Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-490/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X6 ilə xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.1995-ci il təvəllüdlü X9, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1988-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. xx.xx.1961-ci il təvəllüdlü həyat yoldaşı X6 xx.xx.2022-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Onun tərəfindən mərhumundan qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə rəsmi qaydada müraciət edilmişdir. Eyni zamanda onun övladları X9 və X1 notariat ofisə miras əmlakdan onun lehinə imtinaya dair notarial qaydada razılıq ərizəsi vermişdirlər. Müraciətə verilmiş xx.xx.2022-ci il tarixli 2409 nömrəli cavabda bildirilmişdir ki, “miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd tələb edir. Əks təqdirdə vərəsə tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmədiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim etməyimiz mümkün deyildir”. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından təqdim edilmiş xx.xx.2022-ci il tarixli verdiyi cavaba əsasən qeyd edilir ki, mərhuma məxsus daşınmaz əmlak mövcuddur. Eyni zamanda 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən sözügedən daşınmaz əmlakın yerləşdiyi ərazinin səlahiyyətli orqanı “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinə də müraciət edilmişdir. Həmin idarədən isə haqlı olaraq bildirilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədi vermək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilməlidir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş rəsmi cavabın qanunvericiliyin tələbləri ilə heç bir əlaqəsi yoxdur, həttaa bir notarial orqanının bu şəkildə cavabın verilməsi onun tamamilə qanundan bixəbər olduğunun bariz göstəricisidir. Çünki yeni universitet bitirmiş hüquqşünas belə bilə bilər ki, əmlak aktiv və passivlərdən ibarətdir. Aktivlərin isə yalnız sözügedən daşınmaz əmlakdan ibarət olması absurd bir haldır. Təəssüf ki, bəzi notariusların isə hüquqdan anlayışı belə mövcud deyildir. Mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaq yalnız o demək deyildir ki, hazırda bilinən hansı əmlakları mövcuddursa, həmin əmlaklara münasibətdə vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Mərhumun vərəsəsi kimi tanınmaq o deməkdir ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunla və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr istisna olmaqla, mərhumun digər hüquq və vəzifələrinə sahib şəxs kimi tanınsın. Beləliklə, miras əmlakın mövcud olub-olmamasından asılı olmayaraq, mövcud iş üzrə cavabdeh tərəfindən ona mərhumun vərəsəsi olması ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Əgər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin imtinası ilə məsələyə anlaşılası olsa, o halda belə çıxır ki, mərhumdan qalmış miras əmlakı hətta öz qanun üzrə vərəsələri belə əldə edə bilməz. Məhz bu hal dövlət orqanının öz vətəndaşını “bilərəkdən” süründürməsidir. Niyə “bilərəkdən”? Çünki notariat ofisinin hərəkətlərində “ehtiyatçızlıqdan” deyə bir şey ola bilməz. Hansı ki, notariat ofisinin verdiyi hər bir sənəd əksi sübuta yetirilməyənə kimi preyudisial qüvvəyə malikdir. Məsələyə bir başqa yöndən baxıldıqda sözügedən notariat ofisinin əməlində hərəkətsizlik nüansını aydın görməklə yanaşı, eyni zamanda imtina cavabının hüquqi məntiqlə deyil, şablon kazuslar üzərindən verilməsi də göz önündədir. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariusa təqdim olunan sənədlər arasında mülkiyyət hüququnu təsdiq edən sənədin olması ilə bağlı heç bir qanuni tələb mövcud deyildir. Bu halda şəxs qeyd edilməyən hərəkətləri etməyə məcbur edilə bilməz. Əgər desələr ki, vətəndaş mərhuma məxsus daşınmaz əmlakların mülkiyyət sənədini notariat ofisinə təqdim etdi və həmin əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdi. Bir müddət sonra məlum olur ki, mərhumun əmlakları yalnız notariat orqanına təqdim edilmiş sənədlərdəki əmlaklardan ibarət deyilmiş və əlavə əmlaklar da mövcuddur. Bu halda vərəsə sonuncu əmlaklara dair də vərəsəlik hüququ haqqında şəhadətnamə üçün notariat ofisinə bir daha müraciət etməlidir? Həmçinin həmin vəziyyət hətta bir neçə dəfə təkrarlanarsa belə? Bu hal dolayı yolla süründürməçilik deyilmi? Göstərilənlərə əsasən iddiaçı X3 miras əmlakından İddiaçı aid olan paya münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, miras qoyanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən əmlakının olmaması notariat orqanı tərəfindən vərəsəyə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya səbəb ola bilməz. Miras kütləsinə reyestrdə qeydiyyatdan keçməyən əmlaklar da daxil ola bilər. Qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi şəxsin miras qoyanın vərəsəsi olmasını müəyyən edir. Bu səbəbdən həmin imtinanı əsassız və hüquqazidd hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə Astara rayonu Şamağacı kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X6 ilə X10 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 5 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1985-ci il tarixdə Astara rayonu Şamağacı kəndində anadan olmuş, atası X6, anası X10 göstərilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası İddiaçı göstərilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası X10 göstərilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 261 No ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 2716 nömrəli sərəncamın təsdiq olunmuş surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 3689 No-li sərəncamı ilə X5 H.Hacıyev küçəsi, 1 No-li evdə 2 otaqlı 39,0 kv.m. sahəli 61 No-li mənzil müvəqqəti sığınacaq kimi verilmişdir. Lakin rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi ilə göstərilən sərəncam etibarsız sayılmış və vətəndaşın başqa mənzillə təmin olunması göstərilmişdir. Səbail RİHB-nın xx.xx.1993-cü il tarixli 3689 No-li sərəncamı etibarsız sayılması və X5 5 nəfər ailə üzvü ilə (özü, yoldaşı, 3 uşağı) 1-ci Qəsr küçəsi, 6 nömrəli evdə 1 otaqlı 6 No-li mənzil müvəqqəti sığınacaq kimi verilməsi qərara alınmışdır. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2409 nömrəli məktubuna əsasən İddiaçı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2022-ci il tarixdə vəfat etimş xx.xx.1961-ci il təvəllüdlü əri X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi qəbul edilmişdir. “Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 107 bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnun təsdiq edən sənəd tələb edir. Lakin, vərəsə tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmədiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirlər. Göstərilənləri nəzərə alaraq İddiaçı mülkiyyət hüququ haqqında çıxarışı əldə etmək üçün AR DƏDRX müvafiq ərazi idarələrinə müraciət etməsi tövsiyyə olunur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 1984-cü ildə X6 ilə nikaha daxil olmuşdur, həmin nikahdan xx.xx.1985-ci il təvəllüdlü Xəyalə, xx.xx.1988-ci il təvəllüdlü Xalidə və xx.xx.1995-ci il təvəllüdlü Könül adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə X4 5 nəfər ailə üzvləri ilə (özü, yoldaşı və 3 uşaq) 1-ci Qəsr küçəsində yerləşən 6 saylı evin 1 otaqlı 6 saylı mənzili müvəqqəti sığınacaq kimi verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının əri X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı miras qalmış əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin notarius vərəsə tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmədiyini əsas tutaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı X3 miras əmlakından iddiaçıya aid olan paya münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. AR Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məhkəmə qeyd edir ki, hər bir mülki hüquq münasibəti kimi vərəsəlik hüquq münasibətinin də müəyyən obyekti (predmeti) vardır. Fiziki şəxs onun ölümü ilə xitam olunmayan bütün əmlak hüquq və vəzifələri qanunda – vərəsəlik hüquq normalarında nəzərdə tutulan qaydada vərəsələrə keçir. Həmin hüquq və vəzifələrin məcmusu vərəsəlik hüquq münasibətinin obyektini (predmetini) təşkil edir. Mülki qanunvericilikdə vərəsəlik hüquq münasibətinin obyekti (predmeti) miras əmlak anlayışı ilə əhatə olunur. Yəni ölmüş şəxsin hüquq və vəzifələri tərkibində vərəsələrə qanunda nəzərdə tutulan məcmu halında müəyyən hüquq və vəzifələr keçir ki, onlara vərəsəlik hüquq münasibətinin obyekti – miras əmlak deyilir. Miras əmlak dedikdə miras qoyanın qanunla müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Miras aktivi geniş anlayışı olub, özündə miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqları birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları, əqli mülkiyyət hüquqları və kooperativ hüquqları daxildir. Müxtəlif əşyalar (mənzil, bağ, qaraj və s.) üzərində mülkiyyət hüququ mirasın tərkibinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və şəxsə mülkiyyət hüququ üzrə məxsus olan əmlak vəfat etmiş şəxsin miras əmlakı kimi vərəsələrə keçməli olduğundan, həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar müvafiq notariat orqanına müraciət edilərkən miras qoyanın belə bir əmlaka malik olmasını təsdiq edən sübutlar da ərizəyə əlavə edilməli olduğundan, hazırki mübahisə ilə əlaqədar isə İddiaçı tərəfindən belə bir sübutun notariat orqanına müraciəti zamanı təqdim edilə bilməməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhahdətnamənin verilməsindən imtina edilməsi əsaslı olmuş və bu səbəbdən qaldırılan iddia təmin edilməməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi miras qoyana münasibətdə şəxsin onun vərəsəsi olmasını təsdiq edəcəyinə dair dəlilləri üzrə qeyd edir ki, miras qoyanın vərəsəsi olma halı şəxsin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlərlə (nikah şəhadətnaməsi, doğum şəhadətnamələri və s.) müəyyən edilir. Bunun üçün şəxsin qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasına zərurət yoxdur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Cavabdeh1 qarşı X3 miras əmlakından İddiaçı aid olan paya münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-490/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-490/2023
26.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver