Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-455/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «01.07.2020-ci il tarixli əmək müqaviləsinin, Cavabdeh MMC-nin 2464 nömrəli, 13 oktyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin 13 oktyabr 2021-ci il tarixli, 2464 nömrəli əmrinin, 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, Cavabdeh 6 saylı Poçt Filialının 12 saylı Poçt Şöbəsinin əməliyyatçısı vəzifəsində 10 ildən artıq müddətdə qüsursuz işləmişdir. 13 iyul 2017-ci il tarixdə onunla Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Baş direktor Əfqan Cəlilov tərəfindən imzalanmış 01 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13.10.2021-ci il tarixində bitir. Bu səbəbdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tərəflərindən xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verilməsinin qanunsuz və əsassız olması səbəbindən AR X1 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən göndərilmiş 01 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Cəmiyyət rəhbərliyi tərəfindən X1 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onunla Cəmiyyət arasında 13.07.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, lakin onunla müəssisə arasında 21.07.2020-ci il tarixdə müqavilə tarixinin sonuncu günü 13.10.2020-ci il tarix olmaqla yeni müddətli əmək müqaviləsi bağlanılmış və 13.07.2021-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və son haqq hesabı ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 01.10.2021-ci il tarixli məktubla, X1 Xidmətinin Bakı şəhər idarəsinə təqdim etdiyi sənədlər arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı ilə 2017-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, 21.07.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz olunmasına səbəb olan hallar məlum deyil. İddiaçı qanunsuz olaraq işdən azad olunduqdan sonra ona təqdim olunmuş əmək müqaviləsindən görünür ki, müqavilə saxtalaşdırılmışdır. Belə ki, həmin əmək müqaviləsini yalnız sonuncu səhifəsində iddiaçının imzası mövcuddur. Həmin imzanın çəkilməsinə səbəb əmək haqqının artırılması ilə bağlı razılıq tələb olunduğu bildirilmiş və bu səbəbdən də bəzi əməkdaşlar imzalamışdır. Mübahisəli 01.07.2020-ci tarixli əmək müqaviləsi səhifələnib qaytanlanmamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən sənədlərin saxtalaşdırılaraq iddiaçının əmək müqaviləsinə xitam verildiyini göstərir. Bundan başqa, iddiaçı Cavabdeh MMC-nin işlədiyi 10 ildən artıq müddət ərzində fəaliyyəti rəhbərlik tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Hazırda ailəsinin maddi ehtiyaclarını o qarşılayır. Əsassız yerə işdən çıxarıldıqdan sonra iddiaçı ilə birgə yaşayan ailə üzvü və o yeganə dolanışıq mənbəyindən məhrum olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla 13 iyul 2017-ci il tarixdə, sonra isə 19 mart 2018-ci il tarixlərdə sosial məzuniyyət yerinə əmək müqaviləsi bağlanmış, birinci əmək müqaviləsi üzrə o, 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində və 2-ci əmək müqaviləsinə əsasən həmin Filialının 108 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində işləmişdir. Bundan sonra onunla 10 oktyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, 6 saylı Poçt Filialının 8 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə götürülmüşdür və həmin müqavilə müddətsiz olmuşdur. 2020-ci ilin iyul ayının 1-ində onu və bir neçə nəfər digər işçini iş yerinə çağıraraq onlara əmək müqaviləsinə imza etdirmiş və bildirmişlər ki, bu, əmək haqqlarının artırılması ilə bağlıdır. Ona əmək müqaviləsinin yalnız son vərəqinə imza etdirmiş, müqavilənin əvvəlki səhifələrinə baxmamışdır. Yalnız işdən çıxarıldıqdan sonra ona məlum olmuşdur ki, həmin əmək müqaviləsində müdriyyət tərəfindən guya onunla 3 ay müddətinə, yəni 01 iyul 2020ci il tarixdən 13 oktyabr 2020-ci il tarixədək əmək müqaviləsi bağlanıldığı göstərilmişdir. Halbuki bu barədə ona məlum olsa idi, o, 10 oktyabr 2019-cu il tarixli müddətsiz əmək müqaviləsindən sonra müddətli əmək müqaviləsi bağlamağa razı olmazdı. Ona görə də, o, aldadılaraq ona imzalatdırılmış 01 iyul 2020-ci il tarixli müddətli əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. O, guya onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin 13 iyul 2021-ci il tarixdə bitməsi ilə əlaqədar işdən çıxarılmasını əsassız hesab edir. Belə ki, əmək müqaviləsində sonuncu dəyişikliklər barədə, yəni müddətin nə vaxt bitməsindən məlumatı olmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə ilk dəfə 30.05.2017-ci ildə Cavabdeh 6 saylı poçt filialının 52 saylı şöbəsinə sosial analıq yerinə poçtalyon vəzifəsinə təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və 13 iyul 2017ci il tarixində həmin vəzifəyə təyin edilmişdir. Bundan sonra iddiaçı 01.03.2018-ci il tarixdə 108 saylı poçt şöbəsinə sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə keçirilməsi ilə bağlı ərizə təqdim etmiş və buna cavab olaraq onun əsas 13 iyul 2017-ci il tarixli əmək müqaviləsinə əlavə olaraq 19 mart 2018-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsi ilə həmin vəzifəyə keçirilmişdir. Daha sonra İddiaçı 12 sentyabr 2019-cu ildə həmin filialın 8 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilməsi ilə bağlı yeni ərizə yazmış və bu ərizəyə əsasən 10 oktyabr 2019-cu ildə həmin vəzifəyə keçirilməsi ilə bağlı onun əsas əmək müqaviləsinə əlavə olaraq əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi və əmək bildirişindən məlum olduğu kimi iddiaçı ilk iş yerinə sosial analıq yerinə poçtalyon təyin edilmişdir. Bu da onu deməyə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsi dolayısı ilə müddətlidir. Son olaraq iddiaçı 13 aprel 2020-ci il tarixində ərizə ilə 8 saylı poçt şöbəsindən 52 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçməklə bağlı müraciət etmişdir. Buna əsasən iddiaçı ilə Cavabdeh MMC arasında 01.07.2020-ci il tarixində yenə də əsas 13 iyul 2017-ci il tarixli əmək müqaviləsinə əlavə olaraq müddətli əmək müqaviləsi imzalanmış və son tarix kimi 13 oktyabr 2020-ci il tarixi qeyd olunmuşdur. Həmin əmək müqaviləsi eyni tarixdə həm işçi, həm işəgötürən tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Göründüyü kimi, işçi öz iradə ifadəsi ilə müddətli əmək müqaviləsinə razılıq vermişdir. AR Əmək Məcəlləsinə görə müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır və müqavilənin müddəti qurtardıqda xitam verilir. Əgər müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəməyə təqdim olunmuş əsas və ona əlavə edilmiş müqavilələrdən, İddiaçı ərizələrindən, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən göründüyü kimi əsas 13 iyul 2017-ci il tarixli əmək müqaviləsindən başlayaraq iddiaçı ümumilikdə 4 il 3 ay əmək fəaliyyəti ilə məşğul olmuş və 13 oktyabr 2021-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş və son haqq hesabı ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və Nümayəndə2 izahatında göstərilənlərlə razı olduğunu bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.12.2021-ci il tarixli MŞİH-08214 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. İş materiallarında olan 13 iyul 2017-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh baş direktoru X2 arasında bağlanmış və İddiaçı 13 iyul 2017-ci il tarixdən Cavabdeh 1 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə poçtalyon vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 19 mart 2018-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh 6 saylı Poçt Filialının 108 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 10 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh 6 saylı Poçt Filialının 08 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 01.07.2020-ci il tarixdən 13.10.2020-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan İddiaçı 30 may 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində sosial analıq məzuniyyəti yerinə poçtalyon vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı 01 mart 2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh 6 saylı Poçt Filialının 108 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı 12 sentyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh 6 saylı Poçt Filialının 08 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı 13 aprel 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, yeni struktur dəyişikliyi ilə əlaqədar Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 19.03.2018-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 108 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 05 sentyabr 2019-cu il tarixdə qurtarır. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 13.11.2019cu il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 08 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 11 yanvar 2020-ci il tarixdə qurtarır. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 22.07.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13 oktyabr 2021-ci il tarixdə qurtarır. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 13 oktyabr 2021ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 13 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Həmçinin iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.06.2006-cı il tarixdən Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsinə 5-ci dərəcəli əməliyyatçı vəzifəsinə təyin edilmişdir. 15.01.2007-ci il tarixdə 116 saylı Poçt şöbəsinə 5-ci dərəcə ilə əməliyyatçı vəzifəsinə, 08.06.2007-ci il tarixdə 114 saylı Poçt şöbəsinə 5-ci dərəcə ilə əməliyyatçı vəzifəsinə keçirilmişdir. 07.04.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 09.06.2009-cu il tarixli 151 saylı nömrəli Cavabdeh 3 saylı Poçt Filialının 129 saylı Poçt şöbəsində 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə təyin edilmiş, 11.12.2009-cu il tarixli 390 nömrəli əmrlə 3 saylı Poçt Filialının 2 saylı Poçt şöbəsində 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmişdir. 19.09.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 13.07.2017-ci il tarixli 02-05/468 nömrəli əmrlə Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində 6-cı dərəcə ilə sosial məzuniyyət yerinə poçtalyon vəzifəsinə, 19.03.2018-ci il tarixli, 02-11/119 nömrəli əmrlə həmin filialın 108 saylı Poçt şöbəsinə sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə təyin olunmuşdur. 10.10.2019-cu il tarixli 1653 nömrəli əmrlə həmin filialın 8 saylı Poçt şöbəsinə əməliyyatçı vəzifəsinə, 01.07.2020-ci il tarixli 1062 nömrəli əmrlə həmin filialın 52 saylı Poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. 16.07.2021-ci il tarixli 1592 nömrəli əmrlə 1 saylı Poçt filialının 52 nömrəli poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. 13.10.2021-ci il tarixli 2464 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Hazırki iş üzrə mübahisənin predmeti tərəflər arasında bağlanmış əmək müqaviləsindən yaranan əmək hüquq münasibətləridir. Bununla əlaqədar olaraq, göstərilən hüquq münasibətlərinin hüquqi əsası Əmək Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur ki, həmin maddəyə əsasən əməyin prinsiplərindən biri əmək müqaviləsinin iştirakçıları kimi işəgötürən və işçinin hüquq bərabərliyidir. Hüquq bərabərliyi prinsipi həmçinin özlüyündə əmək müqaviləsinin hər iki tərəfi qane edən şərtlərlə bağlanılması azadlığını və onun qanunla müəyyən olunmuş qaydada ləğv olunmasını nəzərdə tutur. İşə götürənlə işçinin əmək münasibətlərində göstərilən qaydaların məcmusu əmək azadlığının konstitusion əhəmiyyətini və müvafiq olaraq işçinin maraqlarına cavab verməyən əmək müqaviləsi bağlanmasının qadağan olunmasını ifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaçı ilə bağlanılmış 13 iyul 2017-ci il tarixli və 19 mart 2018-ci il tarixli əmək müqavilələrindən görünür ki, birinci əmək müqaviləsi üzrə iddiaçı Cavabdeh 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsinə və 2-ci əmək müqaviləsinə əsasən həmin Filialının 108 saylı Poçt şöbəsində sosial məzuniyyət yerinə əməliyyatçı vəzifəsinə işə götürülmüşdür. Bundan sonra iddiaçı ilə 10 oktyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 8 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə götürülmüş və həmin müqavilə müddətsiz olmuşdur. Sonda iddiaçı ilə bağlanmış 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti 13.10.2020-ci il tarixədək müəyyən edilmişdir. Cavabdehin 13 oktyabr 2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarından göründüyü kimi 13 iyul 2017-ci il tarixdən başlayaraq tərəflər arasında bir neçə dəfə əmək müqaviləsi bağlanmış bununla əlaqədar, tərəflər arasında əmək münasibətlərinin ümumi davamlılığı 4 il 3 ay təşkil etmişdir. Əmək funksiyalarının yerinə yetirilməsi xarakterinə görə iddiaçının tutduğu vəzifə daimi xarakter daşıyır, ona görə də, müddətli əmək müqavilələrinin bağlanması hüquqi əsaslarla şərtləndirilməmişdir. Bununla əlaqədar olaraq, tərəflər arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun gəlməsi barədə cavabdehin dəlili əsassızdır. Qanunun yuxarıda göstərilən normasına uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmasının şərti hüquq bərabərliyi prinsipinə əməl olunmaqla tərəflərin qarşılıqlı razılığıdır. Öz növbəsində qarşılıqlı razılaşma özlüyündə işçinin iş almaq arzusu ilə şərtlənən məcburi razılaşması deyil, həqiqi razılaşma deməkdir. Bununla əlaqədar olaraq, hüquq bərabərliyi prinsipi müddətli əmək müqaviləsi bağlanarkən həm işçinin, həm də, işəgötürənin bərabər vəziyyətidir. İddiaçı ilə 10.10.2019-cu il tarixdə bağlanılmış müddətsiz əmək müqaviləsindən sonra 01.07.2020-ci il tarixdə yenidən müddətli əmək müqaviləsi bağlanan zaman bərabər şərtlər təmin edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 22.07.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMCnin 6 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 13.07.2017-ci il tarixli əmək müqaviləsinin müddəti 13 oktyabr 2021-ci il tarixdə qurtarır. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə ilkin olaraq bağlanmış 13 iyul 2017-ci il tarixli əmək müqaviləsindən sonra da bir neçə əmək müqaviləsi bağlanmış, sonuncu dəfə bağlanmış 01.07.2020-ci il tarixli əmək müqaviləsinin müddəti 13.10.2020-ci il tarixədək müəyyən olunmuşdur. Bundan sonra iddiaçı ilə hər hansı digər əmək müqaviləsi bağlanmamışdır. Bununla yanaşı, cavabdeh əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsi müddətinin məhz 13 oktyabr 2021-ci il tarixdə bitməsi ilə bağlı hər hansı əsası məhkəməyə təqdim etməmişdir. İddiaçı isə məhkəmə iclasında əmək müqaviləsində sonuncu dəyişikliklər barədə, yəni müddətin nə vaxt bitməsindən məlumatlı olmadığını bildirmişdir. Beləliklə, yuxarıda şərh olunan halları müəyyən edib və onlara müvafiq hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən ləğv edilməsi qanunsuzdur, ona görə də, iddia tələbi 13.10.2021-ci il tarixli, 2464 saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi hissəsində əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 01.07.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi hissəsində əsassızdır, belə ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2464 nömrəli, 13 oktyabr 2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh 1 saylı Poçt Filialının 52 saylı Poçt şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa edilsin və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-455/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-455/2022
03.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver