsil etdiyi şəxsin ərinin aldığını, sonradan da yuxarıda qeyd olunan qaydada İddiaçı adına rəsmiləşdirməklə əsl sahiblərinə qaytarıldığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, nə də bu barədə birinci instansiya məhkəməsində heç nə bildirməmişdir. Digər tərəfdən, vəkil-nümayəndə birinci instansiya məhkəməsində izahatında mənzilin iddiaçı və sonuncunun əri tərəfindən İddiaçı satıldığını göstərmişdir. Kollegiya göstərilən dəlillərin hər ikisinə də tənqidi yanaşır, İddiaçı nə mənzilin satılması, nə də formal olaraq Cavabdeh2 adına rəsmiləşdirməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, Cavabdeh2 ərizəsindən görünür ki, o, sadəcə mənzilin İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və sonuncu ilə yeni müqavilənin bağlanması da bu xahiş əsasında baş vermişdr. Lakin, Cavabdeh2 məhkəmədə iştirak etmədiyindən, onun hansı məqsədlə bunu etməsini müəyyən etmək mümkün olmamış, iddiaçı isə bu barədə məlumatsız olduğunu bildirmişdir. Mənzilin məhz Cavabdeh2 satılması MTK-nın verdiyi arayışdan da təsdiq olunur. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh2 mübahisəli mənzilin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə olan halda həmin mənzilin əvəzsiz olaraq Arzu lacıyevanın adına rəsmiləşdirildiyi aşkardır, yəni tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən mənzillə bağlı tərəflər arasında əqdin etibarsızlığı ilə əlaqədar yaranmış mübahisə bundan öncə məhkəmə baxışının predmeti olmuş və həmin iclasda məhkəmə müəyyən etmişdir ki, mənzilin Cavabdeh2 satılması MTK-nın verdiyi arayış ilə də təsdiq olunur. İddiaçı tərəfindən Cavabdeh2 mübahisəli mənzilin dəyərinin ödənilməsi müəyyən edilməmiş və belə olan halda mənzilin İddiaçı adına əvəzsiz olaraq rəsmiləşdirildiyi müəyyən edilmişdir. İşin bu halları qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, artıq bir dəfə həll olunmuş məsələnin yenidən təkrarən mübahisələndirilməsinə və araşdırılmasına qanunvericilik yol vermir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə eyni zamanda iddiaçının vəkilinin çıxışının təmirə çəkilmiş 70,000 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, sözügedən mənzilin təmirinə xərclənmiş pulun cavabdehlərdən tutulması hazırki məhkəmə baxışının predmeti deyildir. İddia ərizəsinin məzmunundan və iddiaçının iddia ərizəsində məhkəmədən barəsində qətnamə qəbul edilməsini xahiş etdiyi tələbdən görünür ki, iddiaçı məhkəmədən evin dəyərinin onun tərəfindən tam olaraq ödənilməsinə və mənzilin bu günkü orta bazar dəyərinin 400.000 manat olduğuna istinad edərək, mənzilin bu günkü dəyəri kimi 400.000 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, “iş materiallarında olan "xxxx" MTK-nın ünvan 1 ünvanında 19 saylı 3 otaqlı, ümumi sahəsi 115.19 kv.m, yaşayış sahəsi 59.91 kv.m mənzil 13 mərtəbəli evin bu günkü orta bazar dəyəri 400.000-450.000 manat arasında dəyişir. Evin dəyərinin onun tərəfindən tam olaraq ödənilməsi və mənzilin bu günkü orta bazar dəyəri 400.000 (dörd yüz min) manat olduğundan mənzilin bu günkü dəyəri olaraq 400.000 (dörd yüz min) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır”. Göründüyü kimi, iddiaçı ərizəsində mənzilin təmirinə 70.000 manat vəsait xərcləməsini qeyd etsə də, bunu sadəcə işin halları kimi göstərmiş və həmin pulun tutulmasını məhkəmədən xahiş etməmişdir. Göstərilən səbəbdən sözügedən mənzilə çəkilmiş təmir xərcinin cavabdehlərdən tutulması hazırki məhkəmə baxışının predmeti olmadığından məhkəmə qeyd olunan məsələyə münasibət bildirmir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 (3-cü şəxs qismində "xxxx" MMC göstərilməklə) qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar