Məhkəmə qərarları › İş №e-2(009)-42/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-42/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-42/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əvəzləşmə müqaviləsi üzrə mənzili sahibliyə verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MTK-ya qarşı “əvəzləşməşmə müqaviləsi üzrə mənzili sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MTK-a arasında 27 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat kontorunda əvəzləşmə müqaviləsi bağlanmışdır. Əvəzləşmə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 8 nömrəli evin 1 saylı mənzili MTK-ya təhvil verir və əvəzində 24/30 ay müddətində iddiaçıya İddiaçı təmirli vəziyyətdə təhvil verilməsi şərti ilə söküntü olan yerdə tikilmiş 19 mərtəbəli binanın 3-cü giriş 6-cı mərtəbə ümumi sahəsi 48,55 kv.m olan dəniz mənzərəli yaşayış sahəsinin verilməsinə dair razılığa gəliblər. Həmin öhdəliklərin icrasının təmin edilməsi məqsədilə, Cavabdeh MTK-a ilə iddiaçı arasında bağlanmış (3M- 429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir, lakin sonradan ona bəlli olan müqavilə şərtlərinə əsasən iddia ərizəsi iddiaçı tərəfindən geri götürülmüş və Səbail rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli №2(009)-142/2022 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1–də olan mənzilini sökmək üçün kooperativə təhvil verməyi, Kooperativ isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan mənzili kooperativə təhvil vermişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin İddiaçı sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına, 2022-ci ilin iyul ayından razılaşmada göstərilmiş öhdəliyi yerinə yetirməməklə 6 aydan artıq, ayda 380 manat olmaqla, ümumilikdə 2280 manat ödənilməli olan vəsaitin və ödədiyi 130 manat dövlət rüsumunun, ümumilikdə 2410 manat pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, ona heç bir mənzil təhvil verilməmişdir. Cavabdeh onun evini satmışdır. Cavabdehin verdiyi ev onun evi deyil. Ekspert rəyində göstərilən 19 mərtəbəli binanın 3-cü girişi, 6-cı mərtəbə, pilləkən stadionunun sağ tərəfi, dəniz mənzərəli müqavilədə olan 48 kv.m ev mövcuddur. Cavabdehin verdiyi ev isə arxa girişdən sol tərəfdəndir. İddia tələbinin təmin edilməsini, ekspertin rəyində göstərilən evin təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili Nümayəndə1 bildirmişdir ki, cavabdeh onların müraciətinə vaxtında normal cavab versə idi, iddia qaldırmazdılar. Müqavilənin müddəti başa çatandan sonra məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə, evin olub-olmamasını bilmirdilər. Dəfələrlə cavabdehin nümayəndələri iddiaçının yanına gələrək mənzilin hələ tikilmədiyini bildirmiş, pul təklif etmişlər. Bu səbəbdən müqavilənin mahiyyətinə uyğun evin olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin olunmuş və ekspert rəyindən də göründüyü kimi, həqiqətən, bu ev mövcuddur. Bu günə qədər müqavilənin 6.4-cü bəndində göstərilən yazılı bildiriş göndərilməmişdir. Müddət keçəndən sonra telefon nömrəsinə “sms bildiriş” göndərilmişdir. Hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya hər hansı bir mənzil təhvil verilməmişdir. Hesab edir ki, cavabdeh müqavilə şərtlərini ciddi surətdə pozmuş, üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmişdir. Mənzili vaxtında təhvil verməməsinin səbəbi kimi hər hansı sübut təqdim edə bilməmişdir. Sonrakı raszılaşma ilə mənzil təhvil verilənədək müvafiq qaydada 380 manat ödəməyi öhdəsinə götürsə də bu günə qədər heç bir öhdəlik yerinə yetirməmişdir. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı bildirmişdir ki, təhvil verilən mənzil ilə razı deyil, küncdə olan mənzili istəmir. Cavabdeh ona başqa ev verir. Verilən mənzil dəniz mənzərəli deyil. Binanın iki girişi var. O, müqavilədə göstərilən mənzili istəyir. Gedib üçüncü girişdən girir, liftdə 6-cı mərtəbənin düyməsini basmalı olduğu halda onlar 3-cü mərtəbənin düyməsini basırlar. Evinin sahəsi ondan az olan qonşulara 400-500 manat kirayə haqqı verildiyi halda ona 350 manat kirayə haqqı verilirdi. Onun evi 35 kv.m olub, yanındakı qonşunun isə evinin sahəsi isə 24 kv.m-dir. Amma qonşu 400 manat kirayə haqqı alır. Bu barədə müraciət edib, sonradan 30 manat artırıb məbləği 380 manat etdilər. Tərəflər arasında əvəzləşmədən əlavə, razılaşma var. Bu razılaşma məbləğlə bağlıdır. Orda qeyd edilir ki, şəxs mənzili kooperativə təhvil verdiyi gündən təmir başa çatandan sonra təhvil alana qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsini təmin etmək məqsədilə hər təqvim ayı üçün 380 manat olmaqla kompensasiya ödənilməlidir. Sonuncu ödəniş də iyul ayında edilib. Bu günə kimi də ev təhvil verilməyib. Ekspert gəlsin, onunla birlikdə gedib baxsınlar. Məhkəmənin əvvəlki iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, binanın tikintisi artıq bitib, bu barədə iddiaçıya məlumat verilib. SMS bildiriş göndərilib. MTK müraciət edəndən 5 gün müddətində gəlib təhvil almalıdır. Təhvil almadıqda öz münasibətini bildirməlidir. İstədiyi zaman mənzilə köçə bilər. Ümumiyyətlə, 3 bina var. Hər binanın həm öndən, həm də arxadan girişi var. Öndə obyektlərdir, arxadan sakinlərin girişidir. Bina qeyri-yaşayış və yaşayış mərtəbələri ilə birlikdə ümumi 19 mərtəbəlidir, 3 mərtəbə qeyri-yaşayışdır. Orada relyef fərqi olduğundan insanların rahatlığı düşünülmüş və 3 mərtəbə qalxmasınlar deyə sakinlərin girişi qeyri-yaşayış tərəfdən binanın arxa tərəfindəndir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏMDK DƏDRX-nin RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 (ümumi sahəsi 35.3 kv.m) xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsindən görünür ki, mülkiyyətçi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Ə.Hüseynzadə küçəsindəki 8 nömrəli evin 1 saylı mənzilinin sökülmək üçün “Kooperativ”-ə təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 6.2-ci bəndinə görə yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında dəniz mənzərəli təmirli mənzil “Kooperativ” tərəfindən mülkiyyətçiyə təhvil verilir. 6.3-cü bəndinə əsasən mülkiyyətçi yaşayış sahəsini “Kooperativ”-ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 350 (üç yüz əlli) manat olmaqla kompensasiya 3 aylıq qabaqcadan olmaqla “Kooperativ” tərəfindən mülkiyyətçinin bank hesabına ödənilir. 6.4-cü bəndinə əsasən yaşayış binasında mənzil inşa və təmir olunduqdan sonra “Kooperativ” mənzilin qəbul edilməsi üçün “Mülkiyyətçi”yə yazılı bildiriş göndərir. “Mülkiyyətçi ” yazılı bildirişi aldıqdan sonra 5 (beş) gün müddətində mənzili qəbul edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin 6.3-cü bəndinə dəyişikliklər edilməsinə dair razılaşmadan görünür ki, mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat kompensasiya ödənilməsinə dair tərəflər razılığa gəliblər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər 383 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 1 ünvanının əvəzləşməsinə və sökülməsinə etirazı yoxdur, razıdır (tel: (051) 761-68-84). İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı (tel:(051)-761-68-84) xx.xx.2022-ci il tarixində sms bildiriş göndərilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli,10/5491 nömrəli ekspert rəyinə əsasən ”Sabah Residence” MTK ilə İddiaçı arasında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın 3-cü girişinin, 6-cı mərtəbəsində, pilləkən meydançasından sağ tətrəfdə ümumi sahəsi 48,55 kv.m təşkil edən, təmir olunmuş vəziyyətdə, dəniz mənzərəli, 2 otaqlı mənzil mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mənzillərin yerləşdiyi mərtəbələr eyni tipli olduğundan, yuxarı mərtəbələrdə də eynilə ümumi sahəsi 48.55 kv.m təşkil edən, dəniz mənzərəli, 2 otaqlı mənzillər mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 (ümumi sahəsi 35.3 kv.m) xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış əvəzləşmə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ”Sabah Residence” MTK tərəfindən sökülmüş və hazırda həmin yerdə çoxmərtəbəli yaşayış binası tikilmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına, 2022-ci ilin iyul ayından razılaşmada göstərilmiş öhdəliyi yerinə yetirməməklə 6 aydan artıq, ayda 380 manat olmaqla, ümumilikdə 2280 manat ödənilməli olan vəsaitin və ödədiyi 130 manat dövlət rüsumunun, ümumilikdə 2410 manat pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Bundan əlavə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş materiallarında olan ekspert rəyindən görünür ki, müqavilədə qeyd edilən mənzilin mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təhvil verilən mənzil müqavilədə qeyd edilən mənzil ilə eyni olduğundan cavabdeh tərəfindən müqavilə şərtləri pozulmamışdır. Lakin, cavabdeh tərəfindən iddiaçıya mənzilin təhvil verilməsinin bildirilməsinə baxmayaraq mənzil iddiaçı tərəfindən təhvil alınmadığından mənzil iddiaçının sahibliyinə verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilməmiş 6 ay üçün ayda 380 manat olmaqla, ümumilikdə 2280 manat ödənilməli icarə haqqının tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış əvəzləşmə müqaviləsinin bəndinə əsasən mənzil mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat ödəniş edilir. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi mobil nömrəsinə mənzilin təhvil verilməsinə dair sms bildiriş göndərilmiş, lakin iddiaçı 5 gün müddətində gəlib mənzilini təhvil almamışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyindən tələb bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin 2280 manat ödənilməli icarə haqqının tutulması hissəsi iddia qiyməti 1000 manatdan 10000 manatadək olan iddialara aiddir və iddiaçının məhkəməyə müraciət etdiyi zaman qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanuna uyğun olaraq 42.8 manat dövlət rüsumu ödənilməlidir. (1000-30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %) Odur ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh MTK-dan 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli və İddiaçı 12.8 (on iki manat, səksən qəpik) manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən əsaslı hesab olunduğu üçün iş üzrə ekspertiza xərci – 100 (bir yüz) manatın 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli (3M-429) əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın giriş 3, mərtəbə 6-da yerləşən, ümumi sahəsi 48.55 kv.m olan, “dəniz mənzərəli” təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı sahibliyinə verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası xərci, 100 (bir yüz) manatın 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddiaçı dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 12.8 (on iki manat, səksən qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar