Məhkəmə qərarları › İş №e-2(009)-479/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-479/2024

05.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-479/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Tofiq Məmmədov küçəsindəki 23 saylı evin 67 saylı mənzilin üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tam mülkiyyət hüquqa dair qeydiyyat nömrəsi ********** və seriya MA No0053262 olan çıxarış verilmişdir. Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi qeyd edilmiş nikaha daxil olmuşlar və toydan sonra cavabdeh mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Birgə ailə münasibətlərindən övladları olmayıb. Cavabdehlə ailə münasibətləri korlandığından Səbail rayon Məhkəməsinin 2(009)-732/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və ona bu barədə Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə AZ-İ No 452021 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamə verilmişdir. Ailə münasibətləri pozulandan sonra Cavabdeh özünə məxsus şəxsi əşyalarını və cehiz əmlakını götürüb mülkiyyətində olan mənzildən köçmüş və hazırda həmin mənzildə yaşamır. Ona məlum olduğuna görə cavabdeh valideynlərinin yaşadıqlarını evinə qayıtmışdır. Cavabdeh mülkiyyətində olan mənzildə pasport qeydiyyatı artıq formal xarakter daşıyır, bu hal isə onun üçün müəyyən çətinliklərin yaranmasına, o cümlədən mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Tofiq Məmmədov küçəsindəki 23 saylı evin 67 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehn iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 23 saylı evin 67 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-732/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2015-ci il tarixli 208 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 23 saylı evin 67 saylı mənzili xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra Cavabdeh İddiaçı mülkiyyətində olan T.Məmmədov küçəsində yerləşən 23 saylı evin 67 saylı mənzilə köçmüş, mülkiyyətçi onu həmin yaşayış yeri üzrə qeydiyyata almışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında nikah Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikah dövründə övladları olmamış, cavabdeh boşandıqdan sonra cehiz əşyalarını götürərək başqa yaşayış sahəsinə köçmüş və hazırda qeydiyyatda olduğu ünvanda yaşamır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin onun mülkiyyətində olan evinə istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş və iddianın əsası kimi cavabdehlə ailə münasibətlərinə xitam verilməsini göstərilmişdir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin ailə həyatı qurduqdan sonra köçdüyü mübahisəli evə istifadə hüququnun yaranmasının hüquqi əsasları aşağıda qeyd edilən qanunvericiliyin müddəaların baxımından müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin ailə qurduğu həyat yoldaşı – cavabdeh onun ailə üzvü hesab edildiyindən mənzilə köçürdüyü vaxtdan cavabdeh istifadə hüququ əldə etmişdir. Plenum yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mənzil Məcəllənin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.” Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında verilmiş şərhinə əsasən qeyd edir ki, cavabdeh mübahisəli mənzilə köçən zaman AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququna malik olmuşdur. Lakin məhkəmə tərəflər arasında nikah münasibətlərinə xitam verilməsini, cavabdehin iddiaçının ailə üzvü sırasından çıxmasını, cavabdehin cehiz əşyalarını da götürərək daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsini nəzərə alaraq hesab edir ki, cavabdehin mübahisəli mənzilə yaranmış istifadə hüququ saxlanıla bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 23 saylı evin 67 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar