Məhkəmə qərarları › İş №e-2(009)-357/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-357/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-357/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayədəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı MMC-yə qarşı fəaliyyətin qanunsuz hesab edilməsi və yaşayış binası üzərində idarə etmənin yerli bələdiyyəyə həvalə edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kommunal xidmət haqqı borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda, 10 və 12 saylı mənzillərə görə sentyabr 2023 - dekabr 2024-cü il tarixə kimi olan müddət ərzində kommunal xidmət haqqı qismində yaranmış 2457,12 manat borcun, həmin borc məbləğinə hesablanmış 245,71 manat məbləğində dəbbə pulunun, dövlət rüsumu üçün ödənilmiş 47,02 manat məbləğində dövlət rüsumunun, cəmi 2749,85 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMM-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının idarəçiliyi müqavilə əsasında "xxxx" MMM tərəfindən həyata keçirilir. Sözügedən yaşayış binası 20 mənzil və 2 qeyri-yaşayış sahələrindən ibarətdir. Binada nəzərdə tutulan kommunal xərclər (nəzarətçi-dispetçerlər, xadimə, liftin servisi, texniki avadanlıqlara xidmət və s.) toplanaraq, mülkiyyətçilər arasında sahələrə uyğun olaraq mütənasib şəkildə bölünür. 2017-ci ilin aprel ayına qədər, həmin binada kommunal xidmətlərin 1 kv.m. üçün dəyəri 0.63 manat təşkil edirdi, 01 aprel 2017-ci il tarixindən etibarən isə (tarif şurasının müvafiq qərarlarına əsasən, minimum əmək haqqının artmasını və digər xərcləri nəzərə alaraq) 1 kv.m. üçün dəyər 1.10 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq mülkiyyətçilərə yeni kommunal xidmət haqqında müqavilələr və qiymət artımının əsaslandırılmasına dair bildirişlər təqdim edilmişdir. Cavabdeh, ona məxsus və ünvan 4 ünvanda yerləşən yaşayış binasının 10 və 12 saylı mənzillərinə görə hesablanmış yeni tariflə razılaşmamış, kommunal xidmət haqlarını əvvəlki tariflə belə, ödəməcəyni bildirmş, lakin ödənişin yeni qayda üzrə həyata keçirməməsinin səbəbini açıqlamamışdır. Cavabdeh kommunal xidmət haqqını hər kv.m üçün 0.63 manat hesabı ilə ödəməkdə davam edir. Halbuki binada yaşayan digər sahə mülkiyyətçiləri hər kv.m. üçün təyin olunmuş 1.10 magat tarifi ilə vaxtında ödənişlərini edirlər. Cavabdehin xidmət haqqını kəsirlə ödəməsi nəticəsində, sentyabr 2023 - dekabr 2024 dövrü üçün 2457,12 manat borcu yaranmışdır. Belə ki, hər kv.m. üçün 1.10 manat təyin olunmuş tarifə əsasən cavabdeh 10 və 12 saylı mənzilərə görə aylıq 361,57 ödəməli olduğu halda, o, sentyabr 2023 - dekabr 2024 dövrü ərzində hər ay 208 manat ödəyib. Göründüyü kimi, aylıq ödəniş tam ödənilmədiyi üçün kəsirin məbləği hər ay üçün 153,57 qəpik təşkil edir, (sentyabr 2023 - dekabr 2024 dövrü = 16 ay x 153,57 = 2457,12 manat.) Həmin borc məbləği və ona hesablanan dəbbə pulu kimi 245,71 manat məhkəmə qaydasında ondan tələb edilir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehin nümayəndəsi ilə bununla bağlı danışıqlar aparılıb. İzah edilib ki, xərclər binanın sahəsinə uyğun olaraq mütənasib şəkildə bölünür və mövcud olan tarif məhz belə formalaşır. Bu məqsəd ilə, "xxxx" MMM hesab edir ki, Cavabdeh tərəfindən aylıq ödəniş hər kv.m. sahə üçün 0.63 manat yox, 1.10 manat ödənilməlidir. Bundan əlavə, Cavabdeh tərəfindən kommunal xidmətin dəyərinin hər kv.m üçün 0.63 manat ödənilməsi digər mülkiyyət sahiblərinin maraqlarına toxunmaqla bərabər, xidmət səviyyəsinin aşağı düşməsinə, vergi və sosial ödənişlərin vaxtında ödənilmsməsinə və s. problemlərə səbəb olur. xx.xx.2024-cü il tarixində Cavabdeh XMS-115 saylı bildiriş ilə mülkiyyətində olan 10 və 12 saylı mənzillər üçün 2023-cü il sentyabr ayından başlayaraq, 2024-cü il sentyabr ayına kimi müddət ərzində 1996,41 manat kommunal xidmət haqqının 15 gün müddət ərzində ödəməsi bildirilmişdir. Həmin bildiriş ünvan 5 ünvanında yerləşən 10 və 12 saylı mənzillərin mülkiyyət sahibi Cavabdeh təqdim olunması üçün yuxarıda qeyd edilən yaşayış binasına kommunal xidməti həyata keçirən Rəşad Cavadov vasitəsi ilə təqdim olunmuşdur. X6 xx.xx.2024-cü il tarixli Təqrir müraciətində qeyd edilmişdir ki, bildiriş Cavabdeh oğlu Samir Zeynalov tərəfindən qəbul olunmuş və sonuncunun ünvan 1, mənzil 12-də yaşaması müəyyən olunmuşdur. Onu da qeyd edir ki, Samir Zeynalovun deməsinə görə Cavabdeh harada olması barədə məlumat verməmiş, iki nüsxədən ibarət bildirişi isə bilavasitə atası Natiq Zeynalova təqdim etməsini təsdiq etmişdir. Bundan əlavə, Samir Zeynalov bildirmişdir ki, sözügedən bildirişi atasına təqdim etdikdən sonra, Natiq Zeynalov iki nüsxədən ibarət bildirişi cırıb atmış, bununla da, o, hüquqa zidd hərəkətkərə yol vermişdir. Daha sonra, xx.xx.2024-cü il tarixli bildiriş, təkrarən Cavabdeh 371551 saylı X8 Xidməti vasitəsilə, xx.xx.2024-cü il tarixində göndərilmiş, həmin müəssisənin 371551 saylı, xx.xx.2024-cü il tarixli bildiriş məktubu ilə Cavabdeh təqdim olunmasına baxmıyaraq, həmin sənəd geri qaytarılmamışdır. Yuxarıda göstərilənlərə əsasən ünvan 1 ünvanda, 10 və 12 saylı mənzillərə görə sentyabr 2023 - dekabr 2024-cü il tarixə kimi olan müddət ərzində kommunal xidmət haqqı qismində yaranmış 2457,12 manat borcun, həmin borc məbləğinə hesablanmış 245,71 manat məbləğində dəbbə pulunun, dövlət rüsumu üçün ödənilmiş 47,02 manat məbləğində dövlət rüsumunun, cəmi 2749,85 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMM-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva 31 ünvanında yerləşən yaşayış binasında müqavilə olmadan, qanunvericiliyin tələbinə uyğun olmayan təşkilatıhüquqi formada özbaşına fəaliyyət göstərilməsini nəzərə alaraq bu fəaliyyətin qanunsuz hesab edilməsi və yaşayış binası üzərində idarəetmənin yerli Səbail rayon bələdiyyəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu predmet və eyni tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş və aşağıdakılar müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7460/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,4 manat müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, A.İ.Zeynalova ilə "xxxx" MMM arasında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin qərarı olmadığına görə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 31A, 10 və 12 saylı mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı tərəflər arasında xx.xx.2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış hər kv.m. görə 0,63 manat hesabı ilə ödənilməlidir. Kommunal xidmətlərə dair xx.xx.2020-ci il tarixli müqavilələrin surətlərindən görünür ki, həmin müqavilə "xxxx" MMM ilə Cavabdeh arasında bağlanması üçün tərtib edilmiş müqavilə "xxxx" MMM tərəfindən imzalansa da, Cavabdeh tərəfindən imzalanmamışdır. Həmin müqavilə şərtində "İcraçı" qismində olan "xxxx" MMM "Sifarişçi" qismində Cavabdeh mənzillərinin sahə-kommunal xidmətlərin həyata keçirilməsini, həyətyanı sahənin abad saxlanmasını və s. öhdəliyin üzərinə götürməsini, "Sifarişçi" isə hər ayın 05-i tarixindən gec olmayaraq, hər kv.m. üçün 1,10 manat olmaqla kommunal xidmətlərlə bağlı məbləği "İcraçı"ya ödəməyi öhdəsinə götürürlər. ünvan 8 ünvanda yerləşən binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 162 kv.m. olan 10 saylı mənzil və ünvan 8 ünvanda yerləşən binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 166,7 kv.m. olan 12 saylı mənzil Cavabdeh məxsusdur. Mənzillərin yerləşdiyi binanın idarəçiliyi "xxxx" MMM tərəfindən həyata keçirilir. 2017-ci ilin aprel ayına qədər həmin binada kommunal xidmətlərin 1 kv.m. üçün 0,63 manat, xx.xx.2017-ci il tarixdən etibarən isə 1 kv.m. üçün dəyər 1,10 manat təşkil etmişdir. Həmin ödənişə mülkiyyətçiyə məxsus mənzillərin yerləşdiyi binanın ümumi saxlanlanılması xərcləri daxil edilmişdir. Həmin qiymət müəyyən edildikdən sonra mənzil mülkiyyətçisi olan Cavabdeh mənzil kommunal xidməti haqqında yeni müqavilələrin bağlanılması, kommunal xidmətlərlə bağlı aylıq ödənişin 1 kv.m. üçün 1,10 manat olması təklif edilmiş, lakin cavabdeh həmin müqavilələri imzalamamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı "mülkiyyətə yönəlmiş maneənin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia tələbi rədd edilmiş, İddiaçı Cavabdeh qarşı "kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 6146,69 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4079/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh məxsus mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı tərəflər arasında xx.xx.2017-ci il tarixə kimi razılaşdırılmış hər kv.m. görə 0,63 manat ödənilməsi müəyyən edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq, 3520,4 manat müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kommunal xidmət haqqının mənzilin hər kv.m. görə 0,63 manat həddində qəbul edilməli olmasının əsası kimi kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin bununla bağlı müvafiq qərarının olmaması göstərilmişdir. Hazırda cavabdeh hər iki mənzilə görə kommunal haqqını hər kv.m üçün 0,63 manat məbləğində ödəməkdə davam edir. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Bundan əlavə, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin e-2(009)-1770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, bu qətnamənin qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 677/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi, bu qətnamənin qüvvədə saxlanılmasına dair AR Ali Məhkəməsinin 2(102)-2224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələri mövcuddur. Həmin qətnamələr üzrə hazırki işdə iştirak edən tərəflər arasında eyni mübahisəyə yekun hüquqi qiymət verilmişdir. Qeyd etmək istəyir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qeyd edilən ünvanda qanunazidd şəkildə fəaliyyət göstərir. Belə ki, cavabdeh mənzil sahiblərinin iradəsindən kənar olaraq həmin yaşayış binasına gələrək özünün müəyyən etdiyi qaydalarla guya xidmət göstərməsi qarşılığında, hər hansı bir mülki hüquq münasibəti olmadan onlardan pul tələb edir. Halbuki AR Mənzil Məcəlləsinin 119.1-cu maddəsinə əsasən Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. "Xəzər Mənzil-Servİs” X4 isə adından da göründüyü kimi kommersiya müəssisəsidir və onun fəaliyyəti kommersiya maraqları əsasında gəlir götürmək üzərində qurulub. Təbii ki, belə bir halda onun vergi yükü, əlavə xərcləri mövcuddur ki, bu da əsassız olaraq bina sakinlərindən tələb edilir. AR Mənzil Məcəlləsinin 43.2.40-cı maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına müəyyən edilir və bu 119.3-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. Lakin qeyd etdiyi kimi, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Müəssisəsi deyi və idarəetmə üçün mənzil mükiyyətçiləri tərəfindən seçilməmişdir. Bundan əlavə, AR Mənzil Məcəlləsinin 137-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin ödənişləri müqavilə əsasında həyata keçirilməlidir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia sənədlərinə guya mənzil mülkiyyətşilərinin bir qisminin iştirak etdiyi yığıncağa dair protokol əlavə etmişdir. Haqlı sual yaranır ki, həmin protokol mənzil mülkiyyətşiləri yığıncağı nəticəsində tərtib edilirsə onda cavabdehin rolu nədir və belə halda cavabdeh hansı əsasla iddiaçı qismində iştirak edir. Həmçinin qeyd etmək istəyir ki, bir il ərzində çoxmənzilli binanın idarə olunması ilə bağlı məsələlər müsbət həllini tapmadıqda, yəni idarəetmə üsulu seçilmədiyi və ya bu barədə qərar icra olunmadığı halda, həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası"na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üçün açıq müsabiqə keçirməlidir. Mənzil Məcəlləsinin 141.5-ci maddəsinə uyğun olaraq belə müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Qeyd edilənlərə əsasən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə olmadan, qanunverciliyin tələbinə uyğun olmayan təşkilati-hüquqi formada özbaşına fəaliyyət göstərməsini nəzərə alaraq bu fəaliyyət qanunsuz hesab edilməli və idarəetmə yerli bələdiyyə orqanına tapşırılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Qüdərt oğlu qarşılıqlı iddianı qəbul etməyərək, onun təmin edilmədən saxıanılmasını, iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddianın məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili X5 iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh tərəfindən kommunal xidmətlərlə bağlı ödənişlər edilir, bundan imtina edilmir. Lakin iddiaçının tələb etdiyi həddə ödənişin edilməsindən imtina edir. Tərəflər arasında müqavilə münasibəti mövcud deyil, cavabdeh kommunal xidmətlərlə bağlı real ödənişi həyata keçirir, ona görə də, təklif olunan müqaviləni imzalamır. Əgər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti sakinlər tərəfindən yaradılarsa və ümumi yığıncaqda kommunal xidmətlərlə əlaqədar məbləğ müəyyən edilərsə, cavabdeh həmin məbləği ödəyəcək. Qiymətin formalaşması üçün qarşılıqlı hər iki tərəfin iradə ifadəsi olmaılıdır. İddiaçı tərəfin nümayəndəsi kommersiya nəzərindən məsələyə münasibət bildirir, yəni MMM-nin vəzifəsi gəlir əldə etməkdir və elə bir müəssisənin mövcudluğu gəlit əldə etmək üçün yox, binanın qorunub saxlanılması və müəyyən xərclərinin ödənilməsi üçün nəzərdə tutulub. Həmni şirkət Məhdud Məsuliyyətli Cəmiyyətdir, işçi, sürücü işə götürərək, əmək haqqı verə bilər, lakin bu vəsaiti sakinlərdən istəyə bilməz. Dakinlərin müştərək cəmiyyət yaratmadığı halda, yerli bələdiyyətlərin orqanı tərəfindən idarəedici təyin edilməlidir. Hazırki dövrdə iddiaçı nə bələdiyyə tərəfindən təyin edilən idarəçi, nə də ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Müəssisəsidir. Sadəcə olaraq kommersiya müəssisəsidir ki, bina sakinləri ilə deyil, bina tikmiş şəxslərlə müqavilə bağlayaraq xidmət göstərir. Cavabdehin iddiaçı qarşısında kommunal xidmətlərlə əlaqədar hər kv.m üçün 1,10 manat ödəniş etmə öhdəliyi yoxdur. Hər kv.m üçün 0,63 manat ödəniş edir. Məhkəmə qətnaməsində də həmin məbləğ qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini, qarşılıqlı iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı MMC-nin idarəçiliyində olan Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 31A ünvanda yerləşən yaşayış binasının mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 1 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, ünvan 9 ünvan Azərbaycan prospekti 19) yaşayış binasında yerləşən mənzillərə görə 01 aprel 2017-ci ildə tətbiq edilən və hər kvadrat metr sahə üçün 1,10 manat təşkil edən mövcud kommunal xidmət haqqının hazırki protokol ilə təsdiqlənməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 31A, 10 və 12 saylı mənzillərin sahibi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, XMS-116 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli, 19 və 20 saylı Qərarlarının icrası ilə əlaqədar olaraq, "Xəzər Mənzil Servis” MMM tərəfindən kommunal xidmət göstərdiyi çoxmənzilli yaşayış binalarında, xx.xx.2017-ci il tarixindən etibarən kommunal xidmət hıqqı tariflərində müvafiq dəyişikliklər edilməsi zərurəti yaranmış, yeni xidmət haqqı tarifləri mənzil sahiblərinə bildiriş və müqavilə formasında təqdim edilmiş, o cümlədən də yaşadıqları binada hər kv. metr yaşayış sahəsi üzrə, kommunal xidmət haqqı tarifi 1,10 müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 142.1-cı maddəsinin tələbinə əsasən yaşayış binalarında mövcud (müəyyən edilmiş) kommunal xidmət haqqı tariflərinin qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi və həmin qərara icrası ilə əlaqədar, ünvan 10 ünvanda yerləşən yaşayış binasında mənzilə ğörə hər kv. metr üçün 1,10 manat məbləğində kommunal xidmət haqqı hesablanmışdır. Beləliklə də, mülkiyyətinizdə olan 10 və 12 saylı mənzillər üçün 2023-cü il sentyabr ayından 2024-cü il oktyabr ayına kimi olan müddət ərzində 1996,41 manat kommunal xidmət haqqını 15 gün müddətində ödəməlidir. Əks halda, kommunal haqqının borcuna ğörə məhkəməyə müraciət etmək zərurəti yaranacaqdır. Təqdim olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1770/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı ünvan 1 ünvanda, 10 və 12 saylı mənzillərə görə sentyabr 2018 - avqust 2023-cü il tarixləri ərzində kommunal xidmət haqqı qismində yaranmış 9060,63 manat borcun, iddia ərizəsinə görə ödənilmiş 110,61 manat məbləğində dövlət rüsumun, cəmi 9171,24 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2224/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-677/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nizamnamələri əsasında fəaliyyət göstərən "xxxx" MMC (“1-ci Tərəf”) və İddiaçı MMM (“2-ci Tərəf”) arasında bağlanmış “Yaşayış binasının idarəetmə və istismarının İddiaçı MMM-ə tapşırılması haqqında” 25 iyul 2006-cı il tarixli Müqavilədən görünür ki, Müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Qanunvericiliyinə uyğun olaraq “1-ci “Tərəf”in idarəetmə və istismarında olan, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 581 saylı sərəncamına əsasən tikilmiş ünvan 11 ünvanda yerləşən 1 girişi yaşayış binasının idaetmə və istismarı bilavasitə “2-ci Tərəf”ə tapşırılır. Müqavilənin 1.2-ci bəndinə əsasən idarəetmə və istismar müddətində “1ci Tərəf” funksiyasını “2-ci Tərəf”ə həvalə edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 8 ünvanda yerləşən 10 saylı və 12 saylı mənzillər Cavabdeh məxsusdur. 19 saylı binanın idarəçiliyi İddiaçı MMM tərəfindən həyata keçirilir. 2017-ci ilin aprel ayına qədər həmin binada kommunal xidmətlərin 1 kv.m. üçün dəyəri 0,63 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdən etibarən isə 1 kv.m. üçün dəyər 1,10 manat təşkil etmişdir. Binada yaşayan digər sahə mülkiyyətçiləri hər kv.m. üçün təyin olunmuş 1.10 manat tarifi ilə ödənişlərini edirlər. Cavabdeh isə ona məxsus 10 və 12 saylı mənzillərinə görə hesablanmış yeni tariflə razılaşmamış, kommunal xidmət haqqını hər kv.m üçün 0.63 manat hesabı ilə ödəməkdə davam edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən edilmişdir ki, İddiaçı MMM tərəfindən mənzil-kommunal xidməti haqqında müqavilə imzalanması üçün Cavabdeh təqdim edilsə də, lakin Cavabdeh tərəfindən müqavilə bağlanmasından imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh kommunal xidmətlərə dair müqavilələrin bağlanmasından imtina etsə də, bu hal onu ümumi əmlakın saxlanılması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qanunun yuxarıda göstərilən normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, mənzil mülkiyyətçisinin kommunal xidmətlərlə əlaqədar müqavilə imzalanmaqdan imtina etməsi onu binanın saxlanılması üçün mütləq ödəniş və haqların ödənilməsindən azad etmir. Lakin mütləq ödənişlər və haqların ödənilməsi o halda mənzil mülkiyyətçisi üçün məcburi ola bilər ki, həmin mütləq ödəniş və haqların miqdarı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilsin. Məhkəmə iddiaçının binanın digər mənzil mülkiyyətçiləri tərəfindən kommunal xidmətlərə görə 1,10 manat məbləğində ödənişinin edilməsi, məhkəməyə təqdim edilən xidmətlərə görə xərclərin açıqlanmasına dair hesabatda da məbləğin hər kv.m. üçün 1,10 manat təşkil etməsi və cavabdehin də həmin məbləğ üzrə ödənişlər etməsinə dair dəlilləri üzrə qeyd edir ki, digər mülkiyyətçilər azad surətdə bağladıqları müqavilələr üzrə öhdəlik daşıyıcılar olduğundan, cavabdeh isə belə bir müqavilə bağlamadığından, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının mövcud olmaması isə cavabdehin belə öhdəlik daşıyıcısı olmamasına səbəb olduğundan, iddiaçının qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəfindən hər ay hər 2 mənzil üzrə mənzilin hər kv.m. üçün 0,63 manat ödənişin edilməsi təsdiq olunduğundan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən mənzilin hər kv.m. üçün 1,10 manat kommunal xidmət haqqının tələb edilməsi əsassız hesab edilməli və bu səbəbdən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “R.Məhərrəmovanın şikayəti üzrə” 22 sentyabr 2020-ci il tarixli qərarında izah etmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanılması və təmir üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Cavabdehin yaşadığı binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Faktiki vəziyyət ondan ibarətdir ki, binanı inşa etmiş "xxxx" MMC-nin İddiaçı MMM ilə bağladığı 25 iyul 2006-cı il tarixli Müqavilə əsasında binanın idarəçiliyini sonuncu şirkət həyata keçiri. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq İddiaçı MMM tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanması, bir çoxunun həmin MMM ilə müqavilə bağlaması işin mübahisəsiz halıdır. Bu hallar ona dəlalət edir ki, həm binanı inşa etmiş "xxxx" MMC, həm də sahə mülkiyyətçiləri binanın idarəçiliyini İddiaçı MMM-ə tapşırmışdır. Məhkəmə qeyd edir ki, binanın idarəedici təşkilat tərəfindən idarə edilməsinə dair "xxxx" MMC-nin Ümumi Yığıncağının qərarının olmaması faktı özü-özlüyündə İddiaçı MMM-nin fəaliyyətinin qanunsuz hesab edilməsi üçün kifayətedici əsas deyil. İşdən görünür ki, müqavilə tərəfləri binanın idarəçiliyi ilə bağlı əqddə razılaşdırılmış hərəkətləri faktiki olaraq icra etmişlər və edirlər. Binanın idarəçiliyi ilə bağlı işlərin uzun illərdir İddiaçı MMM tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Məhkəmə qeyd edir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC-yə qarşı fəaliyyətin qanunsuz hesab edilməsi və yaşayış binası üzərində idarə etmənin yerli bələdiyyəyə həvalə edilməsi tələbinə dair qarşılıqlı iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair iddiası və Cavabdeh İddiaçı MMC-yə qarşı fəaliyyətin qanunsuz hesab edilməsi və yaşayış binası üzərində idarəetmənin yerli bələdiyyəyə həvalə edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar