Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-39/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Maraqlı şəxs1 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mülkiyyətin müdafiəsi tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Maraqlı şəxs1 işə cəlb olunmaqla) Cavabdeh1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 otaqlı 3 saylı mənzilinin təcrid olunmuş 12,2 kv.m. yaşayış sahəsinin ayrıca girişi və sanitar qovşağı olan otağının əvvəlki vəziyyətə gətirilərək, təmir edilmiş vəziyyətdə iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əri X27 xx.xx.2018-ci il tarixində qara ciyərin serrozu diaqnozu ilə 5 nömrəli xəstəxanada vəfat etmişdir. Ona və övladları X16, X17 və X12 mərhum əri X8 miras qalan, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı 3 otaq mənzilin təcrid olunmuş 12,2 kv.m yaşayış sahəsi, ayrıca sanitar qovşağı, təsərrüfat məqsədli sahəsi olan otağa dair vərəsəlik hüququ şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən İddiaçı 1/5, X16 1/5, X17 1/5 və X22 2/5 hissədə mülkiyyətçidir. Uzun sürən araşdırmalar nəticəsində müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən, mərhum ərindən ona və övladlarına vərəsə qalmış otağı Cavabdeh2, Cavabdeh1 Qoruq olmasına baxmayaraq özbaşınalıq edərək qanunsuz olaraq divarları söküb binada dəyişikliklər edərək Mirzə Mənsur küçəsi, 26 saylı evin 7A saylı mənzilə qatmışdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin icra sənədini icra edərkən Səbail İcra və Probasiya İdarəsinin icra məmuru Səbuhi Əhmədov və İçərişəhər qoruğunun mühəndisi Bəxtiyar Quliyev həmin ünvana gedərək müəyyən etmişlər ki, qeyd edilən ona və uşaqlarına məxsus olan otaq divar qonşusu olan Mirzə Mənsur küçəsi, ev 26, mənzil 7A ünvana Cavabdeh2 mülkiyyətində olan sahəyə onun və anası Cavabdeh1 tərəfindən qanunsuz olaraq divarları dağıdılaraq qatılmışdır. Bu barədə Səbail Rayon İcra və Probasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 otaqlı 3 saylı mənzilin təcrid olunmuş 12,2 kv.m. yaşayış sahəsinin, ayrıca girişi və sanitar qovşağı olan otağı əvvəlki vəziyyətinə gətirərək, təmir edilmiş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə düzəliş təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi 26, m. 3 saylı 3 otaqlı mənzilin təcrid olunmuş 12,2 kv.m. yaşayış sahəsi, ayrıca girişi və sanitar qovşağı olan otağı əvvəlki vəziyyətinə gətirərək, təmir edilmiş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında mənzilin mülkiyyətçisi Cavabdeh2 və mənzildə qeydiyyatda olan Cavabdeh3 birgə cavabdehlər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi ünvanlayaq etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindəki tələblər aşağıdakı səbəblərə görə əsassız olduğu üçün qəti şəkildə rədd edilməlidir. ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın qanuni sahibi o deyil. Belə olan halda, o, başqa bir vətəndaşın daşınmaz əmlakına görə necə cavabdehlik daşıya bilər? İddiaçı əsaslı maddi sübutlar olmadan, şahid ifadələri olmadan, iddia etdiyi kimi, “divarların sökülməsini” sübut edən foto-şəkillər olmadan, divarların sökülməsini sübut edən ərazi üzrə polis sahə müvəkkilinin və Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və bu idarənin nəzdindəki Mənzilkommunal və təmir xidmətinin müvafiq aktı və protokolu olmadan, iddia olunan söküntünün tarixini göstərmədən onu və Cavabdeh2 necə ittiham edə bilər ki, guya onlar Mirzə Mansur küçəsi, ev 26, 3 ünvanda yerləşən mənzilin divarlarını sökmüşlər? Bu qədim tarixi evlər dövlət tərəfindən qorunur və mühafizə olunur. İki mənzil arasında sökülməsi iddia olunan divar neçənci ildə sökülüb? Həmin divar söküləndə İddiaçı harada idi? Nəyə görə Jalə İsamyılova o vaxt bu məsələni qaldırmırdı? Yuxarıda sadalanan bu sübutların heç biri olmadan məhkəmə belə bir iddia ərizəsini icraata necə götürə bilər? İddiaçı 2011ci ildə onun qaynı Elxan İsmayilov ilə ailə qurub, Elxanın adında olmuş Əhməd Rəcəbli küçəsindəki mənzildə yaşayıb. Yəni iddiaçı mərhum Elxan İsmayılov ilə ailə həyatı qurmamışdan çox-çox qabaq da onların yaşadığı Mirzə Manzur küçəsi, ev 26, mənzil 7Anın ümumi sahəsi 29.2 kv.m təşkil etmişdir, bu gün də 29.2 kv.m təşkil edir. Səbail İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədov və Maraqlı şəxs2 Dövlət Tarix- Memarlıq Qoruğunun nəzdində fəaliyyət göstərən mənzil-kommunal və təmir xidmətinin mühəndisi Bəxtiyar Quliyev və digər vəzifəli şəxslər xx.xx.2022-ci il tarixində saxta akt tərtib edərək yalandan yazıblar ki, Mirzə Mansur küçəsi, ev 26, mənzil 3 ünvanda yerləşən Maraqlı şəxs1 mənzilinə baxış keçirilərkən 1 otaq, yəni mübahisə edilən 12.2 kv.m yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olan sahəyə birləşdirilib. Təəssüf edir ki, bu aktı imzalayan 6 nəfər qanunsuzluq edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, biləbilə akta heç bir əsası olmayan yalan və saxta məlumatlar daxil etmişlər. xx.xx.2022-ci il tarixli akt saxta olduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verdiyi № ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışdan da görünür ki, Mirzə Mansur küçəsi ev 26, 7A ünvanda yerləşən mənzilin ümumu sahəsi 29.2 kv.m təşkil edir. Göründüyü kimi, bu çıxarış Cavabdeh2 verilərkən, mənzilin ümumi sahəsi 1996-cı ildə necə idisə, elə də qalmışdır. Yəni heç bir artım olmamışdır. Hüquqi fakt kimi qeyd edə bilər ki, Bakı şəhər İHB-nın Aparatının Tİ və MH qeydiyyatı darəsinin xx.xx.1996ci ildə Cavabdeh3 (Zülqiyyənin atası) adına verdiyi texniki pasportda da 7A mənzilin ümumi sahəsi 29.1 kv.m göstərilmiş və təsdiq edilmişdir. Yəni burada yaşayış sahəsi 12.9 kv.m, koridor 6.5 kv.m, mətbəx 7.4 kv.m, hamam-tualet 2.3 kv.m təşkil etmişdir. Bu sənədlər - çıxarış və xx.xx.1996-ci il tarixli texniki pasport hüquqi faktdır və əsaslı sübutlardır. İddiaçı, Səbail rayon İcra və probasiya şöbəsinin əməkdaşı Səbuhi Əhmədov, Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mühəndisi Bəxtiyar Quliyev və xx.xx.2022-ci il tarixli aktda adları qeyd edilən digər vəzifəli şəxslər yalandan necə iddia edə bilərlər ki, 12.2 kv.m yaşayış sahəsi divar sökülməklə 3 saylı mənzildən qopardılaraq 7A saylı mənzilə qatılmışdır? İddiaçının və bu vəzifəli şəxslərin iddiaları, eləcə də tərtib etdikləri akt tamamilə uydurmadır, qanunsuzdur və məhkəməni aldatmağa və çaşdırmağa, beləliklə də iddiaçının qanunsuz tələblərini təmin etməyə yönəlmiş bir addımdır. Barəsində belə bir saxta və qanunsuz aktın tərtib edilməsi nəticəsində o və ailəsi mənəvi sarsıntı keçirmişlər. Ona qətiyyən aidiyyatı olmayan Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci iltarixli 2(001)-40/2021 saylı qətnaməsinin icrası adı altında Səbuhi və Mənzil-kommunal və təmir xidmətinin əməkdaşları Bakı şəhəri, Mirzə Mansur küçəsi, ev 26, 7A saylı onun mənzilinə gəlmiş, saxta mülahizələr səsləndirməklə onu aldatmış, mənzilə daxil olmuş, baxış keçirmiş və qətnamənin icrasını 7A saylı mənzilə yönəltməyə cəhd etmişlər. Bugünkü məhkəmə prosesinin başlanmasına səbəb olan iddia ərizəsi də məhz həmin saxta akta əsaslanır. Sözügedən məhkəmə qətnaməsinə görə, Mirzə Mansur küçəsi, ev 26, mənzil 3 ünvanda yerləşən daşınmaz əmlakın İddiaçı, X22, X16 və X9 məxsus hissəsi (1 otaq) açıq hərracda satılmalıdır. İddiaçınm və onun vəkili Vəkil1, Səbail icra məmuru Səbuhi Əhmədovun, Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Mənzil-kommunal və təmir xidmətinin mühəndisi Bəxtiyar Quliyevin və akta imza atan digər şəxslərin absurd və məntiqsiz yanaşması həm də ondan ibarətdir ki, Jalənin iddia etdiyi 12.2 kv.m yaşayış sahəsi hətta qanunsuz olaraq 7A saylı mənzilə qatılıbsa belə, belə bir suala cavab verməyiblər ki, həmin 1 otaqlı yaşayış sahəsinin giriş qapısı haradan olub? Yəni İddiaçı həmin 1 otağa hansı qapıdan girib çıxırmış? Jalə axırıncı dəfə o otaqda olanda hansı qapıdan girib və çıxıb? Bəs 3 saylı mənzilin çıxarışında qeyd olunan 12.2 kv.m yaşayış sahəsini İddiaçı 3 saylı mənzilin içində görməyəndə, nəyə görə polis orqanlarına və digər qurumlara müraciət etməyib? Əgər Jalənin iddia etdiyi 12.2 kv.m yaşayış sahəsi 7A saylı mənzilin sahəsinə qatılıbsa, onların məntiqinə görə belə çıxır ki, iddia olunan “absurd və abstrakt divar söküntü əməliyyatı”na qədər 7A saylı mənzilin ümumi sahəsi 17 kv.m təşkil edib. Belə olan halda digər sual ortaya çıxır: 7A saylı mənzilin yaşayış sahəsi nə qədər olub? 7A saylı mənzilin mətbəxin sahəsi, korridorun sahəsi və s. nə qədər olub? İddia ərizəsi ilə İddiaçı, vəkili Vəkil1, Səbail İcra şöbəsinin əməkdaşı icra məmuru Səbuhi Əhmədov və Mənzil-kommunal və təmir xidmətinin mühəndisi Bəxtiyar Quliyev və akta imza atan digər şəxslər AR ƏMDK yanında DƏDRX-ni qanunsuzluqda ittiham edirlər. Necə ola bilər ki, qanunsuz olaraq zəbt etdiyim 12.2 kv.m yaşayış sahəsini AR ƏMDK yanında DƏDRX çıxarışa daxil etmişdir? Bu məsələ ilə bağlı növbəti sual budur ki, əgər o və Cavabdeh2 divarı söküb 12.2 kv.m yaşayış sahəsini 7A mənzilinə qatmışıqsa, necə ola bilər ki, 3 saylı mənzilin ümumi sahəsi və yaşayış sahəsi azalmadı? Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin xx.xx.1996-ci ildə iddiaçının mərhum həyat yoldaşı İsmayılov Elxanın adına verdiyi texniki pasportdakı yaşayış sahəsi ilə DƏDRX-nin verdiyi çıxarışdakı yaşayış sahəsi arasında heç bir fərq yoxdur. Yəni azalma müşahidə edilmir. Bu fakt da iddianın əsassız olduğunu göstərir. Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin xx.xx.1996-ci ildə iddiaçının mərhum həyat yoldaşı İsmayılov Elxanın adına verdiyi texniki pasportda da Mirzə Mansur küçəsi ev 26, mənzil 3 ünvanda yerləşən daşınmaz əmlakın ümumi sahəsi 54.9 kv.m, yaşayış sahəsi 48.5 kv.m göstərilmişdir. Yəni burada 1-ci otaq 20.3 kv.m, 2-ci otaq 16.2 kv.m, 3-cü otaq 12 kv.m, mətbəx 6.4 kv.m göstərilmişdir. İş materiallarından da görünür ki, Mirzə Mansur küçəsi, ev 26, mənzil 3 ünvanda yerləşən daşınmaz əmlaka dair verilmiş çıxarışda da yaşayış otaqlarının sahəsi 3, mənzilin ümum: sahəsi 55 kv.m, yaşayış sahəsi 48.4 kv.m göstərilmişdir. Hətta sözügedən mənzilin texniki pasportunda da bu sahələr olduğu kimi qeyd edilmişdir. Bir faktı xüsusilə qeyd etmək istərdi. M.Mansur küçəsi, ev 26-da 3 saylı mənzilin texniki pasportunda 3-cü otaq “qonşunun otağı”kimi göstərilmiş və işarələnmişdir. Yəni texniki pasportda “qonşu” sözü ilə işarələnmiş və ya qeyd edilmiş 3-cü otaq məhz mübahisə predmeti olan otaqdır. Həmin “qonşu” adlandırılan otaq 7A saylı mənzildə yoxdur. Burada məhkəmə ekspertizasına heç ehtiyac da yoxdur. Yəni Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin, eləcə də DƏDRX-nin təqdim etdikləri izahatlar, təsdiq etdikləri sənədlər olduğu təqdirdə, hansı məhkəmə ekspertizasından söhbət gedə bilər? Növbəti hüquqi fakt bundan ibarətdir ki, iş materiallarında 3 saylı mənzilin çıxarışında mənzilin hüquq sahiblərinin adları göstərilmişdir. Bunlar Rüstəmova X31, İddiaçı, X22, X16, X10r. Bundan başqa, 3 saylı mənzilin əvvəlki çıxarışında hüquq sahibinin adları X27 və Maraqlı şəxs1 göstərilmişdir. Sözügedən 3 saylı mənzilin əvvəlki mülkiyyətçisi Tamilla xanımın həyat yoldaşı X35 və X27 olmuşdur. Problem budur ki, vətəndaş bu 3 saylı mənzili alqısatqı müqaviləsi ilə alanda X13 adının çıxarışda nəyə görə qeyd edilməsi ilə maraqlanmamış və nəticədə belə bir vəziyyət yaranmışdır. Məhkəmədə çaşdırıcı vəziyyət yaradan sənədlər Maraqlı şəxs2 Dövləti Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Mənzil-kommunal və təmir xidmətinin iş rejimində 3 saylı və 7A saylı mənzillərlə bağlı özləri üçün tərtib etdikləri və məhkəməyə təqdim etdikləri mənzillərin eksplikasiya sxemidir ki, bu sxemlər də AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarış və texniki pasportla, hətta Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin təsdiq etdiyi texniki pasportla uzlaşmır və uyğun gəlmir. Biz o vaxt bu eksplikasiya sxemini Mənzilkommunal və təmir xidmətindən istəyəndə dedilər ki, “bu əsaslı sənəd deyil, sadəcə öz işçilərimizin, xadimələrimizin işinə kömək etmək məqsədilə tərtib etmişik” və məsləhət gördülər ki, DƏDRX-dən mənzilin sxemini istəyək. Lakin buna baxmayaraq, Mənzilkommunal və təmir xidməti bu işçi eksplikasiya sxemlərini əsaslı sənəd kimi məhkəməyə təqdim etmişdir. Məqsəd bizi azdırmaq və qanuni mənafelərimizə zərbə vurmaq olubmuş. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən hazırlanmış və yuxarıda adları qeyd edilmiş digər şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsinin xahiş hissəsi abstrak və qeyri-müəyyən formada yazıldığı üçün iddia tələbi təmin edə bilməz və rədd edilməlidir. Çünki iddiaçı tələb edir ki, “3 saylı 3 otaqlı mənzilin təcrid olunmuş 12.2 kv.metr yaşayış sahəsi, ayrıca girişi və sanitar qovşağı olan otağı əvvəlki vəziyyətinə gətirilsin.” 12.2 kv.metr yaşayış sahəsinin əvvəlki vəziyyətini göstərən sxemlər, texniki pasportlar yoxdur. 12.2 kv. metr yaşayış sahəsinin ayrıca giriş qapısını, sanitar qovşağını göstərən heç bir texniki pasport yoxdur. Dövlət reyestr xidmətinin məhkəməyə təqdim etdiyi sənədlərdə də 12.2 kv.metr yaşayış sahəsinin ayrıca giriş qapısı, sanitar qovşağı göstərilməyib. İddiaçının ərizəsindəki iddia tələbləri hansı tarixi sənədlərə, çıxarışlara əsaslanır? İddiaçı öz tələblərinin əsaslandığı halları maddi sübutlarla sübut etməlidir. Əks halda iddia tələbi rədd edilməlidir. Məhkəmə qərarı əsasında 2 mart 2023-cü il tarixində 3 və 7A saylı mənzillərdə tikinti-texniki ekspertizası keçirilmiş və 3 ay 10 gündən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən xx.xx.2023-cü il tarixli 10/212 nömərli yanlış və natamam bir rəy yazılmışdır. Əsas yanlışlıq ondan ibarətdir ki, ekspert Elmar Səidov 7A saylı mənzilə baxış keçirərkən mənzilin faktiki ölçülərini dəftərində qeyd etsə də, rəydə həmin faktiki ölçüləri göstərməmiş və 7A saylı mənzilin sahəsini kupçada olduğu kimi 29.2 kv.metr yox, yanlış olaraq 39.5 kv.metr olduğunu göstərmişdir. 7A saylı mənzilin sahəsinin, ekspert Elmar Səidovun yazdığı kimi 39.5 kv.metr olmasını qəbul edilsə, onda iddiaçının yazdığı kimi, iddia ərizəsində və 3 saylı mənzilin çıxarışında qeyd edilmiş 12.2 kv.metr aşayış sahəsinin 7A saylı mənzildə olması fikri avtomatik olaraq alt-üst olur. Çünki 39.5-29.2=10.3 kv.metr təşkil edir. Bu rəqəm isə iddiaçının tələb etdiyi 12.2 kv. metr yaşayış sahəsi deyil. Digər tərəfdən ekspert 3 saylı mənzillə 7 A saylı mənzili ayıran divarı tədqiq etmədən rəydə yazmışdır ki, guya iki mənzili ayıran divarın arxasında boş yaşayış sahəsi (yəni 12.2 kv.metr sahə) vardır və guya həmin boş yaşayış sahəsini 7A saylı mənzilin mülkiyyətçisi divar hörməklə öz mənzilinə qatmış, amma həmin boş sahə iki divar arasında qaldığından heç kim istifadə edə bilmir. Müstəqil ekspertiza mərkəzi olan "xxxx" MMC Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydən fərqli bir rəy vermişdir. "xxxx" MMC-nin 08/23 nömrəli xx.xx.2023-cü il tarixli rəyində göstərilir ki, 12.2 kv.metr yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olan mənzilin istifadəsində deyil və sahəsi 12.2 kv.metr olan otaq Rüstəmova X23 məxsus 3 saylı mənzil ilə Cavabdeh2 məxsus 26 saylı evin 7A saylı mənzili arasında olan sahədə yerləşmir. Belə olduğu təqdirdə iş üzrə əlavə ekspertiza yətin edilməli idi. Digər tərəfdən, cavabdehin bütün ailə üzvlərinin cavabdeh kimi işə cəlb edilməsi, əsl olmayan cavabdeh kimi üzərinə öhdəlik qoyulmasına yönəlmiş qətnamənin qəbul etməsinə səy göstərilməsi, 7A saylı mənzilin mülkiyyətçisinin mülkiyyət hüququ və ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə məhkəmə prosesinin aparılması, indiyə kimi iddia tələbinin rədd edilməməsi və ya iddia ərizəsinin geri qaytarılmaması məhkəmənin qərəzli olmasına və işə qeyri-obyektiv yanaşmasına dəlalət edir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs1 iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, onun həyat yoldaşı mərhum Araz Rüstəmov 2008-ci ildə Mirzə Mənsur küçəsi, ev 26, mənzil 3 ünvandakı 2 otaqlı evi almışdır. Bu mənzili əvvəl Ninel adlı xanım Temraz adlı türk vətəndaşa, həmin şəxs də onun həyat yoldaşına satmışdır. Onun mənzilinin altında sahəsi 31.5 kv.m. olan zirzəmi də vardır ki, həmin zirzəmi onun mənzilinin əvvəlki mülkiyyətçisi Ninel tərəfindən Səbail rayon İcra Hakimiyyətinə müraciət edilərək sərəncam əsasında ona verilmişdir. Həmin sərəncamın surətini məhkəməyə təqdim etmişdir. Onun divar qonşusu cavabdeh İsmayılovlar ailəsidir, yəni Pərvanə, Rəhim, Zülqiyyə. İsmayılovların mənzili Mirzə Mənsur, ev 26, mənzil 7 ünvandır. Cavabdehlərlə onlar çox mehriban qonşu olmuşlar. Onun qızı Aysel Zülqiyyə ilə rəfiqə idi və tez-tez bir-birlərinin evinə girib-çıxırdılar. Onun mənzilinin divarına bitişik Zülqiyyənin yataq otağı idi. Pərvanə xanım dəfələrlə deyirdi ki, bu yataq otağı qaynı Elxan İsmayılovundur. Təxminən 2011-2012-ci illərdə Pərvanə xanım aradakı divarı sökərək həmin otağı öz sahələrinə qatdı və mətbəx studio kimi yaratdı, özünün əvvəlki mətbəxindən isə hamam yaratdı. Evin daxili vəziyyətini tamam dəyişəndən sonra Pərvanə xanım öz hissələri olan 29 kv.metri 7 A ünvanı altında sənədləşdirmiş, Elxan İsmayılovun 12 kv.metrini zəbt etmişdir. Pərvanəgilin mənzilində uzun müddətdir ki, kirayəçilər yaşayırlar. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqdan sonra o, dəfələrlə işdən icazə alıb mənzilinə gəlmiş, iddiaçı və ekspert də gəlmiş, lakin cavabdehlərdən kimsə gəlib qapını açmamışdır ki, ekspert mənzilə baxsın. Sonuncu dəfə də, ekspert gələndə artıq cavabdehlərin razılığı ilə mənzildə yaşayan kirayənişinlər evin qapısını açdılar ki, ekspert mənzilə baxsın. Ekspert onların iştirakı ilə onun da, Pərvanəgilin də mənzilində ölçmə işləri apardı və Pərvanəgilin mənzilinin ölçülərinin artıq olduğunu və mənzildə rekonstruktiv dəyişiklər aparıldığını müəyyən etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil2 iddia iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vaxtında keçirilməsinin mümkün olmaması cavabdehlərin təqsiri üzündən olmuş, belə ki, onlar məhkəmə çağırışlarına bilə-bilə gəlməməklə, mənzili baxış keçirilməsi üçün uzun müddət ekspertə təqdim etməməklə işin düzgün gedişatına mane olmağa çalışmışlar. Onlar ekspertlə birlikdə dəfələrlə mübahisəli ünvanda olsalar da, cavabdehlər oraya gəlməmiş və cavabdehlərin ünvanında yaşayan kirayənişinlər də mənzilin qapısını açmamışlar ki, ekspert mənzilə baxsın. Sonuncu dəfə nəhayət ki, cavabdehlərin razılığı ilə kirayənişinlər mənzilin qapısını açaraq ekspertin mənzilə baxmasına şərait yaratmışlar. Ekspert tərəfindən proses iştirakçılarının iştirakı ilə tədqiqat aparılaraq, mənzillərin faktiki sahələri ölçülmüş, cavabdehlərin mənzilinin ölçülərinin çıxarışda göstərildiyindən artıq olduğunun onlar da şahidi olmuşlar. Ekspert rəyində göstərilən ölçülər tədqiqat yerində ekspert tərəfindən müəyyən olunan ölçülərdir və ona görə də, ekspert rəyi ilə tam razıdırlar. Məhkəmə iclasında dindirilən ekspert X28 ifadəsində bildirmişdir ki, o, iş üzrə vermiş olduğu rəyi müdafiə edir. Rəydə yazılmış ölçülər həmin mübahisəli mənzilin ölçüləri ilə 99,9% eynidir, ölçülərdə çox az bir fərq ola bilər ki, o da ehtimaldır. Tədqiqat obyektinə baxış keçirmək uzun müddət mümkün olmamış, belə ki, cavabdehlər məhzili tədqiqat aparılması üçün təqdim etməmişlər. Nəhayət mənzillərdə ölçmə işləri aparılması mümkün olmuşdur. İddiaçı, onun vəkili nümayəndəsi və Maraqlı şəxs1 və onun vəkili və nümayəndəsi ekspertiza tədqiqatında iştirak etmiş, lakin cavabdehlərdən orada heç kim olmamış, cavabdehlərin mənzilini orada yaşayan kirayəçilər onlara təqdim etmişlər. Ölçü apararkən Tamilla xanımın sahəsində həmin mərtəbə səviyyəsində artıq heç bir sahə aşkar edilməmişdir. 7A saylı mənzilin ölçüsü müayinə vaxtı 39,5 kv.m müəyyən olunmuşdur. 7A saylı mənzildə ilkin vəziyyətdən fərqli olaraq, divarlar sökülərək konstruktiv dəyişikliklər edilib. 7A saylı mənzil söküntü işləri aparılmaqla ilkin vəziyyətə qaytarıla bilər. Orada əvvəllər studio mətbəx olmayıb. 7A saylı mənzilin faktiki sahəsi texniki pasportda göstərilənlərlə müqayisədə artırılıb. 3 saylı mənzilə dair tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən tikililərdən sahəsi 12,2 kv.m. olan otağın iddiaçıya təcrid olunmuş mənzil şəklində ayrılması, yalnız 7 A saylı mənzilin ona dair olan çıxarışda göstərilən 29,2 kv.m. sahəyə uyğun vəziyyətə, yəni ilkin vəziyyətə gətirilməklə mümkündür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, 3-cü şəxslər qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, ekspertin ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 adına, 1 otağı 2/5 hissədə X4, 1/5 hissədə X5, 1/5 hissədə X6, 1/5 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov, icra məmuru Aslan Astanov, Alliance Consultinq qiymətləndirmənin nümayəndəsi Müşfiq Məmmədov, İçərişəhər MKTX-nin texniki şöbənin müdiri Bəxtiyar Quliyev, hal şahidləri Elnur Rüstəmov və Mirvüqar Abbasovun iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-40/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26, 3 saylı mənzilə baxış keçirmək məqsədi ilə həmin ünvana gəlmişlər. Qiymətləndirilməli olan sahəni müəyyən etmək üçün icra iştirakçıları ilə birlikdə sözügedən ünvanda yerləşən Maraqlı şəxs1 məxsus naturada ayrılmış 2 otağa baxış keçirildi. Bundan sonra hərracda satışı təşkil edilməli olan 1 otağın ərazisinə baxış keçirilərkən həmin ərazini X1 mülkiyyətində olan sahəyə birləşdirildiyi müəyyən olundu. İş materiallarında olan Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu Vəkil1 sorğusuna cavab olaraq Mənzil-kommunal və Təmir Xidməti bildirilmişdir ki, ünvan 4 ünvanlarına dair Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinə ünvanlanan xx.xx.2022-ci il daxil olma tarixli müraciətinizə tərəfindən baxılmış və Mirzə Mənsur küçəsi, ev 26, mənzil 7A ünvanında tam ölsmə işləri üzrə araşdırma işlərinin aparılmasına mülkiyyətçi tərəfindən şərait yaradılmamışdır. İş materiallarında olan Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzilkommunal və Təmir Xidmətinin Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında son 10 il ərzində hər hansı təmir işləri aparılması qeydə alınmamışdır. Eyni zamanda ünvanda tam ölçmə işləri üzrə araşdırma işlərinin aparılmasına mülkiyyətçi tərəfindən şərait yaradılmamışdır. İş materiallarında olan Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzilkommunal və Təmir Xidmətinin Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olanlar: 1. mülkiyyətçi X14 - 1991-ci il təvəllüdlü; 2. atası Cavabdeh3 - 1964-cü il təvəllüdlü; 3. anası Cavabdeh1 - 1967-ci il təvəllüdlü. Məlumat üçün bildirir ki, ünvana dair Mənzil-kommunal və Təmir Xidmətində texniki sənədlər mövcud deyildir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin “Mərkəz” Vəkil Bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanı X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Maraqlı şəxs1 adına verilmiş xx.xx.2014-cü il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1, 1 otağı X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən X24 adına verilmiş xx.xx.2008-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə X24, 1 otağı X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X11 adına verilmiş 30/15634 saylı, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı mənzilinin sahəsi 36,5 kv.m. olan 2 (iki) yaşayış otağı xüsusi mülkiyyət hüququ üzrə X11, sahəsi 12.0 kv.m. olan 1 (bir) yaşayış otağı X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 29,2 kv.m. olan 7a saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin mütəxəssis rəyinin verilməsi ilə bağlı sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvanda yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, sözügedən mənzil iki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Texniki pasportda göstərilən 1, 2 və 3 saylı sahələr (ümumi sahə 42,8 kv.m.) digər payçı olan Maraqlı şəxs1, 4 saylı sahə (12,2 kv.m.) isə İddiaçı, X4, X5 və X6 uyğun olaraq 1/5, 2/5, 1/5, 1/5 hissə olmaqla mülkiyyətlərindədir. İş materiallarında olan 07 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X13 vərəsələri anası X15, xx.xx.2002-ci il təvəllüdlü azyaşlı qızı X22, arvadı İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü azyaşlı oğlu X25 və xx.xx.2013-cü il təvəllüdlü azyaşlı qızı X17 miras əmlakdan hər biri 1/5 hissədə pay almalıdırlar. Miras əmlak xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 48,4 kv.m., ümumi sahə 55,0 kv.m.olan bina 26, 3 nömrəli mənzildən mərhuma məxsus olan 1 otaqdan ibarətdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Cavabdeh3 verilmiş Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 7a saylı mənzilinə dair xx.xx.1996-cı il tarixdə tərtib olunmuş şəxsi mülkiyyətində olan mənzilin Texniki Pasportundan görünür ki, mənzilin ümumi sahəsi 29,1 kv.m-dir (yaşayış sahəsi 12,9 kv.m. 1 otaq, sahəsi 7,4 kv.m. olan mətbəx, sahəsi 6,5 kv.m. olan daxili dəhliz, sahəsi 2,3 kv.m. olan vanna otağı). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələblərinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçı Maraqlı şəxs1 məxsus payın (2 otaq) naturada ayrılması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı, X22, X16 və X9 məxsus hissəsinin (1 otaq) açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri - İddiaçı, X22, X16 və X17 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/212 nömrəli, 12 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 3 saylı mənzilində Maraqlı şəxs1 istifadəsində olan tikililərin ümumi sahəsi 42.8 kv.m olmaqla, həmin mənzilə dair tərtib edilmiş texniki pasportda göstərilən, sahələri 20.2 kv.metr və 16.0 kv.metr olan iki yaşayış otağının, eləcə də sahəsi 6.6 kv.metr olan 1, 2 və 3 saylı tikililərin Maraqlı şəxs1 faktiki olaraq istifadəsində olduğu müəyyən edilir. Maraqlı şəxs1 faktiki istifadəsində olan tikililərin çıxarışla Maraqlı şəxs1 məxsus olduğunu, o cümlədən, 12.2 kv.metr kimi göstərilən tikilinin 3 saylı mənzilə dair tərtib edilmiş texniki pasportda Maraqlı şəxs1 faktiki istifadəsində və mülkiyyətində olan tikililərdən ayrı göstərildiyini nəzərə alaraq, İddiaçı övladları ilə birlikdə məxsus olan 12.2 kv.m payın sahəsinin Maraqlı şəxs1 məxsus payın sahəsinə daxil olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7A saylı mənzilinin faktiki ölçülərinin 39.5 kv.metr təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7A saylı mənzilinin faktiki sahəsinin, digər texniki parametrlərinin həmin mənzilə dair tərtib edilmiş ******* saylı çıxarışa uyğun olmadığını, eləcə də, sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin Maraqlı şəxs1 məxsus 3 saylı mənzil ilə Cavabdeh2 məxsus 26 saylı evin 7A saylı mənzili arasında olan sahədə yerləşdiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 26 saylı evin 3 saylı mənzilinə dair tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən tikillərdən sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir. Həmin tikilinin iddiaçıya təcrid olunmuş mənzil şəklində ayrılması, 7A saylı mənzil həmin mənzilə dair olan çıxarışda göstərilən 29.2 kv.metr sahəyə uyğun vəziyətə, yəni ilkin vəziyyətə gətirilməklə mümkün ola bilər. Təqdim olunmuş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin ümumi sahəsi 55 kv.m. olan 3 saylı 3 otaqlı mənzilində ümumi sahəsi 42,8 kv.m, yaşayış sahəsi 36,2 kv.m olmaqla 2 otağı xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 adına, ümumi sahəsi 12,2 kv.m, yaşayış sahəsi 12,2 kv.m olan 1 otağı 2/5 hissədə X4, 1/5 hissədə X5, 1/5 hissədə X6, 1/5 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “Zirzəminin təsərrüfat məqsədilə verilməsi haqqında” 295 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamının surətindən görünür ki, vət.X26 2 nəfər ailə üzvü ilə M.Mənsur küçəsi, 26 nömrəli evin yaşayış sahəsi 36,5 kv.m. olan 2 otaqlı 3 nömrəli mənzilində yaşayır. O, mənzilinin altında yerləşən 31,5 kv.m-lik zirzəmi hissəsinin təsərrüfat məqsədi ilə ona verilməsini xahiş etmişdir. Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının xx.xx.1998-ci il tarixli rəyi təsdiq edilməklə M.Mənsur küçəsi, 26 nömrəli binanın Qoruq MMİ tərəfindən tərtib edilmiş cizgi planında göstərilən 31,5 kv.m-lik zirzəmi hissəsinin təsərrüfat məqsədləri üçün 3 nömrəli mənzilin sahibi X11 istifadəsinə verilməsi barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 maddəsinə əsasən-mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı 3 otaqlı mənzilinin təcrid olunmuş ümumi və yaşayış sahəsi 12,2 kv.m olan 1 otağı xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının həyat yoldaşı X18 məxsus olmuş və xx.xx.2018-ci il tarixində onun ölümündən sonra miras əmlak olaraq hər birinin payı 1/5 hissədə olmaqla vərəsələrinə, eləcə də, iddiaçı və onun övladlarına keçmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-40/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Səbail rayon İcra şöbəsinin icra məmurları, İçərişəhər MKTX-nin texniki şöbənin əməkdaşı, Alliance Consultinq qiymətləndirmənin nümayəndəsi və hal şahidlərinin iştirakı ilə Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26, 3 saylı mənzilin Maraqlı şəxs1 məxsus naturada ayrılmış 2 otağına baxış keçirilmiş, həmin mənzilin hərracda satışı təşkil edilməli olan 1 otağın ərazisinə baxış keçirilərkən həmin ərazinin X1 mülkiyyətində olan sahəyə birləşdirildiyi müəyyən olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7a saylı mənzilində qeydiyyatda olan mənzilin mülkiyyətçisi Cavabdeh2 və onun ailə üzvləri - atası Cavabdeh3 və anası Cavabdeh1 tərəfindən iddiaçı və onun övladlarına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı mənzilinin təcrid olunmuş 1 otağının divarı sökülərək həmin otağı sahəsi 7a saylı mənzilin sahəsinə qatılmış və 7a saylı mənzildə rekonstruktiv dəyişikliklər aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarışda Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 7a saylı mənzilinin ümumi sahəsinin 29,2 kv.m. olmaqla Cavabdeh2 mülkiyyətində olduğu göstərilmiş, həmin mənzilə dair tərtib edilmiş sxemdə mənzilin sahələri 12,35 kv.m., 14,06 kv.m., 8,73 kv.m., 2,64 kv.m. və 1,72 kv.m. olan 5 tikilidən ibarət olmaqla, ümumi sahəsinin 39,5 kv.m. təşkil etdiyi göstərilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Cavabdeh3 verilmiş Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 7a saylı mənzilinə dair xx.xx.1996-cı il tarixdə tərtib olunmuş Texniki Pasportunda mənzilin ümumi sahəsinin 29,1 kv.m. olmaqla 4 tikilidən ibarət olduğu (yaşayış sahəsi 12,9 kv.m. 1 otaq, sahəsi 7,4 kv.m. olan mətbəx, sahəsi 6,5 kv.m. olan daxili dəhliz, sahəsi 2,3 kv.m. olan vanna otağı) göstərilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş tikinti-texniki ekspertizası üzrə 10/212 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 3 saylı mənzilində Maraqlı şəxs1 istifadəsində olan tikililərin ümumi sahəsi 42.8 kv.m olmaqla, həmin mənzilə dair tərtib edilmiş texniki pasportda göstərilən, sahələri 20.2 kv.metr və 16.0 kv.metr olan iki yaşayış otağı, eləcə də sahəsi 6.6 kv.metr olan 1, 2 və 3 saylı tikililər Maraqlı şəxs1 faktiki olaraq istifadəsindədir və İddiaçı övladları ilə birlikdə məxsus olan 12.2 kv.m payın sahəsi Maraqlı şəxs1 məxsus payın sahəsinə daxil deyil. Ekspert tərəfindən aparılmış ölçü işləri nəticəsində 26 saylı evin 7 a saylı mənzilinin ümumi sahəsinin 39,5 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Ekspert rəyindən eləcə də görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7A saylı mənzilinin faktiki sahəsinin, digər texniki parametrlərinin həmin mənzilə dair tərtib edilmiş ******* saylı çıxarışa uyğun olmadığını, eləcə də, sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin Maraqlı şəxs1 məxsus 3 saylı mənzil ilə Cavabdeh2 məxsus 26 saylı evin 7A saylı mənzili arasında olan sahədə yerləşdiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 26 saylı evin 3 saylı mənzilinə dair tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən tikillərdən sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçı bu hərəkətlərə son qoyulmasını tələb etməkdə tam haqlıdır. Hazırkı mübahisədə cavabdehlərin iddiaçıya və onun övladlarına məxsus yaşayış sahəsinə sahiblik etmələri nəticəsində iddiaçının və onun övladlarının müllkiyyət hüququ pozulmuş (onların yaşayış sahəsindən sərbəst şəkildə sahiblik imkanı tam aradan qaldırılmış), lakin bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması məhkəmə tərəfındən müəyyən edilməmişdir. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, cavabdehlərin mübahisəli mənzilə nə kirayə, nə əvəzsiz istifadə, nə də sair müqavilələrdən irəli gələn sahiblik hüququ təsbit edilməmişdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməyərək mübahisəli mənzilə sahiblik hüququnun mövcudluğuna dair heç bir dəlil təqdim etməmişlər. O da nəzərə alınmalıdır ki, müdafıəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ona sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə sahiblik etməyi də ehtiva edir. Göründüyü kimi, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan MM-in 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən iddiaçının öz əmlakını cavabdehlərin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalıdır. Məhkəmə bu qənaətə gələrkən mülkiyyət hüququnun əhəmiyyəti və onun hər cür pozuntudan qorunması zərurəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və İnsan Hüquqlarının və X19 X3 tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikasmın tərafdar çıxdığı İnsan Hüquqlarının və X20 X3 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüqüqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Qərardad qeyd olunmuşdur ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin "Marck Belçikaya qarşı" xx.xx.1979-cu il tarixli qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək, mülkiyyət hüququnun əsasını təşkil edən aspektdir. Azərərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadhqlarının müdafıəsi haqqında» Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cı il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin mövqeyini də nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş mülkiyyət hüququnun tərkibinə daxil olan sahiblik, istifadə hüququnun sərbəst şəkildə həyata keçirə bilməməsi həmin hüququn “nəzəri və xəyali” xarakter daşımasına səbəb olacaqdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələri məhz “səmərəli və praktiki” xarakter daşıyan mülkiyyət hüququna təminat verir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26 ünvanda 3 saylı mənzilin İddiaçı məxsus 12,2 kv.m. olan 1 otağının, həmin ünvan üzrə Cavabdeh2 məxsus 7 A saylı mənzilin ona dair çıxarışda göstərilən 29,2 kv.m. sahəyə uyğun ilkin vəziyyətə gətirilməklə, təcrid olunmuş şəkildə İddiaçı təhvil verilməsi vəzifəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26 ünvanda 3 saylı mənzilin İddiaçı məxsus 12,2 kv.m. olan 1 otağının, həmin ünvan üzrə Cavabdeh2 məxsus 7 A saylı mənzilin ona dair çıxarışda göstərilən 29,2 kv.m. sahəyə uyğun ilkin vəziyyətə gətirilməklə, təcrid olunmuş şəkildə İddiaçı təhvil verilməsi vəzifəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X7, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-39/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-39/2023
06.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver