Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-425/2025 23.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsi 3-cü şəxs kimi cəlb edilməklə) təsirli divarın sürüşməsinin qarşısının alınması və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsi 3-cü şəxs kimi cəlb edilməklə) təsirli divarın sürüşməsinin qarşısının alınması və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2016-cı ildə Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç.,ev 94, mən.9A mənzilini əldə etmişdir. İlk gündən qonşu – cavabdeh ilə aralarında qarşılıqlı pretenziyalar elan olunub. 2021-ci ildən mübahisələr məhkəmə müstəvisində həllini gözləyir. Cavabdehə məxsus 9 saylı mənzilin dəhlizində 20 sm enində 2.35 metr uzunluğu arakəsmə divarında 2 mayak qoyulan sürüşmə var. Buna səbəb bu divarın çatmayan (yenidənqurma nəticəsində) 1,5 metr uzunluqlu hissəsidir. Bu sürüşmə nəticəsində ona məxsus 9A saylı mənzili qonşu – paralel-müstəqil arakəsmə divarında 9 saylı mənzilin: 35 metr divarın sürüşüb dartınma – qabarma yaranması nəticəsində 9A saylı mənzilin divarında cavabdehin eqoist-şəristəsizqanunsuz-özbaşına yenidənqurma aparması nəticəsində təxminən 1 metr uzunluğunda çat yaratması nəticəsi qəzalı vəziyyətdir. Bu problemlə bağlı Qoruğa müraciəti ilə xx.xx.2023-cü il tarixli ötəri cavab verilmişdir. Sonra müraciətini Rəşadın təkili ilə detallı araşdırıb. Qoruq xx.xx.2024-cü il tarixli yeni cavab vermişdir. Elə həmin gün 9 saylı mənzildə iki sürüşmə çatına əməkdaşı ilə mayaq qoymuşdur. Bu haldan bütün işlərə cavabdeh kimi adəti üzrə böhtan məqsədi yararlanmağa çalışır. Hazırkı iddianı verməsi bu münasibətin labüd nəticəsidir. Ancaq hazırkı vəziyyət müəyyən xərclər tələb edir deyə bu xərclərin cavabdehin maneçiliyi səbəbindən tutulması gərəkdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, 9 saylı mənzildə dəhlizdə çatmayan 1,5 metr uzunluğunda, 20 sm enində divarın mənzilin qapısı nəzərə alınmaqla 1,2 kv.m-lik hissəsi sürüşmənin qarşısın alınması məqsədi ilə tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, ilk iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, vəkil ilə Ali Məhkəməsinə şikayəti tələbi ilə müqavilə bağlamaq üçünminimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, 9 saylı mənzildə dəhlizdə çatmayan 1,5 metr uzunluğunda, 20 sm enində divarın mənzilin qapısı nəzərə alınmaqla 1,2 kv.metrlik hissəsi sürüşmənin qarşısın alınması məqsədi ilə tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, vəkil ilə Ali məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən alınaraq ona ödənilməsini xahiş olunmuşdur. Daha sonra dəqiqləşdirmə verilərək 3-cü tələbin, yəni təsirli divarların sürüşməsin aradan qaldırmaq məqsədi ilə 9, 9a, və 12 saylı mənzilin divarların 14a mənzilində istinad yükü predmeti boyunca 2006-2016-cı illərdə sökülmüş, hazırda fiksə olunan çat sahələr altı 25 m uzunluğu 20 sm diametrində taxta şalbanın cavabdeh tərəfindən videomüşayətlə “İçərişəhər” Qoruğu tikinti-üslubuna uyğun yerləşdirilməsinin təmin olunmasına dair iddia tələbinin artırılmasını icraata götürüb, bu barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşin obyektiv və ədalətli aparılması – tavanın sürüşməsinin aradan qaldırılması üçün proses gedişində hazırkı müraciət üzrə iddia tələbinin artırılması zərurəti əmələ gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, 9 saylı mənzildə arxiv surətinə əsasən dəhlizdə çatmayan otaqlararası 6 metr uzunluğunda, 20 sm enində yükdaşıyan arakəsmə divarın mənzildə sürüşmənin qarşısı alınması məqsədi ilə sonuncu tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, 9 saylı mənzilin müstəqil tavanı digər 3 mənzil tavanın üzərindən götürülərək 20 sm aşağı düşürülərək aşağı köhnə yerinə cavabdeh tərəfindən salınması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, ekspert rəyi ilə razı deyil. Özəl ekspertiza keçirilməsi barədə vəsaitəti təmin edilməmişdir. 2-ci mərtəbədə istinad divarı yalnız o halda ola bilər ki, o mərtəbə üzərində 3-cü mərtəbə olsun, ev isə 2 mərtəbəlidir. Onun tələbi 20 sm enində 6 metr uzunluğunda arakəsmə divarında olan sürüşmənin qarşısını alınması məqsədi ilə bağlıdır. Ekspert cavabdehin 9 saylı mənzilinə tam baxış həyata keçirmədən rəy vermişdir. Onun müraciəti əsasında Fövqaladə Hallar Nazirliyi tərəfindən də rəy verilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ekspert rəyi ilə iddiaçının tələbinin əsassız olması müəyyən edilir. Eyni zamanda iddiaya dair verdiyi yazılı etirazında bütün məsələlərə geniş izah vermişdir. Ona görə də qaldırılan iddianı əsaslı hesab etmir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Cavabdeh həmçinin iddianın təmin olunmaması qənaətinə gəlinərkən vəkilə çəkilən xərcin də tutulmasını qətnamədə göstərilməsini xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, 9 saylı mənzilin arakəsmə divarındakı məlum çatların yaranma səbəbinin, qonşu 9a saylı mənzildə 7 metr uzunluğunda və 0,70 metr enində olan istinad divarının sökülməsinin olduğu halda (arxiv sənədləri və ekspert rəyi ilə sübut olunmuş hal üzrə), nələnsə əlbəttə ki, qərəzli olaraq səbəb kimi 9 saylı mənzildə söküntü olduğunu iddia edir və yenə də əlbətdə ki, heç bir sübut ortaya qoymadan. Bildirir ki, hələ 2015-2016-cı illərdə sözügedən 9a saylı mənzildə qanunsuz yenidənqurma işləri aparılmış və bunun nəticələri hələ də digər qonşu mənzillərdə bu və ya başqa şəkildə özünü göstərməkdədir. Nəticə olaraq 9a saylı mənzildə özbaşına tikilmiş bəzi arakəsmə divarlar hələ 2016-cı ildə Qoruq İdarəsi tərəfindən sökülmüş, digər qanunsuz quraşdırmalar isə məhkəmə tərəfindən ləğv edilmişdir (xx.xx.2021-ci il tarixli qətnamə ilə). Ona məxsus 9 saylı mənzilin arakəsmə divarında baş verənlərlə əlaqədar tərəfindən Səbail rayon Məhkəməsində iddia qaldırılmışdır. Bildirir ki, 94 saylı binanın 2-ci mərtəbə üzrə arxiv sənədindən çıxarışda və 9 saylı mənzilə aid texpasportdan da görünür ki, 9 və 9a saylı mənzillər arasındakı, çiy kərpicdən olan arakəsmə divardır və bu divar sözügedən mənzillər bölünərkən inşa edilmişdir və binanın istinad divarı deyil, o səbəbdən ki, 1-ci mərtəbə üzrə bu sözügedən divar mövcud deyildir. 9 saylı mənzilin arxiv sənədləri üzrə bütün daş istinad divarları yerindədir və yalnız 9a saylı mənzil üzrə daş istinad divarı qanunsuz olaraq sökülmüş və nəticə etibarı ilə yük arakəsmə divara düşdüyündən məlum divarda çatlar yaranmış, son 10 il üzrə müxtəlif vaxtlarda çatlar montaj edilmiş, arası doldurulmuş, lakin divarda hərəkətlilik olduğundan, Qoruq İdarəsi tərəfindən mayaklar qoyulmaqla nəzarətdə saxlanılır və digər məhkəmənin nəticəsi üzrə əməli işlərin aparılması planlaşdırılır. İddiaçının özünün də dediyi kimi bu çatlar həmçinin 9a saylı mənzildə də var və bu o deməkdir ki, məlum çatlar 9a da baş vermiş divar söküntüsünün nəticəsidir. Çünki 9 saylı mənzilin divarlarında və tavanında ümumiyyətcə təmir işləri aparılmamış, yalnız döşəmə təmir edilmişdir. İddiaçıya aid 9a saylı mənzildə isə çoxsaylı söküntü və normativlərə cavab verməyən qanunsuz tikinti işlərinin sübutu mötəbər sənədlərdə əks edilmişdir. Beləliklə, iddia ərizəsindəki bütün məqamlara aydınlıq gətirməklə birmənalı olaraq o qənaətə gəliri ki, məlum absurd iddia ərizəsi yalnız onun qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şər-böhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla müşayiət edilməkdədir. Ümumiyyətlə iddiaçı olan İddiaçı ona qarşı çoxsaylı və əsassız məhkəmə iddiaları qaldırmaqla, ümumi həyətdə birgəyaşayış qaydalarına hörmətsizlik edir və bununla da digər qonşularında qanunla qorunan hüquqlarına, müdaxilə etmiş olur. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək iddianın əsassız olmasına dair ekspert rəyində müəyyən edilən hallar mövcud olduğu üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin, ümumi sahəsi 38,3 kv.m. olan 9a saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsində yerləşən 94 saylı evin, ümumi sahəsi 31,4 kv.m. olan 9 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-360/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Cavabdeh qarşı Bakı şəhəri, Mirzə Mansur küçəsi, 94 nömrəli evdə Cavabdeh tərəfindən zəbt olunmuş sahənin boşaldılması və abidənin tərkib hissəsi olan sahələrin ilkin vəziyyətə gətirilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş mddi ziyanın əvəzi olaraq 333 manat tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanındakı qonşusu (mənzil 14A) tərəfindən yükdaşıyan divarları zədələndikdən sonra yaranmış qəzalı vəziyyət barədə elektron müraciətinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq İdarənin və MKTX-nin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı hər hansı qəzalı vəziyyət müəyyən edilməyib. Bildirirlr ki, müraciətində qeyd etdiyi 14A mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən qonşuların razılığı əsasında mənzilin girişinin və bir otağının tavanın taxta konstruksiyası istismara tam yararsız olduğu üçün 2006-cı ildə inşaat norma və qaydalarına uyğun bərpa-təmir işlərinin apardığı məlum olmuşdur. Eyni zamanda diqqətinə çatdırırlar ki, son 3 il ərzində Cavabdeh tərəfindən mülkiyyətində təmin işlərinin aparılmasına icazə verilməsinə dair İdarəyə müraciət daxil olmamışdır. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ev 94, 9 və 14 saylı mənzillərdə çatların olması ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinə ünvanlanan xx.xx.2024-cü il daxilolma tarixli, V-94 daxilolma nömrəli müraciətinə baxılmışdır. Nəzərinə çatdırırlar ki, bina yaşayış evi kimi 1850-ci ildə inşa edilmiş və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 132 nömrəli qərarına əsasən yerli əhəmiyyətli tarix və mədəniyyət abidələr siyahısına daxil edilmişdir (inventar No 2545). Bildirirlər ki, müraciətlə əlaqədar olaraq mütəxəssislər tərəfindən ünvanda araşdırmalar aparılmış və 1-ci mərtəbədə yerləşən 14 saylı mənzilin tavanında xırda gözlə görünən çatlar və 9 saylı mənzilin arakəsmə divarlarında çatların olması aşkar edilmişdir. Bildirirlər ki, mənzilin divarlarında çatların hərəkəti dinamikasını izləmək məqsədi ilə Mənzilkommunal və Təmir Xidmətinin mütəxəssisləri tərəfindən divarlara mayaklar qoyulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/4699 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən: -1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı binanın 14a saylı mənzilin əvvəllər ümumi dəhliz kimi istifadə olunan sahəsində yerləşən iki arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının üzərində qapı boşluğunun açıldığı və digər arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9a saylı mənzilin faktiki olaraq yükdaşıyan divarlarının (dəhlizlə yaşayış otağını ayıran divarı söküldüyü və yerində qalınlığı 0,22 m enində divarın hörüldüyü müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, 9a saylı mənzilin (layihə üzrə 1 saylı tikili) tikilisinin arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9 saylı mənzilin texniki pasportun məlumatlarına uyğun olduğu və divarların sökülmədiyi müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan 9, 9a və 14a saylı mənzillərə baxış keçirilən zamanı mənzillərin divarları üzərində təqribən (0,1-0,5mm) ölçüdə çatlar müşahidə olunmuşdur. Lakin həmin çatların nədən əmələ gəlməsi tikinti texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğundan qərardadın birinci sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. -2-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9a saylı mənzilin 0,8 enində 7,40 m uzunluğunda yerləşən divarın, istinad sütunlarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mİrzə Mənsur küçəsi, 94 saylı binanın 9 və 14a saylı mənzillərin istinad divarlarının sökülmədiyi müəyyən edilmişdir. -3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9 və 14 a saylı mənzillərinin istinad divarları sökülmədiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. -4-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 14a və 9 saylı mənzillərin istinad divarlarının hazırkı vəziyyətdə “İçərişəhər” X1 Qoruğu İdarəsi tərəfindən təqdim edilmiş layihəyə uyğun gəldiyi və istinad divarlarında dəyişikliyin aparılmadığı müəyyən edilir. -5-ci sual üzrə: Binalarda sürüşmə hallarının baş vermə səbəbinin müəyyən edilməsi məsələsi tikinti texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin 9a saylı mənzili iddiaçının, həmin evin 9 saylı mənzili cavabdehin mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən mülkiyyətində olan evində aparılmış yenidənqurma və rekonstruksiya işləri mənzildə sürüşmənin yaranmasına səbəb olduğundan, iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, 9 saylı mənzildə arxiv surətinə əsasən dəhlizdə çatmayan otaqlararası 6 metr uzunluğunda, 20 sm enində yükdaşıyan arakəsmə divarın mənzildə sürüşmənin qarşısı alınması məqsədi ilə sonuncu tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, 9 saylı mənzilin müstəqil tavanı digər 3 mənzil tavanın üzərindən götürülərək 20 sm aşağı düşürülərək aşağı köhnə yerinə cavabdeh tərəfindən salınması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinin alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 94 saylı binanın 14a saylı mənzilin əvvəllər ümumi dəhliz kimi istifadə olunan sahəsində yerləşən iki arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının üzərində qapı boşluğunun açıldığı və digər arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9a saylı mənzilin faktiki olaraq yükdaşıyan divarlarının (dəhlizlə yaşayış otağını ayıran divarı söküldüyü və yerində qalınlığı 0,22 m enində divarın hörüldüyü müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, 9a saylı mənzilin (layihə üzrə 1 saylı tikili) tikilisinin arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9 saylı mənzilin texniki pasportun məlumatlarına uyğun olduğu və divarların sökülmədiyi müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan 9, 9a və 14a saylı mənzillərə baxış keçirilən zamanı mənzillərin divarları üzərində təqribən (0,1-0,5mm) ölçüdə çatlar müşahidə olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9a saylı mənzilin 0,8 enində 7,40 m uzunluğunda yerləşən divarın, istinad sütunlarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mİrzə Mənsur küçəsi, 94 saylı binanın 9 və 14a saylı mənzillərin istinad divarlarının sökülmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı binanın 14a və 9 saylı mənzillərin istinad divarlarının hazırkı vəziyyətdə “İçərişəhər” X1 Qoruğu İdarəsi tərəfindən təqdim edilmiş layihəyə uyğun gəldiyi və istinad divarlarında dəyişikliyin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini cavabdeh tərəfindən arakəsmə divarının sökülməsi ilə bağlı irəli sürsə də, ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan mənzildə hər hansı istinad divarlarının sökülmədiyi, mənzilin istinad divarlarının hazırkı vəziyyətdə “İçərişəhər” X1 Qoruğu İdarəsi tərəfindən təqdim edilmiş layihəyə uyğun gəldiyi və istinad divarlarında dəyişikliyin aparılmadığı müəyyən edilmişdir. Əksinə ekspert rəyində iddiaçının özünün mülkiyyətində olan mənzildə arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında cavabdeh tərəfindən irəli sürdüyü tələbin əsaslı olması üçün istinad etdiyi hallar və dəllilər öz təsdiqini tapmamışdır və bunu təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı tələbi təmin edilmədiyindən, hazırkı tələbə görə ödənilən dövlət rüsumu və məhkəmə xərcləri, həmçinin iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Əvvəllər tərəflər arasında mübahisə ilə əlaqədar mülki işə baxılarkən çəkilən xərcin (apellyasiya və kassasiya şikayətlərinə görə ödənilən dövlət rüsumu, vəkil xərci və s.) tutulması hissəsi üzrə isə məhkəmə qeyd edir ki, prosessual qanunvericilik hər bir mülki işə baxılarkən məhkəmə xərclərinin tutulması ilə bağlı qərar qəbul edilməsini də nəzərdə tutur. Belə ki, AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir (maddə 119.4).Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir (maddə 119.6). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia tələblərinin təmin olunmayacağı təqdirdə hüquqi yardıma görə vəkilə ödənilən pulun iddiaçıdan tutulması ilə bağlı təoləbi üzrə qeyd edir ki, AR MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin rədd edildiyini, cavabdehin hüquqi xidmətlə bağlı vəkillə müqavilə bağladığını və bununla əlaqədar 800 manat məbləğində ödənişin edilməsini, lakin müdafiəçinin məhkəmə iclasında yalnız 1 dəfə iştirak etməsini, konkret halda hazırkı işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini nəzərə alaraq hesab edir ki, cavabdehə edilən hüquqi yardıma görə ağlabatan məbləğ kimi 200 (iki yüz) manat məbləğində pulun iddiaçıdan tutulması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsi 3-cü şəxs kimi cəlb edilməklə) cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, 9 saylı mənzildə arxiv surətinə əsasən dəhlizdə çatmayan otaqlararası 6 metr uzunluğunda, 20 sm enində yükdaşıyan arakəsmə divarın mənzildə sürüşmənin qarşısı alınması məqsədi ilə sonuncu tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, 9 saylı mənzilin müstəqil tavanı digər 3 mənzil tavanın üzərindən götürülərək 20 sm aşağı düşürülərək aşağı köhnə yerinə cavabdeh tərəfindən salınması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun alınaraq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul tutulsun. İddiaçı Cavabdeh xeyrinə hüquqi xidmət xərclərinə görə 200 (iki yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-425/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-425/2025
23.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver