Məhkəmə qərarları › İş №e-2(009)-367/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-367/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-367/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi üzrə mülki işə 22 fevral 2023-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sahiblik hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilə dair müqavilə bağlanmışdır. İddiaçının cavabdehə heç bir borcu qalmamışdır. Cavabdehə mənzilin sahiblik və istifadəsinə verilməsi ilə bağlı iddiaçı tərəfindən müraciət edilsə də, müsbət cavab alınmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, mənzil hazırda təmirsizdir və heç kim yaşamır. Mənzilin ona təhvil verilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Müqavilənin (surətinin) İ.1 və İİİ.1ci bəndlərindən görünür ki, həmin müqavilə ilə İddiaçı (payçı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin hər 1 kv.m üçün 591 manat, cəmi 116,000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 3-cü mərtəbəsində yaşayış sahəsi 196,1 kv.m olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTKya borcu yoxdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı (payçı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə etmiş və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin hər 1 kv.m üçün 591 manat, cəmi 116,000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüş, əvəzində bu Müqavilə ilə şərtləndirilmiş qaydada “Tikinti şirkəti” tərəfindən yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili İddiaçı istifadəsinə verməyi Cavabdeh MTK öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 426.2.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə həyata keçirilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan sifarişini aldığı mənzili iddiaçıya vermək öhdəliyinin daşıyıcısı olmuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə şərtləndirilmiş qaydalara əməl etmir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi təmin olunduğundan iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlər aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar