Məhkəmə qərarları › İş №e-2(009)-512/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-512/2023

06.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-512/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsini almışdır. Ona hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən RX seriyalı ******* saylı ********** dövlət qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus torpaq sahəsində sərhədlərin müəyyən olunması üçün daş hasar tikilmişdir. Lakin bir neçə il qabaq həmin tikilmiş hasar sökülmüşdür. Hazırda xx.xx.2022-ci il tarixdə torpağının hüdudlarını müəyyən etmək üçün hasar tikilməsini istəsə də, MMC-nin əməkdaşları tərəfindən ona maneçilik törədilmiş və həmin sahənin Cavabdeh MMC-yə məxsus olması bildirilmişdir. Onunla MMC-nin adından telefon danışığı aparılmış və hasarın tikintisinin dayandırılması ondan tələb olunmuşdur. Həmçinin eyni vaxtı hasarı tikən fəhlələrin işinə maneçilik törədilmiş və hasar üçün düzlümüş daşlar dağıdılmışdır. Lakin tərəfindən hansı əsasla və hansı hüquqmüəyyənedici sənədlə həmin ərazinin Cavabdeh MMC-yə məxsus olması barədə verilməsi xahiş olunsa da, ona heç bir sənəd göstərilmədən və Səbail rayon Polis əməkdaşlarının qanunsuz müşayiəti ilə fəhlələrin tikinti işini aparması qadağan olunmuş və mülkiyyətindən hamısı çıxarılmışdır. Hazırda ona məxsus torpaq sahəsində tikilmiş daş hasar sökülməklə bərabər istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilir və həmin ərazidə işlər görülməklə ona içəri daxil olmağa belə icazə vermirlər. Bundan əvvəl o, Bakı şəhər İcra Hakimiyyətinə qarşı maneələrə son qoyulması tələbinə dair qaldırsa da, ona 2 ay bundan qabaq məlum olmuşdur ki, həmin sahəni cavabdeh zəbt edib və hansı əsasla ona həmin sahədən istifadəyə maneçilik törədir heç nə bildirmir. Belə şifahi danışıqlara görə sənədlərinin olmasını bildirsə də, bu barədə ona rəsmi məlumat verməyib. Tərəflərə xəbərdarlıq məktubu göndərilsə də, heç bir münasibət bildirilməmişdir. Onun yerini onun xəbəri olmadan cavabdeh hasar sökülməklə qalmaqdadır. Ona həmin ərazidə tikinti aparmağa da icazə verilmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı hüquqları dövlət qeydiyyatı haqqında DƏDRX-dən RX seriyalı ******* saylı ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində iş aparmaq istəyərkən ona maneənin İcra Hakimiyyəti tərəfindən edilməsini güman edib, İcra Hakimiyyətinə qarşı iddia qaldırmış, araşdırma zamanı mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirilərkən belə Cavabdeh MMCnin əməkdaşları mane olmuşlar. Həmin mülki işin araşdırılması nəticəsində onlara məlum olmuşdur ki, onların və digər ondan çox mülkiyyətçinin sahələri Cavabdeh MMC tərəfindən hasarlanmış və həmin torpaq sahələrində hər hansı iş aparılmasına maneçilik törədilir, hətta mövcud tikililər də sökülmüşdür. Hesab edir ki, cavabdehin hərəkətləri mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hazırkı iddiaçının da daxil olmaqla 2 ha torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Lakin İcra Hakimiyyətinin sərəncamını məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, həmin ərazidə Cavabdeh MMC-nin fəaliyyəti tam qanunidir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ümumi sahəsi 0,06 ha olan 1374 saylı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A003883 nömrəli, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planın və ölçüsünün surətindən görünür ki, notarius Ə.L.İmanov (şəhadətnamə No073) tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha olan 1374 saylı torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziyanın surətindən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsini almışdır. Ona hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən RX seriyalı ******* saylı ********** dövlət qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus torpaq sahəsində sərhədlərin müəyyən olunması üçün daş hasar tikilmişdir. Lakin bir neçə il qabaq həmin tikilmiş hasar sökülmüşdür. Hazırda xx.xx.2022-ci il tarixdə torpağının hüdudlarını müəyyən etmək üçün hasar tikilməsini istəsə də, MMC-nin əməkdaşları tərəfindən ona maneçilik törədilmiş və həmin sahənin "xxxx" MMC-yə məxsus olması bildirilmişdir. Onunla MMC-nin adından telefon danışığı aparılmış və hasarın tikintisinin dayandırılması ondan tələb olunmuşdur. Həmçinin eyni vaxtı hasarı tikən fəhlələrin işinə maneçilik törədilmiş və hasar üçün düzlümüş daşlar dağıdılmışdır. Lakin tərəfindən hansı əsasla və hansı hüquqmüəyyənedici sənədlə həmin ərazinin "xxxx" MMC-yə məxsus olması barədə məlumat verilməsini xahiş olunsa da, ona heç bir sənəd göstərilmədən və Səbail rayon Polis Əməkdaşlarının qanunsuz muşayəti ilə fəhlələrin tikinti işini aparması qadağan olunmuş və mülkiyyətindən hamısı çıxarılmışdılar. Hazırda ona məxsus torpaq sahəsində tikilmiş daş hasar sökülməklə bərabər istifadəsinə "xxxx" MMC tərəfindən maneçilik törədilir. Xəbərdarlıq məktubu aldığı tarixdən 10 gün müddətində torpaqdan istifadəyə maneələrə son qoymasını və torpaq sahəsindən çıxmasını xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 0,06 ha olan 1374 saylı torpaq sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan torpağının hüdudlarını müəyyən etmək üçün yararsız hala düşən daş hasarın tikilməsini istəsə də, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona maneçilik törədilmiş, həmin sahənin Cavabdeh MMC-yə məxsus olması bildirilmiş və hasarın tikintisinin dayandırılması ondan tələb olunmuşdur. Onun tərəfindən hansı hüquqmüəyyənedici sənədlə həmin ərazinin cavabdehə məxsus olması barədə məlumat verilməsi xahiş olunsa da, ona heç bir sənəd göstərilmədən, polis əməkdaşlarının müşayiəti ilə tikinti işini aparması qağadan olunmuş və mülkiyyətində olan torpaq sahəsindən hamını çıxarmışlar. Hazırda cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikilmiş daş hasar sökülməklə bərabər istifadəsinə maneçilik törədilir və həmin ərazidə işlər görülməklə ona içəri daxil olmağa icazə vermir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (maddə 67.3). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67.4). Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göstərilən Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi üzərində olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı işlər (hasar çəkilişi) görmək istəyərkən, özünü cavabdeh təşkilatın səlahiyyətli şəxsləri kimi təqdim edən şəxslər buna mane olmuşlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin torpaq sahəsi üzərində Cavabdeh MMC-nin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən sərəncam əsasında istifadə hüququnun mövcud olmasını bildirsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna "mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı cavabdeh təşkilatın mübahisəli torpaq sahəsindən istifadə etməsinə etiraz etdiyindən, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən, həmçinin cavabdeh tərəfindən həmin sahəyə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilə bilmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivində yerləşən 0,06 ha olan 1374 saylı torpaq sahəsində heç bir hüquqi əsas olmadan mülkiyyətçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hərəkətlərinə maneə yaratması müəyyən edildiyindən, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və X1 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsindən istifadəyə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulsun və Cavabdeh MMC həmin torpaq sahəsindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar