Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-461/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsi ilə 21 noyabr 2022-ci il tarixindən xitam verilməsi barədə 299/k saylı Əmrin ləğv edilməsi, onun “İngilis dili” Məkəzində müəllimə vəzifəsində işə bərpa edilməsi və 21 noyabr 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Qərbi Kaspi Universiteti MMC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Qərbi Kaspi Universiteti ilə 05 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi ilə “İngilis dili” Məkəzində müəllimə vəzifəsində işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə işçinin iş vaxtı və istirahət vaxtı cədvələ uyğun olaraq razılaşdırılmışdır. İddiaçı Universitetdə təhsilini davam etdirdiyi üçün və cədvəl uyğun gəlmədiyi üçün 08 noyabr 2022-ci il tarixində Qərbi Kaspi Universitetinin əməkdaşı X2 vasitəsi ilə məlumat verərək daha işə gələ bilməyəcəyini bildirmişdir. Sonuncu 09 noyabrda yenə Whatsapp vasitəsi ilə yazaraq ondan cədvəli və həmçinin daha sonra uşaqlarla əlaqə saxlayıb artıq yeni müəllimə uyğun dərs cədvəlini uşaqlara deməyini istəmişdir. İddiaçı düşünmüşdür ki, artıq cavabdehlə əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 01 dekabr 2022-ci il tarixində iddiaçıya onunla əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsi ilə 21 noyabr 2022-ci il tarixindən xitam verilməsi barədə 299/k saylı Əmrdən Çıxarış təqdim edilmişdir. Əmrdə əsas kimi “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” qeyd edilmiş, lakin elektron bildirişdə həmçinin “yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” qeydi də əlavə göstərilmişdir. Lakin əmrdə konkret olaraq hansı əsasla işdən çıxarılma əsaslandırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Lakin əmrdə konkret olaraq işçinin özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi həmçininin Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallardan hansı əmək vəzifələrini kobud şəkildə pozuntusu hesab edilən halın baş verdiyi qeyd olunmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının konkret hansı pozuntuya yol verdiyi barədə məlumat göstərilməmişdir. Hesab edirlər ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh Universitet iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin və onunla bağlanmış əmək müqaviləsinin tələbləri pozulduğu (əmək müqaviləsi qüvvədə olduğu halda o, əmək funksiyalarını və müqavilə üzrə öhdəliklərini-tədris həyata keçirdiyi qrupda dərs yükünün həyata keçirilməsi ilə bağlı əmək funksiyasını icra etmədiyi və bununla əlaqədar cədvəllə müəyyən edilmiş müddətlərdə - 10 noyabrdan 21 noyabr 2022-ci ilədək işə gəlmədiyi) üçün əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir. İddiaçı özü tərəfindən müəyyən edilərək razılaşdırılmış günlərdə 10 noyabrdan-21 noyabr 2022-ci ilədək olan tarixlərdə üzrsüz səbəbdən işə gəlməmiş, əmək funksiylarını–dərs yükünü yerinə yetirməmiş, Universitetdə işin normal axınının və tədris prosesini pozmuşdur. İddiaçı qeyd edir ki, o, 08 noyabr 2022-ci il tarixində Universitetin əməkdaşı X2 vasitəsi ilə məlumat verərək daha işə gələ bilməyəcəyini bildirmiş və düşünmüşdür ki, artıq cavabdehlə əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. İşçinin əmək müqaviləsinə xitam vermək, işçinin sözü ilə desək işə gəlməmək hansısa sosial platforma ilə məlumat verməklə deyil, mütləq qaydada yazılı ərizə təqdim etmək və tələb edilən müddəti gözləməklə və ya həmin müddəti gözləməmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərdən birinə cavab verməklə mümkündür. İndiki halda isə iddiaçı bu tələb və şərtə əməl etmədən kiməsə “mesaj” yazmaqla əmək müqaviləsinə xitam verildiyini düşünməsi iddia tələbinə haqq qazandırmağa çalışmasından başqa bir şey deyildir. İddiaçı daha sonra bildirir ki, o, düşünmüşdür ki, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. “Qarşılıqlı razılıq” ifadəsi hər hansı bir məsələ ilə bağlı hər iki tərəfin (tərəflərin) iradə ifadəsinin eyni anda üst-üstə düşməsini özündə ehtiva edir. İndiki halda iddiaçının daha işə gələ bilməyəcəyini bildirməsi işəgötürən olan cavabdehin deyil, yalnız işçi olan iddiaçının iradə ifadəsini bildirir ki, bu zaman da qarşılıqlı razılıqdan ümumiyyətlə söhbət gedə bilməz. Səlahiyyətli olmayan şəxsə sosial platforma vasitəsilə “mesaj” yazılması necə hər iki tərəfin qarşılıqlı razılığını ehtiva edə bilər? Tərəflər arasında rəsmiləşdirilmiş əmək müqaviləsinin 9.2-ci maddəsində qeyd edilir ki, “İşçi tərəfindən bu əmək müqaviləsinə tədris ili (müqavilə bir semestrik bağlandığı halda isə həmin semestr) başa çatmadan xitam verilə bilməz. İşçinin sağlamlığı onun işləməsinə imkan vermədikdə və bunu təsdiq edən müvafiq sənədlər olduğu halda bu məsələyə tərəflərin iştirakı ilə baxıla bilər”. Əmək müqaviləsinin istinad edilən maddəsinin tələblərindən də göründüyü kimi işəgötürən olan cavabdeh tədris prosesinin normal ahənginin pozulmaması üçün işçilərlə bağladığı müqavilənin xitam şərtləri sırasına tədris ilinin və ya semestrinin başa çatması şərtini də əlavə etmişdir. Belə olduğu halda hər hansı bir səbəb və əsas olmadan cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə niyə xitam vermək istəsin?! Bu da onu göstərir ki, əmək müqaviləsinə xitam verilməsinə cavabdehin hər hansı formada razılığı olmamış, iddiaçı isə öz istəyi ilə müqaviləyə xitam verilməsi üçün nə yazılı ərizə verməmiş, nə də işdən çıxmasını zəruri edən hər hansı bir sübutu cavabdehə təqdim etməmişdir. Nəticə onu göstərir ki, hazırki halda əmək müqaviləsinə qarşılıq razılıq əsasında xitam verilməsi ilə bağlı iddiaçının düşündükləri tamamilə əsassızdır. İddiaçı qeyd edir ki, ona təqdim edilmiş əmrdən çıxarışda müqaviləyə xitam verilməsinin əsası kimi işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilmiş, lakin elektron bildirişdə həmçinin yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda qeydi də əlavə göstərilmişdir. Lakin əmrdə konkret olaraq işçinin özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi qeyd olunmamışdır. İddiaçının elektron bildirişdə göstərilənlərlə bağlı qeydinin özü onun cavabdeh barəsində necə qərəzli olmasının təsdiqidir. Belə ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış və 2022-ci ilin may ayından etibarən işçi və işəgötürənlərin istifadəsinə verilmiş “ƏMƏK və MƏŞĞULLUQ ALTSİSTEMİ”ndən (ƏMAS) iddiaçının xəbərsiz olduğu onun cavabdehə qarşı irəli sürdüyü dəlillərdən bəlli olur (ƏMAS platformasının mahiyyəti və yaradılmasının məqsədi barədə məlumat əlavə edilir). Əmək müqaviləsinin bağlanması, xitamı və bununla əlaqədar digər bütün proseslər hazırda Azərbaycan Respublikası ƏƏSMN tərəfindən yaradılmış və istifadəyə verilmiş “ƏMAS” platforması üzərindən həyata keçirilməkdədir. Həmin platformaya nəzər saldıqda aydın olur ki, işçi ilə rəsmiləşdirilmiş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən işəgötürənin seçiminə təqdim edilən bəndin adı aşağıdakı kimi göstərilmişdir: “70.ç işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” (ƏMAS platformasından müvafiq çıxarışlar əlavə edilir). Təqdim edilmiş sübutlardan da göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin “işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi” yarımbəndi əsasında xitam vermiş və əmrə ƏM-nin72-ci maddəsi ilə bağlı hər hansı bir əlavə etməmişdir (iddiaçı ilə bağlı ƏMAS platformasından real vaxt rejimində avtomatik olaraq çıxarılmış “əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrin surəti əlavə edilir). İddiaçının “əmrdə konkret olaraq işçinin özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” barədə qeydi ilə bağlı isə bildirilir ki, cavabdeh tərəfindən iddiaçının 01 dekabr 2022-ci il tarixində ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdən çıxarış verilməsinə dair müraciəti əsasında əmrdən çıxarış ona təqdim edilmişdir. İşin həqiqi halları ilə bağlı qeyd edilir ki, iddiaçı 10 noyabr 2022-ci il tarixindən əmək funksiya və öhdəliklərinin icrası üçün iş yerinə gəlmədiyi üçün Universitetin “İmtahanların təşkili, ingilis dilinin tətbiqi və təhsildə struktur islahatlar üzrə” Prorektoru tərəfindən İcraçı Prorektora yazılı təqdimat verilmiş və işəgötürən adından kadrlar şöbəsinin əməkdaşı Nurlana Babayeva iddiaçı ilə əlaqə saxlamış və iddiaçını öhdəliklərini icra etmək üçün işə gəlməməsinin səbəbləri barədə izahat verməsi üçün onu Universitetə dəvət etmişdir. İddiaçı 21 noyabr 2022-ci il tarixində kadrlar şöbəsinə yaxınlaşmış, lakin izahat yazmaqdan imtina etmişdir. Bu hal aidiyyəti şöbə tərəfindən aktlaşdırılmış və iddiaçının şəxsi işinə əlavə edilmişdir (Təqdimatın və AKT-ın surəti əlavə edilir). İddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin və əmək funksiyasının icra edilməməsinin səbəbi barədə izahat verilmədiyindən və hər hansı bir sənəd-sübut təqdim edilmədiyindən işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 21 noyabr 2022-ci il tarixində 299/k saylı əsaslandırılmış ƏMR verilmiş və həmin gün də ƏMAS platformasında müvafiq qeydiyyat aparılmışdır. İddiaçı barəsində cavabdeh tərəfindən verilmiş ƏMR-də onunla rəsmiləşdirilmiş əmək müqaviləsinə xitam verilməsinin səbəb və əsasları təfsilatı ilə qeyd edilmişdir (ƏMR-in surəti əlavə edilir). İddiaçı cavabdehdən əmrin özünü deyil, əmrdən çıxarışı istəmiş və bu səbəbdən də ona ƏMR-in əmr edirəm hissəsi çıxarış olaraq təqdim edilmişdir. Əmrdən çıxarışda iddiaçının müqaviləsinə xitam verilməsinin əsası kimi onun əmək funksiyaları və müqavilə üzrə öhdəliklərini icra etməməsi təkrar olaraq göstərilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində işçi olaraq iddiaçının əmək funksiyası və müqavilə üzrə öhdəliyi olaraq ona ayrılmış dərs yükünün cədvələ uyğun olaraq vaxtı-vaxtında yerinə yetirilməsi qeyd edilmişdir ki, iddiaçı da bunlardan çox yaxşı da xəbərdardır. Belə olduğu halda müvafiq əmr başqa nə cür əsaslandırılmalı idi ki, iddiaçının da xoşuna gəlsin və razı qalsın?! İşin sadalanan faktiki və hüquqi hallarından da göründüyü kimi iddiaçının qeyd etdiyi hallar da tamamilə əsassız olub sadəcə söz yığnağından ibarətdir. İddiaçı qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə qanunvericiliyin tələbinə uyğun olaraq məcburi məzmun və forma tələblərinə riayət edilməmişdir. İddiaçının digər qeyd etdikləri kimi bu arqumenti də formal xarakter daşımaqdadır. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş əmrdən çıxarışa, o cümlədən də etiraza əlavə edilmiş iddiaçı ilə bağlı ƏMAS platformasından real vaxt rejimində avtomatik olaraq çıxarılmış “əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrin surətinə və cavabdehin özünün tərtib etdiyi əmrə nəzər saldıqda görünür ki, cavabdehin tərtib etdiyi əmr AR Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə, başqa sözlə forma və məzmunla bağlı tələblərə tam şəkildə cavab verir. ƏMAS platformasında real vaxt rejimində avtomatik olaraq çıxarılmış əmr sadə formada, cavabdehin şəxsən tərtib etdiyi əmr isə iki hissədən (təsviri və qərar hissəsindən) ibarət olaraq tərtib edilmişdir. Bir sözlə, hazırda mübahisələndirilən əmrin verilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmişdir. Beləliklə də, sadalanan hallar ilə müəyyən edilir ki, iddia əsassızdır və sübuta yetmir. İddia ərizəsində qeyd edilən hallar formal mülahizə xarakteri daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddia tələbində qeyd olunanları bildirərək, əmrin qanunsuz və əsassız hesab edilərək onun ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və 21 noyabr 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında etiraz ərizəsində qeyd olunanları bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdehndə İngilis dili Mərkəzinin müəllimi vəzifəsinə təyin edilmişdir. Müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 299/k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdehn 'İngilis dili” Mərkəzinin ştat müəllimi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini (vəzifələrini) və əmək funksiyalarını icra etmədiyi üçün onunla bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin 'ç' bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi universitetin muhasibatlığına həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, universitetin İngilis dili Mərkəzinin ştat müəllimi İddiaçı tədris ilinin ortasında dərslərdən imtina etmişdir və dərs prosesini pozmuşdur. xx.xx.2022-ci ildə universitetin Kadrlar şöbəsinin baş mütəxəssisi Babayeva N.T. tərəfindən İddiaçı universitetə dəvət olundu va izahat yazması xahiş olundu. Lakin İddiaçı izahat yazmaqdan imtina etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdimatdan təsdiq olunmuş surətindən görünür ki, Kəklik Gözəlova tərəfindən İngilis dili Mərkəzinin ştat müəllimi İddiaçı əmək müqaviləsinin qaydalarına zidd olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmədən, o cümlədən 9.2 bəndinin şərtlərini nəzərə almadan işə gəlməmiş və beləliklə, tədris prosesini pozmuşdur. Bu məsələ ilə bağlı müəyyən tədbir görülməsi xahiş edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 299/k nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, 'İngilis dili” Mərkəzinin ştat müəllimi İddiaçı Cavabdehndə 45 saat dərs yükü vardır. Həmin dərs yükünü yerinə yetirmək üçün İddiaçı həfənin 1-2 (alt həftə - 1 dərs həftədə, üst həftə - 2 dərs həftədə) günləri xx.xx.2022-ci il tarixden xx.xx.2022-ci il tarixinədək Universitetdə 1 (bir) qrupda əmək funksiyasını icra etmişdir. İddiaçı ilə rəsmiləşdirilmiş əmək müqaviləsi qüvvədə olduğu halda o, 10-21.11.2O22-ci il tarixlərində olan dərs yükünü həyata keçiməmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və beləliklə də əmək müqaviləsinin şərtlərinin, AR ƏM-nin 10-cu maddəsinin, Universitetin əmək və intizam qaydaları haqqında Əsasnaməsinin tələblərinln, o cümlədən də Universitetdə işin normal ahənginin və tədris prosesinin pozulmasına səbəb olmuşdur. Göstərilənlər nəzərə alınaraq Cavabdehn 'İngilis dili” Mərkəzinin ştat müəllimi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini (vəzifələrini) və əmək funksiyalarını icra etmədiyi üçün onunla bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin 'ç' bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin universitetin muhasibatlığına həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 299/k nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin təsdiq olunmuş surətindən görünür ki, “Baş idarə” bölməsində “müəllim” vəzifəsində işləyən İddiaçı Şaiq qızı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2022 tarixində xitam verilməsi, işçinin xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan “Mediasiya Sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞB/2-01957 nömrəli Arayışın surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki: xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehndə İngilis dili Mərkəzinin müəllimi vəzifəsinə təyin edilmişdir. Müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 299/k nömrəli əmrin təsdiq olunmuş surətindən məlum olur ki, “Baş idarə” bölməsində “müəllim” vəzifəsində işləyən İddiaçı Şaiq qızı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2022 tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək qanunvericiliyindən göründüyü kimi, əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə ləğv edilməsi üçün iki haldan biri, yəni işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının mövcud olmasından asılı etmiş, bunun davamı olaraq yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasını da zəruri şərt olaraq göstərmişdir. İşdə olan iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilərkən mötərizədə əsaslandırma və aydınlatmaq qaydasında əsas kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı ilə əmək müqaviləsinə qeyd edilən bu iki haldan biri üzrə xitam verilmişdir. İddiaçı bildirir ki, 08 noyabr 2022-ci il tarixində Qərbi Kaspi Universitetinin əməkdaşı Kəklik Gözəlovaya vatsapp vasitəsi ilə məlumat verərək daha işə gələ bilməyəcəyini bildirmişdir. Sonuncu 09 noyabrda yenə vhatsapp vasitəsi ilə yazaraq ondan cədvəli və həmçinin daha sonra uşaqlarla əlaqə saxlayıb artıq yeni müəllimə uyğun dərs cədvəlini uşaqlara deməyini istəməklə düşünmüşdür ki, artıq cavabdehlə əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Məhkəmə qeyd edir ki, iddiaçının 08 noyabr 2022-ci il tarixdə Universitetin əməkdaşına sosial platforma ilə işə gəlməyəcəyinə dair məlumat verməsi cavabdehlə əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi kimi qəbul edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci maddəsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin şərtlərini aydın şəkildə göstərmiş və həmin normada qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 182.1-ci maddəsində göstərilmişdir ki, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Əmək Məcəlləsinin 9-cu maddəsində əmək funksiyasına anlayış verilmiş və göstərilmişdir ki, Əmək funksiyası-əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçının iş yeri təhsil müəssisəsidir və iddiaçının vəzifəsi işlədiyi müəssisədə təhsil vermək, ziyalılıq nümunəsi göstərmək, yüksək və şərəfli müəllim adını uca tutmaqdır. Məhkəmə hesab edir ki, iddiaçı əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3-cü maddəsinə əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsi ilə 21 noyabr 2022-ci il tarixindən xitam verilməsi barədə 299/k saylı Əmrin ləğv edilməsi, onun “İngilis dili” Məkəzində müəllimə vəzifəsində işə bərpa edilməsi və 21 noyabr 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Qərbi Kaspi Universiteti MMC tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-461/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-461/2023
09.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver