Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-390/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, "xxxx" mebel şirkətinin rəhbəridir. Şirkətin əsas fəaliyyəti mebel istehsalı və satışıdır. 2023-cü ilin iyul ayında 16.000 manat dəyərində mebel sifariş olunmuşdur. Lakin şirkətdə oyma ustası olmadığından, instaqram səhifəsində həmin işi görən Cavabdehla əlaqə yaratmışdır. Daha sonra Pərviz adlı ustanı Rəşadın əl işlərinə baxması üçün işlədiyi ünvana göndərmişdir. Pərviz Rəşadın işini bəyəndiyini bildirmişdir. Razılığa əsasən Rəşada beh olaraq 5100 manat ödənilmişdir. Razılığa əsasən Rəşad 1 ay ərzində öhdəliyini icra edərək mebelləri onlara təhvil verməli idi. Lakin 1 ay keçsə də Rəşad mebelləri təhvil verməmişdir. O, Rəşaddan mebellərin şəkillərini çəkib göndərməsini istədikdə isə müxtəlif bəhanələr gətirməyə başlamış və işi tamamlamaq üçün əlavə 2000 manat da tələb etmişdir. O, isə onunla razılaşmayaraq ödədiyi 5100 manatı geri qaytarmasını tələb etmişdir. Lakin Rəşad həmin pulu geri qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də o, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə şikayət etmişdir. İstintaq zamanı Cavabdeh ona 5100 manat borcunun olduğunu etiraf etmiş və pulu olmadığı üçün geri qaytara bilmədiyini demişdir. Lakin onun əməlində dələduzluq cinayəti olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi Cavabdeh tərəfindən ona 5100 manat dəyərində maddi ziyan vurulmuşdur. Mülki qanunvericiliyin normalarına əsasən müəyyən etmək olar ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməməklə, onun bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı 5100 manat dəymiş ziyan və dövlət rüsumuna ödənilmiş 71 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 16.000 manatlıq sifarişi cavabdehə verərkən cavabdeh sifarişin 50%-nin ilkin ödəniş kimi ona verilməsini xahiş etmiş, o, bildirmişdir ki, sifarişin 30%-i ilkin olaraq ödəniləcək, digər 30%-i rəngləmə ərəfəsində, yerdə qalan isə sifariş tam hazır olduqda veriləcəkdir. Bir aydan sonra əlaqə saxlayarkən Rəşad demişdir ki, mebel sifarişini Türkiyəyə göndərmişdir, o, bildirəndə ki, Türkiyə ilə əlaqəsi var sifarişi kimə veribsə onun əlaqə nömrəsini versin, Rəşad bundan imtina etmiş, əlavə 2.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. O, alınan material və hazırlanan hissənin ona göstərilməsini xahiş etdikdə, Rəşad ona bir stulun ayağının şəklini çəkib göndərmişdir. O, məcbur olub sifarişi borc alıb digər şəxsə vermişdir. Sonra Rəşad ona etiraf etmişdir ki, ehtiyacı olduğu üçün pulu xərcləmişdir, kart nömrəsi atsın pulu həmin karta göndərəcək. Lakin o, kartın nömrəsini Rəşada göndərsə də, pul karta yüklənməmişdir.Dəfələrlə Rəşada pulun qaytarılmasını tələb etsə də, o, pulu qaytarmamış, sonra polisə müraciət etmiş, polis mübahisənin mülki xarakter olma əsası ilə cinayət işinin başlanmasını rədd etmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. İş məhkəmə icraatında olarkən təklif olunmuşdur ki, Rəşad guya aldığı pulun müqabilində hər hansı bir iş görüb, ona baxmaq üçün sexə getmiş, lakin sexdə tamamilə başqa bir mebel dəstini Rəşad ona göstərərək demişdir ki, bu onun sifarişi etdiyi mebel deyil, lakin o bu mebeli satıb pulu qaytaracaq. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, hazırlıq iclasında cavabdeh etiraf etmişdir ki, sifarişi hazırlamamış, iddiaçıya sexdə göstərdiyi başqa mebeli satıb pulu qaytaracaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış sübutlar Cavabdeh şikayətçi İddiaçı əmlakını dələduzluq yolu ilə ələ keçirilməsinə kifayət qədər dəlalət etmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında mebel hazırlanmasına dair əldə olunmuş şifahi razılığa əsasən iddiaçı sifariş verdiyi mebelin dəyərindən beh olaraq 5100 manat pul cavabdehə ödəmişdir. Razılığa əsasən cavabdeh 1 ay ərzində öhdəliyini icra edərək mebeli iddiaçıya təhvil verməli idi. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi müəyyən olunmuş vaxt ərzində icra etməmiş və bununla da öhdəliyi pozmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış şifahi müqavilə sifariş əsasında mebelin hazırlanması ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanmalı olması ilə bağlı hər hansı imperativ göstəriş yoxdur. Yəni mülki qanunvericilik podrat müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan etmədiyindən, tərəflər podrat müqaviləsini şifahi qaydada bağlamaqla qanunun tələblərini pozmamışlar və bu səbəbdən həmin müqavilə etibarlı əqd hesab edilməlidir. Məhkəmə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasını və yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulun və verilmiş əmlakın geri qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb tam qanunidir. AR Mülki Məcəlləsinin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. AR Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının müqavilədən imtinası cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni cavabdeh üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində görmədiyi üçün, iddiaçı mebelin hazırlanması üçün ödənilmiş 5100 manatın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5100 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71 manat, cəmi 5171 (beş min yüz yetmiş bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-390/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-390/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver