Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-481/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin 126 nömrəli mənzili onun mülkiyyətindədir. (Daşınmaz əmlakın reyestr nömrəsi-**********44-05301-093017; Qeydiyyat tarixi-xx.xx.2014). Mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin 126 nömrəli mənzili üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5(006)-1111/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. Hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5(006)-1111/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarında yanlışlıq buraxılaraq, onun mülkiyyətində olan daşınmaz əmlakın üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin 126 nömrəli mənzilinin (Daşınmaz əmlakın reyestr nömrəsi- **********44-05301-093017; Qeydiyyat tarixixx.xx.2014) üzərinə həbs qoyulması nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınmaz əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. Qeyd olunan daşınmaz əmlakın üzərindən həbsin götürülməsinə dair xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının CPM-nin 253-cü maddəsinin tələbləri izah edilsin.” Bundan sonra qeyd olunan daşınmaz əmlakın üzərindən həbsin götürülməsinə dair xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmiş və eləcə də bildirmişdir ki, mübahisəli daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olmuş, həmin mənzilə dair X6 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra həmin müqavilə əsasında İddiaçı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını, dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5(006)-1111/2015 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini R.Usubovun vəsatəti təmin edilərək, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış 535/23 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 126 nömrəli mənzilin üzərinə Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5(006)-1111/2015 saylı qərarı ilə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(103)-37/2016 saylı qərarı ilə təqsirləndirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra həbsin götürülməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(006)-1111/2015 saylı qərarı ilə təmin olunmamış və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 253.0-cı maddəsinin tələbləri ərizəçiyə izah olunmuşdur. Həmin maddəyə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Odur ki, ərizəçi səhvən həbs qoyulduğunu hesab etdiyi əmlakın həbsdən azad olunması üçün prosessual qanunvericiliyin tələbinə uyğun mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq və ya razı olmadığı təqdirdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(006)-1111/2015 saylı qərarından apellyasiya şikayəti vermək hüququna malikdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizdən görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin 126 nömrəli mənzilin üzərinə səhvən qoyulmuş həbsin götürülməsinə dair razılıq məktubun verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 5(006)-1111/2015 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5(006)-1111/2015 saylı qərarı ilə üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi haqqında İddiaçı vəsatətinin təmin eilməməsi, ona Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsinin tələblərinin izah edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 124 saylı mənzilin mülkiyyətçisi X4r. Təqdim olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 1, mənzil 126 xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Təqdim olunmuş 27 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin 126 saylı mənzilini notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Təqdim olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(006)-166/2016 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini R.Usubovun vəsatəti təmin edilərək, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X5 həyat yoldaşı X3 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 saylı evin 124 saylı mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “S.Xəlilov və Ə.İbrahimovun şikayəti üzrə” 13 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, konstitusiya hüquqlarının həyata keçirilməsinin təmin edilməsi üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ziyan vurulmuş prosessual statusa malik şəxslərin, o cümlədən zərər çəkmiş şəxsin yalnız formal prosessual vəziyyəti deyil, həm də onun faktiki vəziyyəti nəzərə alınmalıdır. Belə yanaşma, məhkəmələrdən işin tam və hərtərəfli həll edilməsi üçün bütün halların araşdırılmasını, o cümlədən hər hansı proses iştirakçısının baxılan cinayət işi üzrə statusu ilə bağlı irəli sürdüyü dəlillərinə dair əsaslandırılmış qərar qəbul edilməsim tələb edir. Cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunulan şəxsin statusunun səciyyəvi əlamətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, belə şəxslər məhkəmədə baxılan iş üzrə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə onların hüquq və qanuni maraqlarına toxunulması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosesual marağının olması ilə xarakterizə olunurlar (K.Maraevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmə qərarı ilə hüquq və azadlıqları pozulan, yaxud üzərinə əlavə öhdəliklər qoyulan şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidirlər (24 fevral 2022-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumu 24 fevral 2022-ci il tarixli qərarında göstərmişdir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Göstərilən məsələyə münasibətdə, ilk növbədə, qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır. Lakin qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılmasının həyata keçirilməsi qaydasının Mülki Prosessual Məcəllədə tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, ********* saylı cinayət işi üzrə X10 Azərbaycan Respublikası CM-nin 311.3.3, 311.3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzili üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5(006)- 1111/2015 saylı qərarı ilə müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə əldə edilmiş sübutlar təqsirləndirilən şəxs X7 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzilin cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə kifayət qədər əsas vermişdir. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin, həmçinin gələcək mülki iddianın, xüsusi müsadirənin təmin edilməsi, təqsirləndirilən şəxsə məxsus əmlakların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə qeyd olunan daşınmaz əmlakın üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulması zəruri hesab olunmuşdur. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, işə baxılarkən mənzilin üzərindən həbsin götürülməsi ilə bağlı iddia ərizəsində qeyd edilən əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-481/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-481/2024
07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver