Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-358/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayədəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, İddiaçı məcburi iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Cavabdeh İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrin çıxarılmasına əsas olaraq cavabdeh tərəfindən qeyd edilmişdir ki, Cavabdeh MMC-nin Nəzarət şöbəsinin aidiyyəti üzrə mütəxəssisləri tərəfindən 04-10 oktyabr tarixləri aralığında Bərdə RPF-nın Qapanlı poçt şöbəsi üzrə həyata keçirilmiş araşdırma zamanı ciddi maliyyə nöqsanları aşkar edilmişdir. Yenə cavabdeh öz əsassız əmrində qeyd edir ki, aşkar olunmuş nöqsanlarla bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, Bərdə RPF-nın X12 rəisi İddiaçı 13207.75 manat məbləğində kassa əskikliyinə yol vermişdir. Aşkar olunmuş kassa əskikliyi İddiaçı tərəfindən 25 oktyabr 2023cü il tarixədək hissə-hissə ödənilmişdir. Beləliklə də, İddiaçı xidməti fəaliyyətində aşkar olunmuş nöqsan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirilmiş və o, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçı cavabdehin əsas gətirdiyi əməlləri törətməmiş əksinə, cavabdehə başqası tərəfdən vurulmuş zərəri öz hesabına qarşılamaqla zərərçəkən tərəf olmuşdur. İddiaçı işdən azad olunmasına səbə kimi göstərilən kassa əskikliyi 13207.75 manat deyil, 40000 manatdır ki, bu pulların kimin tərəfindən mənimsənilməsi halı hal-hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılır. Bu faktlarla bağlı iddiaçı tərəfindən şahidlər dəvət olunmaqla işin təfərrüatları məhkəmənin diqqətinə çatdırıla bilər. Onun işinə qarşı münasibətində və davranışlarında AR ƏM-nin 72ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Bu fakt, cavabdeh tərəfindən sübuta yetirilmədiyi kimi, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə CM-nin 179.2.2 və 179.2.3-cü maddələri ilə başlanmış və Tərtər Rayon Prokurorluğunda baxılmışdır. Cinayət işi zamanı aparılmış araşdırma nəticəsində İddiaçı əməllərində cinayət əməli olmadığından, yəni şəxs tərəfindən cavabdehə məxsus kassaya müdaxilə edilmədiyi, əməlin digər şəxlər tərəfindən törədildiyi faktı müəyyən edilməklə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin İddiaçı may ayında işdən kənarlaşdırılmış və bu, oktyabr ayınadək davam etmişdir. O, may ayında poçtun kassasını sıfırlayaraq təhvil vermişdir. May ayından oktyabr ayına qədər Tərtər filialında 4 dəfə nəzarət şöbəsi tərəfindən yoxlama keçirilmiş, lakin kassada olan əskikliklər barədə İddiaçı heç-bir məlumat verilməmişdir. Həmçinin şəxsin işdən azad olunmasına səbəb kimi göstərilmiş 13207,75 manat kassada əskik çıxan məbləğin İddiaçı tərəfindən ödənilməsinə dair qəbzlər iş materialları ilə birgə məhkəməy təqdim edilir ki, bu da cavabdehin əsassız əmr ilə iddiaçının hüquqlarını pozduğunun bariz nümunəsidir. Bununla da, İddiaçı xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2- 2755/2023 nömrəli əmrdə qeyd edildiyi üzrə xidməti fəaliyyətində nöqsan olmaması sübuta yetirilmişdir. Bununla yanaşı, iddiaçı, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, barəsində çıxarılmış sonuncu əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməsini tələb etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Hesab edir ki, İddiaçı barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmr qanunsuzdur və ləğv edilməli, şəxs əvvəlki vəzifəsinə bərpa edilməklə məcburi iş buraxma müddətinə görə itirdiyi əmək haqqı məbləği ona cavabdeh tərəfindən ödənilməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. ƏM-nin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarına əsasən, ilk növbədə, qeyd olunmalıdır ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Təqsirsizlik prezumpsiyası həmçinin Cinayət- Prosessual Məcəlləsinin 21-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. İşçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıdığından bu qərar yalnız ibtidai araşdırma və məhkəmə baxışı müddətində, habelə inzibati xəta haqqında iş üzrə icraatın gedişində qüvvədə olur. Araşdırma bitib şübhəli və ya təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən və ya təyin olunmuş cəza icraya yönəldikdən, habelə inzibati xəta haqqında iş üzrə yekun akt qəbul edildikdən sonra işçinin işdən kənarlaşdırılması barədə işəgötürənin qərarı qüvvəsini itirir. AR ƏM-nin 62.1-ci maddəsinin c bəndinə əsasən, işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. İddiaçı başqası tərəfindən vurulmuş zərəri hətta öz vəsaiti hesabına qarşılamışdır. Xüsuslilə vurğulamaq istəyirəm ki, ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Əlavə olaraq bildiririəm ki, İddiaçı barəsində heç-bir intizam tədbiri görülmədən o, bir başa əsassız yerə işdən çıxarılmışdır. Belə ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. ƏM-nin 62.4-cü maddəsində işəgötürənin həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi səlahiyyəti tanınmışdır. Lakin bu səlahiyyətin olması hər bir halda o demək deyildir ki, intizam tənbehlərindən ən ağırı mütləq tətbiq edilməli idi. Nəticə etibarilə cavabdeh intizam tənbehini verərkən İddiaçı şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini, çalışma müddətinin çoxluğunu, onun faktiki çalışdığı ərazinin illərlə mənfur düşmənlə cəbhə olmasını və s. halları nəzərə almalı idi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, 1993-cü ildən 2023-cü ilin may ayına qədər Cavabdeh X13 Qapanlı kənd Poçt şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2023-cü ilin may ayında X13 Müştəri Xidmətlər şöbəsinin əməliyyatçısı vəzifəsində çalışan Cavid Ocaqverdiyev tərəfindən onun kassasından 6431 manat pul mənimsənilib, bunu o özü də etiraf etmişdir. Həmin iş cavabdeh tərəfindən korrupsiyaya verildi və oradan Tərtər rayon prokurorluğuna göndərildi. Prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı ilə ona bəraət verildi ki, həqiqətən də dövlətə dəyən ziyan Cavid Ocaqverdiyev tərəfindən ödəniləcəkdir və ödənildi. Onu həmin işlə bağlı, yəni 6431 manat mənimsəmə ilə bağlı 26 may tarixdə işdən kənarlaşdırdılar. Lakin kənarlaşdırma əmri ilə onu tanış etmədilər. Həmin işlə bağlı onun günahı olmasa da, bəraət alsa da, işinə qaytarmadılar. Ona 06 oktyabrda yeni 13207 manat kassa əskikliyi yazdılar. Halbuki kassa əskikliyi olmalı deyildi. Onu mayın sonunda işdən kənarlaşdıranda, onun iştirkakı ilə fevral, mart, aprel, may ayları üzrə bütün kassa sıfırlanaraq, mal-material, qiymətli əşyalar Qarağacı poçt şöbəsinə təhvil verildi. 04 oktyabrda cəmiyyətdən gədilər ki, onun 13207 manat kassa əskikliyi vardır. Bu əskiklik lotareyanın uduş ödəməsindəndir. Onu işdən ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə çıxaranda bu adla çıxardılar. Onun aprel, may aylarında 13207 manat kassa əskikliyi vardısa, onu işdən kənarlaşdırarkən niyə bunu da demirdilər? Sonra məlum oldu ki, o, həmin lotareya uduşlarını Cavid Ocaqverdiyevlə işləyib. Belə ki, lotareya uduşlarını işləmək üçün kod parol Cavid Ocaqverdiyevin telefonunda var və bu iş ancaq və ancaq ona həvalə olunur. O, poçtun gəliri üçün gedib baş mühasiblə məsləhətləşmiş, sonra Cavid Ocaqverdiyevlə birgə mart, aprel, may aylarında uduş gətirib işləmişlər. O həmin aylar üçün otçotu vermişdir, kassa sıfırlanıb və o, işdən kənarlaşdırılıb. 6 aydan sonra, oktyabr ayında gəliblər ki, uduşlar səhv vurulub, 1 manat 100 manat vurulub, artıq ödəmə var. Azərpoçtdan gələnlərlə birlikdə baxış keçirdilər və müəyyən olundu ki, bu həqiqətdir. Lotareya uduşları müdiriyyət tərəfindən ancaq Cavidə həvalə edildiyi üçün ayın axırında poçtun möhürü həmin lotareyaların arxasına vurulur və uduşlar Cavidə verilir, Cavid də onları düz və ya səhv göndərir, bilmirlər. Cavid də uduşları qanunla hər cari ayın 7-dək Azərpoçta təhvil verməlidir. Azərpoçt da ən geci ayın 20-dək düzgünlüyü, səhvliyi aşkara çıxarmalıdır. Ancaq onda səhvliyi oktyabr ayında aşkarlayıblar. Bu məsələ üzə çıxanda dedilər ki, bu əskiklik ödənməlidir. O bildirmişdir ki, o bu əsaskikliyi ödəmir, Cavidi də tapıb gətirsinlər. Lakin Cəmiyyətdən gələn İlham müəllim dedi ki, “sən həbs oluna bilərsən, ağsaqqal adamsan, sən pulu ödə, sonra özün sərbəst Ocaqversiyevi ver orqana. Biz də səninlə olub ona sübut edəcəyik hər şeyi”. Mən bundan sonra iş necə olub elə də izahatımı yazıb verdim. Lakin İlham müəllim dedi ki, “izahatı belə yazma, yaz ki, bu əskiklik olub, qəbul edirəm, mən ödəyirəm, ödəyib sonra ərizəmlə işdən çıxacam”. O da onun dediyi kimi izahat yazdı və pulu ödədi. Ona vaxt qoyuldu ki, 25 oktyabradək pulu ödəsin. O, 24 oktyabra 13208 manat pul ödədi. O, pulu hissə-hissə toplaya bildi. O, pulu işinə ləkə düşməmək üçün, parol onun olduğu üçün ödədi. Ancaq pulu ödədikdən sonra 25 oktyabrda onu çağırdılar və gedəndə gördü ki, həmkarlar yığılıb. Həmkarların iclasında ona dedilər ki, o yazıb ki, işdən çıxmaq istəyir. O da bildirdi ki, bəli yazıb, ancaq indi işdən niyə çıxsın ki, o, dövlət 20000 manat pul keçirib bir cinayətkardan ötrü. Ona dedilər ki, öz ərizəsini yazmasa, onu işdən 70-ci maddənin “ç” bəndi ilə işdən çıxaracaqlar.O da iclası yarımçıq tərk etmişdir. O, pulu ödəmək üçün kredit də götürmüşdür. Hal-hazırda 13207 manatla bağlı prokurorluqda istintaq gedir. Orada da artıq 80 faiz müəyyən olunub ki, onun əməlində cinayət tərkibi yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatını tam təsdiq edərək əlavə olaraq bildirmişdir ki, hal-hazırki iş üzrə cavabdehin mübahisələndirilən 3-27-109/3-2-2755/2023 nömrəli əmrinin əsasını təşkil edən 13207,75 AZN kassa əskikliyinin İddiaçı qüsuru səbəbindən yaranması barədə dəfələrlə tələb etmələrinə baxmayaraq cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda Cavabdeh X14 yaranmış kassa əskikliyi ilə bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313cü maddələri ilə ibtidai istintaq aparılmaqdadır. Bununla bağlı, Tərtər rayon prokuroruna İddiaçı barəsində xx.xx.2024-cü il tarixli vəkil sorğusu ilə müraciət etmişdir. Tərtər rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 23202638 nömrəli cavab məktubuna əsasən Cavabdeh X14 mənimsəmə faktı üzrə Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə İddiaçı şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Həmin cinayət işi üzrə çıxacaq yekun ittiham aktı şəxsin mənimsəmə halı ilə bağlı günahının olub-olmamasının müəyyən edilməsi hazırki əmək mübahisəsinə dair məhkəmə işinin nəticəsinə təsir edəcəkdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində vermiş olduğu izahatda cari ilin mart, aprel, may ayları üzrə uduşlu lotereyaların “Colvir” və “Azərlotereya" sistemlərinə işlənməsi zamanı 13207,75 AZN dəyərində fərqlər yarandığını və həmin fərqlərin “Azərpoçt" MMC-nin nümayəndələri və Filialın baş mühasibi tərəfindən ona izah və sübut edildiyini qeyd etmişdir. İddiaçı yazdığı izahatında 13207,75 AZN fərq və kəsirlə razı olduğunu, həmçinin qeyd olunan pul məbləğini ödəməyi öz öhdəsinə götürdüyünü bildirərək, xx.xx.2023-cü il tarixdə 1000,00 AZN nağd pul vəsaitini mədaxil etdiyini, qalan 12207,75 AZN pul vəsaitini isə xx.xx.2023-cü il tarixinədək tam ödəyəcəyinə dair söz vermişdir. Yekunda isə "Azərpoçt' MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rabitə X5 İttifaqının "Bakı-2” şöbəsinin iclası keçirilmişdir. 89 saylı Protokolda gündəlikdə duran məsələ Bərdə RPF-nın X12 müdiri İddiaçı əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci madddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair müzakirəsi olmuşdur. Həmin iclasda İddiaçı öz çıxışında bir daha təsdiq etmişdir ki, uduşlu lotereyaların “Colvir” və "xxxx" sistemlərinə işlənməsi zamanı 13207,75 AZN dəyərində fərqlər yaranmışdır. Həmin məbləğləri hissəhissə tam şəkildə ödədiyini və buna görə də işdən azad edilməsinə etiraz etdiyini bildirmişdir. Beləliklə də, Rabitə X5 İttifaqı “Bakı-2" şöbəsi tərəfindən xidməti fəaliyyətində nöqsana yol verməsinin müvafiq sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, iclas iştirakçıları İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etməmişdir. Şöbə müdiri olduğu müddət ərzində İddiaçı tərəfindən vəzifə təlimatlarına düzgün əməl edilməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və ya müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi sonuncunun birbaşa təqsiri nəticəsində baş vermişdir və bu da işəgötürənə tam şəkildə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam versin. Yuxarı Qapanlı poçt şöbəsində qeyd olunan çatışmayan pul məbləğlərini İddiaçı tam şəkildə bərpa etmişdir. Lakin İddiaçı əskik gələn pul vəsaitini ödəməsi onun təqsirsiz olmasını və ciddi nöqsana yol verməsini istisna etmir. Əlavə məlumat üçün bildirir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə imzalamış olduğu vəzifə təlimatının Ümumi müddəalar hissəsinin 2-ci bəndində Şöbə müdirinin öz fəaliyyətində AR Əmək qanunvericiliyini, Poçt və maliyyə xidmətlərini tənzimləyən ölkədaxili və beynəlxalq normativ hüquqi aktları, qaydalar və təlimatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin direktiv sənədlərini, Cəmiyyətin Nizamnaməsini, X3 Cəmiyyətin baş direktorunun əmr və göstərişlərinin, Vəzifə təlimatını, “Daxili nizam-intizam tələblərini" rəhbər tutur. Vəzifə təlimatının “vəzifə öhdəlikləri və onların təsnifatı”kateqoriyasında qeyd edilmişdir ki, Şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. Həmin kateqoriyada əlavə olaraq nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə tələbatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək də qeyd olunmuşdur. Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması prosedurlarının yerinə yetirilməsini təmin etmək və nəzarət etmək də şöbə müdirinə aid edilmişdir. Vəzifə təlimatının “Məsuliyyət” kateqoriyasında qeyd olunmuşdur ki, vəzifə borclarının yerinə yetirilməsinə və ya düzgün icra olunmamasına görə AR əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi pozuntulara görə əmək müqaviləsinə əsasən AR inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Həmçinin maddi ziyanın vurulmasına görə əmək müqaviləsinə əsasən AR inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində məsuliyyət daşıdığı qeyd olunmuşdur. İddiaçının işdən kənarlaşdırılması fevral ayındakı məsələ ilə bağlı olub, 30 oktyabrda kənarlaşma aradan qalxandan sonra iddiaçı bir gün işləyib, növbəti gün işdən azad olunub. Cəmiyyət tərəfindən 03 noyabrda Baş prokurorluğa müraciət olunub. Cəmiyyətin prokurorluğa müraciəti və hazırki proses fərqlidir. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının səhlənkarlığı nəticəsində bu yeyinti olub. Bu məsələ ilə bağlı akt tərtib olunub, üzləşmələr olub. İddiaçı etiraf edib ki, doğrudan da onun səhlənkarlığı nəticəsində bu baş verib. İddiaçı izahatında qeyd edir ki, kassanın açarı onda olub. İddiaçı kassanın açarını başqa şəxsə verib və bu şəxs də özü üçün onu istifadə edib və yeyinti edib. Burda Cəmiyyətin prokurorluğa müraciəti mübahisələndirilir. Prokurorluğa müraciət tamamilə başqa səbəblərə görədir. 6400 manatla bağlı prokurorluğa müraciət olunub və işə xitam verilib. 13207 manat müraciətlə bağlı proses hələ prokurorluqda davam edir. Bu o demək deyil ki, 13207 manatla bağlı prosesə görə cəmiyyət iddiaçının əmək müqaviləsinə xitam verib. İddiaçının səhlənkarlığına görə onun əmək müqaviləsinə xitam verilib. Prokurorluğa isə ona görə müraciət olunub ki, Cəmiyyət o pulu geri qaytarsın, hansı ki, iddiaçının səhlənkarlığı nəticəsində o yeyinti baş verib. İddiaçı prosesin gedişində bu ödənişləri edib. Ödənişlərin edilməsi bir növ iddiaçının özünün də etirafıdır ki, o, bu pozuntunu etmişdir və onun bu pozuntusu nəticəsində Cəmiyyətə ziyan dəymişdir. Bu artıq kobud pozuntuya gətirib çıxardır. Cəmiyyətin əmri qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslıdır. Prokurorluqda bu işin davam etməsinin əmrin mübahisələndirilməsinə heç bir aidiyyəti yoxdur. O iş Cavid Ocaqverdiyevlə bağlıdır ki, Cavid hansı vasitə ilə o əməli törədib, iddiaçının səhlənkarlığı nəticəsində o yeyintini edib. Cəmiyyətin onunla bağlı müraciəti başqadır, burdakı proses başqadır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27- 109/3-2-2755/2023 nömrəli X19 Filaalının (RPF) X12 rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilmiəsi haqqında əmrindən görünür ki, Cavabdeh MMC-nin Nəzarət şöbəsinin aidiyyəti mütəxəssisləri tərəfindən 2023-cü ilin 04-10 oktyabr tarixlərində Bərdə RPF-nın Qapanlı (Tərtər) Poçt şöbəsi üzrə həyata keçirilən araşdırma zamanı ciddi maliyyə nöqsanı aşkar olunmuşdur. Aşkar olunmuş nöqsnalarla bağlı aparılan araşdırma zamanı İddiaçı alınmış xx.xx.2023-cü il tarixli izahatda, həmçinin digər müvafiq təsdiqləyici sənədlərdə 13207,75 manat məbləğində, yəni xeyli miqdarda kassa əskikliyinə yol verdiyi təsdiq olunmuşdur. Aşkar olunan kassa əskikliyi cari ilin oktyabr ayıının 25-nə qədər İddiaçı tərəfindən hissəhissə ödənilmişdir. İddiaçı xidməti fəaliyyətində aşkar olunmuş nöqsan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətlənləndirildiyi üçün AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaradır. İddiaçı yol verdiyi nöqsana görə barəsində görüləcək intizam tənbehinə rəy bildirilməsi ilə bağlı məsələ AR ƏM-nin 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq Cavabdeh MMC-nin Həmkarlar Komitəsinin iclasında baxılmış və Həmkarlar Komitəsinin qərarında İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair müvafiq rəy bildirilmişdir. Beləliklə İddiaçı əmək fəaliyyəti zamanı kobud səhvə yol verməsi nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsinin zəruri hüquqi sənədlərlə təsdiq edildiyini, işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair filialın Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, Cavabdeh MMC-nin X19 Filaalının (RPF) X12 rəisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı X13 X12 rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Tərtər rayon prokurorunun köməkçisi E.Ələddinzadənin 28 oktyabr 2023-cü il tarixli cinayt işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X2 tərəfindən Cavabdeh MMC-nin X17 Filialına vurulmuş 6431 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607.75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilir. Qeyd olunan qərardan görünür ki, İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib alamətləri olmadığından cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddələrinə əsasən rədd edilməsi nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə X5 İttifaqı “Bakı-2” şöbəsinin 30 oktyabr 2023-cü il tarixli iclasının 89 saylı protokolundan görünür ki, xidməti fəaliyyətində nöqsana yol verməsinin hüquqi sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada hüquqi prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, HİK-nin “Bakı-2” şöbəsinin iclas iştirakçıları Bərdə RPF-nin Qapanlı PŞ-nin müdiri İddiaçı AR ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir. Protokoldan görünür ki, Bərdə RPF-nin Qapanlı PŞ-nin müdiri İddiaçı çıxışında uduşlu lotareyaların Colvir və Azərlotareya sistemlərinə işlənməsi zamanı 13207,75 AZN dəyərində fərqlər yaranmışdır. xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000,0 AZN nağd pul vəsaitini müvafiq hesaba mədaxil etdiyini, qalan 12207,75 AZN vəsaiti isə xx.xx.2023-cü il tarixədək ödədiyini, həmçinin əskik gələn məbləği tam olaraq bərpa etdiyinə görə işdən azad edilməsinə etiraz etdiyini və Qapanlı PŞ-də poçtalyon işi ilə təmin olunmaq istədiyini də bildirmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-nin İdarə Heyətinin sədri Ə.Cəlilova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, cari ilin mart-aprel-may aylarında uduşlu lotareyaların kolver və Azərlotareya sistemlərinə işlənməsi zamanı 13207,75 AZN dəyərində fərqlər yaranmışdır. Həmin fərqlər MMC-nin nümayəndələri və filialın baş mühasibi tərəfindən ona izah və sübut edilmişdir. Qeyd olunan 13207,75 AZN fərqlə və kəsirlə razıdır. O həmin əskik gəlmə fərqi olan 13207,75 AZN kənarlaşdırılmış pul vəsaitini tam ödəməyə öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000 AZN nağd pul vəsaitini müvafiq hesaba mədaxil etmişdir. Qalan 12207,75 AZN pul vəsaitini xx.xx.2023-cü il tarixədək tam ödəməyə söz verir. Cavabdeh MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra onu öz ərizəsilə işdən azad etməyi xahiş edir. İş materiallarında olan Bərdə RPF-nin mühasibi X11, Tərtər PF Yuxarı Qapanlı PŞ-nin sabiq rəisi İddiaçı və Qarağacı PŞ-nin rəisi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Yuxarı Qapanlı PŞ-nin rəisi İddiaçı müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdır. Bununla bağlı həmin tarixdə Tərtər PF-nin baş mühasibi işləmiş X6 iştirakı ilə Yuxarı Qapanlı PF-nin kassası sıfırlanmış, öhdəsində olan malmaterial, qiymətlilər və inventarlar akt əsasında Qarağacı PŞ-nin rəisi X7 təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Nəzarət şöbəsinin baş mütəxəssisləri Mahir Babayev, İlham Cavadov, Bərdə RPF-nin PƏM-i Emin Qurbanov, RPF-nin baş mühasibi Nüsrət Ocaqov, Tərtər MXŞ-nin müdiri İsgəndər Tanrıverdiyev və X16 PŞ-nin müdiri (hal-hazırda vəzifəsindən kənarlaşdırılıb) İddiaçı iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə Tərtər PF-nin tabelı PŞ-ləri üzrə “Azərlotoreya” sistemində qeydiyyata alınmamış uduş biletlərini “Colvir” sistemindən vəsaiti məxaric olunmasında və ya lotoreya sistemində uduş məbləği başqa, Colvir sistemində isə şişirdilmiş məbləğ kimi məxaric etməklə ümumilikdə 33776,75 AZN məbləğində Cavabdeh MMC-yə maddi zərər vurulmuşdur.Sözügedən məbləğin yerində bir daha müfəssəl araşdırılması məqsədi ilə tərəflərindən həmin dövrdə Tərtər PF-nin baş mühasibi olmuş Nüsrət Ocaqovla birgə “Colvir” sistemi ilə “Azərlotoreya” sistemi üzləşdirildi. Üzləşmə zamanı cədvəldə qeyd olunan PŞ-ləri üzrə artıq məxariclər aşkar edilərək aidiyyəti PŞ müdirlərindən izahatlar alınmışdır. 06-xx.xx.2023-cü il tarixlərdə Səhləbad PŞ-si 24.00 AZN, Evoğlu PŞ-si 8,00 AZN, Dəmirçilər PŞ-si 17,00 AZN, Ələsgərli PŞ-si 15,00 AZN, Hüsənli PŞ-si 14,00 AZN, Şəhər-2 PŞ-si 47,00 AZN, Qarağacı PŞ-si 81,00 AZN, Qaynaq PŞ-si 51,00, Qaradağlı PŞ-si 179,00 AZN və Yuxarı Qapanlı PŞ-si üzrə 1000,00 AZN günahkar şəxslərdən alınaraq ümumilikdə 1436,00 manat hesaba mədaxil olunmuşdur. Cədvəldən göründüyü kimi, Yuxarı Qapanlı PŞ-sində 13207,75 AZN məbləğində artıq məxaric yaranmışdır. Şöbə müdiri İddiaçı sözügedən məbləğdən 1000,00 AZN xəzinəyə ödəniş etmiş və qalan məbləğin 12207,75 AZN isə ödənilməsi üzrə vaxt istəyərək öhdəlik iltizamnaməsi yazmışdır. Tərtər MXŞ-si üzrə 3223,00 AZN məbləğində artıq məxaric Bərdə RPF-nin Tərtər MXŞnin müdiri (Tərtər PF-nin keçmiş PƏM-i və həmin dövrdə MXŞ-nin müdiri vəzifəsini icra edən məsul şəxs) İsgəndər Tanrıverdiyevin izahatına əsasən cari ilin iyun ayınadək əməliyyatçı işləmiş Cavid Ocaqverdiyev tərəfindən məxaric olunmuşdur (öz ərizəsinə əsasən işdən azad olunub). Həmin məbləğdən 229,00 AZN isə əməliyyatçı Sevinc Əhmədovanın səhv əməliyyatı nəticəsində yarandığından, öz öhdəliyinə götürmüşdür. Qeyd edirlər ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Colvir” sistemi üzərindən artıq məxaric olunan 33776,75 AZN məbləğdən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək 16910,00 AZN və araşdırma dövründə isə 1436,00 AZN vəsait bərpa olunmuşdur. Qalıq 15430,75 AZN ödənilməmiş məbləğ qalmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin Nəzarət şöbəsinin müdiri Vyaçeslav Məmmədov tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilova ünvanlanmış xx.xx.2023-cü il tarixli müracəitdən görünür ki, Tərtər poçt şöbələri üzrə müfəssəl araşdırmalar zamanı məlum olmuşdur ki, MXŞ-də 3223,00 AZN, Yuxarı Qapanlı PŞ-si 13207,75 AZN, Səhləbad PŞ-si 24,00 AZN, Evoğlu PŞ-si 8,00 AZN, Dəmirçilər PŞ-si 17,00 AZN, Ələsgərli PŞ-si 15,00 AZN, Hüənli PŞ-si 14,00 AZN, Şəhər-2 PŞ-si 47,00 AZN, Qarağacı PŞ-si 81,00 AZN, Qaynaq PŞ-si 51,00 AZN, Qaradağlı PŞ-si 179,00 AZN və ümumilikdə 16866,75 AZN dəyərində uduçlu lotoreya biletləri “Colvir” sistemindən artıq məxaric edilmişdir. Tərtər MXŞ istisna olmaqla, digər poçt şöbələri tərəfindən ödənişlər tam müvafiq hesaba mədaxil edilsə də, Yuxarı X12 müdiri tərəfindən ödənişlər 1000,00 AZN ödənilmişdir. Nəticədə Tərtər PŞ-lər üzrə 1436,00 AZN məbləğində ödənişlər həyata keçirilmişdir. Yuxarı Qapanlı PŞ üzrə 12207,75 AZN dəyərində artıq məxaric olunmuş məbləğ ödənilməmiş qalmışdır. Yuxarı X12 müdiri İddiaçı izahatında kənarlaşdırılmış məbləği etiraf etmiş, Cavabdeh MMC-yə vurduğu ziyanı xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyinə söz vermiş, habelə ödənişini həyata keçirdikdən sonra öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Yuxarı Qapanlı PŞ-nin müdiri İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək 12207,75 manat ödəniləcək məbləğə vaxt verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Təqdim olunmuş Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən “Colvir” proqramı vasitəsi ilə "xxxx" ASC-nin “Sgflex” və “DAS” proqramları ilə uduşa düşmüş lotereya biletlərinin ödənişləri üzləşdirilərkən Tərtər PF üzrə ümumilikdə 33776,75 AZN dəyərində nağd pul vəsaitinin “Colvir” sistemindən artıq məbləğ kimi məxaric edilməsi müəyyən edilmişdir. Qeyd olunan 33776,75 AZN artıq məxaric edilmiş məbləğin cari ilin iyul-avqust aylarında Bərdə RPF-nin rəisi tərəfindən 16910,00 AZN olan hissəsinin bərpası təmin edilmişdir. Belə ki, Tərtər poçt şöbələri üzrə müfəssəl araşdırmalar zamanı məlum olmuşdur ki, MXŞ-də 3223,00 AZN, Yuxarı Qapanlı PŞ-si 13207,75, Səhləbad PŞ-si 24,00 AZN, Evoğlu PŞ-si 8,00 AZN, Dəmirçilər PŞ-si 17,00 AZN, Ələsgərli PŞ-si 15,00 AZN, Hüsənli PŞ-si 14,00 AZN, Şəhər-2 PŞ-si 47,00 AZN, Qarağacı PŞ-si 81,00 AZN, Qaynaq PŞ-si 51,00 AZN, Qaradağlı PŞ-si 179,00 AZN və ümumilikdə 16866,75 AZN dəyərində uduşlu lotereya biletləri “Colvir” sistemindən artıq məxaric edilmişdir. Göstərilən poçt şöbələrinin müdirlərinə və məsul şəxslərinə Cəmiyyət tərəfindən sistem üzrə üzləşmələrin nəticələri təqdim edilərək, artıq məxariclər sübuta yetirilmişdir və izahatlarında əməllərini səmimi şəkildə etiraf etmişlər. Yuxarıda qeyd olunanları, həmçinin məktuba qoşma olaraq əlavə edilmiş təqdimat, akt və digər sübutları nəzərə alaraq Cavabdeh MMC-nin Tərtər MXŞ-nin aidiyyəti şöbələrində yoxlama zamanı aşkar olunan qanunazidd hərəkət və hərəkətsizliklər nəticəsində baş vermiş “Azərpoçt" MMC-yə məxsus pul vəsaitinin mənimsənilməsi faktının araşdırılması və həmin əməlləri törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə aidiyyəti şəxslərə müvafiq göstərişlər verilməsi və bu işin nəzarətə götürülməsi xahiş olunmuşdur. Təqdim olunmuş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin X13 Müştəri xidmətləri şöbəsinin sabiq əməliyyatçısı X1 qanunsuz hərəkətləri ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-27-109/22167/2023 nömrəli məktubla daxil olmuş material üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmaqla, aidiyyəti üzrə prokurorluq orqanında ibtidai istintaqın aparılmasıının təmin edilməsi üçün Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilmişdir. Təqdim olunmuş Tərtər Rayon Prokurorluğunun vəkil sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərpoçt” MMC-nin X14 mənimsəmə faktı üzrə Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü və 313-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə İddiaçı şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Hazırda ibtidai istintaq davam etdirilir. Məhkəmə iddiaçının işə bərpa tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin hallarını tədqiq edərək, məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. İşin hallarını tədqiq edərək, məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən normasına əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş olur. Bu hal mötəbərliyinə şübhə edilməyən, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış aktlarla, Cavabdeh MMC tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla sübut olunur. Qeyd edilən hallara dair cavabdehin təqdim etdiyi dəlilləri məhkəmə kifayət hesab edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən “Colvir” proqramı vasitəsi ilə "xxxx" ASC-nin “Sgflex” və “DAS” proqramları ilə uduşa düşmüş lotereya biletlərinin ödənişləri üzləşdirilərkən Tərtər PF üzrə ümumilikdə 33776,75 AZN dəyərində nağd pul vəsaitinin “Colvir” sistemindən artıq məbləğ kimi məxaric edilməsi müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində vermiş olduğu izahatda cari ilin mart, aprel, may ayları üzrə uduşlu lotereyaların “Colvir” və “Azərlotereya" sistemlərinə işlənməsi zamanı 13207,75 AZN dəyərində fərqlər yarandığını və həmin fərqlərin “Azərpoçt" MMC-nin nümayəndələri və Filialın baş mühasibi tərəfindən ona izah və sübut edildiyini qeyd etmiş, 13207,75 AZN fərq və kəsirlə razı olduğunu, həmçinin qeyd olunan pul məbləğini ödəməyi öz öhdəsinə götürdüyünü bildirərək, xx.xx.2023-cü il tarixdə 1000,00 AZN nağd pul vəsaitini mədaxil etdiyini, qalan 12207,75 AZN pul vəsaitini isə xx.xx.2023-cü il tarixinədək tam ödəyəcəyinə dair söz vermiş, "Azərpoçt' MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2023cü il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rabitə X5 İttifaqının "Bakı-2” şöbəsinin iclası keçirilmişdir. 89 saylı Protokolda gündəlikdə duran məsələ Bərdə RPF-nın X12 müdiri İddiaçı əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci madddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair müzakirəsi olmuşdur. Həmin iclasda İddiaçı öz çıxışında bir daha təsdiq etmişdir ki, uduşlu lotereyaların “Colvir” və "xxxx" sistemlərinə işlənməsi zamanı 13207,75 AZN dəyərində fərqlər yaranmışdır. Həmin məbləğləri hissə-hissə tam şəkildə ödədiyini və buna görə də işdən azad edilməsinə etiraz etdiyini bildirmişdir. Beləliklə də, Rabitə X5 İttifaqı “Bakı-2" şöbəsi tərəfindən xidməti fəaliyyətində nöqsana yol verməsinin müvafiq sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, iclas iştirakçıları İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə işdən azad olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında sübutlaırn tədqiqi ilə müəyyən olunmuşdur ki, şöbə müdiri olduğu müddət ərzində İddiaçı tərəfindən vəzifə təlimatlarına düzgün əməl edilməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və ya müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi sonuncunun birbaşa təqsiri nəticəsində baş vermişdir və bu da işəgötürənə əsas vermişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam versin. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə imzalamış olduğu vəzifə təlimatının Ümumi müddəalar hissəsinin 2ci bəndinə əsasən Şöbə müdirinin öz fəaliyyətində AR Əmək qanunvericiliyini, Poçt və maliyyə xidmətlərini tənzimləyən ölkədaxili və beynəlxalq normativ hüquqi aktları, qaydalar və təlimatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin direktiv sənədlərini, Cəmiyyətin Nizamnaməsini, X3 Cəmiyyətin baş direktorunun əmr və göstərişlərinin, Vəzifə təlimatını, “Daxili nizam-intizam tələblərini" rəhbər tutur. Vəzifə təlimatının “vəzifə öhdəlikləri və onların təsnifatı” kateqoriyasında qeyd edilmişdir ki, Şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. Həmin kateqoriyada əlavə olaraq nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə tələbatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək də qeyd olunmuşdur. Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması prosedurlarının yerinə yetirilməsini təmin etmək və nəzarət etmək də şöbə müdirinə aid edilmişdir. Vəzifə təlimatının “Məsuliyyət” kateqoriyasında qeyd olunmuşdur ki, vəzifə borclarının yerinə yetirilməsinə və ya düzgün icra olunmamasına görə AR əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Beləliklə, İddiaçı yol verdiyi əmək pozuntusu işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddia tərəfinin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova iş
Məhkəmə qərarları › İş №e-2(009)-358/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-358/2024
13.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver