Məhkəmə qərarları › İş №e-2(009)-49/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-49/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-49/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılması və pul tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 15, mənzil 7, ümumi sahəsi 88 kv.m. olan qeyriyaşayış sahəsini 19.03.2018-ci il tarixli 850 manat olmaqla icarə müqaviləsi bağlanmışdır. Lakin icarəyə götürən üzərinə düşən öhdəliyi yerinə yetirməyərək 2020-ci ilin mart ayından bu günə kimi icarə haqqını ödəməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq boşaltmamışdır. Bununla da cavabdeh icarə müqaviləsinin 4.1-ci bəndinin tələbini kobud şəkildə pozaraq 11.900 manat məbləğində icarə haqqını ödəməmişdir. Göründüyü kimi icarəyə götürən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş və maddi ziyan vurmuşdur. Cavabdeh müqavilə müddəti bitməyinə baxmayaraq icarəyə götürdüyü sahəni boşaltmaqdan imtina edir və qanunsuz olaraq xüsusi mülkiyyətdə olan əmlaka sahiblik və istifadə edir. Bununla da ona ziyan vurmağa davam edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 15, mənzil 7, ümumi sahəsi 88 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsindən çıxarılmaqla sahənin boşaldılıb İddiaçı təhvil verilməsi, icarə haqqına görə ödənilməmiş 11.900 manat məbləğində və əldən çıxmış faydaya görə 3800 manat, cəmi 15700 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 15, mənzil 7, ümumi sahəsi 88 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsindən çıxarılmaqla sahənin boşaldılıb İddiaçı 2020-ci ilin mart ayından hesablanmaqla təhvil verilən günə qədər aylıq 850 manat olmaqla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bacısı ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 07.10.2006-cı il tarixli 175 saylı reyestr kitabında 18569-cu vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********95-05101-093001, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən MN seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində 15 nömrəli, 2 mərtəbəli binada 88 kv.m. ümumi sahəsi 47 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 7 nömrəli mənzili icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İcarə haqqı 800 manat, sonralar isə 850 manata razılaşmışlar. Bir müddət sonra ilkin iddia üzrə iddiaçı mülkün satılması bildirmiş və onlara təklif etmişdir. Onlar mülkü almağa maddi imkanları olmadığını bildirmişlər. Cavabdeh hissə-hissə ödənişə razılaşsa, hər icarə haqqını ödəyəndə ödəniş edə bilərlər. Mülkün sahibi İddiaçı xaricdə yaşadığından hissəhissə ödənişə razılaşmışdır. Belə bir şərt qoymuşdur ki, əmlakın dəyəri son manatına qədər ödənilənədək əmlak icarədə hesab edilir və icarə haqqı vaxtlı-vaxtında ödənilməlidir. Əmlakın dəyəri ödənilib qurtaran gün alqı-satqı müqaviləsi bağlanacaqdır. Tərəflər arasındakı şifahi razılığa əsasən uzun müddətli ödənişləri nəzərə alaraq əmlakın qiymətini hər kv.m. 3000 manat olmaqla 264.000 manat kimi qəbul etmişlər (həmin vaxt həmin evin kv.m. qiyməti 2500-3000 manat arası olmuşdur). Lakin uzun müddətli ödənişə razılaşdıqlarından əmlakın dəyərini 300.000 manata razılaşmışlar. 2012-ci ilin may ayından hər ay 800 manat icarə haqqı və 1700 manat əmlakın dəyəri olaraq ödəniş etməyə başlamışlar. 2015-ci ildən isə qarşılıqlı iddia üzrə cavabdehin tələbi ilə icarə haqqı dəyişmədən əmlaka görə ödənişi 2900 manat qaldırmışlar. 2016-cı ilin mart ayından isə 2500 (icarə haqqı daxil deyil) manatdan 2020-ci ilin mart ayı da daxil olmaqla ödəmişlər. Pandemiya şərtləri əsasında işləmədiyindən iyun ayında 3300 manat (850 manat icarə haqqı olmaqla) və noyabr ayında 3300 manat, dekabr ayında 1800 (850 manat icarə haqqı olmaqla) manat ödəmişlər. İcarə haqlarını cavabdehin tapşırığı ilə X3 alırdı. A.Hüseynəliyev eyni zamanda etibarnamə ilə cavabdehi təmsil edirdi. Ümumilikdə onlar 215.000+2450+ 2450+950=220850 manat əmlaka görə ödəniş etmişlər. İcarə haqqını 2020-ci ildə 7 ay ödəməmişlər. Bu da onlardan asılı deyildi, dövlət məhdudiyyət qoymuşdur. 215000 manat x 5%=1.075.000 manat x 2 il = 2.150.000 manat. Göründüyü kimi, son iki ili belə götürsələr zərər 2.150.000 manat təşkil etmişdir. İlkin iddia üzrə iddiaçı pandemiya dövründəki icarə haqlarını və ödənişləri onlardan tələb edəndə onlar etiraz etmişlər ki, ölkədəki vəziyyəti hamı bilir. Onlar işləmirlər. İşləməyə-işləməyə iki dəfə 3300 manat ödəmişlər. Bundan başqa, onlar qeyd edilən mənzili təmir edib qeyri-yaşayışa uyğun etmişlər. 80.000 manat təmirə pul xərcləmişlər. Düzdür, danışıqlara təmir xərci aid deyildi. Lakin, ilkin iddia üzrə iddiaçı mənzilin boşaldılması tələbini qoymuşdur. Onun pulu qaytarılmayınca, çəkdiyi xərc ödənməyincə belə iddia əsassızdır. İlkin iddia üzrə iddiaçı əmlakı onlara satdığını unudub, onlara təzyiqlər etməyə başlamışdır. İlkin iddiaçı başa düşmürdü ki, nəinki Azərbaycanda, bütün dünyada iqtisadi vəziyyət pisləşib. İddia ərizəsi ilə məhkəməyə müraciət edərək yalnız icarə münasibətlərinə toxunub. Əmlakın satılması ilə əlaqədar hər hansı bir söz belə yazmayıb.Bəs onların pulları necə oldu. Yuxarıda qeyd etdiyi pulları kollektivin yanında vermişlər. Şahidləri var, audioyazılar var. İlkin iddia üzrə iddiaçı pandemiya dövrünü bəhanə edib onların pullarını mənimsəmək istəyir? Göstərilənləri nəzərə alaraq İddiaçı 2.150.000 manat ödədiyi vəsait, 80.000 manat təmir xərcləri, 21500 manat dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bacısı X8 ilə birgə mübahisələndirilən əmlakın icarəsinə görə: 2012-ci ilin may ayından – 2015-ci ilədək = 32 ay x 1700 man = 54.400 manat; 01.01.2015-ci il tarixdən – 2016-cı ilin mart ayınadək = 14 ay x 2900 man = 40.600 manat; 2016-cı ilin mart ayından – 2020-ci ilin mart ayınadək = 48 ay x 2500 man = 120.000 manat olmaqla cəmi 54.400 + 40.600 + 120.000 = 215.000 manat məbləğində pul ödəmişdir. Bu 2 ili hesablaşmağı zaman iddiaçıya 215.000 manat x 5% = 10.750 manat x 2 il = 21.500 manat məbləğində maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı 215.000 manat ödənilən vəsait, 21.500 manat dəymiş zərər, 80.000 manat məbləğində təmir xərclərinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi 2020-ci ilin mart ayından ödəmir, ona görə hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Qarşılıqlı iddia tələbləri tam əsassızdır, heç bir hüquqi əsası yoxdur. Əmlakın mülkiyyətçisinin icarəyə verdiyi əmlakı satmaq niyyəti olmamışdır, onunla əlaqədar ona hər hansı bir pul məbləği verilməmişdir, cavabdeh tərəfindən əmlakın gələcəkdə alınması ilə bağlı aylıq ödənişləri təsdiq yazılı sübutlar mövcud deyil, təmirlə bağlı qarşılıqlı iddia tələbi də əsasızdır, ümumiyyətlə qarşılıqlı iddia tələbi üzrə iddiaçının öz iddiasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Ona görə də onların tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, 2020-ci ilin mart ayından obyekt fasilələrlə işləmiş, işləmədiyi və gəlir əldə etmədiyi üçün aylıq icarə haqqının ödənilməsi dayandırılmışdır, lakin 2020-ci ilin 7 ayının icarə haqqı tam ödənilmişdir. Fəaliyyətə başladığı vaxtdan sonra isə kifayət qədər həmin əmlakın alınması üçün razılaşdırılmış məbləğdən pul ödənildiyindən icarə haqqının ödənilməsi həyata keçirilməmiş, həmçinin əmlak sahibi onların ödənişlərini danmışdır. Əmlakın sonradan razılaşdırılmış 300.000 manata alınması ilə bağlı danışıqlar və hər ay ona görə əlavə 2500 manat ödənişlər şifahi formada edilmiş, hər hansı bir yazılı sübut mövcud deyil, bu icarəyə götürən şəxslərin hüquqi savadsızlığı ilə əlaqədar olmuşdur. Lakin kifayət qədər şahidlər var ki, onlar həmin ödənişlərin edilməsini təsdiq edə bilərlər. Eyni zamanda icarəyə götürülən şəxslər tərəfindən obyekt böyük məbləğdə təmir olunmuş, bahalı avadanlıqlar alınmış, ona görə ekspert rəyi ilə müəyyən edilən məbləğlə də razı deyil. İlkin iddianı qəbul etmir, icarəyə verən şəxsə kifayət qədər böyük məbləğdə pul verilmişdir, verilən pul iddia ərizəsində tələb olunan icarə haqqından dəfələrlə çoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs X3 məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında 3-cü şəxs qismində dindirilmiş X3 göstərmişdir ki, İddiaçı atası Hüseyn kimi onun atası ilə dost olmuşlar, onu oradan tanımışdır, 2018-ci ildə Mustafanın əmlakını Günelə icarəyə verilməsi ilə bağlı müqaviləni Mustafanın adından o, bağlamışdır, hər ay icarə haqqı konvertdə ona verilirdi, o, da aparıb Mustafanın atasına verilirdi. O, hər ay gedib icarə haqqı alırdı. Elə ay olurdu ki, icarə haqqı verilmədiyi üçün 2, bəzən 3 ay icarə haqqı birdən ödənilirdi. İcarə haqqı kimi ödənilən pulu Mustafanın atası sayırdı, pulu ona konvertdə o, verirdi. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbləri qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri isə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən pandemiya başladığı 2020-ci ilin mart ayına qədər həmin obyektdə Günel xanımın sürücüsü işləmişdir. O, təsdiq edir ki, hər ay həm icarə haqqı, həm də razılaşdırılmış əmlakın satışına görə aylıq ödənişləri, cəmi 3300 manatı hər ay o, çatdırmışdır. İlk 3-4 ay adını dəqiq xatırlamadığı şəxsə, ondan sonra Azərə ödəmişdir. Pul onun yanında Günel xanım tərəfindən sayılıb verilmiş, ya konvert, ya da ki, açıq formada həmin pulu Azərə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, Günelin yanında 5 ildir ki, işləyir, təsdiq edir ki, hər ay Azər gəlib arenda pulunu obyektdən götürmüşdür, 3.300 manat hər ay Azərə pul verirdi, onun 800 manatı icarə haqqı, yerdə qalan sə obyektin onlara qalması üçün idi. Pulu Azərə hər ay ya o, ya da Şərif, Fəridə, Günelin anası və Günel vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, Günel onun müdiri olub, 2013-cü ildən 2020-ci ilədək dərzi işləmişdir. O,təsdiq edir ki, hər ay Azər adlı şəxsə 3.300 manat pul verilirdi, onun 800 manatı icarə üçün, qalan məbləğ obyektin onlara qalması üçün verilirdi. Həmin məbləği bir dəfə o, özü şəxsən Azərə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, Günelin bacısıdır. 2011-ci ilin yanvar ayında İddiaçı obyektini icarəyə götürmüşlər. O vaxt yaşları az olduğu və təcrübəsiz olduqları üçün ataları ailəsinin tanışı Nəsimi Koçiyevə işlərin aparılmasını və sənənləşməsini tapşırmışdır. İlk vaxtlar Fridman adlı yaşlı kişiyə pul verilmişdir, sonra isə Azərə verilmişdir. İcarəyə verilən vaxt icarəyə verənin əmlakı satmaq fikiri olmuşdur. Onlar demişlər ki, həmin əmlakın dəyəri müəyyənləşdiriləndən sonra aylıq icarə haqqı ilə yanaşı həmin pulu da verəcəklər. Bir ay təmir üçün onlara vaxt verilmiş, kifayət qədər böyük məbləğdə təmirə xərc çəkmişlər və avadanlıq almışlar, icarə haqqı və əmlakın sonradan alınması barədə razılaşdırılmış məbləğə görə hər ay 3300 manat ödəniş edilmişdir. Ödəniş əsasən anası, Şərif və digər işçilər tərəfindən Azərə verilmişdir. 2020-ci ilin ilk üç ayı ödəniş edilmiş, aprel ayı edilməmiş, sonra iki ay ödəniş edilmiş, yenidən qapanmalar olduğu üçün ilin sonunadək yalnız iki ayın ödənişini etmişlər. Yəni 2020-ci il üçün 7 ayın 3.300 manatdan ödənişi edilmişdir. 2021-ci ildə Azər 29.000 manat birdəfəyə pul tələb etmişdir ki, icarə münasibətləri davam etdirilsin. Onlar bunu notariusda rəsmiləşdirilməsini tələb etdikdə Azər razı olmamış və buna görə də ödəniş edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 15 nömrəli, 88 kv.m. ümumi, 47 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 7 nömrəli mənzil tam mülkiyyəti hüququ üzrə İddiaçı adına 07.10.2006-cı ildə qeydiyyata alınmışdır. İş üzrə «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində Cavabdeh arasında bağlanılmış 19.03.2018-ci il tarixli icarə müqaviləsinə əsasən «İcarəyə verən» özünə məxsus Bakı şəhəri, Şeyx Şamil küçəsində yerləşən 15 saylı evin, ümumi sahəsi 88 kv.m. olan 7 saylı mənzili «İcarəçi»yə 3 il müddətinə icarəyə vermiş, aylıq icarə haqqı 850 manat təşkil etmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarəçi” mülahizəsinə görə istənilən vaxt “İcarəyə verənin” yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı sahədə struktur dəyişiklikləri (o cümlədən rabitə, kompyuter, elektrik və s.sistemlərin, avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər. Müqavilənin 1.5-ci bəndinə əsasən “İcarəçi”nin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişiklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra “İcarəçi” həmin dəyişiklikləri aradan qaldırmağa, “İcarəyə verən” isə bunların dəyərini “İcarəçi”yə ödəməyi borclu deyil. İş üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavid Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh və X8 14.09.2021-ci il tarixdə Səbail RPİ-nə ərizə ilə müraciət edərək bildirmişlər ki, İddiaçı adına olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 15 saylı evi kirayə götürərək hər ay 800 manat icarə haqqı verərək obyekt kimi işlətmiş, sonradan evin onlara satılması və adına keçirilməsi barədə razılıq əldə edərək evin 350.000 manata almalarına razılaşmış və 2021-ci ilin may ayndan başlayaraq hər ay əmlak üçün 1700 manat pul vermiş, ümumilikdə 219.900 manata əmlaka görə ödəniş etmişlər. Pandemiya ilə əlaqədar kirayə haqqını verə bilmədiklərinə görə mülkiyyətçinin nümayəndəsi X3 obyektdən onları çıxaracağını bildirmiş, halbuki, əmlakın 80 faizini onlar artıq ödəmişlər. Göstərilənləri nəzərə alaraq onları aldadaraq 219.900 manat pullarını məniməsəyən, 80.000 manat təmirə xərclədən şəxslərdən 299.900 manat pulu alaraq qaytarılmasına köməklik etməyi, onlardan pulu alan X1 məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişlər. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh və bacısı X8 ilə birlikdə 2011-ci ildə İddiaçı adına olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 15 saylı evi kirayə götürərək hər ay 800 manat icarə haqqı verərək obyekt kimi işlətmiş, icarə haqqını hər ay “Fridman” soyadı olan şəxsə vermiş və onunla icarə müqaviləsi bağlamışlar. 2016-cı il tarixdə Behbudovalar tərəfindən 850 manat olmaqla icarə haqqı X2 verilmişdir. Lakin 2011-ci ildən 2018-ci ilin fevral ayınadək İddiaçı ilə Cavabdeh arasında Azər Hüseynəliyevin iştirakı ilə icarə müqaviləsi bağlanması müəyyən edilməmişdir. Behbudova bacıları ilə kirayə götürdükləri evin satılması barədə razılaşma hazırda mərhum olan “Fridman” soyadlı şəxslə olsa da, bu barədə aralarında heç bir rəsmi sənəd tərtib olunmamış, icarə haqqının və mülkün alınması üçün ödənişlərin edilməsi ilə əlaqədar heç bir qəbz və başqa sənəd tərtib olunmamış, evin alınması barədə razılıq əldə olunması və bunun üçün ödənişlərin edilməsi ilə əlaqədar heç bir sübut əldə etmək mümkün olmamışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən X2 birinci dəfə yalnız 31.03.2016-cı il tarixdə AR-İ 458686 nömrəli etibarnamə verilmiş və Behbudovanın izahatında göstərdiyi kimi 2012-ci ilin may ayında Azər Hüseynəliyev ona heç bir etibarnamə göstərə bilməzdi. Günel və Fatima Behbudovalarla İddiaçı adına olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 15 saylı evin kirayə alınması və satılması barədə razılaşma “Fridman” soyadlı şəxslə olmuş, lakin hazırda həmin şəxs ölmüşdür, evin sahibinin atası Hüseyn Əhmədov da hazırda ölmüşdür, evin sahibi olan İddiaçı isə xaricdə yaşayır və adları göstərilən şəxslərin həmin faktla izahatlarının alınması mümkün deyildir. İddiaçı Cavabdeh və sonuncunun İddiaçı qarşı qarşılıqlı iddia ərizələri Səbail rayon Məhkəməsində baxılır. Göstərilənləri nəzərə alaraq Cavabdeh və X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən tərtib edilmiş mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinə aparılan təmir-montaj xərclərinin müəyyən edilməsinə dair 08.12.2021-ci il tarixli, YDQ No146 saylı hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 15 nömrəli, 2 mərtəbəli binada 88 kv.m. ümumi sahəsi, 47 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 7 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinə aparılan təmirmontaj xərcləri 30.464 manat müəyyən edilmişdir. İş üzrə Fatimə Behbudova ilə Azər Hüseynəliyev arasında telefon danışığının fləş-karta köçürülmüş surətinə qulaq asarkən, səs yazısında Azər Hüseynəliyev tərəfindən 1600 və 2000 manat aylıq pulun ödənilməsi barədə fikirlər səsləndirilir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 19.03.2018-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 15 saylı evin, ümumi sahəsi 88 kv.m. olan 7 saylı mənzili cavabdehə aylıq icarə haqqı 850 manat olmaqla, üç il müddətinə icarəyə vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, icarə müqaviləsinin müddəti 19.03.2018cu il tarixdən 19.03.2021-ci il tarixədək müəyyən edilmiş, lakin cavabdeh tərəfindən 2020-ci il üçün icarə haqqı tam ödənilməmiş, 2021-ci ildən hazırki vaxtadək isə ödənişlər həyata keçirilməmişdir. Həmin tarixdən sonra cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh sahəni boşaltmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 15 saylı evin 7 saylı mənzili cavabdehin istifadəsindən alınaraq sahənin boşaldılıb 2020-ci ilin mart ayından hesablanmaqla təhvil verilən günə qədər aylıq 850 manat olmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra orada nəzərdə tutulmuş şərtlər hər iki tərəf üçün məcburi olduğundan, lakin cavabdeh həmin müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı haqlı olaraq mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. AR Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericilik icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin hüquqi əsaslarla müəyyən edir. Bu cür əsaslar icarəyə götürən şəxsin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi və ya lazımi qaydada icra etməməsi ilə əlaqədar olur ki, belə halda icarəyə verən həmin qanunsuzluqların aradan qaldırılması haqqında ona xəbərdar edir və bunun üçün ağlabatan müddət təyin edir. Lakin qanunda elə hallar da mövcuddur ki, bir sıra pozuntuya görə icarəyə verən xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinin ləğv edə bilər. Belə hallardan biri icarədarın iki ardıcıl müddət üçün icarə haqqının gecikdirilməsidir (MM-nin 185-ci maddə) Məhkəmə iclasında müəyyən edilmişdir ki, icarəyə götürən 2020-ci ilin 7 ayı icarə haqqı ödəsə də, 5 ay ödəniş etməmiş, eyni zamanda 2021-ci ildən sonra bu günədək icarə haqqını ödəmir, bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 398.1-ci maddəsindən görünür ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilən Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış 19.03.2018-ci il tarixli müqavilənin müddəti 19.03.2021-ci il tarixdə bitsə də, cavabdeh tərəf icarə haqqı ödənilmir. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı haqlı olaraq icarə verdiyi əmlakı geri tələb etməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı hesab edilməli, icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən ümumi sahəsi 88 kv.m. olan 15 saylı evin 7 saylı mənzili Cavabdeh istifadəsindən alınmaqla həmin sahə boşaldılmalı, 2020-ci il üçün ödənilməyən 4250 manat birdəfəyə tutulmaqla, 2021-ci ilin yanvar ayından hesablanmaqla təhvil verilən günə qədər aylıq 850 manat pul məbləği cavabdehdən alınıb İddiaçı ödənilməlidir. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş qarşılıqlı tələblərdən görünür ki, o, bacısı ilə birgə cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində 15 nömrəli evin 7 nömrəli mənzili icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İcarə haqqı əvvəl 800 manat, sonra 850 manata razılaşaraq, 19.03.2018-ci il tarixdə icarə müqaviləsi bağlamışlar. Bir müddətdən sonra ona məlum olmuşdur ki, mənzil satılır və mənzilin alınması ona təklif edilmişdir. Mənzilin almağa imkanı olmadığından, mənzilin mülkiyyətçisi İddiaçı xaricdə yaşadığından hissə-hissə ödənişə razılaşmışdır. Lakin bir şərt qoymuşdur ki, əmlakın dəyəri son manatına qədər ödənilənədək əmlak icarədə hesab edilir və icarə haqqı vaxtlı-vaxtında ödənilməlidir. Əmlakın dəyəri ödənilib qurtaran gün alqı-satqı müqaviləsi bağlanacaqdır. Şifahi razılığa əsasən əmlakın dəyərini 300.000 manat müəyyən edilmişdir. O, icarə haqqı və əmlaka görə ödənişi hər ay etmişdir. Bundan başqa, o, icarəyə verənin razılığı ilə həmin mənzildə yenidənqurma işləri apararaq qeyri-yaşayış obyektinə çevrilmiş və 80.000 manat təmirə pul xərcləmişdir. O, bacısı ilə birgə 10 ildən artıq müddətdə həmin əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu səbəbdən iddiaçı cavabdeh İddiaçı icarəyə götürdüyü əmlakın alınması üçün razılaşdırılmış məbləğdən ödədiyi 215.000 manat ödənilən vəsaitin, 21.500 manat dəymiş zərərin, 80.000 manat məbləğində təmir xərclərinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. «İcarə haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə icarəyə götürülmüş əmlak icarəyə verənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüquqi var ki, qanunla və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. AR Mülki Məcəlləsinin 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri (maddə 680.1.1); heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri (maddə 680.1.2). Həmin Məcəllənin 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, qanunvericilik icarəçinin icarəyə götürdüyü əşyada səmərəli istifadə etmək üçün onun istifadəyə yararlığını, saxlanılmasını və lazım gəldikdə bərpasını təmin etmək üçün zəruri xərclərin çəkilməli olduğunu nəzərdə tutur. Həmin zəruri xərclərin ödənilməsi üzrə vəzifələr müqavilə şərti ilə nəzərdə tutulmalıdır. İcarəyə verilmiş əmlakın saxlanılması, yəni mövcudluğunu təmin olunması, ehtiyac yarandıqda bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzini icarəyə verən ona ödəməlidir. İcarəçi öz mülahizəsinə görə əmlakın yaxşılaşdırılması üçün xərclər çəkərsə, xərclərin əvəzin ödəmə vəzifəsi özgə işlərini tapşırıqsız aparılması haqqında Mülki Məcəllənin 1087-1090-cı maddələrində nəzərdə tutulmuş müddəalar əsasında müəyyənləşdirilir. Qanunverciliyin qeyd edilən müddəaları baxımından icarəyə götürən şəxs icarəyə götürdüyü əmlakın yaxşılaşdırılması və təmiri ilə əlaqədar çəkilən xərci o halda icarəyə verəndən tələb edə bilər ki, çəkilən xərc müqabilində icarəyə verən varlanmış olsun. Yəni təmiri nəticəsində əmlakın dəyəri artmış olsun. Məhkəmə iclasında təqdim olunan müqavilədə icarəyə götürən şəxs tərəfindən icarəyə götürdüyü əmlakla bağlı təmir işlərinin görülməsi, müqavilə müddəti bitdikdən və ya tərəflər arasında icarə münasibətlərinə son qoyulduqdan sonra həmin xərci icarəyə verən şəxs tərəfindən ödənilməli olmasına dair hər hansı müddəa nəzərdə tutulmamış, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən belə bir təmir işləri nəticəsində icarəyə verən şəxsin varlanmasına dair sübutlar da məhkəməyə təqdim edilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi icarəyə götürdüyü əmlakın təmirinə çəkilən xərcin əvəzi kimi icarəyə verən şəxsdən 80.000 manat məbləğində pulun tutulmasına dair hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin icarəyə verilmiş əmlakın razılaşdırılmış dəyərindən 215.000 manat məbləğində ödənilmiş pul vəsaitinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı icarəyə götürdüyü əmlakı almaq məqsədilə icarəyə verən şəxsin müvəkkil etdiyi şəxslə razılaşdırılmış dəyərinin 300.000 manat təşkil etməsi, həmin dəyəri aylıq icarə haqqından əlavə ödənişlərlə edilməsi ilə bağlı şifahi qaydada razılığa gəlmələrini, icarəyə götürən şəxsin hüquqi savadsızlığı ilə əlaqələndirmişdir. Yəni tərəflər bununla bağlı hər hansı yazılı müqavilə bağlamamış, edilmiş ödənişlərin təsdiq edən hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.05.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki –prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsinin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə tənqidi yanaşaraq onları mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin şəxslər qarşılıqlı iddia tələbi üzrə iddiaçının mənafeyinə uyğun ifadə verməklə onların işçiləri və tanışlarıdır. Digər tərəfdən kifayət qədər böyük məbləğdə satılan əmlakla bağlı şifahi formada tərəflərin razılaşmasını məhkəmə məntiqli və ağlabatan hesab etmir. Beləliklə məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən iddiasının əsası kimi icarəyə götürüldüyü əmlakın alqı-satqısına dair icarəyə verən şəxs və ya onun müvəkkil etdiyi şəxslə hər hansı bir razılığa gəlinməsi, həmin əmlakın əldə olunması üçün razılaşdırılmış məbləğin 300.000 manat təşkil etməsi, buna görə hər ay icarə haqqından əlavə ödənişlərin edilməsi və edilmiş ödənişlərin 215.000 manat təşkil etməsinə dair təkzib olunmaz sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia 215.000 manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçıya ödənilməli olan 215.000 manat pulun 5% həddində 2 il müddətinə zərər kimi 21.500 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, məhkəmə tərəfindən qarşılıqlı iddia tələbi 215.000 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edildiyindən, dəymiş zərərə görə 21.500 manat pulun tutulması hissəsində də tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia qismən təmin olunduğundan, ilkin iddia üzrə Cavabdeh iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İlkin iddia tələbləri qismən təmin edilsin. Cavabdeh icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən ümumi sahəsi 88 kv.m. olan 15 saylı evin 7 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh İddiaçı xeyrinə 2020-ci ilin beş ayı üçün ödənilməyən icarə haqqı – 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul tutulsun. 2021-ci ilin yanvar ayından başlayaraq həmin mənzil təhvil verilən günə qədər aylıq 850 (səkkiz yüz əlli) manat hesablanmaqla müəyyən edilmiş məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 215.000 manat ödənilən vəsait, 21.500 manat dəymiş zərər, 80.000 manat məbləğində təmir xərclərinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar